Onlayn ictimai-siyasi qəzet
İndiki cavanlar yəqin ki, bu adəti lap köhnə vaxtların cavanlarından əxz ediblər. 30-40 il əvvəl də maşını olan gənclər avtomobillərinə maqnitofon qoydurar, 3-4 kaset alar, sonra özləri demişkən, “polnu xod” verib kənd-kəsəkdə, şəhərlərdə lotuluq edərdilər.
Ondan 15 il qabaq, avtomobillərin qıt vaxtında gənclərin küçəyə, parka iri maqnitofonla, gitara ilə çıxdıqları da olub. Məsələn, xatirinizdədirsə, “Uşaqlığın son gecəsi” filmində (1968) sevgilisi ilə gəzən Murada stadionda ilişən gənclər gitara ilə gəzirdilər.
Maşallah, indiki cavanlar gitara ilə gəzmirlər, amma maşınlarının pleyerində, türkün sözü, “müzik-son səs” təşkil edirlər. Bir də görürsən, bir avtomobil ya musiqili meyxana, ya da yanıqlı, ağlamsınan səslə ritmik mərsiyə janrında nalə çəkən birinin hitini oxuda-oxuda yanından şütüyüb keçir, maşın gözdən itir, amma “musiqi”nin sədası hələ də gəlir.
O gün, lap dəqiqi, Avstriya milli yığması ilə Azərbaycan yığma-yığışdırma komandasının oynadığı axşam Diaspora komitəsinin qabağından keçən küçə ilə Xalçaçılıq muzeyi tərəfə enəndə işıqforun qırmızı işığında solumda orta lükslükdə bir maşın dayandı. Avtomobildən gələn fəryad səsi məni və 100 metr radiusda olan digər yol-hərəkət iştirakçılarını vadar etdi ki, dönüb həmin maşına baxsınlar. Baxdım, gördüm, 21-22 yaşında bir saqqallı gəncdir, sükan arxasında oturub və guya ki, musiqidən zövq alır. Pleyerin dinamiklərindən çıxan səs az qalırdı ki, maşının şüşələrini sındırsın, amma gədənin vecinə deyildi. Bu arada səki ilə bulvara tərəf gedən 5-6 əcnəbi (böyük ehtimalla futbola baxmağa gəlmiş avstriyalılar idi) bir-birinə həmin gəncin maşınını göstərib gülüşdülər. Rişxənd etdikləri göz-görəti idi.
Böyük ehtimalla onlar bir adamın bu gurluqda musiqiyə qulaq asmasının məntiqi izahını tapa bilmirdilər və məsələyə sırf tibbi baxımdan yanaşırdılar ki, axı bu, səs bombasıdır, qulaqları batıra, beyini xarab edə bilər. Normal adam niyə belə etsin?
Əlbəttə, onlar belə şeyləri bilmirlər. Ola bilər, avstriyalıların ata-babası da cavanlıqda belə lotuluqlar ediblər, amma gənc avstriyalılar dəqiq belə etmirlər, adət-ənənələrə xilaf çıxıblar.
Onlar anlamazlar ki, belə edərkən bizdə məqsəd musiqiyə qulaq asmaq deyil, başlıca qayə odur ki, ətrafdakılar bu musiqinin səsini eşidərək, dönüb görsünlər, belədə bir “bomba oğlan” var. Düzdür, bu halda adamın musiqi zövqü və qanacaq-qabiliyyəti barədə də avtomatik olaraq birmənalı rəy yaranacaq, amma bu, “bomba oğlan”ların vecinə deyil. Onlar üçün, özləri demişkən, çöl də bayır kimidir.
Belə oğlanlar təkcə musiqiyə (yəni musiqi adlandırdıqları şeyə) bərkdən qulaq asmırlar, həm də maşınlarını yüksək şövqlə və sürətlə sürürlər – məsələn, 60-lıq yolda 90-100 və daha çox. Yavaş sürəndə ləzzət eləmir. Yollarda vurulan piyadaların 95 faizini onlar əzib-keçir. Yazıq piyada bir də görür ki, bir avtomobil ley kimi şığıyır, bilmir irəli getsin, ya geri qayıtsın, qərara gəlir ki, düz ortada dayansın. “Bomba oğlan” da karıxır, bilmir adamın sağından keçsin, yoxsa solundan sovuşsun, axırda penaltinin qapının ortasına vuran futbolçular kimi qəti rəyə gəlir ki, ortadan keçsin. Tormoz söhbəti yoxdur. Nəticədə hadisə yerinə təcili yardım briqadası gəlir. Əgər “bomba oğlan” sürüb qaçmayıbsa, başını əllərinin arasında tutub səkidə oturmuş olur, “Fiat Dobla” ilə gələn polislər də onu aparırlar. Amma belələrinin əksəri hadisə yerindən qaçır, sonradan bəhanələri də bu olur ki, ölənin (və ya yaralının) qohumları tərəfindən döyüləcəklərindən qorxublar.
Bunu düz edirlər, belələrini doğrudan da çox pis döyürlər, eşşək sudan gəlincəyə qədər döyülənlər, təpik alıtına salınanlar, vurduqları adamın qonşulundakı palataya düşənlər olur.
Bir ara saytlarda xəbər vardı ki, avtomobildə gur səslə musiqiyə qulaq asan “bomba oğlan”lar cərimələnəcəklər. Amma hələ ki bunun statistikası yoxdur. Avtoxuliqanların da sayı artıb. Əl dəyməyən kimi çoxalırlar qırışmallar.
Əslində, onlara gur musiqiyə görə cəza tətbiq etməsələr, yaxşıdır. Mağıl, 100 metr o tərəfdən eşidir, bilirik ki, bu gələn “bomba oğlan”dır, qabaqlarından qaçırıq, başımız salamat qalır.
Amma yaxşı olar ki, avtoxuliqanlar, o potensial qatillər sürücülük vəsiqəsindən birdəfəlik məhrum edilsinlər, hətta maşınla adam vurub öldürəndə onlara qəsdən adamöldürmə maddəsi ilə ağır cəza kəsilsin. Onların bıçaqla adam vuranlardan elə bir fərqi yoxdur.
09 Aprel 2025
07 Aprel 2025
05 Aprel 2025
03 Aprel 2025
01 Aprel 2025
29 Mart 2025
27 Mart 2025
26 Mart 2025
24 Mart 2025
23 Mart 2025
21 Mart 2025
20 Mart 2025
18 Mart 2025
15 Mart 2025
13 Mart 2025
11 Mart 2025
09 Mart 2025
08 Mart 2025
06 Mart 2025
05 Mart 2025
03 Mart 2025
02 Mart 2025
28 Fevral 2025
27 Fevral 2025
25 Fevral 2025
22 Fevral 2025
20 Fevral 2025
18 Fevral 2025
16 Fevral 2025
14 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ