İnsanlara hürriyət, millətlərə istiqlal!

Gümrüdəki Rusiya ordusu niyə Zəngəzur dəhlizini açmır?

Ermənistanın baş naziri Nikol Paşinyan ara-bir erməni xəyalpərəstlərini özünə gəlməyə çağırır. Təbii ki, özü də bəzən xəyallar aləminə uçur, amma Azərbaycanın Dəmir Yumruğunu xatırlayan kimi, özünə dönür...Bu günlərdə hayları növbəti dəfə realist olmağa, revanşizm mərəzinə yoluxanlardan məsafə saxlamağa yönəlik Paşinyan hətta erməni xalqına etdiklərinə görə üzr istəmək cəsarəti də göstərib.

“Əminəm ki, xalqımız öz seçimini çoxdan Real Ermənistanın xeyrinə edib. Amma müxtəlif dövrlərdə hakimiyyətdə olan bizlər ona qulaq asmadıq, əslində xalqımızı “tarixi dövran” içində yaşamağa məcbur etdik. Bu səbəbdən biz xalqımızdan üzr istəməliyik və mən də öz tərəfimdən üzr istəyirəm”, - Ermənistanın baş naziri deyib.

Hər halda anlayır ki, ötən illərdə hayların sıralarını həyatda və Ermənistanda seyrəltdiyinə görə onun da günahı az deyil. Əslində ilk gündən normal mövqe tuta və Azərbaycan Prezidentinə Düşənbədə verdiyi sözə sadiq qalaraq işğala son qoya, erməniləri də ağ günə çıxara bilərdi. Özü də təkcə ermənistandakıları yox, həm də Qarabağdakı hayları...Amma Xankəndidə içdiyi şərab onu elə məst elədi ki, qəfildən Qarabağın Azərbaycan ərazisi olduğunu “yaddan çıxartdı” və nəticə göz önündə...

pashinyan_susa.jpg (61 KB)

İndi Nikol Paşinyan Yerablur qəbristanlığındakı hay qəbirlərinə, Xəzər sahilindəki Hərbi Qənimətlər Parkına, Qarabağdan rədd olan separatçılara, təkcə Zəngəzuru tərk edən 50 min erməniyə və sairə görə üzr istəyir. Amma ermənilərdən. Bəs Azərbaycandan? Əslində Nikol Paşinyan ilk olaraq Azərbaycan dövlətindən və xalqından üzr istəməli, digər cinayət ortaqlarını, ölkəmizə, xaqlımıza qarşı soyqırımlar törətmiş, sərvətlərimizi, şəhər və kəndlərimizi, məscidlərimizi, maddi-mədəniyyət abidələrimizi darmadağın etmiş hayları da üzr istəməyə dəvət etməlidir!

Bunun ardınca da bəyan eləməlidir ki, Azərbaycana vurulan yüz milyardlarla dollarlıq zərərin ödənilməsi istiqamətində addımlar atmalıyıq, bunu həm də beynəlxalq hüquq tələb edir. Amma baxırıq ki, haylardan üzr istəyən, özünü sülhpərvər göstərmək üçün min oyundan çıxan Nikol Paşinyan ölkəsini sürətlə silahlandırır. Fransa, Hindistan, ABŞ, İran, Rusiya...Bir-birinə düşmən olan ölkələr Ermənistanın silahlandırılmasında qardaş olublar. Təkcə silah yarışı da getmir, həm də pul yağışına tutublar Paşinyanın ölkəsini, Avropa İttifaqı 4 illik 270 milyon avro, ABŞ 65 milyon, Fansa 29 milyon, ABŞ-nin təşkilatı USAİD 250 milyon...Ermənistanı “şabaş yağışı”na tutublar, Paşinyan da sülh nağıllarını zümzümə eləyərək qol qaldırıb oynayır, əlləri havada, avroları, dollarları qamarlayıb, ciblərinə doldurur. Bu yandan da üzr istəyir, “realizm nəzəriyyəsinin banisi” statusunda çıxış edir. Yeri gəlmişkən, bu cərəyan Tomas Hobbes və Nikcolo Makiavelinin yaradıcılığına əsaslanır. Deyəsən, həmmüəlliflərdən birinin adındakı oxşarlıq Nikolu həvəsləndirib. Oyunbazlığından əl çəkmir.

6171ed32ad64dd389bfdd6676a5be94c.jpg (118 KB)

Nikol Paşinyan Ermənistanı beynəlxalq auksiona çıxarıb, kim daha çox şabaş səpsə, “kadastr sənədi olmayan” ölkəni onun qucağına oturdacaq. Hələlik var-gəl edir, məbləği hansı paytaxt qaldırırsa, ona doğru istiqamət götürür. Yaxud da bir istiqamətə yön almaqla qigər qütbü şantaj edir, onu daha çox “əlini cibinə salmağa” sövq edir. Son günlərdəki manevrlərə diqqət edin: rəsmi İrəvan məlumat yaydı ki, Paşinyan Rusiyaya səfər edəcək, Kremlin patronajlığı altında fəaliyyət göstərən tədbirdə iştiraka hazırlaşır. Həmçinin Ermənistan rəhbərliyinin Kazanda keçiriləcək BRİCS ölkələrinin toplantısında iştirakı da gözlənilir. Soruşan lazım, nə oldu, Paşinyan bəs KTMT-dən çıxırdın, Rusiyaya kəllə atırdın?! Amma yox, Rusiya prezidenti ilə may ayındakı görüşdə aldığı 100 milyonluq ənamdan sonra Paşinyan fikrini dəyişdi. Hətta bir müddət öncə Rusiyaya qarşı sərt fikirlər səsləndirənlərə təpindi ki, böyük bir ölkə ilə bu ritorika ilə danışmaq olmaz! Necə olur ki, böyük bir ölkənin, özü də Ermənistanı yoxdan var eləyən, ona dədəlik eləyən bir dövləti vaxtaşırı avropalı, amerikalıların qarşısında “yaş yuyub, quru sərir”, o boyda ölkənin prezidentinin həbsinə order verməzdi. Düzdür, sonradan geri mövqeyindən çəkildi, amma fakt faktlığında qalır.

Bu günlərdə Rusiya baş nazirinin müavini Aleksey Overçuk İrəvanda bildirdi ki, Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi 2024-cü ildə 14-16 milyard ABŞ dolları arasında dəyişə bilər. Bu isə 2020-ci ilin analoji göstəricisindən (2,3 milyard ABŞ dolları) altı dəfə çoxdur.

Sitat: “Rəqəmlər və faktlar bütün səs-küylü açıqlamalardan daha yaxşıdır. 2023-cü ildə Rusiya ilə Ermənistan arasında qarşılıqlı ticarət dövriyyəsi 55,8 % artaraq 7,4 milyard dollara çatıb. Bu il artım sürətlənib. Təkcə bu ilin birinci yarısında ölkələrimiz arasında ticarət dövriyyəsi 8,4 milyard dollar təşkil edib”.

Aleksey-Overcuk-pasinyan-768x403.jpg (43 KB)

Ermənistanın nə qeyri-adi istehsalı varmış ki dövriyyə bu qədər artıb? Deməli, deyilənlər əbəs deyilmiş, Rusiya-Ermənistan “müharibəsi” sadəcə görüntü xatirinəymiş, oyun imiş. Ermənistan həm Qərbi “sağır”, həm də Rusiyanın eksportu üçün “yaşıl dəhliz” rolunu oynayır.

Deməli, Paşinyanın Zəngəzur dəhlizindən imtinası da mənasızdır və sadəcə müvəqqəti oyunbazlıqdır. Diqqət etdinizmi, həm keçən il, həm də bu il rəsmi Bakı Zəngəzur dəhlizinə o qədər də böyük önəm vermədiyini, yaxud sülh layihəsindən çıxarıldığını açıqlayandan sonra Rusiya hərəkətə keçdi. Bu gün İran və Rusiya Zəngəzur mübahisəsi aparır, Azərbaycan sakitcə müşahidə edir. Qoy dalaşsınlar, bizə Zəngəzur lazımdır, o da olacaq! 2020-ci ilin 10 noyabr Bəyanatının digər bəndlərinin icrasına Azərbaycan nail oldu, sonuncu – 9-cu bəndin, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasındakı əlaqəni təmin edəcək dəhlizin açılmasını da zəhmət çəksin Rusiya reallaşdırsın!

WhatsApp Image 2024-09-17 at 11.27.12.jpeg (36 KB)

Bəyanatda nə yazılıb? Xatırladaq: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”. Buyursun, Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının şəxsi heyəti Zəngəzur dəhlizini açsın. Yaxud da Rusiyanın Ermənistandakı sərhədçiləri – onlar Türkiyə və İranla Ermənistanın sərhədinə nəzarət edirlər – Zəngəzur dəhlizi boyunca kənara çəkilsinlər və dəhlizin tikilməsinə şərait yaratsınlar.

Nəqliyyat əlaqəsi üzrə nəzarəti həyata keçirməli olan Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları zəhmət çəksin Azərbaycanın bir hissəsindən digər hissəsinə sərbəst gediş-gəlişinə imkan yaratsınlar. İran narahatdır ki, “qırmızı xətt”i pozular. Araz sahili boyunca şərti sərhədlərə Rusiya sərhədçiləri nəzarət edir, niyə narahat olur ki?

Bu bölgədə Azərbaycanı Zəngəzur dəhlizi istiqamətindən savaşa çəkmək istəyənlərin məkrli siyasətindən xəbərdarıq, özlərini yormasınlar! Yola nəzarət edəcək ölkə zəhmət çəksin, yolu açsın! Bəlkə burda da Rusiya ilə Ermənistan arasında gizli anlaşma var? Varsa, desinlər, işimizi bilək, oyunbazlıq yetər, Naxçıvan sakinləri yol istəyir!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR