İnsanlara hürriyət, millətlərə istiqlal!

Çərşənbə tonqalında yanan uşaqlara görə kimdir günahkar?

 

Baharın müjdəçisi olan İlaxır çərşənbələrin üçüncüsü də geridə qaldı. Hər birimizə xoş əhval bəxş edən adət-ənənələrimizi yaşatmaq çox gözəldir. Xüsusən də tonqallarımızın işğaldan azad edilmiş Xocalıda, Xankəndidə, digər yurd yerlərimizdə on illərdən sonra yenidən çatılması ürəyimizi riqqətə gətirir. Bunlar öz yerində...

Zaman dəyişir, internet əsri, daha nələr...Amma zaman nə qədər yerində sayıb ki? Əgər milli adət-ənənələrimiz min illərin o tayından 21-ci əsrədək sağ-salamat, ən azı yarımcan halda da olsa, gəlib çıxısıbsa, demək gen yaddaşımıza yazılmış bu gözəlliklər bundan sonra da yaşayacaq, var olacaq, millətimiz, dövlətimiz var olduqca. Amma gərək bizim olanın üzərindəki tozu silib, onun təzə-tər qalması, öz təravətini qoruyub-saxlaması üçün gərəkənləri edək, yüz illər keçsə də...Bu mənada ölkəmizdə fəaliyyət göstərən aidiyyəti qurumların, alimlərin, folklorşünasların, ədəbiyyat, mədəniyyət, incəsənət xadimlərinin, təbii ki, həm də medianın üzərinə düşənlər var. Yeri gəlmişkən, dünən youtube-dən vaxtaşırı izlədiyim məşhur “Bulaq” verilişinin linkini yaşlı bir əzizimizə çərşənbə sovqatı kimi yolladım. Rəhmətliklər Məhluqə Sadıqova, Səməndər Rzayev, İlham Əsgərov və digər əvəzolunmazların səsini...Bir müddət sonra zəng edərək kövrək halda təşəkkür etdi, dedi ki, bu səslər məni haralara apardı, yeniyetməliyimə qaytardı...Həmin anda yerli telekanallarımızı bir-bir vərəqlədim, “Bulaq”ın “şırıltısı”ndan əsər-əlamət görmədim, bir çoxunda dik-diringi musiqilər, qalanında ər-arvad, gəlin-qaynana “döyüşləri”. “Bulağ”ın “hə, əzizlərim” xitabına tamarzı qalmışıq...Heç olmasa milli bayramlarımız, çərşənbələrimiz, “Novruz”umuz ərəfəsində bu sayaq yüksək keyfiyyətli, on illər sonra da barəsində danışılacaq səslər, verilişləri təqdim etmək olmazmı? Necə olur ki, həftəlik bir radio verilişi qədər də olmur bu qədər TV və radiolar? Rəhmətlik Mövlud Süleymanovun “Bulağ”ına uduzurlar! TV-lərdə sərin suyumuza zəhər qatan, ovqatımızı təlx edən, ailə institutunu sarsıdan verilişlərin müəllifləri “at oynadır”, onlar həm də “Bulaq”ın ənənələrini sarsıdırlar...Bu barədə ciddi düşünmək lazımdır! Guya ki, reytinq qazandırırlar kanallara, pul gətirirlər. Adamların zövqünü korlamaq hesabına, hətta qızın öz atasını öldürməsinə bais olmaqla (!) qazanılan pul olmaz olsun!  

crop_349f41efc72a6c1985a1d083fca0e7fd.jpg (98 KB)

İndi keçək çərşənbə ovqatımızı korlayan digər məsələyə...Çərşənbənin əsas atributlarından biri sayılan tonqal çatmaq bəzi hallarda faciəli nəticələrə gətirib çıxarır. Düzdür, qonşu İrandan fərqli olaraq, hələ bizdə ölüm-itim yoxdur, şükürlər olsun. Məsələn, cənub qonşumuzda ötən ilaxır çərşənbələri ilə əlaqədar baş verən hadisələr nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb, 4 360 nəfər xəsarət alıb. Təkcə paytaxt Tehranda gün ərzində yanğın təhlükəsi ilə bağlı 1,8 min çağırış daxil olub, 2 paytaxt sakini ölüb. Vətəndaşlar əsasən tonqal üstündən tullanmaq və pirotexniki vasitələrdən düzgün istifadə edilməməsi səbəbindən yanıq xəsarətləri alıblar.

Azərbaycanda isə...Martın 12-sində, Yel çərşənbəsində  Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonundan tonqalda xəsarət alma ilə bağlı 2 müraciət daxil olub. Xəsarət alan 4 yaşlı oğlan hər iki qolun termiki yanığı, 17 yaşlı yeniyetmə oğlan isə hər iki əlin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Paytaxtın Yasamal rayonunda yerləşən məhəllələrdən birində isə iki oğlan tonqalın üstündən tullananda toqquşub və hər ikisi ocağa düşüb. Bundan əvvəlki çərşənbədə də Xətai rayonunda 8 yaşlı oğlan uşağı tonqala yıxılaraq bud sümüyünü sındırmışdı və yanıq xəsarətləri almışdı. Martın 5-də isə Bakıda və Sabirabad rayonu ərazisində ümumilikdə 3 nəfər Od çərşənbəsi ilə əlaqədar qalanan tonqala yıxılaraq xəsarət almışdı. Hələ bunlar ictimailəşdirilən hadisələrdir. Adamların bayramı da, çərşənbəsi də, ovqatı da zəhərə dönür.

Kimdir günahkar? Uşaqlarmı? Uşaq bilsə də, od-alova düşəcək, belə ehtiyatsız davranarmı? Demək, məsuliyyəti birbaşa onların üzərinə qoymağımız mənasızdır. Daha burada da məsuliyyəti müəllimlərin üzərinə yıxmayacağıq ki...Uşaqların valideynləri burada birmənalı şəkildə məsuliyyət daşıyır. Valideyn məsuliyyətsizliyi hər addımda göz çıxarır. Baxırsan ki, uşaq anasının yanında uşaq parkındakı oyun aparatlarının “anasını ağladır”, valideyn tum çırtlayıb, yerə səpir, heç nə eyninə deyil. Uşağa irad tutursan ki, ay oğul, belə etmə, sındırma, bunları sizinçün qurublar axı...Anası o tərəfdən uşağına qahmar çıxıb, çımxırır ki, “bura heç kəsin dədəsinin deyil!”

Yaxud elə bayram tonqalının ətrafına onlarla valideynlər toplaşır, uşaqları da məhz onların gözləri qarşısında ocağın üstündən o tərəfə, bu tərəfə tullanırlar. Bəzən bir-birinə çırpılırlar da, valideyn məhəl qoymur, sanki gözləyir ki, ocağa düşüb, bişməcə olsunlar...Gözlərimin şahidiyəm. Biganəlik adamı havalandırır. Özü də bu uşaqların əksəriyyəti azyaşlılar olur. Yaxud da 5-9-cu siniflərdə təhsil alanlar. Yəni bunları başa salmaq lazımdır, davranış qaydalarını, tonqaldan tullanmağı, təhlükəsizlik qaydalarına əməl etməyi. Amma müəyyən təsirli addımlar atılmasa, çətin ki, vəziyyət düzələ. Bu gedişlə hər il uşaqların tonqalda yanması xəbərini oxumalı olacağıq.

Bəs, nə etməli? Bəlkə qanunsuz tonqal çatanlarla bağlı cərimələrmi nəzərdə tutulmalıdır? Amma yox, cəriməyə qədər görüləsi işlər var, məncə. Məsələn, dünən qardaş Türkiyənin İğdır vilayətində çəkilmiş kadrlara baxdım. Bayram tonqalı çatılıb, musiqi sədaları altında bələdiyyə sədri və onlarla şəhər sakini yallı gedir. Əhval-ruhiyyə yüksək, bayram ovqatı, hamı can deyir, can eşidir. Uşaqlar da şənlənir, böyüklər də. Nə pərakəndə şəkildə hardansa tullanan var, nə toqquşan, nə də...Səbəbi? Heç şübhəsiz ki, təşkilatçılıq səviyyəsi! Bələdiyyə institutu işləyir! Bizdə də bələdiyyənin adı var və bu il növbəti dəfə bu quruma seçkilər keçiriləcək. Amma bizdə bələdiyyə üzvlərinin adını seçkidən-seçkiyə görürük, oxuyuruq. Niyə bələdiyyələr heç olmasa ilaxır çərşənbələr günü xalqın arasında çıxmasınlar? Olmazmı bələdiyyələr məhəllələrdə tonqalların çatılması üçün yerlər müəyyən etsinlər, təhlükəsizlik qaydaları barədə elanlar yerləşdirsinlər, izahedici işlər aparsınlar və imkan dairəsində çərşənbə axşamları xalqın mədəni istirahəti üçün bir yeniliklərə imza atsınlar? Çoxmu çətindir? Milli musiqilər səsləndirilsin, uşaqlar bilsinlər tonqalın mənası nədir? Viktorinalar keçirilsin, yumurtalar döyüşdürülsün, tonqal üstündən tullanmağın qaydaları belə izah olunsun? Axı, ilaxır çərşənbələr təkcə ocaq çatıb üstündən tullanmaq demək deyil, bunun fəlsəfəsi, tarixi, folkloru, daha nələri var. Demirəm e iclas təşkil olunsun, sadəcə uşaqdan-yeniyetməyə, həmçinin böyüklərə ünvanlı bəzi mətləblər çatdırıla, bayramın mənası izah edilə, həm də əsrlərdən keçib gəlmiş Novruzumuzun sambalı artırıla bilər. Unutmayaq, rəhmətlik Şıxəli Qurbanova qədər yerli televiziya və radioda Novruz adını çəkmək belə yasaq olub! Novruz repressiya qurbanıdır, ona da, İlaxır çərşənbələrə də milli sərvətimiz kimi yanaşmalıyıq.

dccdc.jpg (151 KB)

Başqa bir detal: hər çərşənbə tonqalı qurulanda baxırsan ki, qapı, pəncərə, mebel hissələri, daha nələr daşınır hardansa...Düzdür, bəzən bunlar atılmış olur. Amma bəzən də uşaqlar həvəslə haranısa söküb daşıyırlar, hətta kiminsə yarımçıq tikilisindən salamat taxta materiallarını gətirib ocağa atırlar. Onları uşaq sadəlövhlüyü ilə ancaq ocaq çatmaq düşündürür təbii ki. Amma bu gün kiminsə qapı-pəncərəsini ocağa atan uşaq nə vaxtsa “atdığı” qapı-pəncərədən keçib, başqa nələrsə çırpışdırmaq xəyalına düşə bilər. Yəni şüuraltı uşaqlarda kriminala meyl yaranır çərşənbə şousunda...Bu günlərdə bir dostumuz dedi ki, ocaqda yandırmağa taxta gətirən övladını tənbeh eləyib, icazəsiz kiminsə şəxsi əmlakını yarımçıq tikilidən götürdüyü üçün. Uşaq da səhvini dərk edib, peşmanlayıb. Halal olsun belə valideynə! Amma belələri neçə nəfərdir?  

Bu mənada bayram tədbirləri haqqında bəlkə də qaydaların işlənilməsinə ehtiyac var. Həm də Novruz təmizlik bayramıdır! Amma ilaxır çərşənbələrdə paytaxtda ocaq çatılan yerlərdə qalaqlanmış zibilləri səhər MİS süpürgəçiləri deyinə-deyinə süpürür, yığışdırır. Bu, sadəcə ayıbdır. Birisi hoppanacaq deyə, digəri zülüm çəkməlidir? Yaxud kim təminat verir ki, Yel çərşənbəsinin tonqalından hamı dağılışandan sonra harasa qığılcım düşməcəyək?

Xatırlayıram, hər Novruz ərəfəsində ev-eşiklər təmizlənər, təzə geyimlər geyinər, həyət-bacaya əl gəzdirilərdi biz uşaq olanda. Ocaq çatmaq üçün də xüsusi yerlər var idi ki, birdən kiminsə ot tayası, ya tövləsi alışar. Bakı ölkəmizin paytaxtıdır, hər yerdə ocaq çatmaq olmaz, avtomobillər var, qəfil qığılcım düşər, partlayış olar, fəlakət olar, ya başqa hadisə...Odur ki, ocaq çatmaq üçün yerlərin müəyyən edilməsi mütləqdir.  

Düzdür, rəsmi qurumlar xəbərdarlıqlar edir. Məsələn, Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev demişdi ki, açıq oddan istifadə təhlükəlidir: “Nazirliyin əməkdaşları tərəfindən mütəmadi olaraq bu sahədə maarifləndirmə tədbirləri həyata keçirilir. Çalışmaq lazımdır ki, tonqal elektrik xətlərindən, qaz kəmərlərindən, ağaclardan, nəqliyyat vasitələrindən, bina və qurğulardan və digər yanar materiallardan kənarda yandırılsın. Tonqalın ətrafına yığışan zaman azyaşlı uşaqlar nəzarətsiz qalmamalıdır, tonqalın üzərindən atlanarkən geyimlərin yanmaması, xəsarət almaması üçün ehtiyatlı olmaq lazımdı. Tədbir bitdikdən sonra tonqalın sönməsi nəzarətdə saxlanılmalıdır. Açıq oddan, həmçinin bayram xonçasının bəzədilməsi zamanı istifadə edilir. Nəzarət edilməlidir ki, şamlar şamdanlara kip yerləşdirilsin və yandırıldığı zaman nəzarətdə saxlanılsın”. 

Amma bütün bunlar kifayət edirmi? Etsəydi, son hadisələr baş verməzdi. Bəlkə də məsuliyyət nəzərdə tutulmalıdır. Valideyn məsuliyyətindən tutmuş bələdiyyə məsuliyyətinə qədər. Kəsəsi, düzlənməliyik, bayramlarımızda da. Yaşadığımız yerlərin təmizliyi də, təhlükəsizliyi də, öz təhlükəsizliyimiz qədər müqəddəs vəzifələrimizdən olmalıdır! Yoxsa “azarım, bezarım odda yanğın”, deyib, ocağa düşən uşaqların ah-vay xəbərləri bitməyəcək…

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

21 Noyabr 2024

19 Noyabr 2024

18 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

09 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

04 Noyabr 2024

01 Noyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

21 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

13 Oktyabr 2024

10 Oktyabr 2024

06 Oktyabr 2024

04 Oktyabr 2024

02 Oktyabr 2024

27 Sentyabr 2024

26 Sentyabr 2024

24 Sentyabr 2024

22 Sentyabr 2024

20 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024