Onlayn ictimai-siyasi qəzet
Doğrudan da biz tez-tez dejavu yaşamağa məcburuq. Hörmətli oxucularımız yəqin bu psixoloji halın mənasını bilir. Hansısa yeri, adamı, hadisəni görəndə “bunu mən bir dəfə görmüşəm” duyğusuna deyilir. Səhv eləmirəmsə, elmi izahı yoxdur. Müəyyən dərəcədə mistika ilə bağlıdır.
O baxımdan, “Azərbaycan Albaniya ilə savaşırdı, onları barışdırdım” söhbətini eşidəndə mən “Əfqanıstan neftçilərinə salam olsun” əhvalatını xatırlamış oldum. Şair demişkən, biz gəldi-gedərik, sən yaşa, dünya.
Müdriklər əslində bunu qədim zamanlardan anlayıblar və “Ayın altında təzə heç nə yoxdur” deyiblər. Bunun “Günəşin altında” variantı da var, hansı kimə sərf edir, o cür oxusun. Əsas məsələ “altında” hissəsidir, əlbəttə. Vacibi odur.
Milli korrupsiya işlərimiz də bu cür, periodik şəkildə davam edir. Bir oğrunu tutub-buraxmamış, təzəsi çıxır. Yəqin idarəçilikdə “Rüşvətxorların dövri elementlər cədvəli” adlı statistik cədvəl hazırlamağa ehtiyac var. Əslində milli “mendeleyevlərimiz” bu istiqamətdə zəhmət çəkir, standart düzəldir. Hər işin məbləği orada qarşısında göstərilməlidir. Ağır işlər bir tərəfdə, yüngül işlər bir tərəfdə. Qızılla həll edilən ayrı, platinlə ayrı, brilyant, daş-qaşın həll etdiyi ayrı və sairə... Buna az sonra yenə qayıdarıq.
Korrupsiya dejavusunun ən görkəmli sahələrindən biri Bakı bulvarıdır. İndiyəcən orada kimi işə qoyublarsa, yeyib-dağıdıb aradan çıxıb, ya da içəri basıblar. Bayraq meydanına müdir qoyurlar - oğurlayır. Bulvarı işlədən - oğurlayır. Məsələn, bulvarın müdirinə bu yaxında məhkəmə qurmuşdular, prokuror 1 günə ittiham aktını oxuyub qurtara bilmədi. O qədər uzun yeyinti olmuşdur. Cəmi-cümü 12 milyon manat. Sən demə, bizdə bulvar uzandıqca korrupsiya imkanları da uzanırmış. Məntiqlidir, əlbəttə. Sovet dağılanda bulvar 4 kilometrə yaxın idi, hazırda 15-25 kilometr arasında nəsə olmalıdır. 4 kilometrin yeyintisi ilə 25 kilometrin yeyintisi fərqlənməlidir.
Maraqlıdır, bugünlərdə dövlət standart idarəsi açıqlama vermişdi: “Yeni AZS ISO 37001:2025 "Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Tələblər və istifadəyə dair rəhbəredici göstərişlər" dövlət standartı qəbul edilib". İdarənin saytında, təəssüf, bu haqda geniş bilgilər tapa bilmədim. Standartı əldə etmək üçün kimə pul vermək lazımdır, o da çox aydın olmur. Hər bir halda, rüşvətxorluqda yeni standartlarımızın yaranması sevindiricidir. Adət-ənənələri unutmamaq şərti ilə. Yoxsa dejavunu necə yaşayarıq? İnsanlarımız çaşbaş düşər. Bəzən olur, pul əlində qalır, bilmirsən rüşvəti kimə, harada, nə qədər verməlisən. Millət dələduzlara, manıslara, aradüzəldənlərə düçar olur, pis yola düşür, maliyyə zərərinə uğrayır. Bunların hamısı standartlaşdırılsa yaxşı olar.
Bulvar rəhbərliyinin uzun və enli cinayət işindən bir detal da diqqətimi çəkmişdi. Sən demə, hörmətli yoldaşlar Bakı buxtasında gəmi gəzintisindən yığılan pulları da mənimsəyiblər, dövlətə ziyan vurmuşlar. Bir neçə ildir orada gəmilər daha adam daşımır. Xalqa məlumat verilir ki, guya dəniz dayazlaşıb, gəmi körpüyə yan almaqda çətinlik çəkir. Deməli, bilet pulunu əkişdiriblər, ona görə gəmi üzmür. Hətta ola bilər, buxtanın suyunu tankerə doldurub satıblar, bulvar geri çəkilib.
İndi əgər bulvarın müdiri ziyanı ödəsə, onu buraxa bilərik. 12 milyonla başlamışdılar, hazırda 10 milyona düşüblər. Belə şeylər bizdə çox olur. Elə təzəlikcə bir biznesmeni 5 il şərti cəza ilə azadlığa buraxdıq. Saxta müqavilələr qurub dövlət idarələrinə büdcədən ayrılan pulları əkişdirirdilər (klassik “şapka” əməliyyatı yolu ilə - 5 manatlıq işi kağızda 50 manata yazmaq). Keçən il bu yoldaşı içəri basanda 600 min manat yeyintidən danışırdılar. Amma vaxt ötdü, yeyinti əridi və avqustda 62 min manatı qaldı. Vəssalam. Cəmi-cümü bu qədər. Biznesmen də o pulu büdcəyə ödədi, türmədən çıxdı. Gör nə qədər gözəl ölkədir!
İndi qalır həmin müəllimə cədvəldə yeni sahə tapmaq. Bekar oturası deyil ki.
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ