Onlayn ictimai-siyasi qəzet
Vaxt var idi Azərbaycan beynəlxalq təşkilatların kürsüsündən “Qarabağa ədalət” tələb edirdi. Azərbaycanın haqlı tələblərinə kar və kor olanların ikili standartlarına baxmayaraq, Azərbaycan təkbaşına, öz qətiyyəti və gücü hesabına Qarabağda və Şərqi Zəngəzurda ədaləti təmin etdi, həm də kağız üzərində qalmış 4 qətnaməni icra etməklə BMT Təhlükəsizlik Şurasının üzündəki ləkəni təmizlədi.
İndi qarşıda növbəti hədəfimiz var: “Qərbi Azərbaycana ədalət” tələbi və amalı ilə millət və dövlət olaraq yola çıxmışıq. Düzdür, asan deyil, qarşımızda maneələr var, amma Azərbaycana nə vaxt asan olub ki? Şuşaya, Laçına, Xankəndiyə, elə ədalət tələb etdiyimiz Xocalıya doğru yolçuluğumuzda nə qədər maneələri dəf etməli olduq. Sədlər var idi qarşımızda, aşıb keçdik. Bu gün Xocalıda məktəb, Xankəndidə universitet, Ağdamda sənaye müəssisəsi, Kəlbəcərdə İstisu zavodu...
Odur ki, özümüzə inanmalı və güvənməliyik. Bilgə Kağanın sözü ilə desək, “Sən özünə dönəndə böyük olursan”. Sözün bütün mənalarında özümüzə dönəndə böyük, yenilməz oluruq. Qarabağ zəfərindən sonra bunu bir daha bütün dünyaya göstərdik. Növbədə Qərbi Azərbaycandır! Özü də bu yolçuluğu sivil yolla, hüquqi əsaslarla, təbii insan haqlarını əldə əsas tutaraq reallaşdırmaqdır hədəfimiz. Dövlətimizin başçısının dediyi kimi, tanklarla yox, avtomobillərlə Qərbi Azərbaycana gedəcəyik!
Buna şübhəsi olanlara ölkə başçımızın 2022-ci ildə Qərbi Azərbaycan İcmasındakı görüşdə dediklərini xatırlatmaq kifayət edər.
Sitat: “Qarabağ torpaqları işğal altında olanda illər keçdikcə cəmiyyətdə və ilk növbədə, məcburi köçkünlər arasında müəyyən bədbinlik əhvali-ruhiyyəsi yayılırdı, yəni, artıq bunun təzahürləri görünməkdə idi. Mənim köçkünlərlə onlarca görüşlərim olub və son illər görürdüm ki, onların ümidləri tükənir və bu təbiidir, mən bunu təbii qəbul edirdim. Təbii ki, onlara deyə bilməzdim ki, nə vaxt, necə və nə olacaq. Çalışırdım onları inandırım ki, gün gələcək. Ancaq o təbii idi, çünki otuz ilin həsrəti istər-istəməz hər bir insana mənfi təsir göstərmişdir. Artıq iki ildir ki, biz müzəffər xalq kimi yaşayırıq. Bu gün bir daha demək istəyirəm, əsas məsələ ondadır ki, biz gərək inamımızı itirməyək. Biz inanırdıq ki, qayıdacağıq, mən bir gün də o inamı itirməmişdim, inanmalıyıq və bu müqəddəs günü yaxınlaşdırmaq üçün iş görməliyik, fəaliyyətdə olmalıyıq. Onda istədiyimizə nail olacağıq”. Burada növbəti hədəfimizə mütləq yetişəcəyimiz Qarabağa qayıdışımızın misalında tam əsaslandırılıb. Amalımız, arzu istəklərimiz sırasında bu da olmalıdır: “İnşallah növbəti il Qərbi Azərbaycanda!” Etiraf etməliyik, Qarabağa qayıdışımıza inanmaq istəməyənlər də var idi zamanında, hesab edirdilər ki, daha torpaqlar getdi, daha nələr...Amma böyük əksəriyyətimiz inanırdıq, dövlətimizə, ordumuza, Ali Baş Komandanımıza güvənirdik. Qarabağ işğalda ikən Qərbi Azərbaycandan yazmaq, danışmaq çox çətin idi. Dərhal deyirdilər ki, hələ Qarabağı azad edək, sonra o barədə danışarıq. Bir az da nağıl kimi yanaşanlar var idi. Amma bayrağımızın Şuşa ucalığında, Xankəndi mərkəzində, Laşın dağlarında, Xudafərin körpüsündə dalğalanmasından sonra növbəti uğurlarımızı həsrətlə gözləyən və inananlarımızın sayı-hesabı o qədər artıb ki...
Bir vaxtlar BMT tribunasında Xocalı qatilləri olan Ermənistan rəhbərləri çıxışlar edirdilər, onlara havadarlıq edənlərin sayəsində Azərbaycanın üstünə kükrəyirdilər. Bu gün Azərbaycan yeni reallıq yaradıb, düşmən və havadarları yasa batıb. Bir neçə gün əvvəl Qərbi Azərbaycan İcmasının təmsilçisi BMT İnsan Hüquqları Şurasının 57-ci sessiyası çərçivəsində "Qayıdış hüququndan istifadə - sülh və barışıq üçün mühüm stimul kimi" mövzusunda tədbirdə çıxış edərək Qərbi Azərbaycandan deportasiya olunan insanlarımızın öz yurdlarına qayıdış hüququnun təmin olunmasını zəruri sayıb. Vaxtilə Azərbaycanın Qarabağ icmasının təmsilçiləri erməni icması ilə görüş təşəbbüsü qaldıranda qarşı tərəf özünü “dövlət” sayaraq təklifi qəbul etmirdi. Bu gün Qərbi Azərbaycan İcmasının təmsilçisi Ermənistan hökuməti ilə qayıdış mövzusunda dialoqa başlamaq üçün dəfələrlə göstərdiyi cəhdlərin cavabsız qaldığını qeyd edib. BMT-dəki müzakirələrdə İcmanın sözçüsü tərəfindən beynəlxalq aləmə çağırış edilib ki, “Ermənistan hökuməti evlərimizi, müqəddəs yerlərimizi ziyarət etməyimizə belə mane olur. Biz beynəlxalq ictimaiyyətin, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının insan hüquqları institutlarının dəstəyinə ümid edirik. Bu dəstək çox vacibdir, çünki Ermənistanın evlərimizə qayıtmağımıza törətdiyi maneələri aradan qaldırmaq üçün təkcə İcmanın səyləri kifayət etmir”. Ermənistan nümayəndəsi isə çıxışında Ermənistanın guya “hər bir köçkün və qaçqının öz evinə qayıtmaq hüququnu dəstəklədiyini” bildirib. Hər halda düşmən ölkənin Azərbaycanın qarşısına çıxmağa arqumenti yoxdur, bütün mənalarda məğlub olublar. Qərbi Azərbaycan uğrunda hədəfimizə də çatacağıq, şünki haqlıyıq, ilahi ədalət bizim tərəfimizdədir! Diqqət edin, arqumentsiz Ermənistan nümayəndəsi söz tapa bilmədiyi üçün “Qərbi Azərbaycan” ifadəsini Ermənistana qarşı ərazi iddiası kimi təqdim etməyə cəhd göstərib. Əcaib iddiadır. Hətta İrəvan arxivlərində də sənədlər, xəritələr var: Ermənistan adlı qondarma ölkə Azərbaycan ərazisində yaradılıb. Tarixi Azərbaycanın indi “Ermənistan dövləti” adlı qondarmanın mövcud olduğu bölgəsi isə ölkəmizin qərb hissəsidir, bəs oranı necə adlandırmalıyıq? Necə olur ki, hələ bu günədək “kadastr sənədi olmayan” Ermənistan Türkiyənin 6 vilayətini “Qərbi Ermənistan” adlandıraraq, müstəqillik bəyannaməsinə, konstitusiyasına belə daxil edir, amma Azərbaycanın tarixi dəlil-sübutlara istinadən təqdim etdiyinə qıcıqlı yanaşır?! Bəlkə İrəvan xanlığı Tiqrandan qalıb, xəbərimiz yox. Bəlkə Göyçə, Zəngəzur, Dərələyəz, Vediabasarın Azərbaycandan qoparılması barədə tarixçilərin yazdıqları doğru deyil? Ermənistan Qarabağda uduzduğu kimi, Qərbi Azərbaycan meydanında da uduzacaq, şübhəmiz yoxdur, sadəcə vaxtı uzatmağa, azərbaycanlıların yurd-yuvalarına ləyaqətli qayıdışına mane olmağa çalışır.
Dövlət başçımız Qərbi Azərbaycana aparan yol xəritəsini qısaca bu şəkildə təqdim edib: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaq”. Hər kəs üzərinə düşəni etməlidir. Şüarımız da bəlli: “Hamımız Qərbi Azərbaycanlıyıq!”
Bu arada, heç kim Qarabağdan könüllü şəkildə köçüb getmiş ermənilərlə Qərbi Azərbaycandan deportasiya edilmiş insanlarımızı müqayisə etməyə çalışmasın. Ermənilər – gəlmələr – Qarabağdan öz xoşlarına, yaxud da Ermənistan rəhbərliyinin, ermənilərdən maşa kimi istifadə edən paytaxtların şirnikləndirici təklifləri, təkidlərinə əsasən çıxıb getdilər. Azərbaycanın reinteqrasiya, birgəyaşayış proqramına arxa çevirib getdilər.Qərbi Azərbaycandan didərgin salınan yüz minlərlə insan isə geri dönəcəyi günü səbrsizliklə gözləyir!
Vaxtaşırı ayrı-ayrı beynəlxalq təşkilatlar ermənilərin Qarabağa qaytarılması ilə bağlı sərsəm iddialar səsləndirirlər. Artıq belə mənasız müzakirələrə son qoyulmalıdır! Ermənilər də özləri üçün yaşayış yerini seçdilər: minimum Ermənistan, maksimum Amerika, Avropa...Bu gün gündəlikdə bir məsələ var: Qərbi Azərbaycandan son olaraq – 1988-89-cu illərdə deportasiya edilən 300 min azərbaycanlının öz evlərinə qaytarılması! Azərbaycan hələ humanizm nümayiş etdirir, 1918-20, 1948-53-cü illərdə Ermənistanın törətdiyi cinayətlərə görə kompensasiya ödəməsini, minlərlə azərbaycanlını qətlə yetirməsini, yüz minlərlə insanın vəhşicəsinə qovulmasını masaya qoyub, bunlara görə cavab verməsini tələb etmir.
Amma belə görünür ki, ərazi bütövlüyümüzün və suverenliyimizin ədalətli həllindən, separatçı rejimin tabutuna mismarlar vurmağımızdan sonra da Ermənistan baş verənlərdən lazımi dərs götürməyib. Son zamanlar revanşizmin yenidən baş qaldırması cəhdlərini, ölkənin silahlanmaya üstünlük verməsini, üçtərəfli razılaşmaya əməl olunmamasını, Ermənistanda hələ də qondarma separatçı rejimin qalıqlarının qalmasını, Şahramanyan kimi separatçıların gizləndikləri yerlərdən çıxmağa başlamasını görürük. Özünü sülhpərvər kimi göstərən Ermənistan rəhbərliyi ölkə ərazisində separatizmə meydan verirsə, onların ofisinə qıfıl vurulmasını, ağızlarının yumulmasını tapşırmırsa, demək oyun oynayır. Paşinyan bununla Azərbaycanı Qərbi Zəngəzura avtomobillərlə yox, tanklarla getməyə təhrik edir. Dövlətimiz 3+3 formatında əməkdaşlıq, kommunikasiyaların açılmasını, azərbaycanlıların yurdlarına dönməsini, məzarlarını ziyarət etmələrinə şərait yaratmalarını istəyir. Buna imkan yaradılmasa, beynəlxalq hüququ yenə də təkbaşına təmin etmək missiyası üzərimizə düşə bilər. Dəmir Yumruq yerindədir!
Yekunda Prezidentin Qərbi Azərbaycan İcmasının ofisində dediklərini xatırlayaq: “Bir daha onu da bildirməliyəm ki, bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah”.
Və...“İndi Qarabağ üzrə Böyük Qayıdış Proqramı icra edilir. İnşallah, vaxt gələcək, biz ikinci Böyük Qayıdış Proqramını da işləyəcəyik”.
Hədəfimiz Qərbi Azərbaycandır!
Elşad Paşasoy,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ