Onlayn ictimai-siyasi qəzet
Eməni işğalından azad olunan Laçının dolama yollarında və digər dilbər guşələrində yaranmış vəziyyəti əks etdirən şəkil və videoları görəndə adam dərindən nəfəs alır: bəli, artıq Laçındayıq və hər yerə öz izimizi qoya-qoya gedirik.
Fərq odur ki, erməni vandalların yerini yerli, milli vandallar tutub. Bu, nə pintilik, vəhşilikdir, ey Koroğlu, Cavanşir nəvələri? Hara baxırsan, zir-zibil, plastik butulkalar, sellofon torbalar, enerji içkilərinin boş qabları və sair və ilaxır. Hamısı yol boyunca, yol mühəndislərinin küvet dedikləri, yağış sularının axması üçün nəzərdə tutulan arxları bəzəyir.
Bunu necə ediblər? Yəni maşınla o yolları dolaylana-dolaylana qalxan, enən adamların heç birinin ağlına gəlməyib ki, o içdiyi zəhərin qabını bir sellofon torbaya yığsın, mənzil başına çatanda zibil konteynerinə atsın? Belə görünür ki, bu variant çox az adamın ağlına gəlib, yoxsa yol qırağı bu gündə olmazdı. Qalan hamı zibilini avtomobilin pəncərəsindən vızıldadıb yolun qırağına. Bəlkə də bəzilərinin mənzərədən xoşu gəlib, maşını saxlatdırıb, türkün sözü, su molası veriblər, çoxsaylı pozalarda şəkil çəkdiriblər, sonra zibillərini elə oradaca qoyub doluşublar maşına.
Ona görə də indi Laçının yolları Kəlküttənin, Dəkkənin, Pnompenin arxa küçələrinə oxşayır.
Budur, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti belə bir xəbər yayıb: “Şuşadan Laçına gedən yolda təbii bulağın ətrafının zibilliyə çevrilməsi barədə sosial şəbəkələrdə yayılmış görüntülər xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və xoşagəlməz vəziyyət aradan qaldırılıb”.
Görəsən, bu xəbəri oxuyanların içində o yolu o günə qoyanlar da oldumu? Oxuyub xəcalət çəkdilərmi? Əlimi istənilən müqəddəs kitabın titul vərəqinə basıb and içərəm ki, Laçını zibilləyənlər bu xəbər oxuyanda nəinki xəcalət çəkməyiblər, hətta irişə-irişə deyiblər ki, “bizi deyirlər e”.
Duraq deyək ki, bunlar istisna hallardır, əksəriyyət heç də pinti deyil, çox adam öz zibilini özü yığışdırır? Elə deyil axı. Yalandan özümüzü öyməyək. Tam əksəriyyət evinin zibilini süpürüb kandara qoyur, siqaret qutusunu, alma cecəyini, işlətdiyi salvet kağızını, banan qabığını, butulkanı maşının pəncərəsindən hara gəldi atır. Yenə bunu Laçında edəndə zibillər küvetə düşür, amma bu hərəkəti Bakının ortasında da edirlər.
Qoyasan, yaponlara lağ edələr: “Onnar da intiresni millətdilər ey. Stadionda onun-bunun zibilini yığışdırıllar. Çurbandılar, nədilər. Ha-ha-ha, hi-hi-hi”.
Yapon da bunların yaratdığı mənzərəyə baxır, gülmür, eləcə, yüngülvari gülümsəyir və özü üçün nəticə çıxarır: “Vəhşidirlər”.
Yadıma 14 il əvvəl bir qrup jurnalistlə Cənubi Karolina (ABŞ) ştatının Çarlston şəhərindən ştatın paytaxtı Kolombiaya getməyimiz düşür. Supermarketdən alma, banan, su aldıq, mikroavtobusa mindik, aldıqlarımızı yedik, içdik, qablar və qabıqlar qaldı. Amma neçə gündür yolların kənarındakı ideal təmizliyi görürdük, anlamışdıq ki, burada yola, səkiyə, trotuara bir kibrit çöpü də atmırlar, ona görə də Kolombiaya çatana qədər sellofon torbaya doldurduğumuz zibili əlimizdə saxladıq, gətirib zibil konteynerinə boşaltdıq.
Bir dəfə Bakı bulvarında şəxsən gördüm: ailəlikcə skamyada oturub tum çırtlayan və tum qabıqlarını yerə tökən onlarca adamın arasında yalnız ortayaşlı qadın içib boşaltdığı su qabını 7-8 yaşlı nəvəsinə verib dedi ki, apar bunu o zibil qabına at, gəl. Uşaq bir işə yaradığına sevinə-sevinə su qabını aparıb 15 metr aralıdakı zibil qabına atdı, qayıdıb gəlmək istəyəndə gördü ki, ətrafda bir neçə plasik qab da var, onları da götürüb zibil qabına atdı və sevinə-sevinə nənəsinin yanına gəldi. Nənəsi ona təşəkkür etdi, “afərin” dedi.
İndi baxaq görək, hər on nənədən neçəsi belədir? Ya bir olar, ya iki. Yerdə qalan deyəcək ki, onun-bunun zibilini yığışdırmaq sənə qalmayıb.
Söz yox, hamı öz zibilini yığışdırmalıdır. Bu, elementar birgəyaşayış qaydasıdır, ibtidai və ictimai borcdur. Bunu etməyən millət həyatda heç nəyə nail ola bilməz.
Növbə mədəniyyəti yoxdur, yollarda avtomobilləri sırayla, tez-tez cərgə dəyişmədən, qarşı yola soxulmadan sürmək yoxdur, ümumi istifadə üçün olan yerlərdə təmizliyə, səliqəyə riayət etmək yoxdur, başqalarını narahat etməmək qanacağı yoxdur, amma istəyirik ki, hər yan güllük-gülüstanlıq olsun. Belə olması üçün hamımız öz üzərimizə düşən elementar vəzifəni icra edirikmi? Etmirik. Heç etmək fikrində də deyilik.
Böyük ölkələrin meqa-aerportlarında uzun növbələr zamanı məhdudlaşdırıcı lenti qaldırıb altından keçən, yaxud dəmir məhəccərin üstündən adlayıb 10-15 adam irəli düşən adamları görəndə dərhal bilirsən ki, o “igid və fərasətli adamlar” azərbaycanlılardır. Pasport qeydiiyatı köşkünə yaxınlaşanda məlum olur ki, yanılmamısan, bizimkilərdir və ona-buna lağ edə-edə hırıldaşırlar.
Beləyik və belə olmağımızla xəcalər çəkmək əvəzinə qürur duyuruq. Ona görə də Laçın yolunu o vəziyyətə qoymağımız təəccüblü deyil. Tökülmüşümüz öyrənib.
20 Noyabr 2024
18 Noyabr 2024
16 Noyabr 2024
14 Noyabr 2024
10 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
04 Noyabr 2024
02 Noyabr 2024
31 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
17 Oktyabr 2024
14 Oktyabr 2024
12 Oktyabr 2024
09 Oktyabr 2024
07 Oktyabr 2024
05 Oktyabr 2024
03 Oktyabr 2024
01 Oktyabr 2024
29 Sentyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
23 Sentyabr 2024
21 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ