Onlayn ictimai-siyasi qəzet
Bir müddət öncə ali məktəblərə qəbul olunan övladlarımızın uğurlarına birgə sevindik. Zəfər qazanmış ölkəmizin ən böyük uğurlarından biri olan, yeni təsis olunmuş Qarabağ Universitetinin ilk məzunları sırasında ucqar rayonlarımızdan yüksək balla ali təhsil almaq hüququ qazanmış gənclərimiz sevincimizə sevinc qatdı. Xüsusilə də qızlarımızın yüksək nailiyyətləri! Hər qız övladının ali təhsil alması gələcəkdə savadlı ananın savadlı övlad böyütməsi anlamını verirsə, bunun bütövlükdə cəmiyyətə faydasından danışa bilərik.
O mənada şagird sayı az olan məktəblərin qapadılması, alternativ variant kimi şagirdlərin qonşu kəndlərə göndərilməsi istiqamətində təşəbbüslər həm də narahatlıq doğurur.
Bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayev şagird sayı 0-30 olan məktəblərdə bir şagirdə ildə 7 min manat vəsait xərcləndiyini, bir şagirdi olan məktəbə isə ildə 64 min manat vəsait köçürüldüyünü söyləmişdi. Bu mənada nazir təhsilin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin qeyri-bərabər bölüşdürüldüyünü, bərabərliyi təmin etmək üçün lazımi addımların atılmasının vacibliyini vurğulamışdı. Yəni çıxış yolu... şagird sayı az olan məktəblərin ixtisara salınması...
Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov da bu mövzuda danışmışdı:
“Şagird sayı az olan məktəblərin uşaqlarının yaxın ərazidə yerləşən digər təhsil müəssisələrinə daşınması nəzərdə tutulur”.
(APA) Agentlik rəhbəri bildirib ki, şagirdlərin bu hallarda daşınması üçün avtobuslar ayrıla bilər:
“Belə təcrübə hazırda da var. Lakin bəzi hallarda biz çalışırıq ki, bu tip hallar minimum sayda olsun. Məsələn, məktəblər əgər təmirə bağlanırsa, biz daşınmanı təmin edirik. Bu tipli məsələlərdə də həmin vəsaitlərin daha səmərli istifadəsi məqsədilə uşaqların daşınmasını təmin etmək şərtilə uşaqların daha yaxın ərazidə yerləşən məktəblərə cəlbini daha məqsədəmüvafiq hesab edirik. Belə hallar çoxdur. Bu halların hamısını ölçmək, qiymətləndirmək, daha düzgün qərarlar vermək üçün vaxt lazımdır. Bu, bir günlük, bir saatlıq iş deyil. Elə qərarlar verilməlidir ki, sonradan yan təsirləri olmasın. Düşünürük ki, gələn il bu istiqamətdə çox ciddi addımlar atılacaq”.
Agentlik rəhbəri elə rahat danışır ki, adam həsəd aparır.
Nəqliyyata məsul olan şəxslərə dəfələrlə müraciət etdim ki, Yardımlı rayonuna heç olmasa 3-5 avtobus ayrılsın, məsələn, Şəfəqli kəndindən rayon mərkəzinədək, həm digər sakinlərin iş yerlərinə, həm də şagirdlərin məktəblərə gedib-gəlməsi əlçatan olsun, adamlar yollarda qalmasın. İllər keçib, işıqforu olmayan Yardımlıda avtobus da yoxdur… Bu bir nümunədir, çoxsaylı belə nümunələr çəkmək olar.
İndi hörmətli Eşqi müəllim bağlanacaq məktəblərin daşınması üçün avtobus xidmətini necə təşkil edəcək, açığı, mənə aydın deyil. Özü də taleyi qara gələcək – bağlanacaq məktəblərin çoxu ucqarlarda olacaq. O ərazilərdə ki, oraya nəinki avtobus, heç UAZ da gedib-gələ bilmir.
Bununla bağlı da konkret misal. Yenə də Yardımlı rayonunun dəniz səviyyəsindən təqribən 2 min metr hündürlükdə Peştəsər kəndi var.
Şəhid zabit Şahlar Nəzərovun uyuduğu kəndi çoxları tanıyır yəqin.
Bu yaxınlarda şəhidimizin əmisi, kənd müəllimi Cabir Nəzərov sosial şəbəkə hesabında paylaşım etmişdi:
“Nəzərinizə çatdırım ki, kəndimizə ən yaxın olan qonşu kəndlər Nisəqala və Çayüzü ilə olan məsafə təqribən, gedib-gəlmək 15 km təşkil edir. Relyefimiz dağlıq, dərəlik və meşəlik ərazilərdir. Payız-qış aylarında yollarımız istər avtomobil, istərsə də piyada üçün əlverişsizdir. Bu səbəbdən 10-11-ci sinif şagirdlərimizin 90%-i orta təhsil ala bilmir. Xüsusən qızlarımız təhsildən tam yayınır. Bu səbəbdən bir neçə ildə qızların erkən nikahı da qeydə alınıb. Çünki belə xoşagəlməz halların qarşısını ala bilmək üçün məktəbimizin imkanları olmur”.
İndi təhsilə məsul olan şəxslər çıxış yolunu göstərsinlər. Peştəsərə tankla da gedib-gəlmək risklidir, nəinki avtobusla. Qarlı, yağışlı günlərdə uşaqların 15 km-lik məsafəni qət edib, payi-piyada qonşu kəndin məktəbinə getməsini təsəvür edin, zəhmət olmasa… Valideynlərin övladlarının sabahını düşündüyü üçün bir çox hallarda kəndlərini tərk edib, mərkəzi şəhərlərə, paytaxta üz tutur. Kəndlərimizin boşalmasının səbəbi həm də məktəblərin 11 illik təhsil vermək statusuna almamasıdır. İndi əgər 9 illiklərin də şagird sayına görə başının üstünü qara bulud alıbsa, onda əlvida kəndlər, salam, şəhər!
Elm və təhsil naziri Emin Əmrullayev isə jurnalistlərə deyib ki, 4 il bundan öncə 900-dən artıq qəzalı məktəb var idisə, bu il məktəblər təmir edilib və sözügedən rəqəm yarıya enib. Çox gözəl, alqışlayırıq! Amma nazirin dediyi kimi, hələ də 400-dən artıq məktəb qəzalıdır. Böyük rəqəmdir.
Cənab nazir onu da deyib ki, 3-5 şagirdi olan məktəblərin iqtisadi yöndən saxlanılması doğru deyil.
“Bu halda da həmin məktəblər mütəmadi olaraq digər məktəblərlə birləşir. Biz burada müəllimlərin iş yerlərini, sosial faktorları nəzərə alırıq”, - nazir əlavə edib.
Təbii ki, 3-5 şagirdə görə 10-15 müəllimin məktəbə cəlb edilməsi də əlavə çətinliklər yaradır. Amma problemin kökü axtarılmalıdır. 70-ci illərdə 250 şagirdi olan Qaxdakı ikimərtəbəli Sarıbaş kənd orta məktəbinin qapıları illərdir qıfıllı qalıb. Səbəb? Çünki kənd boşalıb, bir neçə ailə qalıb. Amma günah o kənddə qalan sonuncu 5-6 şagirddə, o gözəl balalarda deyildi axı…
Vəziyyətdən çıxış yolu 50-10 şagirdi olan məktəblərin qapısını qıfıllamaq, yaxud qonşu məktəblərlə birləşdirmək deyil. Onsuz da kəndlərimizdə nə mədəniyyət evləri qaldı, nə kitabxanalar, nə də bağçalar... İndi də şagird sayı azalan məktəbləri bağlayırıqsa, deməli, yurdun ocağının söndürülməsini tezləşdirəcəyik. Etmək olmaz! Bəli, nazir dediyi kimi, 3-5 şagirdi olan məktəblər rentabelli deyil. Amma hətta sonuncu şagird qalıbsa, baş verənlərin günahı onda, yaxud kənddə yaşamaqda olanlarda deyil. Mən iki il, 10-11-ci sinifləri qonşu kənddə təhsil almışam. Hər gün 10 km-lik yolu piyada gedib-gəlmişəm, qarlı-yağışlı günlərin ağrı-acısı hələ də canımdadır. Axı, hər kəs bu əziyyətlərə qatlaşa bilmir. Rayon mərkəzində avtobus olmadığı halda, kəndlərdəki uşaqların üçün avtobuslarmı ayrılacaq, icazə verin inanmayaq. Bakının mərkəzində sərnişinlər dayanacaqlarda gözləyir çox vaxt...
Son zamanlar nazirliklər maliyyəyə qənaət etmək uğrunda sanki yarışa giriblər. Dövlətimizin başçısı vətəndaş məmnunluğu üçün addımlar atır, sərəncamlar imzalayır, sosial proqramlarla bağlı qərarlar verir, nazirliklər isə kim daha çox vəsaitə qənaət edəcək deyə variantlar üzərində düşünürlər. ABŞ ayrı-ayrı ölkələrdən tələbə qəbulu həyata keçirir, yüksək nəticə göstərən tələbələrə yüksək təqaüd ayıraraq onları təhsilə cəlb eləyir. Bəlkə qapısı qıfıllanan məktəblərimizdəki sonuncu şagird gələcəkdə Nobel Mükafatını gətirəcək sevgili Vətənə, kim bilir?! İndi kəndlilər övladlarını “uşkol”dan yayındırmaq üçün ot tayasında gizlətmirlər, oxutmaq istəyirlər, boğazından kəsərək müəllim yanına qoyurlar. Lütfən, siz də qənaət haqda düşünməyin, hər uşağa fərdi yanaşın, onlar bu ölkənin gələcəyidir axı...
Özü də məsələ təkcə Elm və Təhsil Nazirliyinin məsələsi deyil. Kəndlərimizə BÖYÜK QAYIDIŞ baş verməlidir ki, son nəticədə məktəblərdə şagird azlığı müzakirəsinə son qoyulsun. Bu gün BÖYÜK KÖÇ baş verir, fərqindəyikmi?
Dövlətimizin başı Qarabağa qayıdışı təmin etməyə qarışıb, digər regionlar sürətlə boşalır, Bakıya, Sumqayıta axışır, beləcə kəndlər də, məktəblər də boşalır. Elə kəndlər var ki, artıq 1-ci sinfə gedəcək uşağı ya yoxdur, ya da nazir dediyi saydadır. Bu, çox təhlükəli tendensiyadır.
Kəndlilərin kəndlərə qayıdışı üçün bütün qurumlar hərəkətə keçməlidir! Paytaxtın tıxacdan xilasından tutmuş, ərzaq bolluğunun təminatı da burdan keçir. Üstəlik, qonşu kəndlərə, uzaq məsafəyə yol ölçmək əvəzinə savadsız həyatı üstün tutacaq övladlarımıza görə də məsuliyyəti bizlər daşıyacağıq. Hələ müəllimlərin işsiz qalmasını demirəm. Övladını qonşu məktəbə getmək əzabından xilas etmək üçün sonuncu ailələr də kəndi tərk edəcəklər!!! Bu məsələ kompleks yanaşma tələb edir, ey mənim əzizlərim, söhbət 3-5 şagirdlik məktəbin bağlanmasından getmir! Bu, dükan deyil ki, gəlir gətirmirsə, bağlayaq, qonşu kənddə açaq. Məktəb insanları kənddə saxlayacaq sonuncu dayanacaqdır!!!
21 Noyabr 2024
19 Noyabr 2024
18 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
09 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
04 Noyabr 2024
01 Noyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
21 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
13 Oktyabr 2024
10 Oktyabr 2024
06 Oktyabr 2024
04 Oktyabr 2024
02 Oktyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024
24 Sentyabr 2024
22 Sentyabr 2024
20 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ