İnsanlara hürriyət, millətlərə istiqlal!

Kərki ilə Qazaxın 3 kəndini nə vaxt qaytarırsınız, Nikol Paşinyan?!

Son günlər Ermənistandakı revanşistlər demaqogiya ilə məşğul olurdular. Sərsəm iddialar irəli sürürdülər ki, Ermənistanın delimitasiya məsələləri ilə bağlı qərarlarına baxmayaraq, Azərbaycan bu istiqamətdə addımlar atmır və guya rəsmi Bakı anlaşmanı təsdiqləməyəcək. Bu haramzadələr hələ də anlamaq istəmirlər ki, Azərbaycanın sözü ilə imzası eyni statusdadır, özlərindən fərqli olaraq.

Budur, yüksək səviyyədə qərar verildi. Rəsmi məlumata görə, “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə” təsdiqlənib. Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Alın, bu da Fərman!

Azərbaycanı o ölkənin vətəndaşları günahlandırmağa çalışırdılar ki, başdan-ayağadək günah, cinayət içərisindədirlər. Bu yerdə xatırlatmaq yerinə düşər, sözügedən əsasnamənin razılaşdırılması da məhz Azərbaycan dövlətinin israrlı, qətiyyətli mövqeyi, ikitərfli formatdan xaric hansısa masaların prosesə ciddi fayda verməyəcəyi istiqamətində əsaslandırılmış münasibətindən sonra baş verdi.

Bu ilin 19 aprelində məhz dövlət başçılarının tapşırığı əsasında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilmişdi. Həmin görüşdə delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırmışdılar. Həmçinin Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin 1 iyul 2024-cü il müddətinədək başa çatdırılması və dövlətdaxili razılaşdırmalar prosesinə və müvafiq qaydada Tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq Əsasnamənin təsdiqinə başlamaq barədə razılığa gəlinmişdi. Əsasnamə və kəndlərin azad edilməsi ilə bağlı razılaşma Ermənistanın “ayağını sürüməsi” nəticəsində gec də olsa, icra olundu.

Kazan şəhərində Prezident İlham Əliyevin Ermənistanın Baş naziri ilə görüşü olub

Bu mənada Kazan görüşündən sonra daha irəli gedən nəticələrin əldə olunması gözləntisi təbiidir. Prezidentin mətbuat xidmətinin məlumatına görə, görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

Kazan görüşü də ikitərəfli formatda oldu, üçüncüyə ehtiyac duyulmadı, Azərbaycan bəyan etdiyi kimi. Kazandakı görüş bir az da Münxen görüşünü xatırlatdı, prosesin irəli aparılması baxımından. Amma ikitərəfli şəkildə davam etməsi daha böyük nəticəyə ümid yaradır.

Ermənistan rəhbərliyinin bir sıra hallarda – məsələn, Londonda görüşdən qaçdığını da görmüşdük. Amma Azərbaycan “bizə Paşinyanla deyil, Ermənistanla sülh imzalamaq lazımdır” mövqeyini bəyan etdikdən sonra Ermənistanın baş naziri canfəşanlıq etməyə başladı. Kazanda, BRİCS toplantısının gedişində Paşinyanın Azərbaycan Prezidenti ilə israrla təmas qurmağa cəhd göstərməsi hamının diqqətini çəkdi. Bu mənzərədə qalib və məğlub dövlət, dövlət başçıları arasında yerlə göy qədər fərq var idi. Amma cənab Əliyev növbəti dəfə böyüklük nümayiş etdirdi, ululardan, soy-kökdən gəlmə adətə uyğun olaraq “yıxdığını, məğlub etdiyini kəsmədi” və təmasa imkan tanıdı, daha sonra nazirlərin də iştirakı ilə söhbət davam etdirildi və görüş keçirildi. Bu, Ermənistana, onun rəhbərliyinə növbəti dəfə “adam olun, ölkə olun, normal həyatı seçin” mesajı, şansıdır.

Nikol Paşinyan budəfəki şansı dəyərləndirəcəkmi, yoxsa yenə də özünü ev tapşırığı almaqdan ötrü Makrona yetirəcək və “pis yola” düşəcək”, demək çətindir. Çünki axı, Nikolun hakimiyyətə yeni gəldiyi vaxtlarda, 2018-ci ilin sentyabrında baş tutan Düşənbə görüşü unudulmayıb, Azərbaycan Prezidenti ilə ayaqüstü görüşün xoşbəxtliyini bölüşən Ermənistanın baş naziri bir il sonra Qarabağın Ermənistana aid olduğunu iddia etməklə böyük savaşın əsasını qoydu. Bu dəfə də öz himayədarlarına aldanıb, onların silahlarından, pul-parasından hayıl-mayıl olub, yanlış taktikanı seçsə, sonra gec olacaq.  İrəvan, yoxsa Yerevan – Hansı yazılış düzgündür?

Əsasnamənin imzalanması 1 iyulda baş tutmalı idi, 30 avqustda imzalandı. Bakının gönərdiyi sülh təkliflərinə İrəvandan 70 gün sonra cavab verildi. Üstəlik, Azərbaycanın anklav 4 kəndinin azad olunması məsələsi də gecikir. Simonyan deyir sülh müqaviləsi tam razılaşdırılıb, Paşinyan deyir “çox da zilə çıxma”, 80-90 fazi razılaşma var. Hər ağızdan bir avaz gələn ölkənin ara-sıra avazı da yaxşı gəlir, amma...Biz bunları yaxşı tanımışıq, Quran oxumaqla darıdan çıxmadılar...

Eyni gündə Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların iş reqlamentini imzalayıb. Qeyd edək ki, oktyabrın 23-də Ermənistan parlamenti Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası və Demarkasiyası üzrə Komissiyaların Reqlamenti haqqında qanun layihəsini təsdiqləyib. Qanun layihəsinin lehinə 67 deputat səs verib. Səsvermədə yalnız hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatlar iştirak edib. Amma bu, hələ hər şey demək deyil, heç yarısı da deyil!

Azərbaycan Prezidenti sözünü deyib: Ermənistan Konstitusiyasından Azərbaycana – təbii ki, həm də qardaş Türkiyəyə qarşı - ərazi iddiaları çıxarılmalı, Minsk Qrupundan imtina edilməlidir! Həm də 4 kənd! Özü də gecikdirmədən! iki həftə sonra 4 il əvvəlki üçtərəfli bəyanatın ildönümü gəlir.

“Kazan prinsipləri” kimi təqdim olunan 2011-ci ilin 24 iyun görüşündə əldə olunan razılaşmaya görə, əvvəlcə tənzimlənmənin əsas prinsipləri imzalanmalı, daha sonra isə Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan sülh sazişi üzərində işə başlamalı idilər. Sənəddə bildirilirdi ki, İrəvan keçmiş Dağlıq Qarabağ ətrafındakı rayonlardan işğalçı qoşunlarını çıxarmalıdır. Bu ərazilərə Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları və Laçının 13 kəndi daxildir. Həmin ərazilərdə təhlükəsizliyin qorunması beynəlxalq sülhməramlı qüvvələrə həvalə olunacaqdı. Laçın rayonunda isə Ermənistanla Qarabağı birləşdirilən dəhliz yaradılacaqdı guya...Sonra da “Dağlıq Qarabağ”ın hüquqi statusu üçün referendum söhbəti. İrəvan hətta bundan da imtina etmişdi. Odəfəki Kazan görüşü nəticəsiz qaldı, görək budəfəki Kazan nə verəcək?.. Vaxt getdi...

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR