Onlayn ictimai-siyasi qəzet
Sovet dövründəki “Bütün ölkələrin proletarları, birləşin”, şüarı o dövrün adamlarının yaxşı yadındadır. Bu gün Azərbaycana qarşı hücuma keçən qüvvələrə, paytaxtlara sanki “bütün ölkələrin anti-Azərbaycan qüvvələri, ermənipərəsləri, birləşin”, təlimatı verilib, hayları müdafiə uğrunda yarış gedir.
Heç şübhəsiz ki, hayların “qara qaş-gözünə” aşiq olmayıblar, ermənilərin Qərb dünyasındakı “kassası” Kaspar Karapetyanın dünyada brilyant, almaz biznesinə sahib olması, ermənilərin vaxtilə Qorbaçov ailəsini ələ aldığı kimi, qiymətli daş-qaş siyasətini işə salması Avropa Parlamentindən AŞPA-ya, ABŞ Konqresinədək çox mərkəzlərə təsir göstərib.
Budur, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okampo durub Ermənistana gəlib, UWC Dilican məktəbinin 10 illiyi ilə bağlı keçirilən tədbirlərdə da iştirak etməyə.
Dilican məktəbinin açılışında onun nə…işi var, çox maraqlıdır. Heç şübhəsiz o da evinə ləl-cəvahiratdan pay aparıb, ona görə mənəviyyatdan və hüquqdan kənar iddialar səsləndirməyi özünə ar bilməyib.
Luis Moreno Okamponun iştahı o qədər böyükdür ki, Ruben Vardanyanı da “mələk” libasında təqdim etməyə çalışıb və çox uzaqlara gedib. Fantaziyası o qədər genişdir ki, hətta 2023-cü ildəki antiterror əməliyyatında mülki ermənilərin başından bir tük əskik olmadığı halda, adını “genosid” qoyub və 1915-ci ildə olmayan “soyqırım”la paralellik aparıb. Pulun, brilyantın gücünə baxın da.
Sitat: “Ruben Vardanyan və digər Artsax liderləri soyqırımın qurbanı olduqları üçün Bakıda həbsdədirlər. Bu, bütün Dağlıq Qarabağ xalqına bir mesajdır: “Əgər geri dönsəniz, sizə hücum edəcəyik”. Bu isə kədərlidir, çünki 1915-ci il soyqırımı belə başlamışdır. Sonra türklər erməni elitasını həbs etdilər, indi də eyni şey baş verir. O, girov kimi həbsdədir və bu, digər ermənilərə mesajdır: “Qayıtmayın, bizimlə qarışmayın””.
Bu qədər vicdansız, arqumentsiz, faktsız yanaşma.
Yeri gəlmişkən, Moreno 1952-ci ildə Argentinanın Buenos-Ayres şəhərində anadan olub. İxtisasca hüquqşünasdır, 2003-cü ildən 2012-ci ilin 5 iyununa qədər Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru postunu tutub. Argentinanın Ermənistanın işğalını, separatizmi dəstəkləməsi bəllidir. Bu mənada Moreno da “dövlətçilik ənənələri”nə sadiq qalıb. Özü də bu sayıqlamalar onun tərcümeyi-halında ilk deyil.
İnternet resurslarında onun haypərəstliyi barədə çoxsaylı faktlar var. Məsələn, 2010-cu ildə, BCM-nin prokuroru olduğu dövrdə Ermənistana səfər edərək Beynəlxalq İnsan Hüquqları Federasiyasının 37-ci Forumunda iştirak edib. Ermənistan prezidenti, Xocalı qatili Serj Sərksyanla görüş şansını əldən verməyib. Vaxtilə “Xocalıya qədər azərbaycanlılar bizim onlarla zarafat etdiklərimizi zənn edirdilər”, deməklə Xocalıdakı körpələri, qadınları qətlə yetirmələrinə bəraət qazandıran Sərkisyan Moreno ilə o qədər “qaynayıb-qarışıb” ki, deyib: “Ölkəmizdə insan hüquqlarının müdafiəsi, eləcə də bəşəriyyətə qarşı törədilmiş cinayətlərin pislənməsi ilə məşğul olan və böyük təcrübəyə malik insanların olması bizim üçün çox vacibdir”.
Hansı ki, BCM-nin prokuroru Xocalı soyqırımı ilə bağlı etirafına görə Sərkisyanı qandallayıb özü ilə Haaqaya aparmalı idi. Aparmazdı, çünki yuxusunda görmədiyi mal-mülkə sahiblənmişdi bu əclaflıqlarına görə. Vəzifəsindən gedəndən sonra da onun bank hesabına böyük pulların köçürülməsi barədə xarici mediada faktlar var.
Diqqət edin, Azərbaycana qanunsuz olaraq daxil olan, burada cinayətkar fəaliyyətləri ilə beynəlxalq hüquqa meydan oxuyan, ölkənin sərvətlərini talayan Vardanyan haqqında daha sonar nələr deyib: “Keçən il mən Dağlıq Qarabağdakı vəziyyəti öyrənərkən onunla əlaqə saxladım və Zoom-da danışdıq. O, mənim danışdığım Dağlıq Qarabağın iki liderindən biridir. Ona görə də onun gəldiyi qənaəti çox ağrılı qəbul edirəm. Ona görə də indi bu məktəbdə olmaq mənim üçün xüsusilə vacibdir. Burada onun ideyasının təcəssümünü görə bilərsiniz - bu gözəl yerdə, erməni kəndində dünyanın hər yerindən uşaqlara dərs deyirlər. Bu, inanılmazdır və onun indi həbsxanada olmasından təəssüflənirəm. Mənim üçün sual budur: Məktəb Rubenin kədərli təcrübəsini təhsil layihəsinə necə çevirə bilər? Axı Dağlıq Qarabağda ermənilərin başına gələnlər hər an başqa yerdə baş verə bilər. Qəzzada, Ukraynada, İsraildə - hər yerdə münaqişələr var…” Adam nə qədər simasız olar? Ruben Vardanyanın rəhbərlik etdiyi separatçı rejim Azərbaycana qarşı saysız cinayətlər törədiblər. Bəs həlak olan azərbaycanlı uşaqlar uşaq deyil? Gəncədə, Naftalanda, Bərdədə, Tərtərdə mərmi qəlpəsindən taleyi parçalanan o körpələrə görə kim cavab verməlidir? Gözlərini brilyant örtən hüquqşünas əlbəttə, bu suala cavab verə bilməz, çünki onun ağzını sərvətlə qıfıllayıblar, gözlərini də pulla basıblar, kordur, laldır.
Dilican məktəbi barədə danışan bu ikiüzlü prokuror “Bütün bunları yaradan adam necə Bakıda həbsxanada ola bilər? Bu, bütün dünya üçün ayıb deyilmi?”, sual edib. Ayıb bilənə baxın bir! Vardanyan Azərbaycana fəlakət vəd edirdi, əlindən gələn cinayətləri etdi, sona çatdıra bilmədi, qandallandı, cəzasını da alacaq! Bu, həm də beynəlxalq hüquqa soxulmuş Moreno kimilər üçün dərs olacaq. Beynəlxalq Cinayət Məhkəməsi əslində Vardanyan və digərləri, həmçinin Ermənistanın əliqanlı indiki və keçmiş rəhbərliyi üçün tribunal qurmalı idi. Amma bu günədək olmadı. 21-ci əsrin Nürnberq Məhkəməsi qurulacaq! Azərbaycan ədalətli müharibə apardığı kimi, ədalət məhkəməsi də quracaq, heç kəsin şübhəsi olmasın!
Erməni mediasına müsahibəsində Azərbaycana qarşı “Səlib yürüşü”nün məqsədini bəlkə də bilməyərəkdən açıb, özlərini ifşa edib.
Sitat: “Biz COP29 ərəfəsində mübarizə aparmalıyıq, sonra konfransdan sonra mübarizəni davam etdirməliyik, çünki risk altında olan təkcə Dağlıq Qarabağ və Ruben deyil. Ermənistanın özü təhlükədədir. Mən cənubda olmuşam və Azərbaycanın dağlıq əraziləri necə möhkəmləndirdiyini görmüşəm, ona görə də deyirəm: “Ermənistan təhlükədədir”. Bu, COP29-dan sonra bitməyəcək”. Yəni “proletarlar”a Dilicandan çağırışdır. Demək istəyir ki, hayları müdafiə istiqamətində hamı birləşməlidir, Azərbaycanın evsahibliyi edəcək COP29 tədbirini pozmalıyıq, ondan sonra da dinc oturmamalıyıq.
Beynəlxalq Cinayət Məhkəməsi beynəlxalq cinayətlər, insanlığa qarşı cinayətlər, soyqırımlar, müharibə cinayətləri və təcavüzkarlıq cinayətlərinə görə şəxsləri təqib etmək səlahiyyətinə malikdir. Xatırlatma üçün: müharibə cinayətlərinə aşağıdakı əməllər aiddir: qəsdən adamöldürmə; işgəncə və ya qeyri-insani rəftar, o cümlədən bioloji eksperimentlər; ağır əzab-əziyyətin və ya ciddi xəsarətin törədilməsi; hərbi zərurətlə bəraət qazandırılmayan və qanunsuz və böyük miqyasda törədilən dağıntılar və əmlakın ələ keçirilməsi; hərbi əsirin və ya mülki şəxsin düşmən dövlətin silahlı qüvvələrində qulluq etməyə məcbur edilməsi; hərbi əsirin və ya mülki şəxsin qərəzsiz və ədalətli məhkəmə araşdırmasına olan hüququndan qəsdən məhrum edilməsi; girov götürülməsi; beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş və ölümlə nəticələnən, yaxud səhhətə ciddi zərər yetirən aşağıdakı əməllərdən hər hansı biri…
35 il ərzində BCM-nin təsiri altına düşən bütün cinayətləri törədib Ermənistan və keçmiş xunta rejimi. Amma onun keçmiş prokuroru Vardanyan və digər qanlı yanları himayə, müdafiə edir. Ayıb olsun! Adam çörəyini kişi kimi qazanar! Keçmiş prokuror Dilicanın tarixi Azərbaycan ərazisi olmadığını bilməyə bilər, amma hüquqşünas kimi cinayətlərə görə ittiham edən Rubendən “konfet” düzəltməyə çalışması əclaflıqdır!
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ