Onlayn ictimai-siyasi qəzet
Bu günlərdə Ermənistandakı revanşistlər yenidən baş qaldırmağa başlayıblar. Qarabağdakı xunta rejiminin qandallanmamış nümayəndələrindən tutmuş, kilsə təmsilçilərinədək bir çoxları Azərbaycana dil uzadırlar. Təbii ki, buna rəvac verən qüvvələr var: həm xarici havadarlar, həm də “sülh göyərçini”libasında sülhdən dəm vuran Ermənistan hakimiyyəti revanşizmin ayaq açmasında maraqlıdır.
Oxuduq ki, Qarabağdan öz xoşları ilə köçüb gedənlər Azərbaycana qarşı sərsəm iddialar səsləndirirlər, həm də mülkiyyə hüququ və sairlə bağlı.
Təqribən bir ilin söhbətidir, Azərbaycan Respublikası 28 sentyabr 2023-cü ildə, antiterror əməliyyatından bir həftə sonra Qarabağın erməni sakinlərinin reinteqrasiyası üçün portal yaradıldığını elan etmişdi. Azərbaycan Respublikasının Prezident Administrasiyasının məlumatında bildirilmişdi ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilkin qeydiyyata alınmaq üçün könüllü şəkildə reintegration.gov.az portalına və ya elan olunan əlaqə vasitələri ilə müraciət edə bilərlər. Telefon nömrələri, elektron poçt ünvanı açıqlanmışdı. Amma ermənilər nəinki müraciət etmədilər, əksinə, onlardan maşa kimi istifadə edən havadarlarının təhriki ilə Qarabağdan çıxıb getdilər, Azərbaycana qarşı hər hansı iddialarının olmadıqlarını deyərək. Sonrakı günlərdə Nikol Paşinyan özü də Qarabağdan köçən ermənilərə Azərbaycanın hər hansı təzyiq göstərmədiyini, onlara qarşı zorakılıq edilmədiyini etiraf eləmişdi.
Amma diqqət edin, Fransa, Kanada kimi təhrikedici ölkələrin diqtəsindən sonra Ermənistanda da sərsəm iddialar artmağa başılayıb, yenə də Qarabağdan guya 100 mindən artıq erməninin zorla çıxarıldığı, onlara zərər dəydiyi və sair iddialar səslənir. Hayların və onların havadarlarının dişlərində şirə qalıb. Axı 1915-ci ildə baş verməyən hadisələrə görə Türkiyənin ittiham olunması prosesi davam edir. Bu, Türkiyəyə qarşı türk düşmənlərinin əlində silaha çevrilib, ona görə də ermənilərin guya “genosid” edildiyi haqda xora qoşulublar. 21-ci əsrdə daha bir sərsəm iddianı körükləyirlər, bu dəfə də ermənilərin Azərrbaycan tərəfindən “genosid” edildiyi barədə tamaşa hazırlamaqdır niyyətləri. 44 günlük müharibədə və xunta rejiminə qarşı əməliyyatda bircə mülki erməninin burnu qanamadığı halda, əclafcasına Azərbaycanı ittiham edirlər.
30 illik işğala son veriləndən sonra belə, Azərbaycan dövləti humanistlik nümayiş etdirib, Qarabağ ermənilərinə ölkəmizin vətəndaşları olaraq yanaşdığını ən yüksək səviyyədə bəyan etmişdi. Prezident İlham Əliyev 2023-cü ilin fevralında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasdakı çıxışında “Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır” demişdi, onların təhlükəsizliyinin təmin edildiyini də bildirmişdi və Nikol Paşinyan sakitcə dinləmişdi bu bəyanatı. Amma sonra nələr baş verdi? Paşinyan Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşı olaraq burada yaşaması üçün heç nə etmədi, əksinə, hayların Makronun hazırladığı ssenaridə rol almalarına imkan yaratdı. Sonra isə Azərbaycan dövlətinin yaratdığı reinteqrasiyası portalı Ermənistanda bloklandı, Qarabağ erməniləri geri qayıtmasın deyə...Bütün bunlardan sonra Azərbaycana qarşı hansısa iddia irəli sürmək, o cümlədən təzminat, mülkiyyət davasına çıxmaq əbləhlikdir!
Amma bir tərəfdən baxanda bəlkə də düz edirlər. Nəyə görə? Biz axı, çox humanist millət və dövlətik, bəzən üzləşdiyimiz pislikləri, cinayətləri tez unuduruq, şirin vədlərə aldanırıq. Necə ki ötən əsr boyunca dəfələrlə ermənilərin başımıza gətirdikləri zülümləri unudub mehriban qonşuluq şəraitində yaşamağa qərar vermişik. Baxmayaraq ki, haylar hər zaman övladlarını “türk sənin düşmənindir” təbliğatı ilə bəsləyib. Haylar cildini dəyişsə, bəlkə yenidən bizi tora salmağa müvəffəq olarlar, illər sonra yenidən əfi ilan kimi boynumuza dolanmaq fürsəti qazanarlar. Ona görə də olduqları kimi görünsələr, daha yaxşıdır, düşmən, məkr, fitnə-fəsad təmsilçiləri olaraq. Tez-tələsik Azərbaycanla sülh müqaviləsi imzalamağa çalışan Ermənistan bununla təkcə ölkəmizə qarşı ərazi iddiasının əksini tapdığı konstitiusiyaya düzəlişləri unutdurmaq istəmir, həm də 30 ildən artıq davam edən işğal dövründə Azərbaycana qarşı vurduğu ziyanın tələb olunmasını yaddan çıxartmağa çalışır. Odur ki, belə bir məqamda ermənilərin təzminat, mülkiyyət mızıldanması bizim yaddaşımızı yeniləyir. Bəli, Azərbaycana vurulan zərər ödəniləməlidir, əksi ola bilməz! İlkin hesablamalara görə, ölkəmizə dəymiş zərərin miqdarı 800 milyard dollardan artıqdır.
Təsəvvür edin, 30-35 il ərzində Azərbaycan ən məhsuldar ərazilərindən əldə etdiyi məhsullarından məhrum edilib, insanlarımızın mülkləri dağıdılıb, dövlət obyektləri, sənaye, istehsal müəssisələri (Bakıda yerləşən təşkilatların 50-dən çox filialı və 300-dən çox sənaye və tikinti müəssisəsi), tarixi, mədəniyyət, dini abidələr (70-ədək məscid) məhv edilib.
Modern.az çox maraqlı araşdırma yazısı dərc etmişdi. Qeyd olunub ki, təcavüzdən öncə Azərbaycan Respublikasında istehsal edilən taxılın 14,3%-i, üzümün 31,5%-i, ətin 14,5%-i, südün 17,1%-i, yunun 19,3%-i və baramanın 17%-i Ermənistanın işğalına məruz qalmış Azərbaycan ərazilərinin payına düşürdü. Bu illərdə 185 000 hektar əkin yerləri və 645 000 hektar kənd təsərrüfatına yararlı torpaq sahələri işğal altında qalıb. Rəsmi məlumatlara əsasən, işğal nəticəsində 900 yaşayış məntəqəsi, 150 min ev, 7093 ictimai obyekt, o cümlədən 1107 təhsil müəssisəsi, 855 uşaq bağçası, 521 səhiyyə müəssisəsi, 4 sanatoriya və müalicə müəssisəsi, 927 kitabxana, 706 tarixi abidə, 22 muzey, 100 mindən çox muzey eksponatı, 12 dövlət arxivi və 401min dövlət arxiv sənədi məhv edilib, qarət və talan olunub. Rəqəmlərə diqqət edin: işğal dövründə 2000 km uzunluğunda qaz kəməri, 34 qazpaylayıcı qurğu, 76 940 km elektrik xətti, 7586 km su kəməri, 598 rabitə qovşağı, 3052 km rabitə xətti, 28 980 km kabel-kanalizasiya qurğusu və 325,8 km dəmir yolu məhv edilib. Qarabağ hadisələri başlayandan Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində 20 000 insan öldürülüb və 50 000 insan yaralanıb və ya əlil olub. 4 minə yaxın Azərbaycan vətəndaşı isə hələ də itkindir. 1 milyondan artıq həmvətənimiz – Ermənistandan didərgin düşən soydaşlarımız daxil – mülkiyyət hüququndan məhrum edilib, ağır məhrumiyyətlərə düçar edilib. Təkcə Xocalı, Malıbəyli, Ağdaban, Başlıbel, Meşəlidəki soyqırımların təzminatı üçün yüz milyardlar belə, azdır.
Ermənistan təzminat məsələsindən yayına bilməz, bunu beynəlxalq hüquq da tələb edir. Düzdür, Azərbaycana gələndə beynəlxalq hüquq çox vaxt unudulur, bunu Qarabağın işğalında gördük. Amma artıq güclü və qalib Azərbaycan var və düşən ölkə əlimizdən qaça bilməz. Bəlli qaydalar mövcuddur: hər bir dövlətin beynəlxalq hüququn subyekti kimi mövcud hüquqi rejim çərçivəsində, qüvvədə olan qaydalara uyğun davranış sərgiləməsi sadəcə bir seçim deyil, bu onun üzərinə düşdüyü öhdəlikdir. Əgər o mövcud hüquqi nizamın hər hansı qaydasını pozursa və qeyri-qanuni vəziyyət yaradırsa deməli üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir və yaratdığı vəziyyət nəticəsində vurduğu zərərin qarşılqlığını ödəməlidir. Başqa cür desək, beynəlxalq hüquqi nizam dövlətin beynəlxalq öhdəliklərini pozaraq törətdiyi qeyri-qanuni əmələ görə təzminat ödəməsini nəzərdə tutur. Bu məsələ ətrafında gedən müzakirələr XX əsrdən etibarən beynəlxalq pozitiv hüquqda dolğun ifadəsini tapıb. Yaxın və uzaq tariximizdə konkret nümunələr var. Almaniyanın İsrailə, yaxud İraqın Küveytə kompensasiya ödəməsi faktları. Eyni zamanda faşist Almaniyasının sovetlərə qarşı təzminat tələbi ola bilmədiyi kimi, faşist Njdenin varislərinin də Azərbaycana qarşı hansısa təzminat davası açması nonses olar. 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın bütün hərbi potensialı ilə məğlubiyyətini etiraf etməsi həm də təcavüzün etirafı idi. Bu, Ermənistanın beynəlxalq məsuliyyətini təsdiqləyir, onun beynəlxalq öhdəliklərini pozaraq qeyri-qanuni vəziyyət yaratdığını və bu vəziyyətin doğurduğu nəticələrə görə məsuliyyət daşıdığını göstərir. Başqa cür desək, suveren Azərbaycan ərazisində qeyri-qanuni işğal nəticəsində törədilmiş dağıntılara görə Ermənistan məsuliyyət daşıyır. Çünki işğalçı dövlət, yəni Ermənistan işğal edilmiş ərazi üzərində suverenliyə malik deyildi, işğal rejimi çərçivəsində fəaliyyət göstərirdi və bu ərazilərin işğalının müvəqqəti hal olmasını anlayırdı. Ermənistan tərəfindən 700-dən çox tarixi abidə, 22 muzey, o cümlədən 100 min muzey eksponatı, 927 kitabxana, 58 arxeoloji yaşayış yeri, 26 qala və qala divarı, habelə digər mədəni irs abidələri mənimsənilib, məhv olunub və ya talan edilib. Bütün bunlar bəşəriyyətə qarşı cinayətdir, cavabını almalıdır.
Bir sıra hallarda Ermənistanın Azərbaycana böyük miqdarda təzminat ödəmək imkanının olmadığından danışılır. Necə olur ki, Sülh Fondunun ayırdığı milyonları, Avropa İttifaqının, ABŞ-nin göndərdiyi vəsaitləri Ermənistan yenidən silahlanmaya xərcləyir, yüz milyonlar hesabına ordusunu silahlandırır, amma Azərbaycana vurduğu ziyanı ödəmir?! İşğal etdiyi ərazilərə, törətdiyi terror aktlarına, soyqırımlara görə cavab verməlidir! Döyüş meydanında cavabını alıb, indi də beynəlxalq hüquqa əsasən maddi təzminat ödəməli, Azərbaycandan üzr istəməlidir! Bir daha eyni cinayətləri törətməyəcəyinə əmin olmalıyıq. Özü də Ermənistanın təzminat ödəməsi bir neçə formada həyata keçirilə bilər. Əgər pulu yoxdursa, onda Azərbaycanın tarixi ərazilərində yaradılmış bu, qondarma ölkə torpaqları – öz torpaqlarımızı - qaytarsın! Qərbi Zəngəzur və bir sıra digər ərazilərimizin 1920-ci ilin dekabrında qoparıldığını unutmamışıq! Kərki və Qazaxın anklav kəndləri nədən anklava çevrildi? O kəndlərə aparan ərazilər geri qaytarılmalıdır! 1929-cu ildə qoparılan, 1969-cu ilin mayında rəsmiləşdirilən Nüvədi və digər bir çox kəndlərimiz Azərbaycana geri verilməlidir! Zəngəzur dəhlizindən danışılır, hətta buradan Naxçıvana yol açılmasını mübahisə obyektinə çevirirlər. Ancaq əslində bu ərazilər bizimdir, onlar geri qaytarılmalıdır, heç olmasa təzminat əvəzi!
Yaxud Ermənistan Qafan şəhərinin 30 km-liyindəki Zəngəzur Mis-Molibden Kombinatını, Qafandakı dağ-mədən kombinatını Azərbaycana təhvil verə bilər. Qarabağdakı qiymətli yataqlarımızı, Zod qızılını qanunsuz istismar etməsinin əvəzində...
İşğal dövründə Ermənistan hakimiyyəti Azərbaycanla sərhəddə yerləşən Kəlbəcərin Zod yatağını qeyri-qanuni olaraq “GeoProMining” şirkətinin tam istismarına vermişdi. 2009-cu ildə buradan 320,5 min ton, 2010-cu ildə 490 min ton, 2011-ci ildə 880 min ton miqdarında hasil edilmiş filizin emalı Dəvəli (Ararat) qızıl emalı kombinatında həyata keçirilib. Ermənistan böyük pullar qazanıb işğal illərində, buyursun, qaytarsın!
Yeri gəlmişkən, Avropa İnsan Hüquqları Məhkəməsi 14 fevral 2019-cu il tarixli qərarı ilə Şınıx (Şnoq) və Tuğut (Teqout) kəndlərinin məhkəməyə müraciət etmiş sakinlərinin torpaqlarında qanunsuz mədən sənayesi istismarını təsbit edib, bununla bağlı Ermənistan hökumətindən zərərdəymiş kəndlilərə 69400 avro dəyərində təzminat ödənməsini tələb etmişdi. İndi Beynəlxalq Məhkəmə Azərbaycan ərazilərinə vurulan zərərə,çaylarımızın zəhərlənməsinə görə Ermənistana qarşı təzminat qərarını versin! Ermənistan heç də yoxsul, ac-yalavac ölkə deyil. İşğal illərində bu qondarma ölkənin Azərbaycandan yağmaladığı sərvətləri onun boğazından tutub, gec-tez geri qaytaracağıq, himayədarları da əmin olsun!
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ