Onlayn ictimai-siyasi qəzet
Nikol Paşinyan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla “Türk Evi”ndə görüşdü və hədiyyə kitabı bağrına basaraq məmnunluqla foto paylaşdı. Təkcə bir foto erməni revanşistlərini və Ermənistandan “maşa” kimi yararlanan paytaxtları hərəkətə gətirdi.
Fransa prezidenti Emmanuel Makron BMT Baş Assambleyasında çıxış edərək bildirdi ki, dünya ictimaiyyəti Ermənistanı dəstəkləməlidir.
Sitat: “Beynəlxalq ictimaiyyət sülh danışıqlarının uğurunu və beynəlxalq səviyyədə tanınmış sərhədlərin qorunub saxlanmasını təmin etmək üçün Ermənistanı dəstəkləməlidir”.
Daha sonra Fransanın xarici işlər naziri Jan-Noel Barrot X sosial şəbəkəsindəki mikrobloqunda “Biz dəstəkləyirik: Ermənistan demokratiyasının suverenliyi və davamlılığı; Cənubi Qafqazda ədalətli və davamlı sülh”, yazdı. Sonra İrəvandakı fransız səfir hərəkətə keçdi, “qorxmayın, biz burdayıq” mesajını verdi erməni revanşistlərə.
Qorxurlar ki, Paşinyan Ermənistanı da götürüb Türkiyə və Azərbaycan tərəfə “keçər”, əldən çıxar bu oyuncaq ölkə. Ona görə də yerbəyerdən “xoruzların banı” başlayıb, özü də baxmırlar ki, sübh çağıdır, ya axşamüstü. Zarafat deyil, Ermənistana Avropa Sülh Fondu belə, silah almaq üçün dəstək verir. Öldürücü silahları ona görə aldırmırlar ki, Paşinyan gedib sülh imzalasın, Prezident Ərdoğanın kitabını oxusun. Fransa qondarma “erməni soyqırımı”nı inkar qanununu ona görə qəbul etməyib ki, Nikol Paşinyan ölkəsinin konstitusiyasından Türkiyə və Azərbaycana qarşı ərazi iddialarını çıxartsın, gerbdəki Ağrı dağının əksini götürsün, iki türk dövləti ilə normal münasibətlər qursun, Zəngəzur dəhlizinin açılmasına razılaşsın. Makron Fransası qəti şəkildə sülhün əldə olunmasını istəmir, türk düşmənçiliyinin əbədi davam etdirilməsi üçün Ermənistana təzyiq göstərir. Faktiki olaraq Paşinyan Fransanın, həmçinin digər antitürk paytaxtların planlarını pozur, necə deyərlər, “türklərin təsiri altına düşür”.
Düzdür, bir sıra hallarda Paşinyan da söz oyunu ilə məşğul olur. Məsələn, məlumat yayılıb ki, Ermənistan Azərbaycanı noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransına qədər sülh sazişinin artıq razılaşdırılmış maddələrini imzalamağa dəvət edir. Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, bunda məqsəd sülh prosesinin inkişafı üçün stimullaşdırıcı mühit yaratmaqdır. Amma bu “sülhpərvər” nədənsə unudur ki, yarımçıq sülh sənədinin imzalanması oyunbazlıqdır. Sülh ya olur, ya da yarımçıq olmur! Ermənistan hələ 2020-ci ilin üçtərəfli bəyanatının sonuncu bəndini icra etməyib, Naxçıvana yolumuzu açmayıb. Ermənistan hələ anklav kəndlərimizi azad etməyib. Baxmayaraq ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını iddia edir. Bəs, Kərki və Qazax rayonunun üç kəndi? Bəs sərhədlərin dəqiqləşdiriməyən 500 km-dən artıq hissəsi? Üstəlik də Ermənistan şərti sərhədlər boyunca Fransa, Hindistan, ABŞ, İrandan aldığı silahları, texnikaları, artilleriya qurğularını yerləşdirir. Həm də Azərbaycan Prezidenti sülhün şərtlərini elan edib: konstitusiya dəyişdirilməli, Minsk Qrupundan imtina olunmalıdır! Dövlətimin başçısı gözləyir. Bu günlərdə parlamentdəki çıxışında da bir çox mesajlar, xəbərdarlıqlar səsləndirdi. Ermənistan rəhbərliyi “dərsini öyrənmək” əvəzinə, yenə də oyunbazlığa meyllənirsə, onda özünü də, ölkəni də fəlakətə sürükləyir. Sülh daha çox Ermənistana lazımdır, bundan imtina edirsə, özündən və Makrondan küssün! 44 günlük savaşın ilk günlərində Azərbaycanın öz ərazilərini işğalda azad etməsinə BMT Təhlükəsizlik Şurası çərçivəsində maneçilik törətməyi qarşısına məqsəd qoyan ermənipərəst Makron uduzduğunun fərqindədir. Onun “bacısı” Ermənistan əldən çıxır və sürətlə real Ermənistan tərəfdarı olduğunu bəyan edən Paşinyanı itirmək qorxusu var. Odur ki, suları bulandırıb, rahat şəkildə balığını tutmaq istəyir.
Avropa İttifaqının “mülki” adında casus şəbəkəsini, həm də NATO kontingentini əbəs yerə Ermənistana yerləşdirməyib. Bütün bunlardan sonra Ermənistanı itirmək onun üçün öldürücü zərbə olar. Ona görə də aqoniya vəziyyətindədir, bilmir vəziyyəti öz xeyrinə necə dəyişsin. Qarabağ separatçılarına TIR-larla “yardım” göndərmək üçün aylarla Laçın dağları ilə üzbəüz gözləyən fransızlar nədənsə Ermənistana köçən ermənilərə yardım göndərməyi unudublar. Tamaşa hazırladıqlarını etiraf etmiş olurlar. Nədənsə ötən bir il ərzində Fransadan Ermənistana hansısa ərzaq məhsulları deyil, bastionlar, sezarlar, özüyeriyən artilleriya qurğularının göndərildiyinin xəbərini eşitdik. Ermənistanı yeni savaşa hazırlayır, BMT tribunasından da bu ölkəyə əlavə dəstək istəyir. Nə olub, nə baş verir, Ermənistanı asıb-kəsən kimdir ki, Makron həyəcanlanıb?
Əslində məqsəd bəllidir... Axı, Fransada vəziyyət gün-gündən gərginləşir. Həm də Emmanuel Makronun özünün taleyi sual altındadır. Bu vaxta qədər Fransa prezidentinə etimadsızlığın faizi 75-dən yuxarı qalxmamışdı, Makron belə bir biabırçı nəticə ilə üz-üzədir. Parlament seçkilərindəki məğlubiyyətin ardınca onun özünü də aşıra bilər rəqibləri. Odur ki, yenə də “erməni damarı” tutub, BMT tribunasından Ermənistanı “xilas” çıxışları edir. Marsel ermənilərindən dəstək gözləyir biçarə...İmkanı olsa, Ermənistanı, bütün erməniləri ayaqlarının altına salıb tapdayar, təki kürsüsünü qoruyub-saxlasın. Beləliklə, Makronun BMT tribunasından etdiyi çıxış Ermənistanı yox, özünü xilas çağırışı idi. Səsini eşidən olacaqmı? Vaxtsız banlayan xoruzları çox görmüşük bu illərdə...
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ