Onlayn ictimai-siyasi qəzet
Bəlkə də Ukrayna-Rusiya müharibəsindən gələn “isti” xəbərlərlə, xüsusən də Yaxın Şərqdə baş verən son olaylarla müqayisə olunmaz, amma bizə elə gəlir ki, ötən həftə sonunun ən maraqlı xəbərlərindən biri də bu oldu ki, qardaş Türkiyə ölkənin bütün dərsliklərində, ümumiyyətlə, leksik dövriyyədə “Mərkəzi Asiya” ifadəsini Türküstan sözü ilə əvəz edir.
Bəli, Mərkəzi Asiya Türküstan olur, böyük Turan ideyası addım-addım gerçəkləşir, real olur. Bilirsinizmi, ən əsası odur ki, güclü ideya və onun arxasınca gedən və yaxud da getməyə hazır olan fədakar insanlar olsun, belə olsa, bu ideya gec-tez reallığa çevriləcək.
Əvvəldə bütün böyük ideyalar irreal, ən yaxşı halda isə, romantik görünür. Turan ideyası da belə oldu - o, böyük Əli bəy Hüseynzadə kimi siyasi romantiklərin beyinin məhsulu kimi ortaya çıxdı və ərsəyə gəldi.
Əvvəldə turançıları, ümumiyyətlə, türk millətçilərini Osmanlı kimi qüdrətli bir imperiyanın əsaslarını sarsıtmaqda ittiham edirdilər. Amma tədricən vəziyyət dəyişdi, ilk türk milli dövləti - Türkiyə yarandı, daha sonra turançılıq ideyası yalnız filosofları və politoloqları məşğul etmədi, hətta praktik siyasətçiləri də maraqlandırmağa başladı, ona görə ki, rus - sovet imperiyasının çöküşü ilə bir neçə müstəqil türk dövləti meydana çıxdı və onlar arasında siyasi birliyin və yaxınlığın yaradılması bir siyasi zərurət oldu, türk dövlətlərinin siyasətçiləri bununla məşğul olmağa başladılar...
İndi bu proses addımbaaddım gedir. Onun leyhinə olanlar da var, olmayanlar da. Ən əvvəl ondan başlayaq ki, sovetlərin çöküşündən sonra geopolitiklər yeni geosiyasi arealdan - “türk zolağı”ndan yazmağa və bu arealdakı prosesləri təhlil etməyə başladılar. Güman edildi ki, buna ən çox ABŞ, ümumiyyətlə, Qərb dövlətləri maraq göstərəcəklər, çünki bu yeni geosiyasi areal Rusiya və Çinin arasında çox əlverişli bir geosiyasi meydan və platsdarm kimi onlara lazım ola bilərdi.
Amma ABŞ da, Qərb də bu müstəvidə ziddiyyətli hərəkətlərilə sezilməyə başladılar - onlar, məsələn, Trans-Xəzər marşrutu və ya İpək yolu haqqında çox danışsalar da, türk birliyinin ən əsas siyasi mühərriki olan Türkiyəyə və hətta bəzi gənc türk dövlətlərinə ögey münasibət göstərməyə başladılar.
Fəqət onların siyasəti, olsa-olsa, qan qaralda bilər və qətiyyən türk dövlətlərinin inteqrasiyasını dayandırmaq iqtidarında - gücündə deyil.
Bizim üçün vacib və hətta sevindirici olanı budur ki, digər böyük geosiyasi mərkəzlər də artıq bununla hesablaşırlar, hətta Rusiya kimi bir dövlət bir az könülsüz şəkildə, necə deyərlər, can çəkə-çəkə olsa da bunu nəzərə almağa, Türkiyə ilə, regionun digər gənc türk dövlətləri ilə yaxınlıq və əməkdaşlıq etməyə çalışır - bəli, Ankaradan “Mərkəzi Asiya” ifadəsinin Türküstan sözü ilə əvəz oluncağı haqqında gələn xəbər Rusiya mediasında lap top-tüfənglə qarşılandı, amma rəsmi mənbələr hələ ki bu xüsusda bir söz deməyiblər.
Adam bəzən bu prosesin sürətinə təəccüb edir. Bir vaxt hamı, o cümlədən də bizim yazarlar türk dövlətlərini “türkdilli dövlətlər” kimi yazanda buna qeyzlənirdik və hətta bir neçə dəfə cəhd etmişdik ki, “türkdilli dövlətlər” ifadəsini “türk dövlətləri” ifadəsilə əvəz edək. Amma hər dəfə bizim bu təşəbbüsümüz bəzi redaktorlar tərəfindən müqavimətlə qarşılanırdı - onlar deyirdi ki, rəsmən “türk dövlətləri” deyil, “türkdilli dövlətlər” ifadəsi işlənir və biz bununla hesablaşmalıyıq.
Xoşbəxtlikdən çox keçmədi ki, məsələ rəsmi olaraq da həllini tapdı - "türkdilli dövlətlər" ifadəsi “türk dövlətləri” ifadəsi ilə əvəz olundu.
Bundan əvvəl isə keçmiş Qazaxısatan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə “Orta Asiya və Qazaxıstan” ifadəsi “Mərkəzi Asiya” sözlərilə əvəz olunmuşdu. Budur, indi bu da dəyişir, “Mərkəzi Asiya” ifadəsi də Türküstan sözü ilə əvəz olunur...
Bu vaxta qədər bir çoxu belə deyirdi ki, guya Turan Əbülqasım Firdovsinin bədii təxəyyülünün məhsulu olub. Əlbəttə, bizim tarixçi və filoloqlarla mübahisə etmək fikrimiz yoxdur. Amma Turan yaylası və Turan pələngi kimi ifadələr də var axı! Hətta ola bilsin, qədim türk dövlətləri məhz Turan adlanmayıblar, amma Türküstan bir coğrafi ad, etnik və hətta siyasi məkan kmi bir gerçəklikdir axı! Odur ki, gəlin sevinək, çünki bir vaxt qəsdən təhrif olunmuş, hətta reallıqdan silinmiş və dövriyyədən çıxarılmış bütün böyük türk gerçəklikləri indi qayıdır və özünün yerini tutiur - Turan və Türküstan kimi...
03 Dekabr 2024
30 Noyabr 2024
26 Noyabr 2024
23 Noyabr 2024
19 Noyabr 2024
16 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
05 Noyabr 2024
02 Noyabr 2024
29 Oktyabr 2024
26 Oktyabr 2024
22 Oktyabr 2024
19 Oktyabr 2024
15 Oktyabr 2024
12 Oktyabr 2024
08 Oktyabr 2024
05 Oktyabr 2024
01 Oktyabr 2024
28 Sentyabr 2024
24 Sentyabr 2024
21 Sentyabr 2024
17 Sentyabr 2024
14 Sentyabr 2024
10 Sentyabr 2024
07 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
27 Avqust 2024
24 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ