İnsanlara hürriyət, millətlərə istiqlal!

Əbu-Dabidə yazılan tarix və Qafqaz üçün İlham Əliyevin XİLAS YOLU

10 iyulda təkcə Azərbaycan və Ermənistanın deyil, bir çox ölkələrin, paytaxtların nəzərləri Birləşmiş Ərəb Əmirliklərinə, paytaxt Əbu-Dabiyə yönəldi. 5 saat davam edən ikitərəfli Əbu-Dabi görüşü tərəflərin sülhə doğru yaxınlaşmasında çox önəmli mərhələ oldu.

İlkin nəticələr məlumdur: Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün yaranan tarixi şansın dəyərləndirilməsi istiqamətində cəsarətli addımlar atılıb, özü də ikitərəfli formatda! Prezident İlham Əliyevin irəli sürdüyü və üzərində israr etdiyi uğur formatı öz sözünü deyir – 2024-cü ildə məhz ikitərəfli danışıqlar nəticəsində Azərbaycanın işğaldakı 4 kəndi azad edildi, daha sonra 12.7 km-lik sərhəd xətti dəqiqləşdirildi, bu günə qədər də əldə olunan həmin razılaşmalarla bağlı hər hansı problem yaranmayıb...Amma iki ölkə arasındakı şərti sərhədlərin digər istiqamətlərində son aylar ərzində atəş səsləri eşidilməkdə idi, tətiklər çəkilirdi. Heç şübhəsiz ki, Ermənistandakı, xüsusilə də ordudakı “5-ci kolon”un “xidməti” idi, növbəti eskalasiyaya rəvac verib, “vasitəçi” paytaxtların yolunu hamarlamaq istiqamətində çox cəhdlər göstərdilər, xəyalları puç oldu, tapşırıqları icra olunmamış qaldı.

DABİ.jpg (265 KB)

Son aylaradək bəzi paytaxtlar Azərbaycanı Zəngəzur dəhlizini hərbi yolla açmağa təhrik etmək üçün çox çalışdılar, bir sıra hallarda Ermənistanın silahlandırılması istiqamətində ödənişli-ödənişsiz dəstəklər də verdilər, şərti sərhədlər boyunca ağır texnika, artilleriya, şəxsi heyətin cəmlənməsinə nail oldular, Azərbaycanın səbrini daşırmağa çalışdılar ki, gecənin bir aləmində ildırımsürətli hərbi əməliyyat başlansın və...Bax, o zaman Minsk qrupunu xortlatmaq imkanı yaranardı, Rusiya da, Qərb dairələri də bölgə uğrunda planlarını başa çatdırmaq üçün fürsətlər qazana bilərdilər. Azərbaycan dövləti ayıq-sayıq davrandı, Ermənistanı və havadarlarını xəbərdar etdi, peşman olacaqları barədə mesajlarını verdi. Sonuncu xəbərdarlıqlar Xankəndi Zirvəsindən eşidildi və budur, Əbu-Dabidə çox uğurlu və bütövlükdə regionun həyatında mühüm dönüşə səbəb ola biləcək görüş keçirildi.

Liderlərin müzakirələr apardığı saatlarda Ermənistanda maraqlı hadisələr baş verdi. Paşinyan hakimiyyətini devirməyə, ölkədə terror hadisələri törətməyə çalışan dəstənin üzvləri ələ keçirildi, sıralarında “Daşnaksütyun”çular da var! Eyni zamanda Paşinyanın qanına susayan “Hayastan”çıların təmsilçilərinin də olduğu şəxslər həbs edildi, daşnakların evlərində axtarışlara başlandı. Bəlkə də Paşinyanın sülhə imza atmasını əngəlləməkdən ötrü 1997-ci il terror hadisəsini planlaşdırırdılar, hakimiyyət vaxtında hərəkətə keçdi. Görün vəziyyət hansı həddə çatıb ki, hakim “Mülki Müqavilə” partiyasından olan deputat Hasmik Akopyan “Daşnaksütyun” Erməni İnqilab Federasiyasını qadağan etmək barədə yenidən düşünməyin vaxtıdır” deyir. Biz “Daşnaksütyun”un terrorçu təşkilat olduğunu deyəndə inanmırdılar, indi özləri etiraf edirlər.

HASMİK.jpg (51 KB)

Belə bir durumda Azərbaycanla sülh, paralel qaydada Türkiyə ilə normal münasibətlər qurması Nikol Paşinyanın özünü, ölkəsini xilas baxımından hava və su kimi lazımdır. Azərbaycan Prezidenti İlham Əliyev təkcə ölkəsi, təkcə qardaş Türkiyə üçün deyil, həm də bütövlükdə region üçün, ümumilikdə bəşəriyyət üçün yorulmadan çalışır, təşəbbüslərlə çıxış edir, sözü və imzası ilə bəmahəng əməli işlərində xoş məramını davamlı şəkildə nümayiş etdirir. Ermənistan bir sıra hallarda qeyri-konstruktiv davranışları, həmçinin xarici müdaxilələr nəticəsində bu təşəbbüslərə adekvat reaksiyalar verməməklə sülhə doğru addımların tormozlanmasına baiskar olub. Amma bütün bunlara baxmayaraq, Azərbaycan dövləti və onun Lideri təmkinlə qarşı tərəfi konstruktivliyə dəvət edib, anlatmağa çalışıb ki, sülhün, normal əməkdaşlığın alternativi yoxdur, əksi fəlakətdir. Axı, tarix boyunca saysız - hesabsız müharibələr olsa da, sonda hansısa anlaşmalarla, danışıqlarla bitib. Bu mənada Azərbaycanın döyüş meydanında ədaləti bərqərar etməsindən sonra məsələlərin sülh sazişinin imzalanması ilə yekunlaşacağı gözlənilən olduğu kimi, həm də mütləqdir. Odur ki, Əbu-Dabi görüşünin tarixdə yeri bir başqa olacaq.

ELCİN HİKMET.jpeg (270 KB)

Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin ikitərəfli görüşü, həmçinin iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə aparılan müzakirələrin müsbət, konstruktiv, sülh gündəliyinin irəli aparılmasına razılıqla yekunlaşması Qafqazda sülhün əldə olunması baxımından çox böyük bir təkan oldu. Diqqət edin, 30 ildən artıq müddətdə keçmiş Minsk Qrupu, dünyanın aparıcı təşkilatları və paytaxtları Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına hər hansı töhfə verə bilmədilər, yaxud da bunu ciddi şəkildə istəmədilər. BMT Təhlükəsizlik Şurasının qətnamələri də kağız üzərində qaldı bu dönəmdə, hansı ki, cəhd göstərsəydilər, İrəvana təzyiq etsəydilər, bu qədər qanlar da tökülməzdi. Amma torpaqlarımızın azad olunmasında olduğu kimi, ikitərəfli formatda sülh danışıqların aparılmasında da İlham Əliyevin iradəsi, qətiyyəti öz sözünü dedi. Bir neçə il əvvəl hətta Nikol Paşinyan iddia edirdi ki, iki düşmən ölkənin vasitəçilərsiz hansısa razılaşma əldə etməsi mümkünsüzdür. Amma baxın, elə bu gün Ermənistan tərəf Əbu-Dabi görüşü barədə bəyanatında ikitərəfli danışıqlarına görə məmnundur. Sitat: “İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin müzakirəsi üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi qərara alınıb”. Həmçinin “Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqların və etimadın möhkəmləndirilməsi tədbirlərinin davam etdirilməsi barədə razılığa gəliblər”. Bu, Prezident İlham Əliyevin təqdim etdiyi YOL, əslində XİLAS xəritəsi idi. Nəhayət, Azərbaycan – İlham Əliyev deyənə gəldilər. Xeyir tapacaqlar, yeni eskalasiya Ermənistan üçün intihara bərabər addım olar! 44 günlük müharibədən dərhal sonra bu formatda əməkdaşlıq qarşı tərəfdən qəbul olunsaydı, indi çox məsələlər geridə qalmışdı...Necə ki, 2024-cü ildə sərhədin 12.7 km-lik hissəsi dəqiqləşdi, 4 kəndimiz işğaldan azad edildi, məhz Prezident İlham Əliyevin təkid etdiyi ikitərəfli formatda danışıqlar nəticəsində. Delimitasiyası prosesi ilə bağlı yaradılmış dövlət komissiyalarının işlərini davam etdirilməsi razılaşdırılıb Əbu – Dabidə. İndiyədək keçirilən 11 görüşdə xeyli maneələr aşılıb, daha çox məsafə qət edilə bilərdi. Amma yenə də gec deyil. Sadəcə, bundan sonra da Ermənistan rəhbərliyi sülh gündəliyinin irəli aparılmasında qətiyyət, iradə nümayiş etdirməlidir. Azərbaycan Prezidenti əbəs yerə Tiflis səfəri zamanı “Qafqaz Evi” ideyasını səsləndirməmişdi. Dövlət başçımız bütövlükdə Qafqazı od-alovdan qorumaq istəyir, bu istiqamətdə inamlı addımlar atır. Özü də Qarabağı azad edərkən bildirmişdi ki, heç kəs qarışmasın, Azərbaycan və Ermənistan öz münasibətlərini özləri həll etsin. Savaşdan sonra da birmənalı şəkildə bəyan edib ki, üçüncü ölkəyə ehtiyac yoxdur, özümüz də danışa, qərar verə bilərik. Sülh layihəsinin razılaşdırılması, digər addımlar Əliyevin haqlı olduğunu təsdiqlədi. Və Ermənistan da təsdiqləyir...

ELCİJ SON.jpg (295 KB)

Diqqət etdiniz yəqin, görüş məkanında Azərbaycan Prezidenti özünü ev sahibi kimi apardı. Zala daxil olan Ermənistan baş nazirinə doğru addım atdı və əl uzatdı, ardınca nümayəndə heyətinin hər bir üzvü ilə bir-bir salamlaşdı. Bundan sonra Ermənistanın hökumət başçısı və onu müşayiət edənlər də bir-bir Azərbaycan nümayəndə heyəti ilə salamlaşdılar. Bu, növbəti bir Azərbaycan nümunəsi oldu: Prezident Əliyev torpaqlarını döyüş meydanında azad edən qüdrətli rəhbər olduğu kimi, nə qədər humanist insan, yüksək keyfiyyətlərə malik nəsib insan olduğunu, sülhün əldə olunması üçün təşəbbüsləri dəyərləndirdiyini və daim bu istiqamətdə səylər göstərdiyini nümayiş etdirmiş oldu. Həmin kadrları izləyərkən gözlərimin önünə 1999-cu il 11 oktyabr görüşü gəldi. Həmin gün Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda, Azərbaycan Respublikası ilə Ermənistan Respublikasının sərhədində Azərbaycan Prezidenti, mərhum Milli Lider Heydər Əliyev ilə Ermənistan prezidenti Robert Köçəryan arasında təkbətək görüş olmuşdu. Həmin görüş 4 saatdan çox davam etmişdi. Görüşdən sonra Köçəryanın özünün necə harın, ərköyün aparması bir vətəndaş kimi mənə möhkəm təsir eləmişdi. “Qalib” ədası ilə açıq-aşkar həyasızlıq edirdi. Bu gün Köçəryanın durumu hər kəsə bəlli, onun ordusuna qalib gələn, darmadağın edən Azərbaycan Prezidenti hər zaman nümunə çəiləcək yüksək davranış nümunəsi göstərdi Paşinyan və komandası ilə görüşdə. 26 il əvvəl Köçəryan ikitərəfli formatda baş tutan görüşdən sonra konstruktiv davransaydı, sonrakı fəlakətlər yaşanmazdı. Bu mənada Paşinyanın ötən səhvlərdən, həm də sələflərinin yanlışlarından dərs götürməsi həm özü, həm ölkəsi, həm də bütövlükdə bölgə üçün fayda verər, buna şübhəsi olmasın! Çünki bu yolu təqdim edən sözü də imzası kimi etibarlı olan Liderdir!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

11 Iyul 2025

10 Iyul 2025

07 Iyul 2025

02 Iyul 2025

01 Iyul 2025

30 Iyun 2025

29 Iyun 2025

28 Iyun 2025

27 Iyun 2025

25 Iyun 2025

23 Iyun 2025

20 Iyun 2025

18 Iyun 2025

17 Iyun 2025

15 Iyun 2025

14 Iyun 2025

12 Iyun 2025

11 Iyun 2025

10 Iyun 2025

05 Iyun 2025

02 Iyun 2025

01 Iyun 2025

29 May 2025

27 May 2025

26 May 2025

22 May 2025

21 May 2025