İnsanlara hürriyət, millətlərə istiqlal!

Luçesku qurban oldu, Qurban Luçesku olmasın

 

Düzü, hələ bilmirəm, nə qədər ciddi söhbətdir, amma mediada gözümə belə xəbərlər dəyir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu Türkiyədən “Qalatasaray” və “Fənətbağça”, İtaliyadan isə “Latsio” klubları aparmq istəyir.

Məsələyə “od olmasa, tüstü çıxmaz” prizmasından yanaşsaq, bu xəbərləri qəribçiliyə salmaq olmaz. İllah da ona görə ki, Qurban bəy son illərdə öz stabil uğurları ilə Avropa futbolunda təzə səhifə açıb. Zarafat deyil, Avropanın ucqarında yerləşən kiçik bir ölkənin əyalət komandası gedib Avropanın yekə-yekə komandaları (“Çelsi”, “Atletiko”, “Roma”, “İnter”, “Tottenhem”, “Nant”, “Bayer” və s.) ilə oynayır. Bu gedişlə bir gün “Real”, “Barselona”, “Bavariya”, “Mançester siti” kimi qrand klublar da Bakıya gələcəklər.

Ona görə də Qurban Qurbanovun bir futbol mütəxəssisi olaraq Avropada tanınması, diqqət mərkəzinə düşməsi təbiidir.Yeri gəlsə, Qurban qardaş öz təmkini, emosiyalarını cilovlaması, soyuqqanlı qərarlar verməsi ilə Mourinyodan da, Qvardioladan da, Ançelottidən də üstündür. Onlar komandaları uduzanda az qalırlar üst-başlarını cırsınlar, komandaları qol vuranda atılıb düşür, özlərini yerə sürtürlər. Ançelottinin həyəcanlanarkən təkcə saqqız çeynəməsinə icbari iş düşür. Qurban əfəndi isə “Qarabağ” qol vuranda da halı çox dəyişmir, “Qarabağ”a qol vurulanda da. Həmişə abırlıdır, sakitdir və bu, onun əsl komandir olmasından irəli gəlir.

Amma yenə də şəxsən mən onun ölkədən kənara çıxmasına qarşıyam. Özü də çox ciddi şəkildə. Bu, bir paxıllıq əlaməti deyil. Qurban bəylə iki dəfə - Kiyevdə və Brüsseldə görüşmüşlüyüm, şəkil çəkdirmişliyim də var. Onun xətrini, hamınız kimi, mən də çox istəyirəm.

Elə ona görə də istəyirəm ki, bəy xarici klubların şirin vədlərinə uyub ağır yerindən tərpənməsin. Atalar deyib ki, “daş yerində ağırdır”. Düzdür, o, öz ağırtaxtalı xasiyyəti ilə hələm-hələm yüngül qərarlar qəbul edən adam deyil, amma yenə də...

Dünyanın iki etibarsız futbol ölkəsi varsa, biri Türkiyədir, biri də İtaliya. (Əslində İspaniya da ilk üçlüyə girir). Bu ölkələrdə bir məşqçini böyük bir vur-həşirlə, hay-küylə transfer edərlər, adam bir oyun udar, tərifini göyə qaldırarlar, qəzetlər, saytlar, telekanallar göstərər, azarkeşlər yerə-göyə sığdırmazlar, amma elə ki, növbəti oyunda onun komandası uduzar, dərhal belə xəbər başlıqları görərsən: “Hoca göndərilir”; “Klub rəhbərliyi baş məşqçi postuna yeni namizəd axtarır”; “Ümidləri doğrultmayan mütəxəssis qovulur”; “Klub prezidentindən baş məşqçiyə son xəbərdarlıq” və sair və ilaxır.

İndiyədək yüz dəfə belə olaylar görmüşük. O vaxt, 2000-ci illərdə Mirça Luçesku yenicə UEFA çempionu olmuş “Qalatasaray”ın başına gətirildi, adam bir aydan sonra “Real-Madrid”lə oyunda ÇL-nin Superkubokunu qazandı, sezon sonunda “Qalatasaray” yenidən ölkə çempionu oldu, amma Lüçeskunu işindən çıxardılar. “Beşiktaş” klubu mütəxəssisi Türkiyədən getməyə qoymadı, dərhal baş məşqçi təyin etdi. Ertəsi ilə Luçesku “Beşiktaş”ı çempion etdi, Londonda “Çelsi”ni uddu, ÇL-də qrupdan çıxardı, amma onu yenə də komandadan qovdular. Yazıq Mirça o vaxt ağlamsınaraq demişdi: “Anlaya bilmirəm. Bir məşqçi komandasını çempion edə bilər, etmişəm, daha nə edim? Hər dəfə məni belə edirlər”.

Yaxud Fatih Terimin başına İtaliyada nə oyun açdılar. Əvvəlcə “Fiorentina”ya apardılar, komanda 7-8 oyunda 5-6 qələbə qazandı, 1-2-də isə heç-heçə etdi, xeyli xal topladı, amma bir oyun uduzan kimi, Terimi işdən çıxardılar. Bu dəfə ona “Milan” yiyə durdu. Burada da 5-6 oyundan sonra komanda ilk məğlubiyyətini alan kimi Terimə dedilər, çamadanını yığ.

Ona görə də o ölkələrin futbol təsərrüfatının başbilənlərinə etibar yoxdur.

Əmin olun ki, Qurban Qurbanov adı çəkilən komandaların birini elə getdiyi il ölkə çempionu, hətta Avroliqa və ya ÇL çempionu etsə də, növbəti mövsümdə ilk məğlubiyyətdəcə deyəcəklər, biz belə danışmamışdıq.

İndinin futbolçuları da ütük və fəndgirdir, tələbkar və əcnəbi baş məşqçini qovdurmaq üçün sözləşib böyük hesabla uduzurlar, klub rəhbərliyi isə onlara, kollektiv satqınlara bir söz demir, gücü tək adama – məşqçiyə çatır.

Bu baxımdan qoy Qurban bəy öz ölkəmizdə qalsın, xeyrini də öz ölkəmizin futboluna versin, yaxşı futbolçular və məşqçilər yetişdirsin.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

20 Noyabr 2024

18 Noyabr 2024

16 Noyabr 2024

14 Noyabr 2024

10 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

04 Noyabr 2024

02 Noyabr 2024

31 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

17 Oktyabr 2024

14 Oktyabr 2024

12 Oktyabr 2024

09 Oktyabr 2024

07 Oktyabr 2024

05 Oktyabr 2024

03 Oktyabr 2024

01 Oktyabr 2024

29 Sentyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

23 Sentyabr 2024

21 Sentyabr 2024

19 Sentyabr 2024