Onlayn ictimai-siyasi qəzet
Yüz faiz, müğənni Kərimin toyda döyülməsi xəbərini oxuyan minlərlə oxucunun ağlına gələn ilk fikir bu olub: “Əcəb ediblər, ona hələ o da azdır, gərək xəstəxanalıq edəydilər”.
Bunu haradan bilirəm? İndiyədək müğənnilərin döyülməsi hadisələrinə dair ictimai reaksiyalardan. Peşəkar mediaya baxmayın, ondan daha səmimi məkan olan sosial şəbəkələrdə ictimaiyyət nümayəndələri müğənnilər (eləcə də adı pullu adam kimi çıxmışlar) barədə öz gerçək düşüncələrini paylaşırlar.
Hətta uzun illər öncə bir müğənnini bıçaqlamışdılar, “öldü” xəbəri çıxmışdı. Günün hadisəsiydi. 1 manatlıq taksidə bu barədə söhbət düşdü, üz-gözündən narkoman olduğu şübhə doğurmayan, türmədən də yeni çıxdığı dəqiq olan sürücü belə dedi: “Alə, yəxçi eliyiblər, kak raz petuğun biri azalıb”. Vəssalam.
Bu ölkədə yüz minlərlə onun kimisi səmimi şəkildə düşünür ki, televizorda gördüklərinin yüzdə doxsanı ya cinsi azlıqdır, ya da “quş”dur. Çöl-bayırda, toy-nişanda görəndə yaxılaşıb şəkil çəkdirdiklərinə baxmayın, əsl düşüncə belədir. Ona görə də pullu sənətçilərdən birinin başına bir iş gələndə ilk reaksiya “əcəb olub”dan başqa bir şey olmur.
Fikir verdinizsə, yuxarıdakı abzasda “pullu sənətçi” ifadəsi getdi. Xalqımızın pulsuz sənətçilərlə işi yoxdur, hətta onları sevir, yeri gələndə müdafiə də edirlər, deyirlər, “buna baxın, o voyda sənətkara qiymət verən yoxdur”. Amma elə ki “o boyda sənətkara qiymət verən” olur: adamı təltif edir, pensiya kəsirlərsə, ta heç zad, sənətkar gözdən düşür, olur “qoca bambılı”.
Xüləs, ona görə də müğənni Kərim Abbasovun döyülməsinə dair ictimai qənaətə fikir vermədən, obyektiv olaraq, baxaq, görək, sənətçini döyənlər haqlıdırmı, Kərimə doğrudan da “əcəb olub”mu?
Öncə onu deyək ki, keçmişdə də müğənnilərin və ya çalğıçıların toyda döyülməsi hadisəsi çox olub. Belə şeylər müxtəlif səbəblərdən olardı. Amma manıs tayfasının gözü şor olduğundan və qarğa dili danışdıqlarından başlarına daha çox bu motivlə pəstəha gələrdi. Hansısa biri gözünə şirin görünən bir qıza göz vurardı və bu baxışmanın şüalarını göydə tutan qız yiyələri adamı bayıra çəkər, nadinc sazəndəni gözü üfürülənəcən döyərdilər. Əlbəttə ki, qurunun oduna yaş da yanardı, günahsız zurnaçalanı, “çöp düşdüyü üçün gözünü qırpmış” (bu, özünümüdafiə arqumentiydi) nağaraçıya qatıb döyərdilər. Harayçılıq etmək istəyən qarmonçalan və gitaraçı da arada bir neçə şillə-təpik yeyərdi.
Amma Kərimin toylarda qız üstə dalaşan vaxtı deyil axı. Onu ən çoxu danışılmış qonorarın azlığı-çoxluğu üstündə döyə bilərdilər. Onu isə fonoqramma ilə oxuduğuna görə döyüblər.
Bəlkə də son 33 ildə mahnını fonaqramma ilə təqdim etdiyi üçün döyülən ilk və yeganə müğənni Kərimdir. Varsa da bu xüsusda statistika yoxdur.
Günü bu gün hər axşam yüzlərlə müğənni toylarda fonoqramma ilə oxuyur, amma heç biri döyülmür.
Çoxdanın dəbidir, hamımız bilirik ki, müğənnilər ən yaxşı mahnılarını diskə yazdırır, sonra toyxana-toyxana, o diskləri oxuda-oxuda gəzir, yalandan ağızlarını açıb-yumurlar. Allah tərəfi, onlar öz mahnılarını pəsdən zümzümə də edirlər, amma ta boğazlarına güc vermirlər.
Toylarda canlı oxuyanlar da var. Bunlar səsi olan, improvizə edən, bununla öyünən müğənnilərdir.
Görünür, dava-dalaşa səhnə olmuş məclisin sahibi də Kərimdən eyni performansı gözləyirmiş. Elə manyaklar var, hesab edirlər ki, müğənni canlı oxumalıdır. Ta demirlər ki, indi Keçəçi oğlu Məhəmmədin, Cabbar Qaryağdıoğlunun vaxtı deyil, indi səsyazma cihazları, pleyerlər var, ona görə də oxumaq asanlaşıb.
Əslində indi heç müğənni olub toyda oxumaq üçün səsi olmağa da ehtiyac yoxdur. Studiyada müasir səsyazma texnikalarının köməyi ilə bir neçə mahnı yazdırırsan, şou-biznesə girirsən, qurtarıb gedir. Ona görə də bu sahə hazırda dənizdə batsa, köməyə adam çağırmağa yararlı səsi olmayan müğənnilərlə doludur.
İndi kimsə deyə bilər ki, ona qalsa, jurnalistikada da öz avtobioqrafiyasını dolğun və səhvsiz yaza bilməyən jurnalistlər var. Kim deyir ki, yoxdur. Əlbəttə, var. Hər sahədə olduğu kimi, qeyri-peşəkarlar, niyyəti necəsə pul qazanmaq olan adamlar bizim peşədə də var. Gerçəklik belədir.
Yaxşı ki, oxucular jurnalistlərin qabağını kəsib “bu yazını sən yazmamısan, əvəzindən redaktor yazıb” deyə onları döymürlər. Əkisnə, xirtdək ələ keçəndə “vallah, mən elə yazmamışdım, o sözləri mətnə redaktor artırıb” deyən və redaktoru güdaza verənlər də olub.
Yenə də adam düşünür ki, fağır Kərimi döyməyə nə var, hünərləri çatırsa, gedib Manafı döysünlər.... Bu, bir ideya deyil, sadəcə, bu xəbər daha çox adama ləzzzət edərdi.
22 Noyabr 2024
20 Noyabr 2024
18 Noyabr 2024
16 Noyabr 2024
14 Noyabr 2024
10 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
04 Noyabr 2024
02 Noyabr 2024
31 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
17 Oktyabr 2024
14 Oktyabr 2024
12 Oktyabr 2024
09 Oktyabr 2024
07 Oktyabr 2024
05 Oktyabr 2024
03 Oktyabr 2024
01 Oktyabr 2024
29 Sentyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
23 Sentyabr 2024
21 Sentyabr 2024
19 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ