Onlayn ictimai-siyasi qəzet
Bir az tələskən, xüsusən də erməni siyasətçiləri haqqında, yumşaq şəkildə desək, yüksək fikirdə olmayan, onlara etibar etməyən təhlilçilərin Paşinyanın sadəcə, vaxt uzatmağa, vaxt qazanmağa çalışması haqqındakı mülahizələri ciddi informasiya qaynaqlarına söykənməsə də, hər-halda, tamam əsassız da görünmür.
İlk baxışda elə həqiqətən də belə təəssürat yaranır: erməni baş naziri daxili ictimai-siyasi auditoriya ilə intensiv şəkildə işləsə də, onları Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının zəruri olmasına inandırmağa cəhd etsə də, hətta bu iki ölkəylə diplomatik təmaslar qursa da hələki ortada konkret sənəd, razılaşma yoxdur. Hətta sonuncu Əbu-Dabi görüşündən hamı məmnunluqla ayrılsa da tərəflərin niyyətləri hər hansı diplomatik sənəddə əksini tapmadı.
Ona görə də siyasi təhlilçilərin bir qismi prosesin gedişinə müəyyən şübhələrlə yanaşmaqda, bir az əvvəlcədə qeyd etdiyimiz kimi, tamam haqsız da deyillər. Başa düşürük, proses düşünülən qədər də asan deyil, on illərlə, bəlkə də yüz ildən çox şovinist-millətçi təbliğata məruz qalan, Azərbaycanla az qala, otuz il müharibə aparan xalqı indi durub bunun əksinə inandırmaq elə də asan məsələ deyil, xüsusən də nəzərə alanda ki, Kremldən siyasi dəstək almaqda davam edən kriminal-şovinist müxalifət tamam tərki-silah edilməyib, suyu bulandırmaqda davam edir.
Üstəlik, Paşinyan sərbəst hərəkət edə bilmək, ölkəsini real siyasi relslərə yönəltmək üçün min illərlə erməniləri idarə edən kilsə ilə də siyasi müharibə-münaqişə etmək zorundan qalıb. Digər bir tərəfdən də Kreml güdükdə dayanıb və bəlkə bütün bu proseslərin dirijoru da məhz odur...
Amma Nikol Paşinyan ölkəni idarə etməkdədir və hələ ki, nə kriminal müxalifət, nə kilsə, hətta Kreml onu bu funksiyadan məhrum edə bilməyib. Üstəlik, erməni baş naziri özünün erməni cəmiyyəti üçün yeni olan, hətta bir az qeyri-adi də görünən bəyanatlarını da şifahi şəkildə davam etdirməkdədir. Amma olmazmı ki, o, real olaraq kiçik bir addım da atsın, çünki konstitusiya dəyişikliklərinin tezliklə reallaşacağı deyilsə də, hətta ilin sonuna qədər Zəngəzur dəhlizilə bağlı da məsələnin tamam həll olunacağı bildirilsə də, biz hamımız siyasi ehtimallarla və vədlərlə kifayətlənmək məcburiyyətindəyik.
Sual olunur: məsələn, cənab Nikol Paşinyan heç olmasa, Minsk Qrupu ilə bağlı mövqeyini bir azca dəqiqləşdirə bilməzmi? Yoxsa bu institutun “missiya”sının hələ bitmədiyini. Dağlıq Qarabağ münaqişəsinin başa çatmadığını düşünür? İnanın, adam nə qədər çalışır, bir şey başa düşmür ki, düşmür! İstər-istəməz belə fikir keçir adamın beynindən ki, Nikol cənabları ondan müyyən addımlar gözləyən Qərbi də, hətta Azərbaycanı və Türkiyəni də aldatmaqla məşğuldur...
Amma tamam şəkildə belə də görünmür, bu adam nəinki özü, hətta komandasının üzvləri erməni cəmiyyətilə “siyasi dərsləri” davam etdirir. Bir daha deyirik: əlbəttə, asan deyil, bir tərəfdə revanşist müxalifət, digər tərəfdə kilsə, o biri tərəfdə də Moskva!..
Həm də Paşinyan üçün ən əsas məsələ qarşıdan gələn seçkiləri udmaqdır. Seçkini udmaq üçün şansları var, Paşniyan formal cəhətdən opponentlərindən daha üstün elektoral dəstəyə malikdir, amma bu, həlledici üstünlük də deyil və belə hesab olunur ki, Paşinyan seçkini udsa da bu, çox kövrək qələbə olacaqdır.
Biz nə etməliyik? Bəlkə də yanılıram, amma düşünürəm, erməni baş nazirini tələsdirməməliyik, qoy, o, seçkini udsun. Seçkini udsa, onun daha konkret addımlar atmaq üçün vaxtı və imkanı olacaq.
Bu adam əgər onda da prosesi yubatmaqla, “vaxt udmaq”la məşğul olsa, müəyyən təzyiqlər haqda düşünmək mümkün olacaq.
Bizə elə gəlir ki, hakimiyyətdə qalsa, o dövr Nikolçün həlledici olacaqdır və hamı onu bəyanatlardan savayı həm də hərəkətə keçməyə, ölkəsinin regional siyasətini dəyişməyə, normallaşdırmağa çağıracaq, elə ölkə daxilində “sülh, yoxsa müharibə” dilemmasına da son vermək lazım gələcək, çünki belə qeyri-müəyyənlik də əbədi davam edə bilməz.
Həm də İrəvan Moskva ilə də münasibətlərinə aydınlıq gətirməlidir, ya özünə yeni dostlar tapmalıdır, ya da Kremllə köhnə “izdivacını” davam etdirməlidir. Hələliksə məlum olanı budur ki, Kreml Bakıya da, İrəvana da güclü təzyiqlər etməkdədir. İrəvana təzyiqlər daha çox onun içindən aparılır; revanşist müxalifət, kilsə qızışdırılır, hərbi bazalar gücləndirilir.
Bakıya qarşı onun öz içindən hərəkətə keçmək imkanları yoxdur Kremlin və o, daha çox Rusiyadakı azərbaycanlılara müharibə elan etməklə Azərbaycana təzyiq edəcəyini düşünür.
Bu, tipik Putin yanaşmasıdır. Hələ prezidentliyinin ilk illərində bu adam azərbaycanlı əməkçi miqrantların hər il ailələrinə nə qədər pul göndərdiyini hesablamaqla məşğul idi.
İndi də həmin siyasət davam edir, bazarlarda çalışan azərbaycanlılara qarşı reydlər keçirilir. Qəti basa düşmək olmur: əcəba, indi hansı dövrdür? Niyə xırda ticarətlə məşğul olan adamlara qarşı xüsusi reydlər keçirilmədi? Yoxsa sovetin vaxtında olduğu kimi indi də xırda ticarət möhtəkirlik, cinayət sayılır? İnsan Rusiyada qalmaq və çalışmaqla bağlı izn alıbsa, niyə görə hansısa təzyiqlərə məruz qalmalıdır?..
Əlbəttə, bütün bu “sual”ların üstündə baş sındırmağa dəyməz. Hətta problem onda deyil ki, Rusiya hələ hüquq dövləti deyil, ondadır ki, bu, əcaib, eybəcər bir imperiyadır və özünün keçmiş koloniyalarına təzyiq etmək üçün bütün vasitələrdən istifadə edə bilər və edir də.
Odur, Ermənistanla, Paşinyanla bağlı siyasətimizdə bu məqamı da nəzərə almalıyıq: bəli, bəzən şərait düşmənləri də “dost” edə bilir. Həm də, qoy, Paşinyan hakimiyyətdə qalsın, hətta seçkiləri də udsun. Görək, ondan sonra bəhanəsi nə olacaqdır?..
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ