Onlayn ictimai-siyasi qəzet
Ən müxtəlif “siyasi aktorlar”ın Bakının Xankəndiyə humanitar yük göndərməklə bağlı bu günlərdəki qərarına münasibəti heç də birmənalı olmadı. Amma əvvəlcə onu qeyd edək ki, biz bu sətirləri yazanda hələ keçmiş Dağlıq Qarabağın “aclıq çəkən əhalisi” Bakının yardımını qəbul etmək haqqında qərar verməmişdi. Məhz buna görə də siyasi müşahiudəçilərin bir hissəsi lap əvvəldən israr edirdilər ki, tələsmək lazım deyil, çünki Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin heç bir humanitar böhranı –filanı yoxdur, ona görə də biz ora yardım göndərməklə, sadəcə, ermənilərin yalanını təsdiq etmiş oluruq.
Amma siyasi müşahidəçilərin böyük bir hissəsi problemin başqa aspektini vurğulayırdılar. Onların fikrincə, biz mümkün qədər tez və operativ şəkildə erməni yalanını ifşa etməliyik, çünki ermənilər bizə qarşı geniş beynəlxalq kampaniyaya başlayıblar. Bu kampaniyanın bir nəticəsi və həm də iştirakçı komponenti olaraq Fransa hökuməti də Xankəndiyə humanitar yardım göndərmişdi və bu yüklər Azərbaycan tərəfindən haqlı olaraq Laçın yoluna buraxılmadı. Səbəbi də budur ki, Bakı lap əvvəldən bəyan etmişdi ki, vətəndaşlarının humanitar problemlərini həll etmək onun suveren hüququdur, ən başlıcası isə, bunun üçün onun hər cür imkanı var və ən əsası da, ermənilərə qarşı heç bir blokada-filan yoxdur, onlar bütün tranzit ehtiyaclarını Ağdam-Xankəndi yolu vasitəsilə təmin edə bilərlər. Bu baxımdan çox mühümdür ki, Fransanın yük maşınları Laçın yoluna çatanda artıq bir gün idi ki, bizim maşınlar Rusiya sülhməramlılarının buraxılış məntəqəsi yanında idilər və Xankəndiyə keçmək üçün razılıq gözləyirdilər.
Üstəgəl, bu vaxt ərzində təkcə xarici jurnalistlər yox, hətta diplomatik xidmətlərin təmsilçiləri Azərabcyan yüklərinin dayandığı yerə baş çəkdilər və əyani şəkildə əmin oldular ki, heç bir blokada yoxdur, Bakı öz erməni əsilli vətəndaşlarına hər cür kömək göstərməyə hazırdır.
Amma İrəvan və Paris çirkli təbliğatını davam etdirirdi: guya ki, 250 gündür keçmiş Dağlıq Qarabağın erməni əhalisi blokada şəraitində yaşayır! İrəvanı “başa düşmək” asandır: ermənilərin əlinə fürsət düşüb ki, Azərbaycana qarşı qara təbliğat aparsınlar. Üstəgəl, bu ay İrəvanda mer seçkiləri olacaq. Əlbəttə, munisipial seçkilər adətən beynəlxalq maraq kəsb etmir, amma burada vəziyyət bir qədər fərqlidir: İrəvanı kim idarə edirsə, Ermənistanı da o, idarə edir! Həm də Nikol Paşinyan bu seçkilərdə özünə və rəhbərlik etdiyi siyasi düşərgəyə seçicilərin əsl münasibətini bilmək istəyir. Amma bilmək olmur ki, bu münasibət onun nəyinə lazımdır: Paşinyanın nə müharibə aparmaq üçün cəsarəti var, nə də sülh sazişi imzalamaq üçün! Hətta Rusiya da ondan tələb edir ki, vasitəçilərin sayını artırmaqdansa (rusların ağrılı yeridir!), öhdəlikləri yerinə yetirmək lazımdır...
Bəs Fransa nə istəyir? Burada daha düzgün olardı ki, cənab Makronun nə istədiyini soruşaq.
Aydın məsələdir ki, onun bir siyasətçi kimi məxsusi, özəl maraqları var – o, Fransadakı erməni diasporasının isti münasibətini qazanmaq istəyir. Amma Fransanın bu günlərdə bir dövlət kimi də problemləri yaranıb: sözün birbaşa mənasında Fransanı Afrikadan qovurlar, Afrika ölkələri bir-birinin ardınca Fransanın “qara qitə”dəki anti-humanist siyasətini ifşa edirlər. Ona görə də Paris özünü “mütərəqqi və humanist” bir ölkə kimi göstərməyə cəhd edir...
Amma əbəs deyilmi? Əlbəttə ki, əbəsdir! Hətta Niger Fransa qoşunlarına ərazisini tərk etmək üçün bir ay vaxt verib...
Bəs Rusiya nəyi etməyi planlaşdırır? Aydın məsələdir ki, Fransanın həddən ziyadə “canfəşanlığ”ı Moskvanın ürəyindən deyil. Amma Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova bu günlərdə çoxmənalı bir bəyanatla çıxış etdi: Laşın yolundakı vəziyyət İrəvanın Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımasının nəticəsidir! Burada sual yaranır: bəs Rusiya özü necə? Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımırmı? Son otuz ildə Moskva formal olaraq Azərbaycanın ərazi bütünlüyün tanıyıb, amma formal olaraq: əslində isə, o, daim bu ərazini Bakının nəzarətindən çıxarmağa çalışıb.
Təsadüfi deyil ki, elə indi də, erməni baş nazirinin Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu dediyi bir vaxtda da Kreml dəfələrlə buna öz iradını bildiribdir: “Bu məsələdə İrəvan tələsməməlidir”.
O ki qaldı “blokada” məsələsinə, Moskva onun olub-olmamasını hamıdan yaxşı bilir, amma bu teatr onun da maraqlarına cavab verdiyindən, erməni-fransız xoruna qoşulmasa da, sakitcə prosesin hara istiqamət götürəcəyini gözləyir...
Bəs biz nə etməliyik? Gündəmdə Azərbaycanın anti-terror əməliyyatları keçirmək imkanları var. Burada bir detal da var. Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində oyuncaq separatçı hakimiyyət həqiqətən də humanitar böhran yarada bilər. Bu isə Bakının imkanlarını bir az da artırır. Belə ki, Azərbaycan bölgədəki humanitar böhrana son qoymaq və öz əhalisini separatçı cinayətkarların əsarətindən qurtarmaq üçün xüsusi humanitar əməliyyat da keçirə bilər...
03 Dekabr 2024
30 Noyabr 2024
26 Noyabr 2024
23 Noyabr 2024
19 Noyabr 2024
16 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
05 Noyabr 2024
02 Noyabr 2024
29 Oktyabr 2024
26 Oktyabr 2024
22 Oktyabr 2024
19 Oktyabr 2024
15 Oktyabr 2024
12 Oktyabr 2024
08 Oktyabr 2024
05 Oktyabr 2024
01 Oktyabr 2024
28 Sentyabr 2024
24 Sentyabr 2024
21 Sentyabr 2024
17 Sentyabr 2024
14 Sentyabr 2024
10 Sentyabr 2024
07 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
27 Avqust 2024
24 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ