İnsanlara hürriyət, millətlərə istiqlal!

Futbolçularla model qızların cırmaqlaşması...

 

Avropanın məşhur klublarının futbolçuları üçün 3 xoşagəlməz situasiya var: 1. Ağır travma almaq; 2. Uzun müddət ehtiyat oyunçular skamyasında qalmaq; 3. Zorlamada ittiham olunmaq.

Sonuncu zarafat deyil. Gerçəkdən də bu saat futbolçuların çox pul qazandığı ölkələrdə belə bir “cinayət növü” var.

Fikriniz öz ölkəmizə getməsin, bu trend hələ bizə gəlib çıxmayıb. Ona görə yox ki, futbolçularımız bara getmirlər. Xeyr. Bizimkilərin içində də gecə klublarına dadananlar var, amma viskilərini, pivələrini içir, qəlyanlarını çəkir, heç kəsə zor tətbiq etmədən dağılışırlar.

Həm də bizdə futbolçulara xidmət edən modellər və intim sfera işçiləri yalandan üzə duracaq qədər həyasız deyillər, aldıqlarına “Allah bərəkət versin” deyə aralaşır, daha çox pul qopartmaq üçün polisə qaçıb “filan futbolçu məni zorladı” demirlər.

İdeya vermək kimi çıxmasın, açığı, bizdə fahişə şərinə görə futbolçu dolaşdırmaq ənənəsi yoxdur. Futbolçuların oynadıqları klubların yekə-yekə sahibləri var və onlar imkan verməzlər ki, futbolçular şərlənsin, qazandıqları bar və ya salon işçilərinə təzminat verilsin, ya da nə bilim, nə.

Ancaq xaricdə elə deyil. Oraların hüquq-mühafizə orqanlarının əli göydədir ki, qapıdan içəri eskort model girsin və məşhur futbolçu tərəfindən zorlandığını desin. Dərhal iş açırlar, ifadə alırlar, şahidləri dindirirlər, zorakılıq edən futbolçunu tutub gətirirlər, mediaya xəbər ötürürlər, işi böyüdürlər və dünya əhli yekə bir “zorlama cinayəti qalmaqalı”ndan xəbər tutur.

Bəs bu ifadəni niyə dırnaq işarələri arasına alırıq? Ona görə dünya mediası ilə bir olan bu seks qalmaqallarında hər il onlarla futbolçu ittiham olunsa da, hazırda türmələrdə zorlama üstündə yatan futbolçu yoxdur. Yox, əgər həqiqətən də elə bir ağır cinayət hadisəsi baş veribsə, niyə cəza çəkən olmamalıdır?

Məsələ belədir: onların barəsəindəki zorlama ittihamları ya məhkəməyə qədər götürülür, ya məhkəmədə günahları sübut olunmur, ya da üzlərinə duran qadınlar şikayət ərizələrini geri götürmürlər, məhkəmə məcbur qalıb, onlara 3-5 il cəza kəsir, futbolçular da 1-2 milyon verib azadlıqda qalırlar.

Bax, bir həftə əvvəl məhkəmənin zorlama üstündə 4,5 il iş kəsdiyi Dani Alveş barəsində son hökm çıxana qədər evə buraxılıb –bundan ötrü o, 1 milyon təzminat ödəyəcək.

Əmin ola bilərik ki, İspaniyanın "Barselona" klubunun və Braziliya millisinin sabiq futbolçusu Alveş heç son hökmdən sonra da türməyə getməyəcək, puldan basıb azadlıqda qalacaq.

Hələ bunun bəxti gətirmədi, işi dolaşığa düşdü, Kriştiano Ronaldu o vaxt zorlama ittihamlarının əlindən İspaniyadan qaçdı. (Onu bir də eyzən vergidən yayınmaqda ittiham edirdilər). Yazıq hansı şəhərə gedirdi, fanatları qatar-qatar dalınca düşürdülər. Yarısı da gənc qızlar olurdu. Ronaldoya toxunmaq üçün əldən gedirdilər. Amma bir də xəbər çıxırdı ki, Ronaldo kimisə zorlamağa cəhd edib. Adam mat qalırdı ki, kimin, kimin, amma Ronaldonun cinsi həvəsini zorla almağa ehtiyacı yoxdur axı, adam, türkün sözü, “əlini yelləsə əllisi gələr” havasındadır.

O biri məşhur futbolçular da eləcə. Uzun sözün kəsəsi, gənc yaşlarında milyonları var deyə, yüngül çəkili qızlar onları şərləyirlər, özləri sağlarına, sollarına keçir, şirnikdirib intim yaxınlığa nail olurlar, gədə hamamda yuyunana qədər corablarını geyib qaçırlar polisə. Hüquq-mühafizə orqanları, məhkəmələr də bu işdə ona görə maraqlıdır ki, məsələn, Dani Alveş 1 milyon verib çıxır.

Hərçənd “Mançester Yunayted”in hücumçusu Meyson Qrinvudun məsələsi bir başqaydı, adamı öz arvadı ittiham edirdi, sonra məlum oldu ki, 21 yaşlı futbolçunun model sevgilisi hamilədir, ona görə də tərəflər barışdılar və Meysonun cinayət işinə xitam verildi. Arada “MY” klubu yazıq futbolçunun hər həftə alacağı 75 min funt sterliniqinin dalına keçdi.

Ən qəribə zorlama ittihamı 2022-ci ilin payızında Böyük Britaniyada olmuşdu. İngiltərə yığmasının hansısa bir üzvü nadinclik etmişdi, bütün komanda şübhə altına düşmüşdü. Adamın adını çəkmirdilər, media və azarkeşlər baş sındırırdı ki, bu yaramaz kim olub. Eləcə, deyirdilər, o, dünya şöhrətli oyunçudur, mundiala getməlidir, Şimali Londonda yaşayır, 26-29 yaşındadır.

Şübhə vardı ki, o şəxs ya “Arsenal”da oynayır, ya da “Tottenhem”də. “Tottenhem”dən Harri Keyn, Ben Davies, Erik Dayer, Lukas Moura, “Atsenal”dan Qranit Xaka, Tomas Parti şübhə altına düşmüşdülər. O işin axırı necə oldu, bilinmədi.

Bundan başqa, "Çelsi"nin və İngiltərə millisinin yarımmüdafiəçisi Kallum Hadson-Odoy da bir model qızı zorlamaqda ittiham olunurdu. Bu, futbolçularla modellərin cırmaqlaşması silsiləsindən daha bir xəbər idi, amma axırı fıs çıxdı.

Başına belə qalmaqal gələnlərin içində “Yekədiş” Ronaldo, Uilyam Karvalyo, Mendi, Raul Asensio, Andres Qarsiya, Neymar, Hvanq Eui Co və başqaları da var.

Sual çıxa bilər: bəs Messiyə qarşı belə ittihamlar niyə səslənmir. Ona görə ki, Messi bara getmir, oteldə foyedə oturmur, nömrəsinə qalxır, qapını kilidləyib yatır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Noyabr 2024

18 Noyabr 2024

16 Noyabr 2024

14 Noyabr 2024

10 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

04 Noyabr 2024

02 Noyabr 2024

31 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

17 Oktyabr 2024

14 Oktyabr 2024

12 Oktyabr 2024

09 Oktyabr 2024

07 Oktyabr 2024

05 Oktyabr 2024

03 Oktyabr 2024

01 Oktyabr 2024

29 Sentyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

23 Sentyabr 2024

21 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024