İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın “sülh bəyanatı” və Gorusdan Culfaya açılan atəş

Nikol Paşinyan bu dəfə tam fərqli qiyafədə idi. BMT Baş Assambleyasına “süddən çıxan ağ qaşıq” kimi qatılmışdı. Elə bil 2019-cu ildə Qarabağa qanunsuz gələn, separatçıların qondarma “müstəqillik günü”nə tost deyən, “Qarabağ Ermənistandır. Nöqtə” deməklə böyük savaşa rəvac verən bu deyilmiş.

Hakimiyyətdə olduğu iki il müddətində BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad edilməsini nəzərdə tutan 4 qətnaməsini icra etməyi “unudan” sanki Paşinyan deyilmiş. Elə bil baş nazir seçilən kimi ilk səfərini (?!) Şuşaya – qonşu ölkənin işğal edilmiş şəhərinə edən, Şuşada “qələbə paradı” keçirən, burada çaxırı arağa, arağı konyaka qatıb, cinayətkar dəstəsi ilə əl-ələ tutub yallı gedən, sonra da məst olub yad torpağa yayxanan adam bu deyilmiş. Hə, bir də oğlunu hərbi xidmət çəkmək və “nümunə olmaq” üçün Qarabağa göndərən də bəlkə heç Nikol Paşinyan olmayıb. Bəlkə biz yanılmışıq, əvvəlcədən Ermənistan heç bir ölkənin ərazisini işğal etməyib.

YALLİ.jpeg (39 KB)

Nikol Paşinyan BMT Baş Assambleyasında özünü elə aparırdı ki, sanki 44 gün ərzində Azərbaycanın öz torpaqlarını azad etməsinə ağalarının mane olmaları üçün bütün günlər ərzində telefonun dəstəyindən asılan bu olmayıb. Əlindən nə gəlirsə etməyə çalışdı, gah ağladı, gah yalvardı, gah şivən qopardı. Heç bir təsiri olmadı, Azərbaycan nə təzyiqlərə məhəl qoydu, nə təxribatlara, nə yalvarışlara, torpaqlarını azad etdi. Nikol Paşinyan üçtərəfli bəyanata – kapitulyasiya sənədinə imza atsa belə, sonadan 9 bəndi icra etməyə can çəkdi. Bu günədək Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında quru əlaqənin təmin edilməsindən yayınır. Qarabağdakı separatçılara İrəvanda baş qaldırmaq imkanı yaradan da Ermənistanın baş naziridir, nə olsun ki, Baş Assambleyada başını qaldırıb “mən sülhə hazıram” deyir. İkibaşlı yox, çoxbaşlı oynayır Nikol Paşinyan. Özü də bu, onun başının məhsulu deyil, başının üstündəki Demokl qılıncının qorxusu, Makron Fransasının, Bayden ABŞ-sinin təsiri, Sorosa bağlı mərkəzlərin ev tapşırığıdır.

Oyunbazlığa baxın, deyir sülh sənədinin razılaşdırılmış 80 faizinə imza atmağa hazırdır. Anormallıqdır. Qalan 20 faizin içərisində nələr var? Niyə həmin hissələri kənara qoyursan? Ümumiyyətlə, ala-yarımçıq sülh sənədi kimin nəyinə lazımdır? Azərbaycana heç lazım deyil. Özü də Azərbaycan dövlət başçısı bəyan edib: Ermənistan konstitusiyasından Azərbaycana qarşı – həm də Türkiyəyə qarşı ərazi iddialarını da unuda bilmərik və artıq iki ölkənin XİN rəhbərləri tərəfindən bəyan olunur - ərazi iddiaları çıxarılmalıdır, əks halda sülh imzalanmayacaq!  

İLHAMİ SON.jpg (55 KB)

Paşinyan Nyu-Yorkda sülh müqaviləsindən danışarkən növbəti dəfə konstitusiya dəyişikliyi məsələsinə toxunaraq bildirib ki, Ermənistan konstitusiyasının 5-ci maddəsinin 3 bəndinə görə, ratifikasiya olunmuş beynəlxalq sazişlər Ermənistan qanunvericiliyindən üstün sayılır.

Yaxşı, əgər beynəlxalq sənədlər üstündürsə, onda BMT TŞ-nin qətnamələrini niyə zibilliyə tullamışdınız?! Beynəlxalq hüquqa hörmətinizi nə vaxt görən olub? Bəlkə Gəncəni, Tərtəri, Bərdəni, Naftalanı raket atəşinə tutanda... Paşinyan üzdə sühpərəst görünmək istəyir, konstitusiya dəyişikliklərinə razı görünür, sülh müqaviləsi tərəfdarı kimi çıxış edir və s. Amma əslində o, ənənəsinə sadiq qalaraq ikiüzlülük edir. Bunun başqa adı yoxdur. BMT kürsüsündən istifadə edərək “mən sülh tərəfdarıyam” demək üçün boğazını cırırdı.

Baxın, Nikol Nyu-Yorkda sülh nağılı danışanda Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Ərəvus yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iri çaplı pulemyotlardan atəşə tutdu. Kimsə deyə bilər ki, bu təxribat Paşinyana sərf etmir, XİN başçılarının görüşünü pozmaq istəyib Ermənistandakı “beşinci kolon” və s. Amma xeyir, Ermənistana rəhbərlik edən şəxs məsuliyyət daşıyır baş verənlərə görə! Paşinyan deyir yarımçıq sülhü imzalayaq, konstitusiyaya düzəliş məsələsini 2027-ci ilə saxlayaq, yaxud Zəngəzur dəhlizi də sonra həllini tapar. Bu gün özü BMT kürsüsündə çıxış edərkən rəhbərlik etdiyi hərbçiləri onun sözdə sülh planına atəş açırsa, demək sabah bu adamın daha kritik qərarların qəbul olunmasına da “dövlət təminatı” olmayacaq. Bəli, Gorusdan açılan atəş Azərbaycana yönəlib, sərhədçimiz hədəf seçilib. Amma əgər Paşinyan ciddi adam olduğunu sübuta yetirmək istəyirsə, ABŞ-dən qayıdan kimi həmin atəş açan hərbçiləri qandallatdırmalıdır! Özünə hörmət edən dövlət və hökumət başçısı belə edərdi. Yox, əgər atəşi Avropa İttifaqının cəsuz şəbəkəsi, Rusiyanın təsiri altında olan hərbçilər, yaxud elə terrorçu təşkilatın üzvləri açıbsa, Paşinyan da onlardan qorxub, özünə açılan atəşə səssiz qalacaqsa, onda bundan sonra dilini qoysun qarnına, sülhdən danışmasın.  

NİKOL.jpg (60 KB)

Nikol Paşinyan konstitusiyaya dəyişiklik etməmək üçün müxtəlif “arqumentlər” gətirir. Hər ölkənin qanunvericiliyində olduğu kimi, Ermənistan qanunvericiliyində də bu və ya digər beynəlxalq sənədlərin denonsasiyası - qüvvədən salınması - proseduru var. Yəni Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmaması gələcək hakimiyyətlər üçün buna istinad edərək sülh sazişini denonsasiya etməyə əsas verə bilər - Azərbaycan-Ermənistan arasında sülhün dayanıqlı və davamlı olması üçün denonsasiyaya səbəb ola biləcək hüquqi aktlar qüvvədən salınmalıdır. Hökm deyil ki, referendum keçirilsin. Ermənistanın müstəqillik bəyannaməsindəki sərsəm iddiaları əsas qanundan parlament səsverməsi ilə çıxartmaq kifayətdir ki, sülhün imzalanması istiqamətində ciddi mərhələ qət edilsin.   

Sülh imzalamaq istəyən ölkə sürətlə silahlanmaz, hələ cəmi 13 km-i dəqiqləşdirilən 500 km-lik şərti sərhədlərə hərbi texnika, artilleriya qüvvələri, uzaqmənzilli raketlər daşımaq. Ermənistan hakimiyyətinin riyakarlığı göz önündədir, bir tərəfdən sülhdən danışır, digər tərəfdən militarizasiya siyasəti həyata keçirir. Faktiki olaraq Paşinyan Qərbin regiona müdaxiləsi üçün Ermənistanı plasdarma çevirir. Aİ missiyası, hərbi təlimlər, Qərb silahları və texnikasının daşınması ilə bağlı faktlar göz önündə. Erməni ekspertlərin bir çoxu Paşinyanın bu siyasətindən qorxuya düşüblər.

HİNDİS.jpg (153 KB)

Rəsmi İrəvanın guya “sülhə hazır olduğu” haqda boşboğazlığı sadəcə status-kvonun saxlanmasına yönəlib. Bu kimi nağıllarla vaxt qazanmaqdır niyyətləri. Diqqət edin, Ermənistan Azərbaycana qarşı qara piar təşkil edir, erməni lobbisinin nəzarətində olan, onunla əməkdaşlıq edən dairələr, media, hüquq müdafiə təşkilatları Azərbaycana ardıcıl hücumlar həyata keçirirlər. ABŞ və digər ölkələrin qanunvericilik orqanlarında erməni lobbisinin təşəbbüsü və dəstəyi ilə tədbirlər təşkil olunur, qətnamələr qəbul edilib. Bütün ermənipərəst dairələr, təşkilatlar hərəkətə keçib. Azərbaycanın öz hədəflərinə çatması Ermənistandan maşa kimi yararlananları, Qarabağın azad olunması nəticəsində məğlub olan paytaxtları hərəkətə gətirib. Odur ki, indiki durumda Nikol Paşinyana “bir az oyna, baş qat” tapşırığı verilib. Paşinyan da oynayır, əks təqdirdə Nyu-York görüşünə güllə atan erməni hərbçilərlə bağlı tədbir görərdi... Bu güllə həm də onun özünə atılıb. Hələ ki, sözdə “sülh təşəbbüsləri”nə atəş açanlar sabah onun konstitusiya dəyişdirmək, yaxud Azərbaycanla sənəd imzalamaq təşəbbüslərinin qarşısında daha sərt addımlara qərar verəcəklər. Gorusdan açılan atəş Paşinyana “bir gün bu gülləni sənin alnına sıxarıq”, mesajına çox oxşayır... Maraqlıdır, baş nazirdən “cavab atəşi” gələcəkmi?  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR