Onlayn ictimai-siyasi qəzet
Əgər Qarabağ problemində 10 il əvvəlki zamanı olsaydı, Tramp da prezident kimi hər iki ölkənin liderlərini Alyaskada qəbul edib saatlarla danışıqlar aparsaydı, hansısa həll variantı tapa bilməzdi. Bir həftə əvvəl tərəfləri ona görə Ağ Evdə asanlıqla masaya dəvət edə bildi ki, Azərbaycan Qarabağ problemini öz gücünə hərbi yolla həll etmişdi, qalırdı sülh sazişi. Rusiya-Ukrayna müharibəsində isə indi elə qəliz vəziyyətdir ki, Tramp onu həll etmək üçün gərək zamanın çarxını 2021-ci ilə çəkəydi.
Rusiya 3 il yarımdır ki, 603 min kv.km ərazisi olan Ukraynada müharibə aparır, bugünədək bu dövlətin təxminən 114 min 500 kv. km-ni ələ keçirib. Buraya 2014-cü ildə anneksiya olmunmuş Krım, eləcə də ölkənin şərq və cənub-şərqindəki geniş ərazilər daxildir. Bu ərazi təxminən 4 Moldova (33, 846) və ya 4 Ermənistan ərazisinə (29,743 kvadrat kilometr) bərabərdir!
Rusiya bu işğalçı müharibə üçün bütün arsenalını, dövlət kimi imicini xərcləyib, Putinə oradan geriyə yol yoxdur. Ya da gərək bütün dünya 1941-45-dəki kimi toplaşıb bu dəfə işğalçı Rusiyaya qarşı hərbi koalisiya qursun, ikinci, üçüncü cəbhə açmaqla ona qarşı vuruşsun. Bu barədə ötən illərdə çox danışdılar - gah almanlar, gah fransızlar, gah da polşalılarının Ukraynaya qoşun göndərəcəyi iddia edildi. Moskva bunu müharibə elanı kimi qəbul ediləcəyini dedi, bu ölkələrin Rusiyanın qanuni hədəfi olacağı ilə hədələdi, hətta Britaniya adasını bir neçə dəqiqəyə batıra biləcəkləri ilə təhdid etdilər. Bilmirəm, Rusiyanın bu dövlətlərlə müharibə etməyə də gücü vardımı, hər halda, Almaniya və Britaniya bu yaxınlarda qorxurmuş kimi təcili hərbi əməkdaşlığı gücləndirən sənədlər imzaladılar.
Rusiyaya etibar etmək olmaz, bu doğru yanaşmadır. Əvvəldən də bəlli idi ki, Rusiya-Ukrayna savaşında iki fərqli güc qarşı-qarşıyadır, burada son nəticə uzana, mütləq qalib olmaya da bilər, amma bunun əksi baş verə bilməzdi. Ukrayna təkbaşına vuruşsaydı, indi bəlkə də Putin Trampın ayağının altına Kiyevdə qırmızı xalı salıb, onu təmtəraqlı qəbul edərdi. Tramp Alyaska görüşündən sonra “Rusiya çox böyük ölkədir, Ukrayna isə deyil, razılaşma bağlayın, siz buna məcbur olacaqsınız” deyəndə ondan Rusiya simpatizanı düzəltmək lazım deyil. O da yaxşı bilir ki, Ukrayna bu savaşda Rusiyanın qarşısına atılmış yem idi, nəticəsinin Kiyev üçün belə ağır ola biləcəyini müharibəni o torpaqlara gətirən siyasət lotuları - başda Co Bayden olmaqla hamısı bilirdi. Rusiyanı zəiflətmək üçün “sonuncu ukraynalıyadək qurban vermək” hərisliyi bu vəziyyətə gətirib çıxardı. İndi Putini bu boyda əraziləri qoparandan sonra Alyaskaya yox, lap Aya dəvət edib, oranın ərazisini də təklif etsən, Ukraynadan çıxmağa razı olmayacaq.
Hə, işğalçı bir dövlətin liderinin ayağının altına qırmızı xalı salmaq ayıb işdir, etməmək lazım idi, ruslar da bundan inciməzdilər. İndi necə sevincək olublarsa ki, bu xalça məsələsi üzərində piar qururlar. Düzdür, deyilənə görə, İranı bombalayan təyyarənin Putinin başının üstündən uçması Kreml sahibinə xəbərdarlıq kimi düşünülübmüş, amma görüşün nəticəsinə təsiri olmadı. Trampı sonrakı müzakirələr üçün hətta Moskvaya dəvət etdi. Tramp bilmirəm nə vaxt, amma dəvəti qəbul edib Moskva gedərsə, təəccüblü olmaz.
Avropa liderləri isə yenə Zelenskini qızışdırırlar ki, “təslim olma, yenə döyüş” və sairə. Alyaska görüşündən sonra ilkin məlumatlara görə, Ukrayna Silahlı Qüvvələrinin cəbhədə gərgin vəziyyətin hökm sürdüyü Pokrovsk, Sumı və Xarkov vilayətlərinə Ukraynanın rezerv elit birləşmələrini göndərib. Rusiya son günlər intensiv döyüşlərin getdiyi Pokrovskdan sonra təkcə Donbasda ən azı daha doqquz şəhəri – Slavyansk, Kramatorsk, Drujkovka, Konstantinovka, Mirnoqrad, Rodinskoye, Dobropolye, Liman və Severski də işğal etməlidir. Əvvəldən Ukrayna burada ciddi müdafiə istehkamları qurub, yəni Rusiyanın burada bir neçə ay da yubaltmaq olar. Britaniya kəşfiyyatının hesablamalara görə, təkcə iyul ayında rus qoşunları 550 kvadrat kilometr əraziyə nəzarəti ələ keçirib.
Alyaska görüşü ərəfəsi iddia olunurdu ki, Ukrayna Donbasdan tam geri çəkilməsi müqabilində Rusiya da Zaporoyje və Xerson vilayətlərindən çəkilməlidir. Rusiyanın bu mübadiləyə razı olmayacağı haqda bir fakt yetərli idi. Rusiya Krıma quru yol əldə etdiyi Xersondan heç bir halda, imtina etməz.
Alyaska görüşündən sonra ən çox “Zelenski ərazi itkisi ilə razılaşarmı” sualı səslənir. İş ondadır ki, Ukraynanın ərazi itkisinə, Zelenski deyil, ukraynalılar qərar verməlidir. Ukrayna xalqının ən azı 8-10 milyonu ölkə kənarındadır, onların bu müharibəyə heç bir mövqeləri yoxdur. Ölkədə qalanlar isə müharibənin ağır nəticələrini öz üzərlərində hiss edirlər. Döyüşənlərin mövqeyi bəllidir-onlar ərazi itkisi ilə razılaşmır. “Xalqın ağızını bir yerə yığıb” müharibəni dayandırmaq üçün qərar vermək lazımdırsa, onu da edən yoxdur. Müxalifət xain və ya “Rusiyanın adamı” olmaq damğası vurulmaqdan qorxur, ona görə Zelenskinin qərarlarının ardınca sürünməklə məşğuldurlar.
Zelenskinin 5 ildən artıq hakimiyyəti Ukrayna xalqına fəlakət gətirtdi, “Xalqın qulluqçuları” ölkəni çıxılmaz yola soxdular. Pisi odur ki, Zelenski “daha bacarmıram” deyib, hakimiyyətdən çəkilmir də. Ondan sonra gələn möcüzə yaratmayacaq, amma Ukrayna xalqına toparlanmaq üçün zaman qazana bilər. “Ziyanın yarısından qayıtmaq” dövlətin və millətin tam məhv olmasından yaxşıdır. Amma qərarı Ukrayna xalqı verirmi?
20 Avqust 2025
16 Avqust 2025
15 Avqust 2025
08 Avqust 2025
06 Avqust 2025
30 Iyul 2025
29 Iyul 2025
27 Iyul 2025
26 Iyul 2025
25 Iyul 2025
23 Iyul 2025
18 Iyul 2025
16 Iyul 2025
11 Iyul 2025
10 Iyul 2025
05 Iyul 2025
03 Iyul 2025
29 Iyun 2025
26 Iyun 2025
25 Iyun 2025
24 Iyun 2025
22 Iyun 2025
20 Iyun 2025
19 Iyun 2025
14 Iyun 2025
11 Iyun 2025
08 Iyun 2025
24 May 2025
23 May 2025
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ