İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəfərin regionlaşdırılması - Əkrəm Əylisli niyə yada düşdü?

Bu tarixi zəfəri “qarabağlılar torpaqlarına niyə qayıtmır” kimi mənasız replikalarla ucuzlaşdırmaq istəyənlər Azərbaycanın dörd bir yanındakı Şəhidlər Xiyabanını unutmamalıdırlar

Bəzilərinin başı çox bəlalar çəkmiş Qarabağ camaatının ara-sıra acılamasına işğal illərində əhəmiyyət verdiyimi xatırlamıram. O həssas illərdə ürəyimizə dəyənlərin bəzilərinin də adını unutmuşam, yada salacaq tiplər deyillər. Biri vardı, bakılılar adında danışırdı, “gəlmələrə” meydan oxuyurdu. Sonra məlum oldu ki, babası İran hamballarına qoşulub paytaxta gələnlərdəndir. Ümumiyyətlə, işğal illərində bu məsələni daha çox “bakılı-rayonlu” konteksində gündəmə gətirənlər olub, axırda da özləri “ağ bayraq” qaldırıb, geri çəkiliblər. 

Screenshot_3.png (875 KB)

Bu yaxınlarda yazıçı Elçinin vəfatı ilə bağlı açıqlamasını oxuyanda varlığını xatırladığım Əkrəm Əylisliylə bağlı da iki belə fakt var. Səhv etmirəmsə, 2000-ci ildə nəsə yazmışdı. Ciddi etirazlardan sonra özü ilə o vaxt “525-ci qəzet”in redaksiyasında dar çərçivədə görüş oldu.

Fikirlərimizi ustaca yanıltmağa çalışdı, “mən belə demək istəməmişəm” və sairə. Xeyli mübahisə etdik. Əkrəm Əylisli o illər qıvraq və tənqidə açıq idi, nəhayətdə razılaşdı ki, Qarabağ kimi həssas mövzuda belə yazmaq olmaz və sairə. Qayıdıb, bir yazı da yazmışdım: “Şuşanı unudub, Əylisi yuxumda görmürəm”. 2007-də “Daş yuxular”dan sonra isə daha görüş üçün üz qoymamışdı. Onun Qarabağ elatına, konkret “Daş yuxular”da yenidən hədəf aldığı Şuşaya yumşaq desək antipatiyası, ədəbi dildə isə nifrəti hiss olunurdu. Bunun səbəbi haqda eşitdiyimi, deyəsən, bir dəfə yazmışam da. Bilənlər bilir, olur belə kinli yaddaş, gənc adamın isə yadından heç çıxmır. Əkrəm Əylisli isə yaradıcılığının ahıl vaxtında nədənsə, Azərbaycan haqda ziyanlı və qisasçı fikrə düşdü. Sözü tikiş maşını kimi toxuyan söz ustadının, əsərləri əldən-ələ gəzən, müxtəlif dillərə tərcümə edilən Əylisli “Daş yuxular” kimi cızma-qaranı özünə rəva gördü. İndiyədək yazdıqları əsərləri də qara qəpiklik etdi, ziyalı adının üzərindən isə birdəfəlik qara xətt çəkdi. Dövlət ona daha ağır cəza kəsdi, bütün təltiflərini geri aldı, düz də etdi. Amma indi yenidən xatırlayanda adam təəssüf edir. İnanmaq istərdim ki, “o hislər” yaşının müdrik çağında keçmişdə qalıb, elə özü kimi unudulub... 

Screenshot_6.png (796 KB)

Ermənilərin Azərbaycan xalqına etdiyi düşmənçiliyin ağrı-acısı indən 30 il sonra da qaysaqlanmaz. O da həqiqətdir ki, regiona görə adına Qarabağ savaşı demişik, bu bütün Azərbaycanın müharibəsi, dərdi olub. İki Qarabağ savaşında Azərbaycanın dörd bir yanında Şəhidlər Xiyabanı salınıb. Kimsə deyərsə ki, bu qarabağlıların torpağı üçün savaş idi, o namərd adamdır. Birinci Qarabağ savaşındakı itkilərimizin yarası heç qaysaqlanmayıb, hələ indi bəzilərinin nəşini işğaldan azad yurdlarda tapıb dəfn edirik. 

Screenshot_5.png (682 KB)

İşğalı sonlandıran İkinci Qarabağ savaşında da itkilərimiz o qədər ağır, ağrılıdır ki... Onların doğum tarixlərinə baxırsan, yaşamağına utanırsan, havalanır adam. 2000, 2001, 2002-ci il... Əksəriyyət atəşkəs uşaqlarıdır – 1993, 1994, 1995, 1996... Doğum yerləri – Azərbaycanın dörd bir yanı, dörd bir yanının kəndləri, qəsəbələri... Milliyyətləri – azərbaycanlı, avar, ləzgi, tat, talış, rus... Bir müqəddəs Vətən savaşı ancaq bu qədər milli, millətləri bir bayraq altında, bir amal uğrunda birləşdirə bilərdi. Bu zəfəri “qarabağlılar torpaqlarına niyə qayıtmır” kimi mənasız replikalarla ucuzlaşdırmaq istəyənlər şəhidlərimizdən utanmalıdırlar. O torpaqlara Azərbaycan xalqı qayıdıb, bunu görməmək üçün ancaq kor olmaq lazımdır.

“Ağdamlılar torpaqlarına qayıtsaydılar...” deyənlər o vaxt da vardı, hələ də var. Ağdamın vaxtilə “ağların şəhəri” olduğunu bilməyənlərdir bəzisi. İşğaldan sonra ilk dəfə Ağdamı görəndə “bu xarabalığa baxmaq kifayətdir ki, DTX-nın zirzəmisindəki separatçıları məhkəməsiz ömürlük həbs verəsən” yazmışdım... 

Screenshot_4.png (470 KB)

“Şuşaya qayıdasınız” soruşanlar da çoxdur. Niyyətləri pis deyil, amma soruşmaq tonu xoş deyil. Deyilənə görə, bu yaxınlarda Qarabağ camaatına xitabən “torpaqlarınız alındı, niyə qayıtmırsız” soruşub birisi. Bir az da gülməli əhvalatdır. Çünki deyilənə görə, bu kinayəli soruşan özü statusuna görə bizim kimi keçmiş məcburi köçkün yox, qaçqındır...

Vallah, səmimi narahat olanları başa düşmək olar. Amma paytaxt Bakını sıx edən, bahalı maşınları ilə probka yaradanların qarabağlılar olduğunu kim deyib, harada var belə statistika? İşğaldan azad yurdlara qayıdış tezləşməlidir, amma dövlət baba o yurdları “sehirli çubuğu” ilə birdən-birə tikə də bilməz. Yeni şəhərlər salınır, hər şəhərimiz yenidən, həm də sökülüb yenidən tikilir. Üstəlik, bu ölkədə təkcə işğaldan azad zonalara deyil, heç vaxt işğal olunmayan rayonlara qayıtmaq dərdi də var axı. Bunu hamımız bilirik. Ata-babalarının evinin qapısına qıfıl vurub müharibənin “iyi”nin belə dəymədiyi yurdları tərk edənləri qınamaq olarmı? 

Screenshot_2.png (588 KB)

Ölkəmiz tarixi zəfər qazanıb. Sözə sığmayan zəfər. Ona görə Qələbəni regionlaşdırmayaq. Qarabağ elatının öz torpaqlarını tezliklə əkib-becərəcəklərini, qurub-yaradacaqlarını görəcəyik. Hamımız da baxıb sevinəcəyik.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR