Onlayn ictimai-siyasi qəzet
Dünya dələduzlarla qaynaşır. Tropik şaylarda tank zirehinə oxşayan belini günə verən timsahların, Kürqırağı qamışlıqlarda ditdilinin sayı var, ona-buna kələk gəlib bir miqdar para qabağa düşmək istəyənlərin sayı yoxdur.
Elə bir gün olmaz ki, hamımıza hansısa ölkədə ölən qohumumuzun miras qalan milyonlarına sahib çıxmaq haqqında mesaj gəlməsin. İndiyədək mənə azı yüzü gəlib. Dostlar yazır, bilirəm, onlara da gəlir. Heç demə, hamımızın sülaləsinin yarısı Nigeriyada, Tanzaniyada, Malyaziyada, Peruda yaşayırmış, hamısı da milyonçuymuş və hamısı da avtomobil qəzasından ölürmüş, üstəlik, ucdantutma heç birinin varisi yoxmuş.
Sən də dəqiq bilirsən ki, yeddi arxa dönənindən bəri nəslin tərəkəmədir, ən uzağa gediyi yer Gorusdakı, Sisyandakı dədə-baba yaylağı olub, qışlağa gələndə də İmişlidən bu tərəfə keçməyib. Nigeriya nədir, Malayziya nədir? Yenə Araxangelskdən, Blaqoveşşenskdən mesaj gəlsə, adam quşqulanar ki, bəli, nəslin təmsilçilərindən orada əsgərlik çəkənlər olub, əl-əlbət, nəsilartırma çalışmaları etmiş ola bilərlər. Yoxsa Dar-əs-Salam hara, biz hara?
Bir dəfə Afrika ölkələrində ölmüş, mirası yiyəsiz qalmış qohum məsələsi barədə söhbət edərkən bir rəfiqə dedim ki, gör, bizə məktub göndərənlər nə qədər axmaqdırlar ki, ciddi-ciddi onlara inanacağımızı, tələlərinə düşəcəyimizi düşünürlər. Dost dedi, yəqin, onların kələyinə qurban olanlar var, yoxsa 15 ildən çoxdur, bizdən niyə əl çəkmirlər.
Ta nə bilim. Hərçənd kim onlara inanırsa, bizdən deyil. Damarlarında azərbaycanlı qanı axan adam... yox, bu başqa söhbətdir. Düzünə qalsa, belə olmalıdır: uzun müddət bu ölkədə yaşayan, bank, “muncuq”, piramida, Gues, işədüzəltmə və sair fırıldaqlardan baxəbər olan adam belə primitiv kələklərin qurbanı olmaz.
Biz bu keçid dövründə nələr görmüşük, nələr. Ömrümüz kələk dəf etməklə keçib. Beynəlxalq dələduzlara ehtiyac yoxdur. Öz milli dələduzlarımız onları Sumatra adasına susuz aparıb, suzuz gətirər. Attestatla Türkiyə, Dərbənd-Mahaçqala, Kiyev universitetlərinə “qəbul keçirib” yüzlərlə valideynin hərəsindən 5-10 min dollar qapazlayıb aradan çıxanlar, bir mənzili dörd adama satanlar, ərə getmək istəyən qızlara yaxşı yerdən ər düzəldəcəyi vədi verib onların bir neçə yüz min dollarını mənimsəyənlər, bank hesablarından pul çəkənlər, yalançı falçılar, özünü axsaqlığa vuran, amma polisi görən sprinter sürətli ilə aradan çıxan dilənçilər, yolda ailə-uşaq dolu maşını “xarab oldu, pul da yoxdur” adıyla saxlayıb, gəlib-keçənlərdən azı 50 manat pul qopardanlar, qol-qıçlarını yol keçən maşının güzgüsünə toxundurub, asfalta sərilən, “adam vuran” sürücüdən 200-300 manat travmatoloq pulu tələb edənlər, gecə saat 10-da mənzillərə soxularaq su filtri satmaq istəyənlər... hansı birini deyəsən.
Hələ bunların üstünə vaxtaşırı “filan şeyi etməyənlər cərimələnəcəklər” şayiəsi buraxaraq insanlardan kütləvi şəkildə pul qopartmağa çalışanları da gəlsək, aydın olar ki, ölkədə bir xeyli insan cibimizin qəsdinə durub. On minlərlə adam səhər yuxudan oyanır, gərnəşir, üzlərini "Azərspace/Afrikasat-1A peyki yerləşən istiqamətə tutaraq deyirlər: “Ay Allah, sən özün bizə bu gün bir-iki lox yetir, ruzimizi ver”.
Dünən xəbər yayılıb ki, təzə fırıldaq növü çıxıb. Gözlənilən idi. Çoxdan idi, köhnə fırıldaqlarla süpürləşirdik, təzə nəsə çıxmalıydı. Çünki dünya köhnə dünya olsa da, kələkləri həmişə təzə olur. Deyirlər, bir gənc əlində siyahı qapı-qapı gəzir, guya 150 manatdan ehsan paylayır, adamlara 200 manatlıq saxta əskinas verir, 50 manat qalığı alır, aradan çıxır.
Bu, yeni fırıldaq hələ çox populyarlaşmayıb. Bu tələyə düşənlər çox ola bilər. Hamı sayt, qəzet oxumur axı. Yeni fırıldaq barədə ağızdan-ağıza eşidincə, gec olacaq. Təqaüdçülərin dərman pulu gedəcək hansısa yaramazın cibinə.
Uzun sözün kəsəsi, bu həyatda bir şeyi bilmək lazımdır ki, hər kəsə inanmaq olmaz. Nigeriyada qəzada ölən bivaris milyonçu qohumunuzun goruna and olsun ki, müftə pendir yalnız siçan tələsində olur.
22 Noyabr 2024
20 Noyabr 2024
18 Noyabr 2024
16 Noyabr 2024
14 Noyabr 2024
10 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
04 Noyabr 2024
02 Noyabr 2024
31 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
17 Oktyabr 2024
14 Oktyabr 2024
12 Oktyabr 2024
09 Oktyabr 2024
07 Oktyabr 2024
05 Oktyabr 2024
03 Oktyabr 2024
01 Oktyabr 2024
29 Sentyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
23 Sentyabr 2024
21 Sentyabr 2024
19 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ