Onlayn ictimai-siyasi qəzet
Trampın Nobel sülh mükafatına iddiasından yazacağım yerdə oxucudan elektron namə gəlir və qolum soyuyur. Qədirbilən və sadiq oxucu yazır ki, hamınız “mejdunarodnik”-politoloq olmuşunuz, ölkənin içindən, öz dərd-sərimizdən yazın.
Oxucu “mejdunarodnik” deyərkən, saytlarda, qəzetlərdə köşə yazısı ilə çıxış edənləri nəzərdə tutur və gerçəkdən də belə bir şey var. Hər gün hamı (bir-iki istisna ilə) Trampdan, Putindən, Zelenskidən, Netanyahudan, Xamneyidən, Paşinyandan, nə bilim, Makrondan, Lukaşenkodan, arada Cinpindən, Kim Çen Indan, Orbandan və başqa bu kimi adamlardan yazır.
Nə edəsən? Gündəmdə onlardır. Dalaşırlar, vuruşurlar, qırışırlar, dartışırlar, dünya da onlara tamaşa edir. İctimaiyyətə süpürləşmə şousu lazımdır. Odey, Esvatininin kralı III Msvati başını aşağı salıb, özünə 16-cı zövcə arayır, heç kəslə də işi yoxdur, nəticədə adı yalnız mənim köşələrimdə çəkilir. Möhtərəmə rəğbətim var, sülhpərvərdir, hətta 12-ci arvadı Ntando Dubenın keçmiş nazir sevgilisi Ndumisa Mambanı türmədən buraxsa, humanist də demək olar.
Xüləs, mətləbdən yayınmayaq, Pakistanın Trampı Nobel sülh mükafatına namizəd göstərməsindən yazmaq istəyirəm. Hələlik alınmır. Çünki oxucu öz ölkəmizin iç işlərinə aid yazı istəyir. Məcburam o mövzuda yazım.
Demək, ölkəmizin daxiində çox ciddi ictimai-siyasi proseslər gedir. Müxalifət partiyaları birləşib koalisiya yaradıblar, növbəti seçklərə blok şəklində qatılmağı müzakirə edirlər, iqtidar komandası isə son rəy sorğusunun nəticələrinə görə 0,5 faizlik reytinq geriləməsindən narahatdır.
Zarafat edirəm, elə şey yoxdur, nə birləşən, blok yaradan var, nə də hansısa reytinq tənəzzülünə görə əndişələnən.
Ölkədə ən ciddi müzakirə olunan mövzu isə 17 yaşı tamam olmayan qızın 37 yaşlı axunda qoşulub qaçmasıdır.
Media “axundun 17 yaşlı qızı qaçırması” yazır, amma qızın özünün utancaq şəkildə yaydığı açıqlamadan hiss olunur ki, ortada qaçırılma söhbəti yoxdur, qoşulub qaçma aktı var.
Sevgili cütlüyün yaşı arasındakı fərqin 20 il olması barədə mülahizələri isə bir zamanlar hit olmuş “Yaşın nə fərqi var ki” mahnısı ilə darmadağın dağıtmaq olar. Yeri gəlmişkən, III Msvatinin XIII arvadı özündən 33 yaş balacadır, amma bu, onların xoşbəxtliyinə mane olmur. Adam çabalayır ki, ildə ən azı bir qızı xoşbəxt eləsin
Tramp da çabalayır, o da dünyada sülh yaratmağa çalışır, Pakistanla Hindistanı durdurub, Rusiya ilə Ukraynanı yola gətirir, İranla İsraili də becərsə, bəlkə də ona Nobel sülh mükafatı verərlər. Bir şərtlə ki, o, gərək Panamaya, Kanadaya, Qrenlandiyaya hücum eləməsin. Norveç Kral Akademiyas tərsdir, başqa ölkəyə hücum edənə sülh mükafatı vermir. (İrandakı Fordoya hücumdan sonra yəqin ki, ser Nobelə ümid etməz).
Ölkəmizin iç işlərindən yazmalıyıqsa, bir aktual mövzu da var. Azı 7 ildir, yazırıq, bitmir. İndi o xüsusda qarşıma çıxan xəbər başlıqlarını iqtibas edirəm, özünüz hesabınızı götürün. Böylədir:
“Adımı çəkməyib, amma mənə deyib” – Aysel Şükürdən keçmiş ərinə sərt ittiham;
“Aysel üçüncü əri ilə FOTOLAR paylaşdı”;
“Aysel yenə ərə getdi: bəyin üzünü göstərdi – VİDEO”;
“Oktay alimentə görə övladlarından imtina etdi” - Aysel Şükür;
“Aysel əməliyyat olundu – VİDEO”;
“Aysel boşandığı birinci əri ilə bir arada”;
“Öz qohumlarımdan yarımayan adamam...” - Aysel Şükür;
“Aysel Şükürə İstanbulda "evlilik təklifi" edildi – VİDEO”;
“Aysel Şükürova dayə axtarır: “Boşanmış, ya da əri ölmüş olsun” – VİDEO”;
"Ağrıdan ölürəm" - Aysel ikinci ərinin hücumu haqda
Təsəvvür edin, adı çəkilən qadın 7 ildir gündəmdədir, nə edir, hara gedir, nə deyir, hamısı xəbərdir. Vaxtilə onun atası “Lifttəmir” istehsalat birliyinin baş direktoru olub. Yeri gəlmişkən, xanım özünə 400 min dollarlıq toy çaldırması ilə heç kəsin tanımadığı atasını necə məşhurlaşdırdısa, kişini işdən çıxardılar.
O vaxtdan bəridir, onun keçmiş ərləri ilə qovğaları medianı başına götürüb. O qadın nə aktrisadır, nə müğənnidir, nə ictimai-siyasi simadır, heç aparıcı və jurnalist də deyil, amma hər gün şəkli, sözü, davaları saytlardadır. Adi bir vətəndaşın həyatı, problemləri nəyə görə ümumxalq diqqətinin predmeti olmalıdır? Mat qalınası işdir.
Salamatı Trampdan yazmaqdır. Həçənd o da tez-tez kimləsə dalaşır, amma Allah qoymasa, sülhə də çalışır. Ona görə də qardaş Pakistan onu sülh mükafatına namizəd göstərib.
26 Iyun 2025
24 Iyun 2025
22 Iyun 2025
20 Iyun 2025
18 Iyun 2025
16 Iyun 2025
14 Iyun 2025
12 Iyun 2025
10 Iyun 2025
08 Iyun 2025
06 Iyun 2025
04 Iyun 2025
02 Iyun 2025
31 May 2025
29 May 2025
27 May 2025
25 May 2025
23 May 2025
21 May 2025
19 May 2025
17 May 2025
15 May 2025
13 May 2025
11 May 2025
09 May 2025
07 May 2025
05 May 2025
03 May 2025
01 May 2025
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ