Onlayn ictimai-siyasi qəzet
“Əgər mən vəhşi at rəsmi çəkirəmsə, ola bilsin siz orada at görməyəcəksiniz. Amma vəhşiliyi mütləq görəcəksiniz!”
(Pikasso)
Çində çikunqinya virusu yayılıbdır. Deyir artıq 10 mindən çox adamda bunun qızdırması aşkar edilmişdir. Məncə, Operativ Qərargah növbəti dəfə karantin müddətini artıranda daha koronavirusa istinad eləməsin, çikunqinya da pis deyil. Hətta adı daha qorxunc səslənir. Təxminən sovet dövrü “Sehrli xalat” filmimizdəki “çitraxuda, çitraxuda, işvara” sehrli sözləri kimi bir şeydir. Yayılma forması ağcaqanadlar vasitəsilə imiş, malyariya xəstəliyinə oxşayır, bu da düşünməyimizə əsas verir, çünki Bakıda və Abşeron yarımadasında ağcaqanad əlindən tərpənmək çətindir. Hər yerdə vızıldaşırlar.
Çikunqinya yazdım, yadıma rəhmətlik “Çeşmə” satirik qəzetindən Ayaz Mütəllibovun prezidentliyi dönəminə aid yazı düşdü. Deyir, Ayaz müəllim qərara gəlir ki, əhali arasında politologiyaya meylli şəxsləri aşkara çıxarmaq, tədbir görmək, cəzalandırmaq lazımdır, bu haqda rayonlara göstəriş verilir. Yevlağın milis rəisi ilk dəfə bu sözü eşitdiyi üçün mənası nədir, bilmir, amma hər ehtimala qarşı rayondakı bir aşığı tutub şöbəyə gətizdirir. Dindirmə zamanı aşığa deyir: “Eşitmişəm sən bolitgelya ilə məşğulsan”. Aşıq and-aman eləyir: “Rəis, başına dönüm, mənim elə işlərlə aram yoxdur, öz arvad-uşağım var”.
Bəli. Ana dilimizin qorunması uğrunda tədbirlər yüksək səviyyədə davam etdirilir. Vətəni sevməyənlərə ən gözlənilməz, qurşaqdan aşağı zərbə futbol idarəsindən gəlmişdir. Vallah, AFFA-ya halal olsun. Deyir bir komandada (adı yadımdan çıxıb) oyunçunun adını köynəyə dilimizdə olmayan hərfdən istifadə edərək yazıbmışlar. Buna görə komanda 1500 manat cərimə olunmuşdur. 1 hərfə görə 1500 manat!
Mən araşdırdım, sən demə, həmin yoldaşın adı Olavuale imiş və oradakı “vu” hissəsini adamın doğulduğu Nigeriyadakı rəsmi dövlət dilində - dablyu hərfindən istifadə etməklə yazıbmışlar. (Bilirəm, indi bəzi şuluq oxucular istəyir mən həmin dablyu-nu necə varsa elə yazım, dil idarəsi də tutub məni cərimə eləsin. Yeməzlər). Bəli, Tramp demişkən, bəzən afrikalılar ingiliscə çox təmiz danışırlar, məlum olmur harada öyrəniblər.
Əgər başqa dövlət idarələrimizdə AFFA-nın milli qeyrətinin top boyda hissəsi, hətta daha kəskin yazsam, futbol meydanındakı otun bir qırpımı qədəri olsa ana dilimizin vəziyyəti əla olardı, hətta yalan olmasın, bəlkə BMT-nin rəsmi dili statusunu qazanmışdı. Bakının mərkəzində dükan-bazar, kafe-restoran menyularına, lövhələrinə baxanda bilmirsən hansı ölkədəsən. O cümlədən bəzi yoldaşlar hələ də yazışmalarda “ş”, “ç” kimi milli hərflərimizin yerinə əcaib formalar istifadə edirlər.
Söz açılmışkən, rus sektorunda “Azərbaycan tarixi” dərslərinin ana dilimizdə keçilməsi göstərişi çox yaxşı oldu. Biz uşaq olanda sovet dövləti “Buz döyüşü”, Aleksandr Nevski, nə bilim, Novqorod knyazı İvanuşka, Moskvada oturan Yekaterinuşka haqda cürbəcür mənasız, uydurma əhvalatları beynimizə zorla dürtərdi. Əvəzində özümüzün, dünyanın tarixindən bixəbər qalardıq. İndi həmin siyasətin qisasını milli manqurtlarımızdan almaq ləzzət edir. Necə deyərlər, qisas soyuq yeyiləndə dadlı aşdır. Fürsətdən istifadə edərək Azərbaycandilli bölmənin dərsliklərini də ana dilimizdə yazsalar çox yaxşı olar.
Yazılışa, danışığa fikir vermək vacibdir. Bu, vətənpərvərliyin vacib tərkib hissəsidir. Bizim cibimizə gir, amma dilimizə, vətənimizə hörmətlə yanaş. Məsələn, təzəlikcə Qubada bir kəndin icra nümayəndəsinin müavinini iti qovan kimi işdən qovdular. Çünki başqa kənd haqda internetdə “ordan düz adam görməmişəm” yazmışdı.
Rüşvəti də mənəviyyatla almaq lazımdır.
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ