Onlayn ictimai-siyasi qəzet
Əslində o qanunu birinci biz qəbul etməliyik, qırğızlar qabağa düşürlər. Adamın paxıllığı, hətta milli parlamentarlarımıza (öz araməzdır, bu, daha yaxşı səslənir) acığı tutur ki, niyə vaxtında müvafiq qanunvericilik təşəbbüsü qaldırmayıblar.
Çünki bu məsələ bizdə, sizi əmin edirəm ki, Qırğızıstandakı analoji problemdən daha kəskin və aktualdır. Media qurumlarının xəbərlərində, sosial şəbəkələrdəki paylaşımlarda bunu asanlıqla görmək olar.
Söhbət belədir: Qırğızıstanda boşanmış qadınların sosial şəbəkələrdə əri və onun valideynləri haqqında pis fikir bildirməsinə qadağa qoyulması təklif edilib. Ölkənin baş naziri Akılbek Japarov (çox ağıllı bəydir) deyib: “Bəzi qadınlar qayınanalarını, qayınatalarını ləkələyirlər. Boşananda isə sosial şəbəkələrdə pis fikirlər yazırlar”.
Uzun sözün kəsəsi, baş nazirin qanunvericiik təşəbbüsü parlament tərəfindən qanun şəklinə salınsa (güman ki, elə olacaq, problem həll edilməlidir), o zaman boşanmış qadınlar gedib orda-burda “ərim içirdi, çəkirdi, gəzirdi, uşaqlara baxmırdı” deyə, sosial şəbəkədə status və şərh yaza, ikinci və ya üçüncü dəfə evlənmək istəyən potensial təzəbəyin qismətini zorakılığa məruz qoya bilməyəcəklər.
Düzü budur. Yoxsa bir-iki il əvvəl limuzində gəlin gələn, bir müddətdən sonra dilləri uzanan, boşanan, keçmiş ərinə iftira atan qadınların əlindən nə qədər adam ikinci, üçüncü dəfə evlənə bilmir, təzə nişanlanan qızlar gələcək ərləri haqqında o cür pis-pis status və şərhləri oxuyur, nişanı qaytarırlar. Hərçənd nişanı qaytarmayan, “içən, çəkən, gəzən” gədələrə ərə gedənlər də olur. Bir müddətdən sonra onlar da eyni ittihamlarla çıxış edirlər. (Əslində çox vaxt da haqlı olurlar, amma bu, başqa söhbətdir).
Başqa söhbət yoxdur, bir ailə dağılıbsa, keçmiş kürəkənlər mütləq “piyanıska” (bu da “əyyaş” sözündən daha tutumludur), “nəşəxor” (narkoman), “lotuşka saxlayan”, “uşaqlara baxmayan” biri çıxır. Ancaq qarşı tərəfin də öz ciddi arqumenti var – “telefonda mesaj tutulması məsələsi”, “halal süd əmməmişlik haqq-hesabı” və s. Bu iddia ilə çıxış edən keçmiş ərin anası bəzən belə bir şərh də verir: “Oğlum bu işinin üstündə onun başını kəsəcəkdi, mən qoymadım, dedim, bir ləçərə görə cavan ömrünü türmədə çürütmə”.
Qırğız qardaşlar isə hesab edirlər ki, adət-ənənələrə zidd olan məlumatların yayılması məhdudlaşdırılmalıdır.
Gerçəkdən də, elə məlumatlar nə qədər az olsa, ailələr bir o qədər möhkəm olar. Ya da tərsinə: ailələr nə qədər möhkəm olsa, elə məlumatlar bir o qədər az olar. İkisinin biridir.
Bax, dünən mediada və sosial şəbəkələrdə gənc İH başçısının yenidən evlənməsi, özünə təmtəraqlı toy çaldırması barədə N qədər xəbər vardı. Bu barədə yazmayan sayt qalmamışdı. Minlərlə sosial şəbəkə üzvü də özlərinə borc bilmişdi ki, bu ciddi məsələyə dair öz tutarlı rəyini bildirsin. Belə çıxırdı ki, o İH başçısı dünyada yenidən evlənən yeganə adamdır.
Hətta onun haqqında pis şeylər yazanlar da vardı, qeyd edirdilər ki, 4 uşağı var, utanmır, toy edir. Birincisi, atalar da deyib ki, utananın oğlu olmaz, deməli, 4 övladı olan İH başçısı çox da utancaq adam deyil. İkincisi, bu barədə o qədər yazılmasa, kim biləcəkdi ki, o toy edir. Yaza-yaza adamı elə hoydu-hoyduya götürüblər, elə çıxır ki, İH başçısı öz toyundan analoq yayını olan telekanallarda canlı yayım təşkil edib.
Amma biz deyə bilərikmi ki, ikinci dəfə evlənən şəxsin barəsində pis fikirlərin yayılması adət-ənənlərimizə ziddir. Deyə bilmərik. Bizim adət-ənənlərimizdə ikinci dəfə evlənmək hadisəsi də var, ikinci dəfə evlənənin itdən betər edilməsi də. Heç o boyda Cahandar ağanın Mələyi atın tərkində qaçırıb ikinci dəfə evlənməsi də ailə üzvləri tərəfindən anlayışla qarşılanmamışdı. Söhbətin nədən getdiyi bilməyənlər yazıçı İsmayıl Şıxlının “Dəli Kür” romanını oxusunlar və ya eyni adlı filmə baxsınlar.
Yeri gəlmişkən, “Dəli Kür”dəki hadisələr də elə Ağstafa tərəflərdə, təzəbəy- İH başçısının rayonunda baş verir. Ağstafa Qazaxdır axı.
Xüləs, mətləbdən yayınmayaq, söhbət boşanan qadınların məkrli qisasının qarşısının alınmasından gedir.
Bəlkə də tələsməməliyik, qoy qırğız qardaşlar elə bir qanun qəbul etsinlər, biz də izləyək, görək, bu nə dərəcədə effektiv olur, boşanmalara və boşananların yenidən evlənmə statistikasına necə təsir edir, yaxşı olsa, biz də elə bir qanun qəbul edər və xoşbəxt olarıq.
19 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
12 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
06 Sentyabr 2024
04 Sentyabr 2024
02 Sentyabr 2024
01 Sentyabr 2024
30 Avqust 2024
28 Avqust 2024
22 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
16 Avqust 2024
14 Avqust 2024
12 Avqust 2024
11 Avqust 2024
09 Avqust 2024
07 Avqust 2024
05 Avqust 2024
03 Avqust 2024
01 Avqust 2024
31 Iyul 2024
30 Iyul 2024
28 Iyul 2024
26 Iyul 2024
24 Iyul 2024
ŞƏRHLƏRŞƏRH YAZ