Onlayn ictimai-siyasi qəzet
“Rus əsgərinin ayağı dəyən yer”, “Hind okeanının isti sularında çəkmələrini yuyacaq rus əsgərləri” - əcaba, bu sözlər tanış gəlir axı deyəsən! Bunlar bugünün-dünənin sözü- söhbəti deyil, bunları hələ siyasi təlxək, indisə postsovet Rusiyasının az qala “milli ideoloqlarından” biri kimi anılan, “anası rus, atası hüquqşünas” olan, siyasi polemikalarda daha çox yumruğu ilə danışan, opponentlərinin üzünə su dolu stəkanı çırpmaqla yadda qalan, yeni Rusiyanın “yeni geopolitikasını”, iddialarını işləyib hazılayan, Moskva Universitetinin iki fakültəsini bitirməsilə öyünən, sovetin vaxtında bir ölkədən kəşfiyyatçı kimi ifşa olunub qovulan və ən nəhayət, Putin komandasının da onların “geosiyasi konsepsiyası”nı həyata keçirdiyini söyləyən, Rusiyanın siyasi iyerarxiyasında Duma sədrinin müavini vəzifəsinədək yüksələn Vladimir Volfoviç Jirinovski deyirdi...
Əvvəlcə onu deyim ki, İkinci Dünya savaşında Almaniyada nasist hakimiyyəti, İtaliyada Mussolini rejimi, nə bilim, İspaniyada Franko dövrü bitəndən sonra hamı düşünürdü ki, millətçilik ideologiyası elə zərbə alacaq ki, bir daha dünyanın siyasi palitrasında önəmli rol oynaya bilməyəcək.
Amma belə olmadı, çünki İkinci Dünya savaşı zamanı məğlub olan faşizm – ifrat millətçiliyin ən kəskin forması idi, qarşıda daha bir böyük problem vardı - kommunizm, hansı ki, özündə döyüşkən ateizmi və “beynəlmiləlçiliyi”, ifrat solçuluğu ehtiva edirdi. Bu qlobal bəlaya qarşı nəyi qoymaq olardı, hansı ideologiyanı səfərbər etmək olardı? Bəli, daha bir dövr üçün millətçi ideologiyalar kart - blanş ala bildi: onların mötədil və radikal formaları yarandı. Amma Qərbin radikal millətçiləri belə öz konsepsiyalarında daha əvvəlki kimi təcavüzkar deyildi, onları daha çox ölkədaxili siyasi-ictimai atmosferin “çirklənməsi” – ölkəyə miqrantların axını, milli–mənəvi dəyərlərin aşınması, millətin sağlamlığı, demoqrafik təhlükəsizlik və s. narahat edirdi...
Bir sözlə, Qərb millətçiləri, mühafizəkarları, hətta liberalları hərəsi bir tərəfdən kommunizmi yendirə bildilər.
Amma hamını bir sual düşündürürdü: bəs görəsən, yaranacaq ideoloji boşluğunu yerini nə tutacaqdır?
Öncə bu məkanda da liberal dəyərlər siyasi moda kimi cəlbedici göründü, az qala, bütün solçular belə sosial - demokratiyaya maraq göstərməyə başladılar. Hətta V.Jirinovskinin ultra - millətçi, şovinist partiyası da qərbçi– siyasi modaya uyğun liberal-demokratiya adı altında yarandı.
Amma çox çəkmədi bunlar. Rusiya böhrandan çıxmağa başlayandan ölkənin siyasi palitrası da rəngini dəyişməyə başladı. Nəinki millətçilik, neo-imperiyaçılıq, hətta anti- qərbçilik və anti-demokratiya yeni Rusiya siyasi gerçəkliyinin siyasi dəbinə çevrildi, Kremlin yenidən dirçəlmiş geosiyasi iddiaları adicə bir hal oldu, bütün siyasi platformaların birinci abzasına çevrildi ...
Burada bir neçə il bundan əvvəl bir müxalifətçi tanışımla ayaqüstü söhbətim yadıma düşür. Dedi ki, prezident Boris Yeltsin bir xeyli axtarandan sonra Vladimir Putin kimi gənc və istedadlı siyasətçi tapa bildi. Heç nə demədim, yalnız onu söylədim ki, tələsmə, hələ görərsən bu “gənc və istedadlı siyasətçi” Rusiya üçün də, elə Dünya üçün də necə problem olacaq...
Budur, Vladimir Putin müxtəlif ssenarilərlə az qala, iyirmi beş ildir ki, hakimiyyətdədir və artıq heç kimin “təqdimat”ına ehtiyacı yoxdur – bu illər ərzində Rusiyanın siyasi, xüsusən də iqtisadi inkişafı üçün heç nə edə bilməsə də hamını onun yeni geosiyasi iddialarından və ambisiyalarından agah edə bilibdi və gizlətmək lazım deyil ki, lap sovet imperiyası kimi yeni Rusiyanı da artıq Dünya üçün başağrısına çevirib....
Bu illər ərzində onun iddiaları Azərbaycandan da yan keçməyib və bu sətirləri yazanda təxminən bir həftə idi ki, Kremlin növbəti azğınlığının acısı-ağrısı yaşanırdı.
Amma bir daha deyirik ki, təəccüblü heç nə yoxdur. Bu, həmin, tanış Rusiyadır: 1990-cı ilin qanlı yanvarındakı Rusiya, lap yaxın vaxtlarda Bakının sərnişin təyyarəsinə qarşı təcavüz etmiş və onlarla mülki insanın ölümünə səbəb olmuş, indiyədək hadisənin səbəbkarlarını cəzalandırmaq üçün özünə əziyyət verməyən Rusiya!..
Elə son hadisə, azərbaycanlılara qarşı baş vermiş vandalizm də heç bir əndazəyə sığmır. Burada yadıma daha bir detal düşür.
Bizim keçmiş “Nəsimi” filmində Şirvan hökmdarı İbrahim deyir ki, mən öz təbəələrimin üstünə qoşun göndərmirəm!..
Bilmirəm, nə qədər həqiqətdir? Düzdür, Şirvan hökmdarı İbrahim də Əmir Teymur kimi tarixi şəxsiyyət olub, fəqət, onun belə söz deyib -demədiyini indi heç kim yüzə-yüz təsdiq və yaxud da inkar edə bilməz.
Əslində heç lazım da deyil bu, əsas odur ki, filmin ssenari müəllifi rəhmətlik İsa Hüseynov o vaxt bu fikri səsləndirib, sovetin vaxtında İbrahimin dililə deyib ki, hətta qeyri-məhdud hakimiyyətə malik olan hökmdarların da siyasətində hansısa məhdudiyyətlər, hətta tabular olub, xüsusən də öz təbəələrinə münasibətdə...
Ona görə də heç nə təəccüblü deyil. Rusiyanın törətdiyi son olay həqiqətən çox dəhşətlidir, çünki görmüşdük qoşun qoşunun üstünə, silahlı dəstə də mütəşəkkil silahlı qruplaşma üstünə göndərilər.
Dövlət adamları durub hansısa vətəndaşı, mülki şəxsi az qala evində gülləboran edərmi? Belə olayları yalnız mafiyalardan bəhs edən xarici filmlərdə görmüşük. Yoxsa Rusiyanı mafiyalar və qanqsterlər idarə edir?
Tutaq, vətəndaşın, mülki insanın hansısa suçu var, amma bunun üçün müvafiq hüquq orqanları, hüquq prosedurları və məhkəmələr var axı! Yoxsa bunlar da irqçiliyin və yaxud yeni faşizmin təzahürüdür? Yoxsa sivil hüquqi prosedurlardan, məhkəmələrdən keçmək də əhalinin yalnız bir hissəsi üçündür, necə ki, bu, nasist Almaniyasında olurdu...
Bir neçə il bundan əvvəlin söhbətidir və hamı bilir bunu. Bir azərbaycanlı hansısa cinayət törətmişdi, səhv etmirəmsə, bu, xüsusi, fövqəladə cinayət deyildi, kriminal praktikada yetərincə təsadüf olunan hadisəydi.
Amma daxili qoşunların dəstəsi nə etdi? Adamı nazirin qəbuluna gətirib diz çökdürdülər!
Bilirsiniz, belə münasibəti keçmişlərdə bir padşah digərinə, məğlub etdiyi bir hökmdara qarşı göstərə bilərdi! Belədə isə, rusların özləri hər gün bu azərbaycanlının törətdiyi cinayətdən də daha ağırını törədir, indi nə olsun, onların hamısı nazirin qarşısında diz çöksünmü?..
Bir də deyim ki, həmin azərbaycanlının cinayətini kiçiltmək-filan fikrində deyilik, amma hətta cinayət törətmiş insanla da rəftar qaydaları var. Bir azərbaycanlını nazirin qarşısında diz çökdürüb onu televiziya ilə yaymaq nə məqsəd güdürdü? Axı müasir ölkələrdə güc strukturları hətta məhbuslarla bağlı ən kiçik neqativ halları belə gizlətməyə çalışır, daha onu çəkib dünyaya nümayiş etdirmirlər...
Bunlar tamamilə tərsinə edir və düşünürük ki, heç də təsadüfi də deyil bu: bir tərəfdən, zədəli psixologiyalarının “ehtiyaclarını” bu yolla təmin edir, digər tərəfdənsə, keçmiş sovet məkanına qorxu və təhdid göndərir, gələcək planlarının mesajını verirlər. Ən əsas səbəbsə budur ki, yüz illər keçsə də Rusiya mədəni ölkə ola bilməyibdir. Bu gün Rusiyayla vuruşan ukraynalılar, ona etiraz edənlər bilirsiniz, nəyi siyasi şüar kimi deyirlər? Lermontovun “Əlvida, çirkli Rusiya, ağalar və qullar ölkəsi!” misrasını, hansını ki, böyük şair iki yüz il bundan əvvəl qələmə alıbdır.
“Rusiyanın ombudsmanı, parlamenti, prezidenti” sözlərini eşidəndə gülmək istəyirəm, çünki, Qərbdən dünyadan bir-iki ad oğurlamaqla iş bitmir, bunların məzmununu da qəbul etmək lazımdır. Rusiyada isə bu adlara adekvat məzmun verilmir...
Mən səmimi adamam. Məsələn, ombudsman anlayışına Sovetlərin süqutundan sonra qəbul edilmiş ilk Rusiya konstitusiyasının layihəsini öyrənib-analiz edərkən (onda ölkə hələ demokratiyaya, hətta Qərbə indiki kimi düşmən deyildi) rast gəlmişdim – bunu səmimi etiraf edirəm.
Sonra gedib oradan-buradan daha ətraflı oxuduq, ombudsmanların hansı ölkələrdə, nə vaxtdan və necə fəaliyyət göstərməsini öyrəndik.
Qərəz, etiraf edirik: bunu da ilk dəfə ruslardan öyrəndik. Amma digər Qərb anlayışları və institutları kimi ruslar bunu da nəyə çevirdilər!
Bilmirəm, bəlkə də azərbaycanlıların qətlilə bağlı Rusiya Duması və ya ombudsmanı nəsə deyib, amma, əzizlərim, bu cür hadisələr birinci dəfə baş vermir...
Bəxtimiz gətirməyibdir, belə ölkə ilə qonşu olmuşuq, amma “coğrafiya taledir” deyiblər. Odur, addım-addım elə bu yerdə, bu coğrafiyada gücə çevrilməliyik. İnanın, bu, nə vaxtsa olacaq. Çox təəssüf, hər şey bizdən və yaxud Türkiyədən asılı deyil, cəmi türk dövlətlərinin səyləri lazımdır, onlar bir olarsa, Rusiyanın əsas “geosiyasi yastığını” əlindən ala bilərik.
Dünən Bakı özünün geosiyasi resurslarını, potensialını bir daha nümayiş etdirdi.
Düşünürük ki, Kreml, hər halda, bundan müəyyən nəticələr çıxaracaqdır.
Belədəsə, Rusiyanın geosiyasi çabalarına baxanda onların məşhur “rus ruletkası” düşür yada.
Bu xüsusda amerikalıların məşhur filmi vardı və səhv etmirəmsə, elə ABŞ-da yaşayan ruslardan bəhs edirdi. Odur, Rusiya siyasətçiləri guya hər dəfə rus xalqı üçün “tətiyi çəkəndə” adam bir insan kimi çox narahat olur: görən, nə olacaq? Axı tək rusların gicgahına tuşlanmayıb bu! Həm də nə vaxtsa sonu gəlməlidir bunun, ya yox?..
05 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ