İnsanlara hürriyət, millətlərə istiqlal!

Görüntü ilə şantajın çürüntüsü

 

Dün gecə Zahir Əhmədov ad-soyadlı bir FB üzvünün statusunu oxudum, yadıma başqa bir əhvalat düşdü. İndi o başqa əhvalatı yazmazdan əvvəl məlum statusu yazıram ki, yəqinlik hasil olsun.

Zahir bəyin statusunun informativ hissəsi belədir: “Mallarını kreditlə satan bir mağaza müştəriyə zəng eləyib deyir ki, ödəniş eləməlidir. Müştəri çox lakonik bir cavab verir: "Gələrəm mağazanıza, damarımı kəsib qanımı üstünüzə tökərəm". Mağaza əməkdaşı deyir ki, mağaza məhz belə müştərilərlə ehtiyatlı davranmağa çalışır”.

Statusun mabədi, şərh hissəsi də var, amma ta söhbətu uzatmayaq, keçək anons etdiyim əhvalata.

7-8 il əvvəl simsar adamların işlətdiyi bir topdansatış mərkəzi vardı, parakəndə satışla məşğul olanlar gəlib onlardan topdan nisyə material götürürdülər, satırdılar, sonra gətirib bunların da pulunu ödəyirdilər. Bir dəfə elə olur ki, bir mağaza sahibi ayın tamamında gətirib verməli olduğu pulu gecikdirir. Bir həftə keçir, iki həftə keçir, puldan xəbər yoxdur. Adamın telefonuna da zəng çatmır. Müdir dilli-dilavər əmioğlusunu göndərir ki, adamın 5 min dollar borcu var, heç olmasa, 3 minini al, gətir. Əmioğlu gəlir, sahibkar-satıcının həyət evinin qapısını döyür, heç salam-əleyk etməmiş, 5 min dollar borcu olan kişinin arvadı əlində yanacaq dolu butulka və alışqanla çıxır kandara ki, bu saat özümü yandıracam, bir də bu qapıya gəlməyin.

Elə bil, neçə vaxtdır gözləyirmişlər ki, borcun dalınca gələcəklər. Hər şey əl altında hazırmış.

Əmioğlu qorxur, küçəyə çıxır, müdirə zəng edir ki, bəs haqq-hesab belədir. O da deyir, min maşına, qayıt gəl ofisə, o 5 min getdi, cəhənnəmə getsin.

Bu əhavalatı mənə danışanda soruşmuşdum ki, nə əcəb bir şantaja görə 5 min dollardan vaz keçdiniz. Topdansatış məntəqəsinin böyüyü sakitcə dedi ki, 5 min dollar bir şey deyil, amma o qadın özünə od vursaydı, 50 minlə qurtara bilməzdik bu işdən.

Şantajın gücü budur. Şox nadir adam olar ki, şantajdan qorxmasın, sona qədər getsin. Amma onlar da belə edərkən xeyir tapırlarmı, tapmırlarmı, mübahisəli məsələdir. Təcrübə göstərir ki, şantaj olunanların çox hissəsi, nəhayət, bezərək, şantaj edənlərlə qanun dilində danışarkən, özləri də ciddi ziyan çəkirlər.

Məsələn, olur ki, bir qadın (ərli, subay – fərq eləməz) bir gədəylə əvvəlcə virtual eşqbazlığa başlayır, sonra reala keçirlər, eşq eyforiyasının şiddətli vaxtında bir-iki intim şəkil, video çəkirlər, amma gün gəlir ki, yolları ayrılır. Belə olanda erkək meymin dişini şantaj eləməyə başlayır, “şəkil və videoları qohumlarına göndərəcəm, internetdə yayacam” deyir, pul istəyir. Eüsvay olmaqdan qorxan qadın bir dəfə pul verir, iki, üç, dörd dəfə verir, amma şantajçı karlı yerdə daimi və gəlirli iş tapıbmış kimi, pulsağma prosesinə aqreqat cəlb edəndə, yəni daha çox pul istəyəndə qadın anlayır ki, çatdıra bilməyəcək, məcburən orqanlara müraciət edir. Onlara nə var, adamı danaboyun edib aparırlar içəri, qadından da ifadə alırlar. Nəticədə şantajçı gədə gedir türməyə, qadının isə adı çıxır, minimum ailəsi dağılır, maksimum hissəsini də, bilirsiniz.

Yadınızdadırsa, ötən il bir keçmiş prokuroru şantaj edənlər tutulmuşdu. Bir qrup adam idi, prokurora hamamda beş-altı dəfə kisə çəkmişdilər və kisə çəkməklə kifayətlənməyərək, fitəsiz halının şəklini də çəkmişdilər, sonra işi sağım aqreqatına bağlamış, 4-5 dəfə ondan çoxlu pul almışdılar. Amma müəllim görmüşdü ki, kisə və şəkil çəkənlər onun illərlə qazandığının hamısını əlindən alacaq, hələ evini, maşınını da satdıracaqlar, demişdi, kifayətdir, orda durun. O, canını dişinə tutub poqon yoldaşlarını işə qatmışdı, onlar da şantajçıları basmışdlar ağzıbirə.

O məhkəmə bir xeyli getdi, o işdə adı keçənlərin hamısına iş kəsdilər. Amma keçmiş prokuroru da çalışdığı işdən çıxardılar. Yəni o da ziyan çəkdi.

İndi baxıram ki, hələ də başqalarını video ilə, şəkillə şantaj edərək 5 manat qabağa düşmək istəyənlər var. Hələ bir az da artıblar. Elə bir gün olmaz ki, yüzlərlə adamın “Votsap” nömrəsinə tanımadığı “qadın”dan “əzizim, görüntülü danışa bilərikmi” xahişi gəlməsin.

Yaramazlar anlamırlar ki, bu fənd artıq işə yaramır, görüntü ilə şantajın çürüntüsü üfunət yayır, daha heç kəsi ekran qarşısında soyundurmq mümkün deyil (bəlkə tələyə düşən naşılar yenə də var, kim bilir).

O gün bir yaxın dosta da bənzər mesaj (“salam, əzizim, danışa bilərikmi”) gəlib, bu da belə bir cavab yazıb: “Görüntülü danışmalıyıqsa, şalvarı çıxardım, hazır durum”. Ta o tərəfdən cavab gəlməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

20 Noyabr 2024

18 Noyabr 2024

16 Noyabr 2024

14 Noyabr 2024

10 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

04 Noyabr 2024

02 Noyabr 2024

31 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

17 Oktyabr 2024

14 Oktyabr 2024

12 Oktyabr 2024

09 Oktyabr 2024

07 Oktyabr 2024

05 Oktyabr 2024

03 Oktyabr 2024

01 Oktyabr 2024

29 Sentyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

23 Sentyabr 2024

21 Sentyabr 2024

19 Sentyabr 2024