İnsanlara hürriyət, millətlərə istiqlal!

Eşq uğrunda kəsilmiş qulaqlar

 

Rusların bir balaca biədəb, milli mentalitetə zidd bir atalar məsəli var, deyir: Çujaya jena devka kajetsya.

Mənası budur ki, özgəsinin arvadı adamın gözünə qız kimi görünər.

Əslində dünyanın hər millətində bu sayaq milli nadürüstlüyün ifadəsinə dair nümunələr var, sadəcə, ruslar bunu məsəl halına salıblar. Bu tərəflərdə özgə arvadından söz düşəndə “dünya-axirət, bacımdır” demək dəbdir. Hərçənd xəyanətlərə dair statistika göstərir ki, bu paralellərdə də özgəsinin nikahlı xanımları bəzi adamların gözünə heç də bacı kimi görünmür, başqa cür görünür.

Təxminən 1 ay əvvəl Gədəbəydə kəndçisinin arvadına yan gözlə baxdığı, intim mesaj yazdığı üçün başına ip salınaraq, keçi kimi mələdilə-mələdilə təyinat nöqtəsinə - mesaj alan qadının anasının hüzuruna aparılan oğlanın vaqiəsindən yazmışdıq. Bu günlərdə Naxçıvanda da ona bənzər hadisə baş verib, ancaq sonu polis şöbəsində bitən hadisənin ortası bir az başqa cür olub. Bu olay həm də onu göstərir ki, bu ölkədə də kişilər biri ilə qane olmur, farağat durmurlar.

Təəssüf ki, gədəbəyli bazoğlanın hadisəsinin mabədini bilmirik: nə üzlə kənddə çayçıya çıxır? Yoxsa kənddən köçübmü? Onun başına zorla ip keçirənlərin aqibəti necə oldu?

Düzdür, yayılan ilk informasiyada başıkəndirli erkəyin zora məruz qalmasına, döyülməsinə aid qeyd yox idi, amma necə bilirsiniz, bir adam öz xoşuyla, fiziki təzyiqə məruz qalmadan başına noxta bağlanmasına razı olarmı?

Prinsipcə, bu, o halda olar ki, adamın böyrünə bir şey dirəyələr və seçim qarşısında qoyalar: ya başına ip salıb quzu kimi aparacağıq, ya da kəmər açılacaq, şalvar çıxacaq, sonrasını da özün bilirsən. Bu təqdirdə paça qorxusu adamı vadar edə bilər ki, ipə razı olsun. Adam fikirləşib ki, hər halda bu ip dar ağacının ipi deyil, bağlayıb aparacaqlar, sonra açıb buraxacaqlar. Necə olsa da, ipin iztirabı pazınkı qədər deyil.

Naxçıvanda isə elə olmayıb, zərərçəkənə seçim imkanı verilməyib. Arvadına intim mesaj yazılmlş kişi, klassik şairlərin sözü olmasın, əğyarını küçədə görərkən, deyib ki, ey xətakün, qulağını bəri elə, sənə sözüm var. Yəqin ki, adam da deyib, sözünü de, qulağım səndədir.

Ola bilər, əğyarın qulaqlarına dair bəd niyyət qısqanc ərdə əvvəldən olmayıb, qulaqkkəsmə ideyası “qulağım səndədir” sözünü eşidəndə yaranıb, fikirləşib ki, onun qulaqları nədən məndə olmasın.

Beləcə, o, rəqibinin hər iki qulağını bıçaqla kəsib, birini hadisə yerində atıb, o birini hərbi qənimət kimi özüylə götürüb polis şöbəsinə aparıb. Yenə güman ona gedir ki, kişi ya kəsilmiş qulağı suvenir kimi götürüb, ya da əşyayi-dəlil kimi.

Sonradan o qulaqlardan birini qaytarıb öz yerinə tikmək mümkün olub, amma o birinin vaxtı keçib, ona görə də ta işə yaramayıb.

Zərərçəkən məmurun şəkli də yayılmışdı, görünürdü ki, əlil arabasında oturub, qulaqları da sarıqlıdır.

Kənardan baxsan, deyərsən, heç mesaj yazana oxşamır. Kim bilir, bəlkə yanlış anlaşılma olub? Özündən soruşsaq, deyəcək, nömrəni səhv salıb, mesajı başqasına göndərməli imiş. Bəs o başqası kim imiş? Bu yaşda başqasına bu cür mesaj yazırsansa, söhbət yenə gəlib qulağa dirənir. Çünki başqalarının da cibində bıçağı olan kişi yiyələri var.

Belə qısqanc hərəkətlər, əlbəttə ki, keçmişin qalığıdır, amma Səfəralı da düz eləmədi.

Hər dəfə bu cür əhvalatlar baş verəndə mütləq N qədər adam tapılır ki, düyənin göz etməyəcəyi təqdirdə kələnin cinsəl təşəbbüslərə girişmədiyiinə dair atalar məsəlini çəkirlər. (Hə, bizdə bu tip mentalitetə zidd kəlamlar var). Yəni günahın bir yarısını düyənin əxlaqi naqisliklərinə bağlayırlar.

Amma fakt başqa cürdür axı. Düyələr göz eləməsə də, kələlər tullanmağa həmişə hazırdırlar. Heç əsl damazlıq kələlər belə deyil. Tanış baytarlar and içir ki, damazlıq buğaları həvəsə gətirmək, döl kampaniyasında aktiv iştiraklarını təmin etməkdən ötrü onlara ovuc-ovuc kələ viaqrası verirlər.

Qabaqlar belə amur məsələlərdə ilişənlərin heç birinin boynuna heç nəyi qoymaq olmazdı. Deyərdilər, böhtandır, o qadın mənə şər atır, mən ona heç bir eyham etməmişəm, söz atmamışam. Amma indi döməm fərqlidir, ortada təkzibedilməz telefon mesajı olanda adamın qulağından yapışıb deyirlər, bə, bu nədir, eloğlu. “Mən bunu santexnik Gülmirzəyə yazmışam”. “Gülmirzəyə yazmısan ki, ərin evdə olmayanda, vızıv at, gəlim bir çay içək?” Ta, hessad.

Deyilənə görə, bu saat yaxşı qulaq protezləri də düzəldirlər, orijinalından seçilmir. Amma kənd yerində belə şeylərin adı pisdir, 60 ildən sonra adamın nəvə-nəticələrinə “tayqulaq filankəsin züryəti” deyəcəklər. Salamatı budur ki, o da köçsün.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Noyabr 2024

18 Noyabr 2024

16 Noyabr 2024

14 Noyabr 2024

10 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

04 Noyabr 2024

02 Noyabr 2024

31 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

17 Oktyabr 2024

14 Oktyabr 2024

12 Oktyabr 2024

09 Oktyabr 2024

07 Oktyabr 2024

05 Oktyabr 2024

03 Oktyabr 2024

01 Oktyabr 2024

29 Sentyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

23 Sentyabr 2024

21 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024