Onlayn ictimai-siyasi qəzet
Bir vaxt jurnalistlər keçmiş ABŞ prezidenti kiçik Buşu xeyli çək-çevir etmişdilər ki, ondan İraqın işğalının təfərrüatlarını öyrənsinlər.
Amma kiçik Buş bu hərbi kampaniyanı əsaslandıracaq, ona bəraət qazandıra biləcək bircə arqment gətirə bilməmişdi və axırda qayıtmışdı ki, bəs Səddam mənim atamı təhqir etmişdi!..
Sonradan digər adamlar da, keçmiş kəşfiyyat bossları və ya ABŞ kəşfiyyatına çox yaxın adamlar, hətta diplomat və siyasətçilər etiraf etmişdi ki, Səddamın nüvə silahına malik olması haqqında deyilənlərin heç bir əsası yox idi, hələ onu demirik ki, onun guya qadağan olunmuş kimyəvi silahdan istifadə edib-etməməsi xeyli dərəcədə mübahisəlidir...
İndi İranla bağlı da oxşar mənzərə hökm sürür. İddia olunur ki, guya Tehran nüvə silahını əldə etməyə təhlükəli dərəcədə yaxındır, guya ki, bu, ayların, hətta həftələrin söhbətidir. Amma ABŞ kəşfiyyatına yaxın digər mənbələr iddia edir ki, bütün bunlar şişirdilmiş məlumatlardır...
Əlbəttə, demirik ki, bu məsələdə tamam arxayınçılıq olmalı, ABŞ və ya İsrail İranın nüvə silahı çabalarının qarşısını almağa çalışmamalıdır.
İlk olaraq onu deyək ki, biz Təl-Əvivi də çox yaxşı başa düşürük: Tehranın ruhani -siyasi elitası dəfələrlə deyibdir ki, onların ilk nüvə hədəfi məhz İsrail olacaq, yəni İranın hipotetik nüvə doktrinası heç də müdafiə xarakterli olmayacaqdır!
Əlbəttə, nüvə müharibəsi iranlı mollaların düşündüyü kimi də asan məsələ deyil. Amma ABŞ, İsrail bir tərəfə, regionun adi bir vətəndaşı kimi heç biz də qəti istəmirik ki, ən azı indiki İran rejimi nüvə silahına malik olsun, çünki bu, İranın ruhani - siyasi elitasının iddialarını bir az da artıracaq, regiondakı hərbi - güc balansını pozacaq.
Gizlətmirik, hamımız regionun əsas güc faktoru kimi Türkiyənin qalmasında maraqlıyıq. İran nə vaxt azad və demokratik ölkə olsa, orada otuz milyondan çox türkün hüquq və haqları tanınsa, ola bilsin, bizim – region əhlinin də İranın nüvə silahına malik olub-olmaması haqqında fikirlərimiz dəyişsin.
İndisə bir daha deyirik ki, hazırda İranın nüvə silahı əldə etməsi bütün regionçün çox böyük təhlükədən başqa bir şey vəd etmir...
Üstəlik, ABŞ da, Qərb də, hətta İsrail də daha çox İranla bağlı nüvə silahı konteksində danışırlar. Heç kim demir ki, indiki İran rejiminin qalacağı təqdirdə bu prosesdə uzağı yenə də müvəqqəti pauza yaranacaq, ona görə ki, mollakratiya heç bir halda özünün ideologiyasından, öz regional siyasətindən, hətta nüvə avantürasından əl çəkməyəcəkdir, ən yaxşı halda buna fasilə verəcəkdir.
Bu vaxta qədər cəzalandırılan Şərq rejimləri olub. Birinin – Səddam İraqının adını əvvəldə çəkdik. Daha sonra Qəzzafi, daha nə bilim, Bəşər oldu! Demirik ki, bunların hamısının nüvə iddiaları vardı. Bəlkə İran da hazırda nüvə silahı əldə etməyə iddia olunan qədər də yaxın deyil.
Amma bütün bu rejimlərin suçu və ya təhlükəsi yalnız bundadırmı? Yox! Səddamın da, Qəzzafinin də, Bəşərin də, elə İran rejiminin də ən böyük suçu ondadır ki, onlar on illərlə öz vətəndaşlarının ən ali haqqına-Tanrının insanlara bəxş etdiyi azadlığa qəsb etmişdi, on illərlə xalqlarına qarşı soyuq və hətta isti müharibə elan etmişdilər!..
İndi çoxu deyir ki, bəs İraqda heç nə alınmadı, Liviyada müsbət bir şey baş vermədi, Suriya da hələ qeyri-müəyyən vəziyyətdədir, guya mollalar hakimiyyətdən getsə, İranda da belə olacaq!..
Bəli, doğrudur! Amma heç kim bir suala cavab vermək istəmir: niyə belə oldu? Ona görə belə olur ki, Səddam da, Qəzzafi də, Bəşər də, İran mollaları da illərlə vətəndaşlarını zülmətdə saxladılar, imkan vermədilər ki, bu insanlarda elementar demokratik vərdişlər yaransın...
Bu ölkələrdən bizə ən tanışı indiki İrandır. İnanın, onu türklərə, farslara, nə bilim, ərəblərə, bəluclara bölüb-ayırmrıq.
Əlbəttə, gizlətmirik ki, onlardan bizə ən yaxını cənublu türklərdir. Amma digər xalqlar da bizimkidir, əksəriyyəti müsəlman qardaşlarımızdır, onlar durub buradan Aya köçəsi deyillər ki!..
Qərəz, demək istədiyim nədir? Az – çox, İranın mədəniyyətindən, elmindən xəbərimiz var. Ona görə də daim özümüzə deyirik ki, axı bu xalqın insanları orta əsrlərin qaydaları ilə yaşamamalıdır, onlar şallaqlanmamalı, daşaqalaq edilməməlidir, çuçu olan müstəqil və azad, demokratik məhkəmə qarşısına çıxmalıdır!
Bir daha deyirik ki, axı bu xalq heç də geri bir xalq deyil. Beş-on gün bundan əvvəl İran rejissoru, cənublu soydaşımız Cəfər Pənahi Kann kino festivalının qalibi oldu. Nə qədər sevindik buna! Neçə saytda – türk, hətta rus dillərində (axar.ru, Почему наше искусство «буксует»?..) bu haqda yazdıq. Ona görə ki, çox böyük mədəniyyət hadisəsidi, baxmayaraq ki, həmin Pənahi buna qədər də Venesiya və Berlin kino festivallarının da qalibi olmuşdu...
Ona görə də bilmirik, İran rejimi nüvə silahı əldə etməyə nə qədər yaxındır? Bildiyimiz budur ki, bu rejim hamıdan əvvəl öz vətəndaşlarına zülm edib, onların haqqını tapdayıbdır.
Bəlkə mənimlə razılaşmayanlar olacaq, amma düşünürəm, bir siyasi rejim, hakimiyyət üçün ən böyük suç, təqsir və günah öz vətəndaşlarının azadlığına qəsb etmək, demokratiya yolunda divar olmaqdır, çünki 21-ci əsrdə demokrat olmamaq nəinki cinayət, hətta ayıbdır: hamımız insanıq, öz haqlarımız kimi, başqlarının da haqqıını tanımalıyıq.
İran mollaları da nə vaxtsa bunu anlamalıdır, axı özlərinə Tanrının “nökərləri” deyirlər! Amma qardaşlar, nökərin nökərləri (özü də az qala səksən milyon!) olmur axı...
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ