İnsanlara hürriyət, millətlərə istiqlal!

İmtahanda sual: “Ber...ov harada doğulub?”

 

Xarici ölkələrdə nəsə bir sıradışı, gicqulu, əttökən, düşük və sair bu qəbildən olan siyasi hadisə baş verəndə bizim jurnalistlər və sosial şəbəkə üzvləri onu hoydu-hoyduya götürür, yazır, lağ-lağı edir, ələ salırlar.

Bəzən elə görünür ki, bu bekarçılıqdandır və hədər şeydir. Amma elə deyil. Bizimkilər bu istehza daşqınını ona görə təşkil edirlər ki, həmin o şey bir gün sıza-sıza ölkəmizə də gəlməsin. Zərərli şey yoluxucu olar axı.

Məsələn, bir-iki il əvvəl Türkmənistandan bəhs edən bir video yayılmışdı: prezident Sərdar Berdımühəmmədov çıxış edir, nazirlər, komitə sədrləri, konsern, xidmət rəisləri hərəyə bir bloknat açıb, qələm götürüb, sinxron halda qeydiyyat aparırlar. Allah qoymasa, onlar bu yolla rəhbərə itaət, hörmət edirlər.

Bu, sovet dövründə tətbiq olunurdu və o əyyamda da qalmalıydı. Çünki artıq kağız-qələmə ehtiyac yoxdur, çoxlu adamlar və cihazlar var, onlar bu işi görürlər. Rəhbərin çıxışından 1 saat sonra bütün saytlar həmin çıxışdan parçaları sözbəsöz verirlər, daha sonra çıxışın tam mətni agentliklər tərəfindən yayılır, telekanallar çıxışın videoyazını nümayiş etdirir, saytlar tam şəkildə həm çıxışın mətnini, həm də videoyazısını yayırlar, ertəsi qəzetlərdə çap olunur.

Belə olandan sonra sən bloknota nə yazırsan, cənab? Guya “c-b pr. dedi ki, iqts. gücl. d.t hr şe-ə qad-r” kimi cümlələr yaza-yaza, arada N qədər cümlə və abzas buraxa-buraxa yazdıqlarından nə anlayacaqsan? Kimə kələk gəlirsən?

Bax, bunu Türkmənistanda hələ də edirlər. Bir ara bizdə də bəzi gözəgirənlər özlərini şirin göstərmək üçün bloknot açmış, qələm götürmüşdülər, amma bu, istehza hədəfi olduğu üçün yerimədi.

Hazırda qardaş Türkmənistan bu sayaq yenilikləri ilə yenə də könülləri fəth etməkdədir.

Bu günlərdə Aşqabadda attestasiya zamanı dövlət qurumlarının əməkdaşlarından prezidentin və onun qohumlarının tərcümeyi-halı barədə soruşublar. Suallar beləymiş ki, prezident Sərdar Berdiməhəmmədov harada doğulub, hansı ixtisas üzrə təhsil alıb, hansı vəzifələrdə çalışıb, ailə üzvləri kimdir, yazdığı kitablarda nədən bəhs edilir və s.

Bir xeyli məmur bu sualların cavabını bilməyib və imtahandan kəsiılib. Cahillik. Qanacaqsızlıq. Nankorluq. Nə desən, yaraşır.

Bunlar vacib suallardır, prezidentin birinci sinifə harada getdiyini, 11-ci sinifi harada bitrdiyini, hansı universitetdə necə oxuduğunu, əlaçı olduğunu, karyerasına hansı işdə başladığını hamı bilməlidir.

Elə ölkələr var ki, bütün bunları imtahana düşməsə də əzbərdən bilirlər. Məsələn, biz hətta nazirlərin harada doğulduğunu, oxuduğunu, işlədiyini yaxşı bilirik. Çünki ölkəmizdə kimsə yüksək vəzifəyə təyin ediləndə saytlarda mütləq belə başlıqlı yazılar gedir: “Prezidentin yüksək vəzifəyə təyin etdiyi Filankəs kimdir? – DOSYE”. O yazıda mühüm bilgilərin hamısı olur və həmin gün ən çox oxunan xəbərə çevrilir, hətta “Müğənni xanımın açıq-saçıq fotoları gündəm oldu” xəbərini də üstələyir.

Bu, ona görə elə olur ki, bizdə rəhbər vəzifədə işləyənlərə hörmət-izzət böyükdür, bir az da maraqlanırıq ki, birdən başına dövlət quşu qonmuş bu adam eloğlumuz çıxa, dayoğlu ilə birlikdə oxuya, bibioğlu ilə tanışlığı, tələbə yoldaşımızla kirvəliyi ola bilər. Bunlar vacib informasiyalardır, bilməkdə yarar var. Dünyanın işini nə bilmək olar, bir də gördün, qəfildən bir qapı açıldı. Nazir təyin edilən eloğlusunun hesabına 1 ilin içində milyonçu olan oğlanlar var.

Yadıma düşür ki, bir dəfə elə “dosye”lərdən birində yeni təyin edilən nazirin haralı olduğunu göstərməmişdik, redaksiyaya zənglər gəldi ki, niyə yazmırsınız gənc nazir hansı rayondandır. Amma biz nə edə bilərdik ki, adam özü haralı olduğunu gizlədirdi. Ta niyyəti nəydi, bilmədik.

Türkmən məmurlar isə belə incə mətləbləri bilməyiblər. Allah bilir, bəlkə də onlar heç Sərdarın atası Qurbanqulunun alabay adlanan türkmən iti barədə yazdığı kitabı (eks-prezident 60-dan çox belə kitab yazıb – aş dəmləməkdən at dəhmərləməyə qədər) da oxumayıblar. Yalandan bloknotu açıb qeydiyyat aparmaqla deyil e, ağsaqqal o boyda kitab yazıb, oxuyun, suallara cavab verin.

Amma yenə də könül istər ki, bizdə attestasiya imtahanına ciddi suallar salınsın. İncə mətləbləri özümüz araşdırıb, tapır, öyrənirik.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Noyabr 2024

18 Noyabr 2024

16 Noyabr 2024

14 Noyabr 2024

10 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

04 Noyabr 2024

02 Noyabr 2024

31 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

17 Oktyabr 2024

14 Oktyabr 2024

12 Oktyabr 2024

09 Oktyabr 2024

07 Oktyabr 2024

05 Oktyabr 2024

03 Oktyabr 2024

01 Oktyabr 2024

29 Sentyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

23 Sentyabr 2024

21 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024