Onlayn ictimai-siyasi qəzet
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı qərəzli qətnamənin müəllifi olan almaniyalı deputat Frank Şvabenin müsahibəsi əslində bu qurumun ifşası sayıla bilər.
Almaniya parlamentinin üzvü “BBC Azərbaycancan”ın suallarına cavabında Azərbaycana qarşı qərəzin kökündə nələrin dayandığını dolayısı ilə etiraf edib. Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul olunmaması çağırışının səbəblərindən danışan alman deputat deyib ki, problem Azərbaycan və Parlament Assambleyası arasında əməkdaşlıqla bağlıdır və burada məsuliyyət Azərbaycan nümayəndə heyətinin üzərinə düşür. Səbəb? “Onlar ölkədə monitorinq aparmağımız üçün bizə imkan yaratmağa məsuliyyət daşıyır”.
Frank və onun anti-Azərbaycan koalisiyası – dəstəsi özünü sovetlər dövrünün Moskvadan gələn müfəttişləri kimi aparırlar. Üstəlik, çoxdan tarixin zibilliyinə atılmış Minsk Qrupunun həmsədrlərisayağı. Həmsədrlər də 44 günlük müharibədən sonra çox çalışdılar bölgəyə burunlarını soxsunlar. Alınmadı, burunları ovuldu. Ondan sonra müxtəlif adlar altında Qarabağa sızmağa cəhd göstərdilər: TIR şəklində, “mülki müşahidə” adı altında, “humanitar yardım” libasında. Özü də Ermənistan yolu ilə. Hətta Ağdam-Xankəndi yolunu da məqbul saymadı bəzi ermənipərəstlər və son nəticədə TIR-larının da, özlərinin də burunlarından vuruldu, geri qaytarıldılar. Həkəri körpüsü üzərindəki DÖVLƏT QAPIMIZa uzaqdan binoklla baxan avropalıları yaxşı xatırlayırıq, Frenk də onlardan birisidir. Erməni separatizminin, xunta rejiminin Qarabağda kökünü qazımağımızdan o qədər qəzəbləniblər ki…Üstəlik də heç bir maska onların Azərbaycanın azad bölgəsinə girişinə imkan vermədi, xəbis niyyətlilər ifşa olundu, üzlərinə qapılar bağlandı.
Almaniya Bundestaqının üzvü Frank Şvabe deyir ki, “təşkilatın siyasi məhbusların vəziyyətini yoxlamaq üçün monitorinq qrupu var”, amma onların məhbuslarla görüşmək üçün həbsxanaya getmək cəhdi iki dəfə boşa çıxıb.
Azərbaycan hökumətinin də neçə illərdir Avropa qurumlarına tək cavabı var ki, ölkədə siyasi məhbus yoxdur, ayrı-ayrı əməllərinə görə cəzalandırılan vətəndaşlar var. Əgər missiyanın səfərindən sonra hər dəfə qərəzli hesabatlar hazırlanırsa, o halda deməli, ortada qərəz var. Erməni lobbisinin maliyyəsi ilə Azərbaycanı gözdən salmağa çalışan “xristian klubu”nun üzvləri nədənsə insan hüquqları və azadlıqların pozulmasına görə bircə dəfə Ermənistanı günahlandırmadılar, əksinə, vaxtilə Xocalı canisi Serj Sərkisyana tribuna verdilər, Azərbaycanı ittiham etmək üçün. Bəs, 4 min itkin azərbaycanlının, 1 milyondan çox qaçqın və köçkün insanımızın hüququ hüquq deyildimi? Necə oldu ötən 23 illik müddətdə Azərbaycanla eyni “çətir”in – AŞ PA-nın altında olan Ermənistana qarşı bircə dəfə tənbeh tədbiri görmədi Avropa demokratları, insan azadlıqlarının “cəfakeş müdafiəçiləri?!”
Almaniyalı deputat deyib ki, AŞ PA-nın nümayəndə heyətinin fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkisini müşahidəyə dəvət edilməməsi onların qərarına təsir edib. Diqqət edin, ardınca nə deyir: “Lakin Azərbaycan bizi dəvət etmədi, onlar ATƏT-i dəvət etdilər. Bu, Azərbaycanın istəyinə bağlı olan bir şey deyil. Rəsmi Bakı qərar verə bilməz ki, bu təşkilatı istəyir, digərini isə yox. Onlar bizi dəvət etməli idilər. Lakin bunu etməmələri bizə aydın cavab idi və bu davranışı dayandrmalı olmağımız barədə bir siqnal vermiş oldu”. Anormallıqdır! Azərbaycan dövlətinin Avropa təşkilatları ilə əlaqə kəsmək niyyəti olsaydı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu da seçkiləri müşahidəyə dəvət etməzdi. Özü də bu təşkilat Azərbaycandakı seçkilərə daha həssas yanaşıb ötən illərdə, tənqidi hesabatları da az olmayıb. Hətta hökumət səviyyəsində bu hesabatların qarşılığında kəskin cavablar, arqumentlər də irəli sürülüb. Belə olan təqdirdə necə olur ki, Azərbaycan ATƏT DTİHB-i seçkiləri müşahidəyə dəvət edir, AŞ PA-nı yox? Bəlkə bu sualın cavabını frenklər özləri verəydilər. Bəlkə bilmirlər, yaxud unudublar. Əgər belədirsə, xatırladaq. Azərbaycan 19-20 sentyabrda, suveren ərazisində antiterror əməliyyatı keçirəndən cəmi üç həftə sonra AŞ PA-da anti-Azərbaycan qətnamə qəbul olundu.
Azərbaycanın Qarabağda son hərbi əməliyyatını pisləyən, Qarabağ ermənilərinin geri qayıda bilmələri üçün “etimad mühiti və maddi şərait yaratmağa” çağıran mürtəce qətnamənin qəbulundan sonra Azərbaycan niyə bu təşkilata seçkiləri müşahidə etmək üçün dəvətnamə göndərməliydi ki? Əslində belə bir dəvət Azərbaycan dövlətinin ali məramına zidd addım olardı. Açıqlayaq: Azərbaycan Prezidenti cənab İlham Əliyev də bildirdi ki, növbədənkənar prezident seçkisinin təyin olunmasının əsas səbəbi Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasıdır. Yəni 7 fevral seçkisi ilk dəfə Azərbaycanın bütün ərazilərində keçiriləcək, o cümlədən Xankəndidə, Xocalıda...AŞ PA isə 12 oktyabr qətnaməsi ilə faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü təkbaşına təmin, xunta rejimini məhv etməsini nəinki ali prinsiplərə istinadən təqdir etməyib, əksinə pisləyib! Bundan böyük pislik ola bilərdimi?! Parlament Assambleyası Avropa Şurasının üzvü olan bir ölkənin ərazi bütövlüyünü təmin etməsi münasibətilə xüsusi iclas keçirməli və Bakıya təbrik yollamalı idi, məntiqlə. Amma bunun əvəzində bəyan edib ki, siz separatçı-terrorçu rejimi məhv etməklə düz etməmisiniz və cəzalanmalısınız. Bundan sonra hansı özünə hörmət edən ölkə bu mövqe sahibi olan təşkilatı dəvət edib, yuxarı başa çıxarardı?
Şvabe kimi ermənilərin çirkli pullarında çimən deputatlar pisliklərini davam etdirmək niyyətindədirlər. Hətta İqlim Dəyişikliyi ilə bağlı COP29 sammitinin Bakıda keçirilməsinə əngəl olmağa çalışırlar. Görünür, alman deputatın parası o qədər çox olub ki, ATƏT missiyasına, hətta AŞ PA-nın keçmiş heyətinə belə böhtan atıb. Diqqət edin: “Onlarla saxta müşahidəçi təşkilatın dəvət edilməsi yetərli deyil.
İki seçki müşahidə missiyası var və onlar Azərbaycanın da üzv olduğu təşkilatlar - Avropa Şurası və ATƏT tərəfindən mandat alıb. Onlar bizi dəvət etməyə məcbur idilər və bizimlə oyun oynaya bilməzdilər. Azərbaycan 2015-ci ildə Avropa Şurasının müşahidə missiyasını seçkini izləməsi üçün ölkəyə dəvət etdi, lakin ATƏT seçkini izləyə bilmədi. Niyə? Çünki onlar bilirdi ki, Avropa Şurasından seçkini izləməyə gəlmiş müşahidə missiyalarının çoxu Azərbaycan hökumətindən rüşvət alıb. Bu 2015-ci ildə baş verib, indi isə 2024-cü ildir. İndi onlar bilirlər ki, Avropa Şurasından seçki ilə bağlı ciddi tənqidi hesabat alacaqlar və ümid edirlər ki, ATƏT-in hesabatı o dərəcədə tənqidi olmayacaq. Bu, Avropada və təşkilatımızda mövcud olan demokratik dəyər və qaydalarla oyun oynamaq deməkdir ki, buna icazə verə bilmərik”.
Frenk ATƏT-i və keçmiş AŞ PA heyətini belə, erməni lobbisinin pullarının müqabilində ayaqlar altına atıb, tapdayıb. ATƏT PA-nın hesabatına indidən şübhəsini ifadə edib. O da bəlli olur ki, zaman-zaman Azərbaycanın Avropada “kürü diplomatiyası” apardığı barədə xarici mətbuatda dərc olunan yazılar da erməni lobbisinin sifarişinin “məhsulu” imiş. Ermənilər tarix boyunca lobbi fəaliyyəti üçün hər şeylərindən keçiblər, axçilərindən tutmuş, konyaklarınadək…Amma əvəzində Azərbaycanı ittiham ediblər, hətta bəzi avropalı deputatları çərlədib öldürüblər saxta ittihamlarla. Şübhə etmirəm bir sıra avropalı parlamentarlar məhz “dilə-dişə” düşməməkdən ötrü səsvermədən yayınıblar, nəticədə 300-dən artıq AŞ PA üzvündən uzağı 90-ı iclasa qatılıb. İndi Frenk də ermənilərin saxta iddialarından arqument kimi yararlanır.
Həyasızlığın başqa üzü: “ATƏT-in Azərbaycana getməsindən məmnun deyiləm, çünki bizim razılaşmamız var ki, hər hansı ölkənin bizdən bir-birimizə qarşı istifadə etməsinə imkan verməyəcəyik. Yəni ya biz birlikdə çağırılırıq, ya da heç birimiz həmin ölkəyə getmirik. Mən ATƏT-dən bunu istəyirəm”. Şantajla ATƏT-in də Bakıya yolunu kəsmək istəyirlər. Necə ki, korrupsiya ittihamını dövriyyəyə buraxmaqla hətta normal münasibətlərdə olduğumuz, neft-qazla təchiz etdiyimiz Avropa ölkələrinin heyətlərinin Azərbaycandan məsafə saxlamalarına nail oldular bu səsvermədə. İndi də ATƏT-i “rüşvət almaqda” ittiham etməyə hazırlaşırlar… “ATƏT bilir və hazırda bu istiqamətdə müzakirələr aparırıq, lakin onlar Azərbaycan tərəfinin təzyiqi altındadır”-iddiaya baxın.
“Qarabağın Azərbaycanın bir hissəsi olması hər kəsə məlumdur. Lakin bu cür məsələlərlə məşğul olmaq bizim səlahiyyətimizdə deyil, münaqişələrin həlli prosesi bizim digər beynəlxalq qurumların səlahiyyətindədir”-deyən alman deputat nədənsə öz – özünə sual vermir ki, əgər belədirsə, onda niyə başımızı Qarabağa yenidən soxuruq, hətta Paşinyan da “Qarabağ Azərbaycan ərazisidir, ordan köçən erməni sakinlər hər hansı təzyiqlə üzləşməyib”-deyəndən sonra belə, “it-motal” məsələnin personajına çevrilmişik?! Sadəcə həyasızlıq!
Alman deputatın müsahibəsindəki bu məqama diqqət edək: “İndi onlar bilirlər ki, Avropa Şurasından seçki ilə bağlı ciddi tənqidi hesabat alacaqlar və ümid edirlər ki, ATƏT-in hesabatı o dərəcədə tənqidi olmayacaq”. Ssenarini görürsünüzmü, heç şübhəsiz ermənilərin montajı əsasında hazırlanıb, pulu verən onlardır axı...
Azərbaycanda da, ondan kənarda da hər kəs yaxşı bilir ki, bu seçkinin favorite kimdir və kim qalib gələcək. Ölkəyə tarixi zəfəri qazandıran liderlə mübarizə aparan rəqiblər belə onun qalib gələcəyinə şübhə etmirlər. Üstəlik, heç zaman olmadığı qədər seçici aktivliyinin olacağı da şübhəsizdir. İlk dəfə Xankəndidə öz prezidentini seçən Azərbaycan seçicisi başqa hansı fikirdə olmalıdır ki?! Bu mənada Azərbaycan hakimiyyəti üçün tarixi olduğu qədər də, olduqca rahat seçki olacaq! Belə olduğu halda Frank və başının dəstəsi “ciddi tənqidi hesabat” yazacaqlarını iki həftə əvvəl haradan bilib? ATƏT-in hələ yazılmamış hesabatı haqda nostradamussayığı iddiaları nəyə əsaslanır? Bəlkə Vanqa nənə missiyasını ona həvalə edib… Əgər Frank bu sadə həqiqətləri anlamırsa, gedib ağlına dua yazdırsın! Amma yazının yekununda bir məsələni xatırladım:
Prezident İlham Əliyev 2020-ci ilin 29 oktyabrında Almaniyanın ARD televiziya kanalına müsahibə vermişdi, qərəzlə dolu sualları “nöqtəli zərbələr”lə susdurmuşdu. Fransanın əkiz qardaşı Almaniyadan göndərilən suallardan biri belə idi:
“Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” Prezidentin cavabı belə olmuşdu: “Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”.
Həmin koordinat, həmin dalğa...
09 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
04 Noyabr 2024
01 Noyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
21 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
13 Oktyabr 2024
10 Oktyabr 2024
06 Oktyabr 2024
04 Oktyabr 2024
02 Oktyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024
24 Sentyabr 2024
22 Sentyabr 2024
20 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
13 Sentyabr 2024
11 Sentyabr 2024
10 Sentyabr 2024
07 Sentyabr 2024
06 Sentyabr 2024
04 Sentyabr 2024
02 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ