Onlayn ictimai-siyasi qəzet
Əlbəttə, buna qədər də Azərbaycan və Ermənistan liderləri arasında müxtəlif coğrafiyalarda vasitəçili və vasitəçisiz görüşlər olmuşdu. Elə bu görüşün ilk özəlliklərindən biri bu idi ki, o, heç bir vasitəçi olmadan, iki lider arasında birbaşa keçirildi.
Demək olar ki, hamı görüşdən çox nikbin ovqatda ayrıldı, hərçənd, görüşdə indiyədək gündəmdə hallanan bütün məsələlər müzakirə olunsa da hər hansı konkret sənəd imzalanmadı.
Amma bizə elə gəlir, Azərbaycan prezidentilə Ermənistan baş naziri arasında məhz indiki məqamda, Moskvanın hər iki ölkəyə çox ciddi təzyiq göstərdiyi vaxtda görüşün baş tutmasının özü böyük hadisə idi.
Həm də ona görə ki, Kremlin isterik cəhdlərinə baxmayaraq nə Bakı, nə də İrəvan Moskvanın “köməyinə”, “vasitəçiliyinə” ehtiyac duymadı, ən əsası da, nəinki Bakı, hətta İrəvan da Kremlin yeni Cənubi Qafqaz siyasətində heç bir halda yer almayacaqlarını, əksinə yeni regional siyasi atmosferi özləri bərqərar edəcəklərinə işarə vurdular.
Bizə elə gəlir ki, indiki məqamda ən vacib məsələ də elə budur. Belə olacaqsa, bunların ardınca digər məsələlər də - Ermənistanda konstitusiya dəyişikliyi də, sülh sazişi də, Minsk Qrupunun buraxılması da, eləcə də Zəngəzur dəhlıizi də özünün həllini tapacaqdır.
Əvvəllər belə deyildi. Bakı da, xüsusən də qardaş Türkiyə də israrla İrəvanı ağla və məntiqə dəvət etdi, ən kiçik imkan düşəndə belə Ermənistan rəhbərliyinə xüsusi, isti münasibət göstərdi, amma faydası olmadı.
Yadıma gəlir, Serj Sarqsyan prezident olanda Ankaraya hansısa tədbirə dəvət almışdı. Erməni prezidenti özü etiraf edirdi ki, Türkiyədə onları elə bir gözəl mənzildə yerləşdiriblərmiş ki, bu adamların içəridə siqaret çəkməyə, necə deyərlər, ürəkləri belə gəlməyib, siqareti çöldə- balkonda çəkməli olublar! Amma bir daha deyirik ki, bütün bunlara rəğmən o vaxtki İrəvan regiona Kremlin qoltuğunun altından boylanmaqda davam edirdi...
İndi Ermənistanda çox ciddi proseslər gedir. Erməni baş naziri Nikol Paşinyan ölkədə Rusiyanın, onun “təsir agentləri”nin təsirini azaltmağa, regionda Kremlin yox, ermənilərə və onların milli maraqalarına cavab verən siyasi senarinin bərqərar olmasına, müstəqil olduqları (formal şəkildə olsa da!) dövr ərzində ılk dəfə olaraq Azərbaycan və Türkiyə ilə yeni mümnasibətlər qurmağa cəhd edir.
Əlbəttə ki, proses çox çətin gedir, Kreml bir təzyiq yox, təzyiqlər ansamblını hərəkətə gətirib. Odur ki, biz də Paşinyanı başa düşürük: onun üçün nəyin bahasına, olursa –olsun, növbəti parlament seçkilərini udmaq lazımdır, çünki seçkilər udulsa, Ermənistanda sağlam və realist məntiq, konstruktriv siyasət üçün, ən əsası da Ermənistanın formal müstəqillikdən qurtulub həqiqətən də öz taleyinə sahib ölkə olması üçün ən azı ciddi şanslar yaranacaqdır...
Kremldə deyirdilər ki, “Ukraynanı bitirəndən sonra” digər post-sovet ölkələrilə də “məşğul olacaqlar”. Amma deyəsən, bir az tez başlamalı oldular və yaxud da Trampın Ukrayna ilə bağlı geri çəkilmələri onları bir az şirnikləndirdi. Fəqət, proseslər onu deməyə əsas verir ki, heç də hər şey onlar düşünən kimi asan olmayacaq: həftənin əvvəlində Kiyevə silah göndərməyəcəyini deyən ABŞ prezidenti həftə ortası mövqələrini korrektə etdi, Kiyevə həbri-texniki yardımın nəinki davam etdiriləcəyini söylədi. Hətta V.Putini ən kəskin şəkildə tənqid etdi, onu az qala, “adam öldürməkdən həzz alan xəstə” adlandırdı.
Putin hətta qardaş Türkiyədən də onu “anlamağı” umur, yəni “biz Suriyanı sənin ixtiyarına verdik, sən də post-sovet məkanından, Cənubi Qafqazdan və Türküstandan əlini götür” deyir! Onun Azərbaycana qarşı baş verən təzyiqlərinin hamısı buna bir işarədir: Rusiya prezidenti sanki yoxlamaq istəyir, Bakının və Ankaranın dözümünü və səbrini sınamağa cəhd edir, çünki onun üçün indi ən çətin məsələ Azərbaycandır.
İrəvandakı mövqeləri, “rıçaq”ları xeyli sarsılsa da hələ real təsir imkanları var onun bu ölkədə. Gürcüstan, xüsusən də onun milyarder-korrupsioneri, cənab B.İvanişvili və dəstəsi ölkəni Rusiyanın mümkün təzyiqləri qarısında demək olar, tərkisilah edibdir: kimsə durub bir neçə il əvvəl olduğu kimi Tifliisi Moskvadan müdafiə edəcəkmi?
Yox, düşünmürük. Gürcü hökuməti daha çox onun həvəsindədir ki, Tramp və hakimiyyəti onların özəl siyasi maraqlarını, bəli, Tiflisin deyil, məhz İvanişvilinin və dəstəsinin siyasi maraqlarını nəzərə alacaq. Amma çox böyük bir ehtimalla nə bu, olacaqdır, nə də o birisi: Trampa problem bunsuz da bəs edir.
Elə bu səbəbdən də hazırda hətta Ermənistan Gürcüstandan daha çox dirəniş göstərir Moskvaya və N. Paşinyan bütün bunları faktiki olaraq öz gücü hesabına edir və ya etməyə çalışır.
Bir daha Tiflisə gəldikdə isə, əhali özü də etiraf edir ki, onların hakimiyyəti kifayət qədər rusiyapərəst siyasət yürüdür. Bəs bunun müqabilində nə var? Uzağı, Gürcüstanın oliqarxına qarşı nisbətən isti münasibət! Vəssalam! Biz başqa bir irəliləyiş görmürük.
Həm də böyük hesabla, başqa irəliləyiş də olmayacaq. Ona görə ki, hazırda baş verənlər sadəcə, Putinin avantüralarından başqa bir şey deyildir. Ötən həftə BRİCS-in növbəti sammiti keçirildi. İştirak etdimi orada cənab Putin? Əlbəttə, yox, çünki hətta BRİCS ölkələri ona hansısa təminat verə bilmirlər, demirlər ki, Rusiyadan çıxacağın halda səni tutub damlamayacağıq!..
Bu, azmış kimi, hətta Çin lideri də tədbirə qatılmadı. Bəs nə oldu? Axı V.Putin BRİCS-i anti -Qərb, nə bilim, anti-dollar koalisiyasına çevirmək istəyiridi! Nə oldu? Alınmadımı? Bəli, alınmayacaq da, çünki söhbət ondan getmir ki, Qərb idealdır, yaxşıdır, yox, insanlar və ölkələr bundan da yaxşısını istəyir, necə deyər, yağışdan çıxıb yağmura düşmək istəmir.
Post-sovet məkanının insanları da instinktiv olaraq bunu hiss etməlidirlər. Daim yaxşıdan daha yaxşıya doğru istiqamət götürmək lazımdır. Yoxsa hər şeyi məhv edib keçmişə qayıtmağa nə var ki...
Lap götürək özümüzü – bəzi azərbaycanlılarımızı. İrəli getmək, daha mədəni insanlardan və xalqlardan yeni şeylər öyrənmək, ən əsası da bir az da artmaq və böyümək lazımdır. Daha durub təzədən özümüzə “bakinets” (бакинец) deyəsi deyilik ki! Artıq keçmişdir, əzizlərim, bu...
13 Iyul 2025
12 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ