İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq riyakarlara Şuşa xəbərdarlığı

 

Azərbaycan Prezidenti İlham Əliyev artıq neçə gündür ki, Qarabağdadır. Şuşada, tarixi şəxsiyyət Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda iştirak və çıxış etdi, daha sonra isə azad olunmuş digər ərazilərimizdə təməlqoyma və açılış mərasimlərində oldu.

Dövlət başçısı “Cəbrayıl” qovşaq yarımstansiyasının açılışını etdi. Erməni talançıların 30 ildə darmadağın etdiyi Qarabağın cənnət siması özünə qaytarılır, 330 kV-luq qovşaqlarla...Hələ neçəsi tikiləcək. Bayquş xislətli düşmənin barbarcasına taladığı yurd yerlərimiz işıqlanır, çiçəklənir, Böyük Qayıdışa hazırlanır.

Cəbrayıl rayonunun Horovlu, Şükürbəyli  kəndlərinin təməli qoyuldu. Həmçinin ölkə rəhbəri Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olub, “Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “Improtex Qarabağ Sənaye Kompleksi” MMC-nin müəssisələrinin təməllərini qoyub. Həmçinin dövlət başçısı Cəbrayıl rayonunda Xudafərin qəsəbəsinin təməlinin qoyulması tədbirində iştirak edib. Zəngilan rayonunun Cahangirbəyli kəndinin, rayon mərkəzində inzibati binanın, digər obyektlərin təməlqoyma mərasimi keçirilib.

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 5-də Xocavənd və Füzuli rayonlarına səfər ediblər, Tuğ kəndində, Hadrut qəsəbəsində tikinti-bərpa işləri ilə tanış olublar, Füzuli rayonunun Pirəhmədli kəndinin təməlqoyma mərasimində iştirak ediblər, Füzuli-Hadrut avtomobil yolunun 12,3 kilometrlik hissəsinin açılışı reallaşıb, Dədəli kəndinin təməli qoyulub.

Beləcə, Azərbaycan dövlətinin başçısı Şərqi Zəngəzuru, Qarabağı yenidən qurmaqdadır. Rəsmi məlumata görə, indiyədək quruculuq işlərinə 6,6 milyard dollardan çox - 11,2 milyard manatdan artıq – vəsait xərclənib.

Bütün bunlar Azərbaycan dövlətinin büdcəsi hesabınadır, hələ ki, hansısa beynəlxalq təşkilatdan bir sent belə, vəsait ayrılmayıb işğaldan azad etdiyimiz ərazilərin bərpasına. Hətta yeri gəldi-gəlmədi Azərbaycanı ittiham etməyə yönəlik cəhdləri müşahidə edirik ayrı-ayrı paytaxtlardan. Sinirə bilmirlər qələbəmizi, hələ də həzm edə bilmirlər. Belələrinə Azərbaycan Prezidenti növbəti dəfə sözünü dedi, özü də ŞUŞADAN!

Beynəlxalq konfrans iştirakçılarının qarşısında çıxış edən Prezident bəyan etdi ki, Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var. Şuşa kimi tarixi şəhərimizin sıfırdan, yenidən qurulduğunu deməklə erməni vandalizminin iç üzünü göstərmiş oldu. Amma biriləri hələ də gerçəkliyi anlayıb, susacaqmı?

Ölkə başçısı Şuşanın Azərbaycan üçün nə demək olduğunu bir daha anlatmış oldu.

Sitat: “Ötən il “Şuşa İli” elan edilmişdir, çünki bu şəhərin Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci il dönümü idi. Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur. Yalnız işğal dövründə iyirmi səkkiz ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında idi. Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır”. Şuşa ilə bağlı ermənilərin ağlaşmalarına qulaq asıb, sonra nələrsə mızıldananlara aydın oldumu görəsən? Olmazsa, anlatmaq üçün başqa vasitələr də tapılar.  

2020-ci ilin 8 noyabrında Şuşanın azad olunması barədə Şəhidlər Xiyabanından xalqa müjdə verən müzəffər Ali Baş Komandan Qala şəhərimizdəki beynəlxalq konfransda “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik. Azərbaycan xalqı bununla fəxr edir. Təkcə Azərbaycan vətəndaşları yox, bütün azərbaycanlılar buna sevinir”-deyərək vaxtilə “Qarabağ sizin üçün nə üçün bu qədər önəm kəsb edir”-sualı ünvanlayanların topuna cavab vermiş oldu. 44 günlük müharibənin ilk günlərində “Şuşasız işimiz yarımçıq qalar”-demişdi dövlət başçısı. Şuşadan dost-düşmənə səslənəndə bir daha o zaman edilən xəbərdarlığın, deyilən sözün nə qədər böyük məna kəsb etdiyi anlaşılır.

Azərbaycan Prezidenti kifayət qədər açıq danışdı Şuşa konfransında da. Sitat: “Əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq”.

Bəli, qoy Ermənistan və belə bir saxta ölkəni Azərbaycan ərazilərində yaradanlar narahat olsunlar bundan sonra. Azərbaycanın tarixi ərazilərindəki gəlmələr bu gedişlə özlərinin gedişlərini sürətləndirirlər! Üçtərəfli anlaşmadan, faktiki olaraq çərçivə sənədindən üç ilə yaxın vaxt keçib, amma Ermənistan hələ də bəhanələrlə yekun sülhə müqavimət göstərir, Azərbaycanın ərazi bütövlüyünü sözdə tanıyır, əməldə gələndə…Qarabağdakı separatçı-terrorçu rejimə maliyyə ayırır, 10 minlik terrorçu ordusunu rus hərbçilərin müvəqqəti mövcud olduğu ərazidən çəkib aparmır, sərhədlərin dəqiqləşdirilməsinə belə, müqavimət göstərir. Və…Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında yolların açılmasını əngəlləyir!

Araz boyunca, hətta İranın müqavimətinə baxmayaraq, qısa müddətdə 130 km irəliləyən Azərbaycan ordusu üçün 44 km-lik Zəngəzur dəhlizindən keçib, Ordubada yetişmək bir neçə saatlıq işdir. Amma Azərbaycan məsələni dava-şavasız yoluna qoymaq istəyir, səbir edir. Di gəl, bir gün səbir limiti bitə bilər!  Şuşadan bəyan olunduğu kimi, “əgər rəsmi İrəvan konstruktiv olmasa, Azərbaycan diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmır. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Ermənistan yenə də təcrid olunacaq”. Çünki biz regionda baş verən proseslərə göz yuma bilmərik. Qarabağın azad edilməsindən sonra ölkə daxilində artıq heç bir risklə üzləşmədiyimizə baxmayaraq, biz adada yaşamırıq! Bu qədər sadə və aydın şəkildə edilib xəbərdarlıq!

Bəli, Azərbaycan hələ də ümid edir ki, rəsmi İrəvan məntiqli davranacaq və keçmiş Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdiyi taktikadan istifadə etməyəcək. Dövlət başçısının dediyi kimi, nəticə nöqteyi-nəzərindən 28 il ərzində artıq arxivə atılmış Minsk qrupu heç bir nəticə verməyib: “Bunun əsas səbəbi isə o idi ki, Ermənistan torpaqları geri qaytarmaq istəmirdi. Münaqişənin sülh yolu ilə həllini tapa bilməməsinin əsas səbəbi o idi, Ermənistan bunu istəmirdi. Onlar, sadəcə, bu taktikadan istifadə edirlər, prosesi ləngidirlər, bir addım irəli, iki, üç və ya hətta beş addım geriyə atırlar”. Amma anlamalıdırlar, 30 illik işğal Ermənistana heç bir üstünlük vermədi. Əksinə, regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar.

Dövlətimizin başçısının dediklərini elə Ermənistanın baş naziri Nikol Paşinyan bir gün sonar Praqa səfəri zamanı təsdiqlədi. Diqqət edin: “Ermənistan kövrək vəziyyətdədir. Qərbdə çoxları hesab edir ki, biz Rusiyanın proksi ölkəsi, hökumətiyik, Şərqdə isə bizim qərbyönlü siyasət apardığımıza inanırlar. Qərbə gedən qonşularımız Ermənistanın Rusiyanın yaxın müttəfiqi olduğunu deyir və Ermənistana qarşı Rusiyaya qarşı etdiyi kimi davranmağa çağırır”.

Qərbdə deyir “biz sizinləyik”, ancaq görüş bitən kimi…açıqlama verir: “Gələn həftə Rusiyaya gedəcəyəm”. Amma hətta Putinin köməkçisi belə, az qala Ermənistanın baş nazirini gözləmədiyini açıqlayır. Bir ölkə, onun başçısı üçün utanc gətirən taledir. Amma utanan olsaydı, “Qarabağ Ermənistandır” deyərdimi, Şuşada yallı gedərdimi?

İndi Şuşa yenidən qurulur, hətta Hadruta qayıdış hazırlıqları görülür, amma Ermənistan hələ də ortada vurnuxur, Zəngəzur dəhlizini açmaq istəmir. Özü bilər, dövlət başçımızın dediyi kimi…Budur, Türkiyə hava məkanını Ermənistanın üzünə qapadıb, Gürcüstan Lars buraxılış məntəqəsində bir aylıq təmirə başlayıb, Ermənistan həm havadan, həm də qurudan təcriddədir. Özü dünyadan təcrid olunmuş İrana ümid bəsləyirsə, bu da onun seçimidir. Amma günün birində dizin-dizin ayaqlarımıza düşəcək, Şuşa xəbərdarlıları da bundan xəbər verir.

Prezident aydın mətnlə bildirdi ki, kommunikasiyaların açılması Ermənistanın da marağına xidmət edir: “Onlar müxtəlif bazarlara çıxış əldə edə biləcəklər. Əlbəttə ki, bu, bizim üçün faydalı olacaq, çünki biz bu səhifənin bağlanmasını istəyirik”. Qeyd olunduğu kimi, Azərbaycan sülh mövqeyindən çıxış edir. Verilmiş bəyanatlara və hadisələrin xronologiyasına nəzər salınsa açıq şəkildə görünür ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olmuşdur-bunu da Prezident Əliyev söylədi.

Tez-tez istinad olunan 10 noyabr sənədinə də tam aydınlıq gətirdi ölkə rəhbəri. Sitat: “Üçtərəfli Bəyanat atəşkəs razılaşması deyil. O, həmçinin sülh sazişi də deyil.

Beləliklə, atəşkəsdən sonra nəyin baş verəcəyi böyük sual işarəsi idi. İkinci Qarabağ müharibəsi bitəndə heç də çoxu sonra nəyin baş verəcəyini bilmirdi”. Yəni yenə də seçim Ermənistanındır. Öz marağına uyğun nələrisə üçtərəfli bəyanatda axtarmağa vaxt sərf eləməsin, oralarda qurdalanmasın, bizim zamanımız çox deyil, Laçına böyük qayıdışa günlər qalır, digər bölgələri qururuq, insanlarımız yurduna dönmək istəyir. Həm də təkcə Qarabağa Şərqi Zəngəzura deyil, həm də Qərbi Azərbaycana!  

Dövlət başçımız UCA ŞUŞADAN məkrli dairələrə, qərəzlə silahlanmış mərkəzlərə, paytaxtlara da SÖZünü dedi.

Sitat: “Azərbaycana qarşı açıq-aşkar böyük ədalətsizlik var və müəyyən mənada keçmiş sovet ölkələrinin ərazi bütövlüyü məsələlərinə metodoloji yanaşmada yenidən ayırıcı xətt çəkmək cəhdi var. Biz hər zaman ABŞ prezidentlərinin rəsmi bəyanatlarında, Gürcüstan, Moldova və Ukrayna liderlərinə məktublarında ərazi bütövlüyünə dəstəklə bağlı çox açıq sözlər eşitmişik. Azərbaycana gəldikdə isə, onlar sanki bunu söyləyirlər, lakin, eyni zamanda, sülh yolu ilə nizamlanma. İşğal dövründə bu, daha ədalətsiz və haqsız idi”. Acı həqiqətdir, buyursunlar, dadına basınlar!

Bəli, qeyd olunduğu kimi, Azərbaycan xalqı beynəlxalq ictimaiyyətin, BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin görməli olduğu işi özü görüb və Təhlükəsizlik Şurasının qətnamələrini icra edib. Amma heç olmasa bundan sonra “Ədalətsizlik aradan qaldırılmalıdır və təkcə keçmiş Sovet İttifaqı ölkələrinə münasibətdə deyil, bütün digər ölkələrə münasibətdə də vahid standart yanaşma şamil edilməlidir”. Prezident belələrinin adını çox gözəl şəkildə ümumiləşdirdi: “Beynəlxalq riyakarlıq” kimi. Və :Dünyada heç bir ölkənin, o cümlədən Ermənistanın tanımadığı qondarma “Dağlıq Qarabağ”ı Fransa parlamentinin iki palatası tanıyıb. Üstəlik Azərbaycanda heç kim 907-ci düzəlişi xatırlamır. “Çünki birincisi, bizim artıq bu yardıma ehtiyacımız yoxdur. İkincisi, bu, Prezident Klinton tərəfindən müvəqqəti olaraq ləğv edilmişdi və ondan sonra gələn prezidentlər bunu davam etdirirlər. Bu, faktiki olaraq onu göstərir ki, məsələ həll olunub”.

Bütün bu bəyanatlarda qalib ölkənin, qalib liderin özünəinamı, xalqına, ordusuna, sərhədçisinə, daxili qoşunlarına güvənci var! Həm də ortada ŞUŞA BƏYANNAMƏSİ var! Dövlət başçısı əbəs yerə 2021-ci ilin 15 iyununda QALAda, Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla imzaladığı tarixi Müttəfiqlik Sazişini xatırlatmadı, “Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq elan edib”-demədi.

“Azərbaycan ordusunun gücünə görə NATO-nun ikinci dövləti olan Türkiyə ilə saziş imzalayıb… Azərbaycan və Türkiyə nəinki müttəfiqlik formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcək. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib”-söylədi həm də cənab Əliyev.

Bu, daha böyük oyunçulara, oynamaq istəyənlərə yönəlik xəbərdarlıq idi- Şuşa xəbərdarlığı!

Biriləri eşitməsələr, özlərindən küssünlər!

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

09 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

04 Noyabr 2024

01 Noyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

21 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

13 Oktyabr 2024

10 Oktyabr 2024

06 Oktyabr 2024

04 Oktyabr 2024

02 Oktyabr 2024

27 Sentyabr 2024

26 Sentyabr 2024

24 Sentyabr 2024

22 Sentyabr 2024

20 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024

15 Sentyabr 2024

13 Sentyabr 2024

11 Sentyabr 2024

10 Sentyabr 2024

07 Sentyabr 2024

06 Sentyabr 2024

04 Sentyabr 2024

02 Sentyabr 2024