İnsanlara hürriyət, millətlərə istiqlal!

Biləsuvar yolunda uçan maşınlar

 

Deyirlər, Kosta-Rikada içkili halda avtomobil sürməyə icazə var, sərxoş sürücüləri tutub cərimələmirlər. Onlar da Kosta-Rikanın şərab-likör sənayesinin istehsal etdiyi meylərdən, tekila-mekilalardan içir, sükan arxasına oturur, sürüb gedirlər. Bəxtləri gərirsə, mənzil başına salamat çatırlar, gətirməsə, bir-biri ilə toqquşub ölürlər.

Ən qəribəsi odur ki, Kosta-Rikada baş verən yol-nəqliyyat hadisələrinin statistikası ilə sürücülər üçün içkini yasaqlayan ölkələrin uyğun statistikası arasında elə bir ciddi fərq yoxdur. Məsələn, dərindən araşdırsaq, məlum olar ki, bizdə yol qəzalarında daha çox adam ölür, nəinki Kosta-Rikada.

Bəs onlar niyə belə edirlər, nədən içkini yasaqlamırlar? Güman ki, Kosta-Rika hökuməti camaatın canındakını bilir, əmindir ki, içkini yasaqlasalar da, yasaqlamasalar da, Pedro, Uqo, Rodriqo onsuz da sükan arxasında içib oturacaqlar.

Ona qalsa, bizdə də yollarda sürət həddi deyilən bir şey var, amma baxaq, görək, ona nə qədər sürücü riayət edir. Əlimi istənilən müqəddəs kitaba basıb and içərəm ki, hər yüz sürücüdən 95-i sürət həddini aşır. O yerdə qalan 5 sürücüdən ikisi qadındır, 2-si maşını yeni alan naşı sürücüdür, yalnız biri məsuliyyətli, qanunsevər sürücüdür.

Təcrübədən çıxış edirəm, Hər gün Bibiheybət məscidindən “Azneft” dairəsinə qədər uzanan 60-lıq yolda 90-100 km\saat sürətlə şütüyən minlərlə avtomobilin performansını nəzərə alıram.

Daha dəhşətli vəziyyət rayonlararası yollarda, sürətli avtobanlardadır.

Dünən rayona gedəndə fikir verdim, yola çıxmış sürücülər maşınlarını arxalarınca yağı düşmən gəlirmiş kimi sürürdülər. Əslində onlara sürücü də demək olmaz, adamlar pilotdur. Formula 1 pilotu Alonso qələt edər, adi maşınla onlarla ötüşə bilər.

Təsəvvür edin, 110-luq yoldur, sən də 115-119-la sürüb gedirsən, birdən böyründən bir ağvvə ya qara maşın “vıyyy” edərək keçir və 3-4 saniyəyə gözdən itir. Ondan bilirsən ki, bunun sürəti aşağısı 160, yuxarısı 180+-dur. Əgər o maşın bir az qabaqda qəza törədib aradan çıxsa və müstəntiqlər səni şahid kimi sorğu-suala tutsalar, dəqiq cavab verə bilməzsən, eləcə deyərsən ki, vallah, bir ağ maşın idi, iki saniyədə gözdən itdi. “Markası nəydi?” “Seçə bilmədim”. “Nömrəsi necəydi?” “Güllə kimi getdi, görmədim”. “Cip idi, yoxsa sedan?” “İri maşın idi, xetçbek də ola bilərdi”. Vəssalam.

Hərçənd təkcə iri maşınlar elə getmir, Salyan istiqamətində bir “Prius” elə sürətlə şütüyüb getdi ki, sovet dövründə pambıq tarlasına dərman səpən “kukuruznik”lər o sürəti yığanda havaya qalxırdılar. Qanadı olsa, “Prius” da qalxardı.

Biləsuvar-Bəhramtəpə yolunda isə şütüyən maşınların vurub öldürdüyü 3 it cəsədi gördüm – bir-birindən 3-4 kilometr aralıda magistralın ortasında sərilib qalmışdılar. Şüuru, İQ-i o qədər də yüksək olmayan yazıq heyvanlar şüurlu insanın sürdüyü maşının sürətini hesablaya bilmirlər və 7-8 metr yolu qarşı tərəfə keçənə qədər uçan avtomobil onları haqlayır. İQ-i itinkindən bir az yüksək olan sürücü isə sahibsiz canlını vurur və vicdan əzabı çəkmədən sürüb aradan çxır.

Sahibsiz it olanda nə olar, sən Avstraliyada belə edə bilərsənmi, vicdansız? Axtarar, tapar, tutar, cərimə edər, avtomobilini satdırarlar. Gerçəkdən elədir. Oralarda yolda ha adam vurdun, ha heyvan, fərqi yoxdur, məsuliyyəti eynidir. Bir kenquruya görə adamı sürücülük vəsiqəsindən məhrum edirlər. O gün bir video vardı, lüks oteldə yaşayan əcnəbi otelin bağçasında gəzərkən zəhərli ilanla rastlaşır, can hövlüylə ilanı öldürür və bir çubuğun üstündə gətirib administratora göstərir, hiddətlə deyir ki, bura necə yerdir, bağçada ilanlar var. Adam təhlükəsizlik-filan söhbəti edərkən, administrator polisi, ekoloqları çağırır, gəlirlər, əcnəbi turisti elə bir məbləğdə cərimələyirlər ki, Avstraliyaya gəldiyinə peşman olur. Çünki o ölkədə sahibsiz heyvan yoxdur – kərtənkələdən kenquruya qədər.

Xüləs, mətləb üstünə qayıdaq. Sürücülərimizin dəlicəsinə avtomobil sürməsindən danışırdıq.

Bu cür sürətə həvəsin səbəbi iki növ görməmişlikdir: 1. Sürətli avtomobil görməmişliyi; 2. Hamar yol görməmişliyi.

Təbii ki, yüngülbeyinliyin, məsuliyyətsizliyin də öz payı var və bu, özünü qəza statistikasında açıq-aydın göstərir. İldə bir neçə min adam yol qəzalarında ya ölür, ya da şikəst qalır.

Avstraliyadan fərqli olaraq, bu ölkədə yol qəzasında ölən heyvanların statistikası aparılmır. Bir də şükür edək ki, Kosta-Rikada olduğu kimi burada içkili halda maşın sürməyə imkan vermirlər. Yoxsa, vallahi, eləcə, yollarda qırılıb gedərdik.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

20 Noyabr 2024

18 Noyabr 2024

16 Noyabr 2024

14 Noyabr 2024

10 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

04 Noyabr 2024

02 Noyabr 2024

31 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

17 Oktyabr 2024

14 Oktyabr 2024

12 Oktyabr 2024

09 Oktyabr 2024

07 Oktyabr 2024

05 Oktyabr 2024

03 Oktyabr 2024

01 Oktyabr 2024

29 Sentyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

23 Sentyabr 2024

21 Sentyabr 2024

19 Sentyabr 2024