Onlayn ictimai-siyasi qəzet
Dünya mediasının bir nömrəli mövzusu hələ də Tramp və Putinin Alyaska görüşüdür. Bu, təbiidir. İki superdövlətin rəhbərlərinin görüşündə təkcə öz ölkələrinin yox, həm də dünyanın taleyi müzakirə predmeti idi.
1986-cı ilin oktyabrında ABŞ prezidenti Ronald Reyqanla SSRİ rəhbəri (sovet parlamentinin sədri və hakim kompartiyanın baş katibi) Mixail Qorbaçovun İslandiyanın paytaxtı Reykyavikdəki görüşü də bu sayaq dünyanın bir nömrəli müzakirə mövzusu olmuşdu.
O zaman da iki dövlət rəhbərinin, qara plaşlı Qorbaçovla ağ plaşlı Reyqanın görüşündə dünyanın gələcəyi həll olunmalı idi. Çünki həmin vaxt da nüvə müharibəsi təhlükəsi vardı.
Hazırda isə Ruisya dövlətini idarə edənlərin sözünü deyən keçmiş məmurlar, generallar, diplomatlar sinxron səsləşmə ilə nüvə müharibəsindən danışırlar, amerikalılar və avropalılar isə soyuqqanlı şəkildə olsa da, onlara cavab verirlər.
ABŞ prezidenti ilə ya Reykyavikdə, ya da Londonda görüşmək təklifinin Qorbaçov verib. Köməkçisi ondan Reykyaviki nədən seçdiyini soruşanda Qorbaçov deyib ki, İslandiya Amerika ilə SSRİ-nin ortasındadır, qoy heç bir dövlət incik olmasın.
Maraqlıdır ki, Alyaska da həm Rusiyaya, həm də Amerikaya yaxın məkandır. Demək, ora da təsadüfən seçilməyib. Hərçənd bu məntiqlə tərəflər Kurilin Şekotan adasında da görüşə bilərdilər.
Tramp-Putin sammitindən sonra Kaliforniyanın sabiq qubernatoru, məşhur Hollivud aktyoru Arnold Şvartsnegger Qorbaçov-Reyqan görüşünü xatırladıb və öz ölkəsinin prezidentini dişsizlikdə, Putinin qarşısında itaətkar görkəmdə durmaqda qınayıb.
Bu mövqedə olanlar çoxdur. Müşahidəçilər Trampın debatdan məğlub, Putin qalib ayrıldığını vurğulayırlar. Ancaq ortada duel yox idi, debat vardı və onun o qədər uğurlu olmadığı ortadadır.
Reykyavik görüşü ilə Alyaska sammiti arasındakı tarixi şərait, müzakirə mövzusu fərqli olsa da, dəyişməyən bir şey var: hər iki halda görüş rus-amerikan intriqasının dözülməz dərəcədə şiddətlənməsi fonunda baş tutub.
Bir də fərqli olan görüşə qatılan tərəflərin nümayəndələrinin davranışıdır.
39 il öncə mülayim olan, anlaşma əldə etməyə çalışan tərəf SSRİ və onun rəhbəri Qorbaçov idisə, ABŞ-ni təmsil edən Reyqan özü dik duruşu, prinsipial mövqeyi və güzəştsizliyi ilə seçilirdi.
Bu dəfə isə ölkəsini xirtdəyə qədər qan bataqlığına salmış, dövlətini yüz bir cür sanksiyaya məruz qoymuş, hər gün itkilər verən, dünya ilə, xüsusiilə də qonşu dövlətlərlə üz-göz olan Putin daha iradəli, güzəştə getməyə meylli olmayan tərəf kimi görünürdü.
Tramp isə əksinə, Ukrayna müharibəsində itkilərə, təzyiqlərə məruz qalmadığı halda xahiş edən, yalvaran tərəf durumunda idi. Sanki müharibənin dayandırılması Rusiyadan çox ABŞ-yə lazımdır. Halbuki əksinə olmalıydı. Rusiya müharibənin dayandırılması üçün ABŞ rəhbərindən kömək xahiş etməliydi.
1986-cı ildə baş tutan görüş sovet tərəfinin xahişi nəticəsində alınıb. Reyqan qarşılıqlı surətdə məhvetmə doktrinasının ABŞ-ni fəlakətli nəticələrə gətirib çıxara biləcəyini anlayaraq görüşə razılıq verib. Lakin o, silahlanma proqramından əl çəkməyə hazır olmayıb və sovet tərəfinin niyyətlərinin səmimiliyinə inanmayıb.
Sammitdən sonra o, İngiltərənin baş naziri Marqaret Tetçerə yazıb: “Ruslar döyüşmək istəmir, nüvə silahı ilə hədələməklə qalib gəlmək istəyirlər”.
Elə indi də əslində ruslar döyüşməkdən yorulublar, Ukraynada müharibədə vuruşmaq istəmirlər, amma Ukraynanın təslim olmasını və özlərinin qalib gəlməsini istəyirlər. Onların Avropanı nüvə zərbələri ilə hədələməsi də bu üzdəndir, “düşmənlər təslim olsun, biz qalib gələk, müharibə bitsin” səciyyəsi daşıyır.
Prezidentlərin söhbət edib, dərhal da ayrıldığı Alyaskada sammitindən fərqli olaraq Reykyavikdə danışıqlar 2 gün davam edib, ancaq uzun-uzadı müzakirələr heç bir konkret nəticə verməyib: hazırlanan sənədlərin heç biri imzalanmayıb.
Buna baxmayaraq, Mixail Qorbaçov görüşdə və ondan sonra deyib ki, tərəflər “üfüqdən o üzə baxa biliblər”. O, sammitin misilsiz mahiyyətindən danışıb və televiziya ilə sovet xalqına iki dəfə müraciət edib - 1986-cı il oktyabrın 14-də və 22-də.
Reykyavikdə aparılan müzakirələrin yekunu bir ildən sonra Vaşinqtonda SSRİ və ABŞ arasında ortamənzilli nüvə raketlərinin ləğvi haqqında müqavilənin imzalanması ilə nəticələnib.
Hazırda xarici müşahidəçilər Alyaska görüşünün də nəticəsiz başa çatdığını iddia edirlər. Ancaq yenə də bilmək olmaz. Yaxın gələcəkdə bu görüşün əsl nəticələri üzə çıxacaq.
Hələlik isə çoxları prezidentlərin özlərini aparmalarına, jestlərinə, sözlərinə diqqət yetirir. Bunlar zahiri görüntülərdir. Biri videokameralar qarşısında məğrur yerişlə hərəkət edə, o biri belə şeylərə önəm verməyə bilər.
Əsas məsələ söhbətdə hansı detalların razılaşdırılması, hansı planların tutulmasıdır. Hazırda Tramp da, Putin də ümumi sözlərlə medianı və onun vasitəsilə dünya ictimaiyyətini yola verirlər.
18 Avqust 2025
17 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ