İnsanlara hürriyət, millətlərə istiqlal!

Epşteynin devizi – “Qızları yığ yaxtaya, sür Virgində buxtaya”

 

Heç demə, “azyaşlı bakirə qızlar” dərdi təkcə Şərqə aid deyilmiş, Qərbdəkilər də bu dünyəvi həzz mənbəyindən vaz keçmirmişlər. Bəzi ölkələr bu işi leqallaşdırıb – məsələn, Səudiyyə Ərəbistanında nikah yaşı 15-dən başlayır, marketoloqların sözü olmasın. Myanma, Yəmən və İndoneziyada da qızların yetkinlik yaşı 15-dir.

Qərbdə 15 yaşlı qızları almağa pis baxırlar, tərs təbliğatla, qara piar-filanla qarşılayırlar. Bu tərəflərdə də diligödəklər çox olduğundan pedofilliyi iqlim amilinə bağlayırlar, deyirlər, cənub ölkələrində hava istidir, qızlar tez yetişir, ona görə də onları yeni yetişən kimi almaq pis şey deyil.

Bir az yaşlı nəsli, nənələri dindirəndə məlum olurdu ki, babalar onları 15 yaşındaykən atın tərkinə alıb qaçırıb, ya da el qaydasıyla elçi gəliblər, yeniyetmə qızların böyükləri də deyiblər, Allah xeyrinizi versin, götürün, aparın. Qız anaları, bibilər, xalalar əndişə duyarmışlar ki, aman ha, birdən qız 16 yaşına adlayar, evdə qalar.

Köhnə mahnılarımızdakı “qıza elçi göndərin 15 yaşa dolanda” söhbətləri o ənənədən gəlir. Belə baxanda köhnə vaxtlarda başqa variant da olmayıb. 15-16 yaşlı qızlar kolleci qurtarıb gimnaziyaya, daha sonra universitetə girməyi, bakalavr pilləsini bitirib magistraturaya qəbul olunmağı, daha sonra karyera qurmağı düşünmürdülər. Onlarınkı o idi ki, ləngimədən ərə getsinlər, bir ildən sonra uşaq doğaraq qısır olmadıqlarını sübut etsinlər, daha sonra Allah nə verdiysə...

Ancaq özümün də vaxtaşırı itdən alıb itə verdiyim mənfur sovet rejimi bu məsələyə əncam çəkmişdi, “həddi büluğ” deyilən bir yaş (18) həddi müəyyənləşdirmişdi, o yaşdan aşağı qızları alanları da, hətta yan gözlə baxaraq pis niyyətini əmələ çevirmək istəyənləri də cəzalandırırdı.

Yalnız o qəddar hökumətin sayəsində bu və digər Asiya ölkəsində yeniyetmə qızlar seks hərisi olan kişilərin manyaklığının hədəfi olmaqdan qurtuldular, gedib məktəb oxudular, bir işin qulpundan yapışdılar.

Budur, sovet hökuməti neçə ildir dağılıb gedib, biz təzədən erkən nikahların yolverilməzliyi məsələsini müzakirə edirik. Vaxtaşırı xəbər yayılır ki, filan rayonda yeniyetmə qızı nişanlayıblar, ərə verməyə hazırlaşırlar. Jurnalistlər hay-küy (bəzən də şivən) salır, izdivacı ləngidirlər, sonra söhbət unudulur, gedir. Ardınca başqa rayonlardan xəbər gəlir.

Hələ yenə rayonlarda yaxşıdır, azyaşlı qızları el qaydasıyla, elçilik-nişanla ərə vermək istəyirlər. Böyük şəhərlərdə vəziyyət daha pisdir. Bəzən azyaşlı qızlar heç kəsə demədən, ya da ağac gəzmiş analarının təhriki ilə “ərə gedirlər”, müvəqqəti olaraq biriylə “vətəndaş nikahı” deyilən “Avropa ailəsi” formatında yaşayırlar, daha sonra ondan qopub başqasına gedirlər, onu da tərk eirlər, axırda səsləri barlardan, masaj salonlarından gəlir.

Cəmiyyət belə haqq-hesablardan yalnız hansısa qalmaqallı cinayətlər baş verəndə xəbər tutur. Yoxsa dəyirman öz işindədir, heç çaxı-çaxı da yoxdur.

Ona görə də amerikalı milyarder Cefri Epşteynin Karib dənizindəki Virginya adalarına daxil olan Litl Sent Ceyms adasında azyaşlı qızları pullu-mallı kişilərə (əsasən qoca pedofillərə) bazarlaması hadisəsi Qərbdən fərqli olaraq Şərqdə çox da heyrət doğurmur. Bu tərəflərdə Epşteynin 15 yaşa dolmuş bakirə qızların dalınca yaxta, helikopter, təyyarə göndərərək, onları adaya dəvət etməsini anlayışla qarşılayırlar. Epşteynin illərlə “yığ qızları yaxtaya, sür Virgində buxtaya” siyasəti yeritməsini Qərbdə də məmnunluqla qəbul ediblər.

Təsadüfə baxın, “virgin” sözünün tərcüməsi ilə “bakirə” deməkdir. Görünür, 5 il əvvəl özünü həbsxanada asıb öldürən Cefri kişi (dərinə getsək, Cəfər çıxacaq) öz biznesini inkişaf etdirmək üçün bu adanı təsadüfən seçməyibmiş. (O vaxt onun intihar xəbəri çıxanda ölkəmizdə çox adam əminliklə dedi ki, ağsaqqalı asıb öldürüblər).Hərçənd adadakı orgiyalarda azyaşlı qızlarla yanaşı, çoxyaşlı qadınlar da iştirak edib.

Bu günlərdə Epşteynin adasını ziyarət edənlərin yekə bir siyahısı çıxıb və o siyahıda onlarca tanıdığımız adamlar var. Ancaq baxan kimi bilirsən ki, o şəxslərin heç də hamısı adaya lotuluğa, bazlığa getməyiblər, niyyətləri başqa olub – qısamüddətli istirahət, tətil, təntənəli ziyafətdə iştirak və s. Məsələn, ABŞ keçmiş 1-ci ledisi və dövlət katibi Hillari Klinton hər halda adaya saf niyyətlə getmiş olar. Eləcə də məşhur rejissor Stiven Spilberq. Bu yaşında yeniyetmələrlə gizlənpaç oynamaq onun nə yaşına yaraşır, nə də başına.

Bu kimi başqaları da var. Ancaq siyahıda adı keçən, çoxdan tanıdığımız, üzündən oğraşlıq yağan ada ziyarətçiləri, əl-əlbət, dinc durmayıblar.

Bir sözlə, bu yekə qalmaqal hələ davam edir və güman ki, bir müddət də gedəcək. Ara yerdı bu qovğa-mərəkədə Donald Trampı da becərəcəklər. O da adaya tez-tez gedirmiş.

Azyaşlılarla nikah və onlara tamah məsələsində bizim ölkə o qədər də dibdə deyil. Orta Asiyanın bəzi ölkələrində isə azyaşlı arvad almaq istəyən kişilər dirəşib nikah yaşını azaltmağı, çoxarvadlılığa icazə verilməsini tələb edirlər. Onların həvəsinə qalsa, ölkəni Taylanda, Filippinə döndərərlər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

25 Noyabr 2024

22 Noyabr 2024

20 Noyabr 2024

18 Noyabr 2024

16 Noyabr 2024

14 Noyabr 2024

10 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

04 Noyabr 2024

02 Noyabr 2024

31 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

17 Oktyabr 2024

14 Oktyabr 2024

12 Oktyabr 2024

09 Oktyabr 2024

07 Oktyabr 2024

05 Oktyabr 2024

03 Oktyabr 2024

01 Oktyabr 2024

29 Sentyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

23 Sentyabr 2024

21 Sentyabr 2024