İnsanlara hürriyət, millətlərə istiqlal!

Futbol dəliliyi

Dünyanın ən ağır iki işi varsa, biri hakimlikdir. İstər məhkəmə hakimi olsun, istərsə də idman oyunlarının hakimi, fərqi yoxdur, iki tərəfin arasında qalan, söyülən, bəzən də döyülən üçüncü tərəf, hakim olur.

Srağagün Türkiyənin futbol liqasında baş verən hadisə - hakim Umut Halil Melerin döyülməsi bu qəbildəndir. Bildiyiniz kimi, “Ankaragücü” klubunun başqanı Faruk Koca dəmir-beton yumruğunu Melerin suratına necə qoyubsa, adamın gözünün altı qara tuluğa dönüb.

Heç demə, bir yumruq ölkənin gündəmini dəyişdirə bilərmiş. Prezident Ərdoğan hadisəyə münasibət bildirib, idman naziri, TFF prezidenti, partiya sədrləri ortaya mövqe qoyublar. Bütün dünya mediası iki gündür bu hadisədən danışır, yazır.

Türkün sözü, saldırqan başqanı tutub içəri salıblar. Bu dəfə məhkəmə hakimləri ona iş kəsəcəkmiş kimi görünür.

Bütün bunlar ona görə baş verir ki, təxminən 70 ildir Anadolu qardaşlarımız adi idman oyunlarından biri, lap belə şahı olan futbola ölüm-dirim savaşı kimi baxırlar. Onlar üçün ha Türkiyə müharibəyə qatılıb, ha milli komanda qonşu ölkələrdən biri ilə futbol oynayır, eyni şeydir.

Bir şəhərin iki komandası futbol oynayacaq, tərəfdarlar stadiona dönər bıçağı ilə gedirlər. Bıçaq da nə bıçaq, kapitan kortiki onun yanında uşaq oyuncağıdır. Yeniçəri qılıncı uzunluğundakı qəməltini götürür, bir yerlərində gizlədib stadiona girirlər. Çünki “Qalatasaray”la “Fənərbağça” oynayır, yaşıl sahədə nə olacaq, olmayacaq, bəlli deyil, əsas məsələ oyundan sonra evə qədər özünü rəqibin tərəfdarlarının hücumundan qorumaqdır. Bax, dönər bıçaqları o zaman kara gəlir, tərəfdarlar yapon samurayları kimi qılınc oynada-oynada birtəhər evlərinə çatırlar. Bəxti gətirməyənlər də olur. Stadiona əsləhəsiz gedən tərəfdarlardan bir neçəsi qaranlıq bir arxa məhəllədə rəqib komandanın azarkeşlərinin pusqusuna düşür və hadisə yerinə jandarmalar gələnə qədər döyülürlər. Onların günahı odur ki, rəqib komandanın azarkeşləridir və hakimlər həmişə olduğu kimi, bunların komandasının iki qolunu saymayıb, penaltilərini verməyib, üstəlik, rəqibə penalti bağışlayıblar. Bəs burada döyülən yazığın günahı nədir? Yanlış komandanın tərəfdarıdır, vəssalam. Heç nə, kütləvi dəlilik.

Türkiyədə hakimlərin üzü hər zaman tüpürcəklidir. Stadiona gələn azarkeşlər də, matçı ekrandan izləyənlər də yüz faiz əmindirlər ki, hakim satılıb. Özü də buna hər iki komandanın azarkeşləri eyni şiddətlə inanırlar. Məşqçilər korpusu, klub idarəçiləri, futbolçular da o fikirdədir. Əgər hakim rəqibin xeyrinə ən adi bir qərar verirsə, demək, satılıb. 2 dəqiqə sonra həmin hakim bu biri komandanın xeyrinə qərar verir, bu dəfə də o biri komandanın tərəfdarları hakimin satıldığını iddia edirlər. Beləcə, 90 dəqiqə boyunca yazıq hakim azı 45 dəfə satılmış elan olunur.

Elə olur ki, bir kobud oyunçu rəqibin oyunçusunun qıçını qırır – sözün əsl mənasında. Zərərçəkəni götürüb ambulansa qoyur, klinikaya aparırlar. Hakim kobud oyunçuya ya sarı, ya qırmızı kart göstərir. Oyunçular tökülüşür hakimin üstünə ki, onun nə günahı var. Heç nə. “Günah” klinikadadır və 6 ay futbol oynaya bilməyəcək.

Əvvəllər hər dəfə hansısa komandanın qapısına penalti təyin ediləndə hakimlər döyülmək təhdidi qarşısında qalırdılar. Bu qərarla razılaşmayan oyunçular hakimin üstünə yeriyir, onu dövrələyir, qərarını dəyişməsi üçün təzyiq göstərirdilər. Amma indi VAR var və bu sistem epizodu incələyir, hakimin haqlı və ya haqsız olduğunu təsbit edərək, onun canını qurtarır. Nə əcəb oyunçular VAR otağına cumub rejissoru döymürlər, mat qalmalı işdir.

Futbolda və ya başqa idman oyununda belə hadisələr ona görə baş verir ki, dünyada istisnasız olaraq cığallıq etməyən bir komanda belə yoxdur – Madrid “Real”ından tutmuş ta “Zirə”yə qədər. Hamısı istəyir ki, simulyasiya ilə penalti alsın, hamısı istəyir ki, rəqibin ən yaxşı oyunçusunu zədələsin, amma kart almasın, hamısı çalışır ki, uduzursa, əsas vaxta 10 dəqiqə əlavə edilsin, udursa, heç 1 dəqiqə də əlavə olunmasın. Hamısı hesabda üstün olanda ləng tərpənir, vaxtın boş-boşuna əriməsinə çalışırlar.

Yəni eyzən cığallıq, teyxa ədalətsizlik... İşlər düz getməyəndə də hakimlər döyülür.

Söz yox, hakimlərin heç də hamısı məşhur italiyalı arbitr Pyerluici Kollina deyil, içində ədalətsizləri, tərəf tutanları da olur. Kollina başqa kişiydi. Heç kəs onun qarşı tərəfə satılmasından şübhələnmirdi. Qərarları yanlış olanda da onun üzünə qayıdan olmurdu.

Hərçənd əminliklə deyirəm ki, Kollina Türkiyədə işləsəydi, tez-tez döyülməsə də, həmişə söyülərdi və ləqəbi də “Pyerzəvəng Kollina” olardı.

Problem insanların kütləvi cığallığında və hirs-hikkəsindədır. Cığalların içində dürüst arbitrlik etmək mümkün deyil.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

20 Noyabr 2024

18 Noyabr 2024

16 Noyabr 2024

14 Noyabr 2024

10 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

04 Noyabr 2024

02 Noyabr 2024

31 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

17 Oktyabr 2024

14 Oktyabr 2024

12 Oktyabr 2024

09 Oktyabr 2024

07 Oktyabr 2024

05 Oktyabr 2024

03 Oktyabr 2024

01 Oktyabr 2024

29 Sentyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

23 Sentyabr 2024

21 Sentyabr 2024

19 Sentyabr 2024