İnsanlara hürriyət, millətlərə istiqlal!

Dil pəhləvanı və əlindəki nüvə raketi

 

Adamın danışığına qulaq asır, hərəkətlərinə baxırsan və heç cür inanmaq olmur ki, o, hələ 15 il bundan qabaq Rusiya boyda federativ ölkənin, nüvə dövlətinin prezidenti, ali baş komandanı olub.

Düzdür, Dmitri Medvedyevin prezidentliyi də bir şey olmayıb, baş nazir Putinin əlinin altında işləyib, amma avtobioqrafiyasında bu cür yazılır: “2008-2012-ci illərdə Rusiya Federasiyasının Prezidenti olub”. Gələcəkdə tarix kitablarında da belə yazılacaq, nəvə-nəticələri də fəxr edəcək, babamız Rusiyaya rəhbərlik edib.

Onun indiki danışığına qulaq asanda isə əmin olursan ki, o, ən uzağı, telekanallarda tok-şou aparacaq bir adamdır, bundan artıq bir şey deyil. Bəlkə də o halda Solovyovun, Simonyanın kölgəsində qalardı.

Prezidentliyi o tərəfə dursun, adam uzun illər Prezident Administrasiyasının rəhbəri, baş nazir kimi vəzifələrdə işləyib, indi də RF-nin Təhlükəsizlik Şurasının sədr müavinidir.

med-2.JPG (48 KB)

Bəzi müşahidəçilər deyirlər ki, onun indisinə baxmayın, 2008-2010-cu ildə ağıllı-başlı adam idi, yaxşı çıxışlar edirdi, özünü yaxşı aparırdı, ona nə oldusa, 2009-cu ilin iyul ayının 9-da oldu. O vaxt G-8 ölkələrinin İtaliyanın Akvil şəhərində keçirilən sammitində Silvio Berluskoni və Nikola Sarkozi onu içirdib küt ediblər, ya da, türkün sözü, kötü günə qoyublar, sonra da qoluna girib apararaq şəklini çəkdirib dünya mediasına ötürüb. Bəlkə də onlar qəsdən etməmişdilər, amma iki qoca qurdun 44 yaşlı Medvedyevi o hala salması dünyada gülüş, Rusiyada qəzəb doğurmuşdu. Odu-budu, adam ciddi ola bilmir. Adı çıxıb, hamı elə bilir ki, o, gecə-gündüz araq qurtumlayır, amma ola bilər ki, elə deyil, o, bir səhər, bir də axşam içir, bir də, rus demişkən, obeddə.

O gün yenə əyninə zabitəli göy kostyumunu geyib durmuşdu böyük ekranın qarşısında, arxasında da Avrasiya materikinin yarıdan çoxunu tutan azman Rusiyanın daha da böyüdülmüş xəritəsi vardı. Allah qoymasa, nəsə bir maarifləndirici marafona qatılmışdı, auditoriyalardakılara deyirdi ki, bu ekranda gördükləri yerlərin hamısı Rusiyaya məxsusdur. “Bizim heç kəsin torpağında gözümüz yoxdur, amma özümüzünkünü də heç kəsə vermərik” deyirdi Anatolyeviç.

2024-03-04_13-58-59.jpg (33 KB)

Neçə illərdir “heç kəsin torpağında gözümüz yoxdur” deyə-deyə bir ucu Monqolustan, bir tərəfi Vyetnam, Əfqanıstan, Polşa, əlləri çatan hər yeri qamarlayıb almışdılar, gedib Nikaraquaya, Kubaya da çıxmışdılar. Hələ də yüzlərlə milləti əsir-yesir ediblər, amma heç kəsin torpağında da gözləri yoxdur.

“Öz torpaqlarımızı dövlətimizə qaytarmalıyıq” deyir, Ukraynanı xəritədən silmək istəyirlər. Yaxşı, hər dövlət öz torpağını özünə qaytarmalıdırsa, o zaman çıxın Klininqraddan, qaytarın Almaniyaya, təzədən Köniqsberq olsun.

Eləcə də Kuril adalarını öz əzəli sahiblərinə, yaponlara qaytarmaq lazımdır. Dünyada hamı bilir ki, Şikotan adası Yaponiyaya məxsus olub. Əslində yaponlar hələ də o adaların davasını edirlər, amma istəmirlər ki, qan tökülsün, deyirlər, xoşluqla olsun.

Medvedyevgil isə xoşluq-moşluq bilmirlər, raketlərini, tüfənglərini götürüb deyirlər, verməlisiniz, vəssalam.

Yəni bunlar hesab edirlər ki, nə vaxtsa harasa rus əsgərinin ayağı dəyibsə, oralar Rusiyanındır, amma heç kəs onlarda olan ərazilərini geri istəyə bilməz, haranı tutublarsa, onlarındır.

Qayıdaq hər gün Qərbi asıb-kəsən, Şərqi qorxudan, Cənubu narahat edən təhlükəli şuranın sədr müavininin yanına. Ukrayna müharibəsi başlayandan ta bu günə qədər onun açıqlamalarını yığıb cildləsən, ona başqa ittihamnamə lazım deyil, onu beynəlxalq məhkəmədə bunun üzünə oxumaqla, adamı ömürlük içəri basmaq olar – antibəşəri cinayətlərə çağırış etdiyinə görə. Heç Göbbels bu qədər “vuracağıq, qıracağıq” deməyib. Bu deyir. Özü də hər gün.

Əvvəllər Avropada onun bu cür danışıqlarından qorxurdular, sonra gördülər ki, eləcə, dil pəhləvanıdır. Hətta bir dəfə Medvedyev nüvə başlıqlı raketlərdən çox danışanda NATO generallarından biri sözgəlişi demişdi ki, o şoqəribdən bizdə də çoxdur. Ondan sonra eks-prezident bir az yavaşladı.

Neçə gündür, yenidən qızışıb. Dünyanən yekə dövlətləri ona və onun kimilərə baxır, baxır, fikirləşirlər ki, qurban olasanız o əlinizdəki ballistik raketlərə, yoxsa biz bilərdik sizi nə edərdik.

Gün o gün olsun ki, qurtarsın dava, belələrini də qulaqlayıb oturtsunlar müttəhimlər qəfəsində, desinlər, yüz minlərlə gəncin ömrünü puç etdiniz, di cavab verin.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

20 Noyabr 2024

18 Noyabr 2024

16 Noyabr 2024

14 Noyabr 2024

10 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

04 Noyabr 2024

02 Noyabr 2024

31 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

17 Oktyabr 2024

14 Oktyabr 2024

12 Oktyabr 2024

09 Oktyabr 2024

07 Oktyabr 2024

05 Oktyabr 2024

03 Oktyabr 2024

01 Oktyabr 2024

29 Sentyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

23 Sentyabr 2024

21 Sentyabr 2024

19 Sentyabr 2024