İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın Şərqdə hərənin “öz ərəbi”

Hətta İsrail də bu regionda onlara yaxın toplumu tapıb - druzları...

Ərəblər çox böyük, çox da parçalanmış millətdir. Odur ki, regionda hərənin “öz ərəbləri” var: Məsələn, ABŞ-ın Səudiyyə kimi monarxiyaları, İranın livanlıları və xüsusən də fələstinliləri (qismən), hətta keçmiş Suriyası və suriyalıları vardı.

İndi belə məlum olur ki, hətta İsrail də “öz ərəbləri”ni tapıb. Bəli, bunlar druzlardır. Biz bu sətirləri yazanda Tel-Əvivlə Suriya arasında bu xüsusda qarşıdurma davam edirdi.

Əslində druzlara qədər də İsrailin Suriya ilə bağlı problemləri vardı. Colan yüksəkliklərilə bağlı illərlə davam edən problem hamıya yaxşı məlumdur. Bəşər Əsəd ölkədən qaçandan sonra aydın oldu ki, Tel-Əvivin problemi tək Colan təpələri deyil, o, daha artığına, hətta Suriyanın ərazilərinin bir hissəsinə iddialıdır.

İsrailin yarandığı bir əsrdən bir azacıq az bir müddətdə görmüşdük ki, onun regiondakı problemləri daha çox Fələstin məsələsi və bir də özünə qarşı münasibəti dəyişməklə bağlı olub.

Amma ötən əsrin sonlarından başlayaraq belə məlum oldu ki, yox, Tel-Əviv regionda öz maraqlarına sərf edəcək “siyasi arxitektura” qurmaq niyyətindədir. Beləcə, bir gün gördük ki, bəs o, kürd problemi ilə daha yaxından maraqlanmağa, hətta o dövrdə yazılanlara və deyilənlərə görə, kürdlərə dəstək verməyə başlayıb.

Biz bilmirik bunlar nə qədər həqiqət idi. Hətta belə deyilirdi ki, guya İsrail bəzi yezidi kürdlərinin iudaizmi qəbul etməsinə şərait yaradır. Bir daha qeyd edirik: bilmirik bunlar nə qədər həqiqət idi.

Ola bilsin ki, bütün bunlar hansısa jurnalistin təxəyyülünün, fantaziyasının məhsulu idi, amma sonrakı dövrlərdə də İsraillə kürdlərin əməkdaşlığı haqqında məlumatlar səslənirdi. Elə indi də deyilir ki, guya İsrail Suriyada təkcə druzları yox, həm də kürdləri müdafiə edir: guya druzların Əsəd dövründə malik olduqları muxtariyyətin saxlanılmasına, kürdlərə isə İraqdakı kimi müəyyən qədər muxtariyyət verilməsinə cəhd edir...

Bütün hallarda, regionda yeni İsrail görürük, hansı ki, hətta “böyük İsrail” kimi planlarına nəfəs verməyə cəhd edir.

Amma bizə elə gəlir ki, İsrailin əsas planlarından biri də Türkiyəni Yaxın Şərqdən sıxışdırmaqdır. Hazırda regionda Türkiyə ilə bağlı iki tendensiya var. Birincisi, Suriya və onun müvəqqəti hökuməti Ankaranın nəzarətindədir. Bununla nəinki Rusiya (Suriyada hələ də hərbi bazası qalır) və İran, hətta ABŞ da razılaşır. Hiss olunur ki, belə perspektivlə barışmayan tək İsraildir, hansı ki, lap ilk gündən Suriyanı bölməyə çağırır.

İkincisi, hazırda Türkiyə on illərlə davam edən kürd probleminə son verməkdə, terrorsuz Türkiyə qurmaqdadır. Son günlərdə PKK-nın tərk-silah olunması prosesi başlayıb və bu, olduqca önəmli məsələdir. Amma İsrail nəyə çalışır? Çox təəssüf ki, Suriyadakı kürdlərə dəstəkçi olmağa cəhd edir.

İndi İraqda kürdlər müəyyən dayaqlara malikdir və bu, Ankara üçün az problem yaratmır. Əgər Suriya kürdləri də müəyyən status alsalar, bu, Türkiyəyə başağrısı olmayacaqmı?..

Ümumiyyətlə, sual olunur: Tel-Əvivə Ankaraya qarşı “dəyənək” olmaq nəyə lazımdır? Bu, təkcə Fələstin problemi üçün lazımdırmı?

Düşünmürük. Ankara fələstinlilərə müəyyən dəstək versə də, bütün hallarda, onlar üçün Tehranı əvəz etmək niyyətində deyil, o, sadəcə, indiyədək Fələstinlə bağlı BMT -nin qəbul etdiyi qətnamələrə əməl edilməsini tələb edir.

Fəqət, çox təəssüf ki, İsrail son illərdə bütün bu tələbləri unutmağa cəhd edir, hətta Fələstin dövlətinin yaradılmasını artıq bitmiş, “geridə qalmış”  tələb hesab edir.

ABŞ guya hələ ki onun son əməliyyatlarına, Suriyaya qarşı apardığı hərbi əməliyyatlara dəstək vermir. Ən maraqlısı isə ərəb dövlətlərinin mövqeyidir: onların səsi demək olar ki, eşidilmir. Gizlin deyil ki, regionda Ankaranın nüfuzunun artması heç onların da ürəyincə deyil.

Həm də deyəsən, Suriya ilə onların əvvəldən problemi vardı. Əsəd rejimləri Tehrana daha yaxın idi, indiki hakimiyyət isə daha çox Ankara ilə ünsiyyətdədir. Amma ən gülməlisi bilirsinizmi, nədir? Ən böyük ərəb dövləti-Səudiyyə ABŞ-dan silah almaqda az qala, rekordçudur.

Biznesmen Tramp məhz buna görə də özünün ilk səfərlərini bu ölkəyə edir ki, çalmalı Səudiyyə şeyxləri bir az da şirniklənsin, həvəsə düşsün.

Amma Səudiyyə Ərəbistanı bu silahları nə üçün yığır? Demirik ki, Ər-Riyad onları İsrailə qarşı yönəltməlidir (səhv etmirəmsə, silahlar Səudiyyəyə bir şərtlə satılır: onlar İsrailə qarşı istifadə edilməyəcək), yox, bunu heç halda istəmərik, çünki teokratik Səudiyyəyə nəinki hər hansı simpatiyamız yoxdur, üstəlik, qeyd etməyi çox vacib bilirik ki, İsrail demək olar, əksər ərəb dövlətlərindən daha isti münasibət göstərir Azərbaycana. Bizim istədiyimiz budur ki, Tel-Əvivlə Ankaranın problemi olmasın, çünki Ankara bizə qardaş ölkə, Tel-Əviv isə ən yaxın müttəfiqlərdən biridir. Fəqət, hazırda Yaxın Şərq hərbi-siyasi teatrında, xüsusən də Suriyada bunun tamam əksini görürük...

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR