Onlayn ictimai-siyasi qəzet
Olimpiadada cüdo üzrə dünya ikincisi olduğumuzu göstərən reyrinq cədvəlini paylaşanlardan sonra güləş üzrə reytinq cədvəlinin qanqaraldıcı panoramını da ictmailəşdirənlər oldu.
Yaxşı ki, Həsrət Cəfərov bürünc medal qazanaraq ölkəmizin adının qarşısındakı üç 0-dan (qızıl medal - 0, gümüş medal – 0, bürünc medal - 1) birini ləğv elədi. Düzdür, soydaşımız Pərviz Nəsibov da gümüş medal qazandı, amma onun nailiyyəti Ukraynaya getdi. Qızıl medal qazanan iranlı güləşçi Səid də əslən Azərbaycan türkü çıxsa, heç təəccüblü olmaz. Necə deyərlər, güləşdə bizik, bizimkilərdir.
İdman yarışlari üzrə reytinq cədvəlləri axtararkən qarşıma elə bir cədvəl çıxdı ki, bax, əsl bəhs edilməli mövzu budur. Ona baxanda idman-filan ikinci dərəcəli məsələdir.
Bu, ölkələrin İntellekt Əmsalını ( yəni ingiliscədə intelligence quotient - İQ, tələffüzdə isə - "ay-kü" deyilən) müəyyən edən cədvəl idi. Maraqlıydı, görəsən, dünya ölkələrinin intellekt göstəricisi necədir? Özümüzneçənci yerdəyik? Ən savadlı, itizəkalı kimdir? İrqçilik və şovinistlik kimi çıxa bilər, yoxsa “ən kütbeyim ölkə” pilləsində hansı ölkələrin durduğunu yazardım.
Yenə gözəgörünməzə şükür edək ki, biz o pillələrdə deyilik. Düzdür, öz adımızı ilk “onluq”da, “iyirmilik”də axtarmaq cəhdi də səmərəsiz oldu, amma ilk “yetmişlik”də varıq.
İnanmayacaqsınız, amma İQ-ə görə ilk onluqda bu ölkələrdir və onların vətəndaşlarının ortalama İQ-i üç rəqəmli ədədlə göstərilib: Honqkonq -107; Koreya Respublikası - 106; Yaponiya -105; Tayvan -104; Sinqapur -103; Avstriya – 102; Almaniya 102; İtaliya – 102; Hollandiya -102; İsveç -101.
Yuxarıdakı abzası ona görə “inanmayacaqsınız”la başlamışam ki, bir az maraqlı olsun. Yoxsa niyə inanmayasınız. Hamınız bilirsiniz ki, Honqkonq, Koreya, Yaponiya, Tayvan və Sinqapur son illərdə öz şagird və tələbələrinə ən yaxşı savad verən ölkələrdir. Onlarda məktəb məbəddir, müəllim də müqəddəs. Beyinləri də beyindir, ta qarpızın yetişmiş olduğunu özləri təyin etmirlər, cihaz ixtira edirlər, o gendən baxıb deyir.
Avropa ölkələrinin intellekt əmsalı isə artıq neçə yüz ildir yüksəkdir, onu da bilirsiniz. Hamısı savadlıdır. Eyzən kitab oxuyur, maariflənirlər.
Tərifli ABŞ 98 İQ-lə “iyirmiliy”ə güclə düşüb, yəni 20-cidir. Əslində bir az dəqiq araşdırlsa, bəlkə də heç ilk “otuzluq”da olmaz. Düzdür, dünyanın ən yaxşı kollecləri, universitetləri bu ölkədədir, amma arxa küçələrdə milyonlarla məktəb üzü görməyən avara insanlar da var, işləri-gücləri pivə barlarında şellənməkdir.
Hələ sovet dövründən “oxumuş xalq” saydığımız, tez-tez “Moskvada metroda hamı kitab oxuyur” deyə öydüyümüz Rusiya 96 İQ-lə 33-cü pillədədir. Bu, pis göstərici sayılmaz. Düzdür, müharibə camaatın qafasını çox qarışdırıb, amma yenə də intellekt əmsalları yaxşı qalıb.
Sizcə, sülh müqaviləsi imzalanmadığına görə hələ də düşmənçilik münasibətində olduğumuz Ermənistan neçənci yerdə olar? Bax, buna dəqiq inanmayacaqsınız. Ancaq ermənilər 93 İQ-lə 46-cı yerdədirlər. Bu, nə dərəcədə dürüst göstəricidir, deyə bilmərəm. Hərçənd qonşular bu qədər ağıllı və savadlıdırlarsa, 2020-ci ilin bu vədələri İQ-lərini işlətməliydilər və 44 günün içində ippona məruz qalmadan gedib durmalıydılar Cermuk tərəflərdə.
Qardaş Türkiyə 90 İQ-lə 53-cüdür. Yenə də gözəgörünməzə şükür etmək lazımdır. Çünki axır illərdə bu ölkədə 1 məktəb açılanda 2 məscid açılır. İkincidə isə, bildiyiniz kimi, gənclərə riyaziyyat, coğrafiya, həndəsə, fizika, kimya, biologiya öyrətmirlər, eləcə ədəbiyyat və tarix öyrədirlər, o da rəvayətlər, nağıllar, hədislər, o da din-məzhəb tarixi.
İndi bizim yerləşdiyimiz “onluğ”a baxaq, “qonşu”larımızla tanış olaq: 61. Braziliya – 87 İQ; 62. Meksika – 87; 63. Azərbaycan - 87; 64. Tacikistan – 87; 65. Türkmənistan – 87; 66. Tonqa – 87; 67. Özbəkistan – 87; 68. Qırğızıstan – 87; 69. İraq – 87; 70. Filippin – 86.
Gördüyünüz kimi, qardaş (Tacikistan, Türkmənistan, Özbəkistan, Qırğızıstan) ölkələrlə yanaşıyıq, intellekt əmsalımız da eynidir – 87. Bircə Tonqa hardansa gəlib girib qardaşların içinə. (İnternetdə axtarış verdim, Tonqa Sakit okeanda yerləşən ada dövlətdir, Avstraliyadan da o tərəfdədir, xəritəyə baxsan, deyərsən, Tonqada hələ də tonqal qırağında rəqs edirlər, amma işə baxın ki, bizim qədər savadlıymışlar).
İQ reytinqinin ilk “yüzlüy”ünü isə Konqo (73 İQ), Uqanda (73), Yamayka (72), Cənubi Afrika (72), Keniya (72), Tanzaniya (72), Sudan (72), Qana (67) və Nigeriya (67) qapayır. İkinci “yüzlük”də hansı ölkələrin olduğu barədə məlumat verməyiblər. Bəlkə də onları siyahıya salmayıblar.
Ekspertlər deyir ki, ölkələrin rifah halı vətəndaşlarının İQ göstəricisi ilə düz mütənasibdir. İQ-i yüksək olan ölkələrin dolanışığı da yaxşı olur (qaydanı pozmayan istisnalar ola bilər). Gerçəkdən də reytinq cədvəlinin ön və son pillələrində olan ölkələrin gününə, güzəranına diqqət edəndə görürsən ki, düz deyirlər.
Uzun sözün kəsəsi, yaxşı yaşamaq istəyiriksə, gərək savadlı olaq, kitab oxuyaq, yaxşı təhsil alaq. Boş vaxtlarımızda da güləşə gedək, lap belə badminton oynayaq.
İndi siz deyin, bu iki İQ-dən hansı bizim üçün daha əfzəldir – İdman Qələbəsi, yoxsa İntelligence Quotient? Yaponiya kimi, ikisini də seçə bilərik.
22 Noyabr 2024
20 Noyabr 2024
18 Noyabr 2024
16 Noyabr 2024
14 Noyabr 2024
10 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
04 Noyabr 2024
02 Noyabr 2024
31 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
17 Oktyabr 2024
14 Oktyabr 2024
12 Oktyabr 2024
09 Oktyabr 2024
07 Oktyabr 2024
05 Oktyabr 2024
03 Oktyabr 2024
01 Oktyabr 2024
29 Sentyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
23 Sentyabr 2024
21 Sentyabr 2024
19 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ