Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenter qəbulunda olduğu Prezident İlham Əliyevə Cozef Baydenin məktubunu təqdim edib.
Məktubda kifayət qədər diqqətçəkən məqamlar var. Amma belə görünür ki, cənab Bayden gethagetdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına çalışır.
“İki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində ölkənizin və Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunam. Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır”, - ABŞ lideri yazıb.
İnanmaq istərdik ki, ABŞ dayanıqlı və ləyaqətli sülhün əldə edilməsini istəyir. Amma və lakin dərhal Amerikadan Ermənistanın “Zvartnots” hava limanına enən iki hərbi təyyarədəki yüklər gəlib dayanır adamın gözlərinin qarşısında. Sonra da ABŞ-nin Zəngəzurun qərb bölgəsində hərbi baza qurmaq planının “dayanıqlı və ləyaqətli sülh”ə nə aidiyyətinin olması üzərində baş sındırır adam. ABŞ-nin Arazdəyənd istiqamətində, Azərbaycan-Ermənistan şərti sərhədində metallurgiya zavodu tikmək planı da Azərbaycanın sərt etirazları nəticəsində ləğv edildi. Amma anti-Azərbaycan fəaliyyət bitmədi. ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Ermənistana ayrılan vəsaiti 120 milyon dollardan 250 milyona “tərəflər arasında sülhün əldə olunması naminə”mi qaldırdı? Ən nəhayət, bu yaxınlarda ABŞ Konqresinin 60 üzvü Azərbaycana qarşı sanksiya tətbiq olunması üçün hərəkətə keçdilər.
Azərbaycanın dövlət başçısı İlham Əliyev ABŞ Konqresinin 60 konqresmeninin Dövlət Departamentinə müraciətinə səfər etdiyi Cəbrayıl rayonundan çox kəskin reaksiya vermişdi. Əslində reaksiyanın azad olunmuş ərazimizdən verilməsinin də rəmzi mənası var idi. ABŞ başda olmaqla bir sıra ölkələr, o cümlədən vasitəçilər əslində Azərbaycan ərazilərinin əbədi ilhaqına daha çox səy göstərirdilər. Bu gün “ləyaqətli və dayanıqlı sülh”dən bəhs edənlər o illərdə Azərbaycanın ərazi bütövlüyünə bitərəf qalmalarını, bir sıra hallarda ölkəmizi reallıqla barışmağa sövq edən siyasət yürütmələrini nə tez unudublar? Kim unutsa da, biz unutmayacağıq, müstəqilliyimizin ilk ilində “mükafat” olaraq kürəyimizə sancılan 907 saylı “xəncər”i.
Prezident İlham Əliyev də bu barədə sözünü demişdi və konqresmenlərin çağırışını Azərbaycana qarşı düşmənçilik adlandırmışdı. Əslində 90-cı illərin ermənipərəst konqresmenlərin xələfləri, yaxud özlərinin düşmənçiliyi davam edir, Baydenin ölkəsində.
Dövlətimizin başçısı açıq şəkildə bildirmişdi ki, müraciətin ünvanını təxmin edir.
Sitat: “O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni özləri özlərinə məktub yazırlar, bizi hədələmək, bizi ittiham etmək üçün”.
Prezident qətiyyətlə söyləmişdi: “Yəni necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər. Bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir. Ondan sonra da deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər?”
Bəli, SÖZ deyildi, hər bir azərbaycanlının ürəyindən tikan çıxaran mövqe ortaya qoyuldu. Ardınca təkzibə cəhd etdi bəzi rəsmilər.
ABŞ prezidentinin iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Dövlət Departamentində Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların tətbiq edilməsinə çağıran məktubun yazılmasına dair iddialarını təkzib etməyə çalışdı. Amma üzrü günahından betər oldu. Dedi ki, “Bizdə bərabər hakimiyyət qolları var. ABŞ-də prezident və icra hakimiyyəti Konqresə nəzarət etmir. Bu, demokratiyamızın güclü olmasının səbəbidir. Konqremenlər düşündüklərini deyirlər”.
Konqresmenlərin necə düşündüklərini biz 1992-ci ildə, hələ ondan da əvvəl, 1990-cı ilin Yanvar qırğını zamanı görmüşük, nağıllar keçmir daha. Bir ovuc erməninin əlində yesir qalıblar. Bu dəfə də seçkiqabağı gözlərini erməni seçicilərin səsinə dikiblər, ədaləti ayaqlar altına atırlar...
Qoca Baydensə sülhdən danışır. Məktubunda yazır:
“Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz. Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm”.
Əvvəla, torpaqlarını 30 ildən sonra təkbaşına işğaldan azad etmiş Azərbaycan hansı güzəştlərə getməlidir, məlum deyil? Bu ona bənzəyir ki, Minsk Qrupunun həmsədrləri də həmişə qarşılıqlı güzəşt və kompromislərdən danışırdılar. Faşist Almaniyasına hansı güzəşt edildi, kompromis təklif olundu ki, indi onun kiçik qardaşı Ermənistana münasibətdə güzəşt istənilir? Bəlkə Azərbaycana vurduğu yüz milyardlarla zərərə görə, şəhər və kəndlərimizi darmadağın etdiyi, minalarla çirkləndirdiyi, bu günədək 4 min vətəndaşımızın taleyi haqda məlumat vermədiyinə və digər cinayətlərə görə Ermənistana güzəşt etməliyik? İcazə verin şübhələnək, cənab Bayden, bu, daha çox Paşinyanın “COP29-adək sülh imzalaya bilərik” məzmunlu mövqeyinə bənzər yanaşmadır. Həm də ermənilərin səsinin Harrisə hesablanmasına yönəlik gediş deyilmi? COP29-un sülh müqaviləsinə nə aidiyyəti var? Bu, nə tələskənlikdir belə?
Belə görünür ki, ABŞ-də də bir çox məsələlər yerində deyil, biri digərinin “kitabını oxumur”.
Məsələn, Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bildirmişdi ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişini heç vaxt COP29 ilə əlaqələndirməyib.
Sitat: “Biz heç vaxt razılaşmanı COP29-la əlaqələndirməmişik. Biz bir neçə ay əvvəl sülh sazişini görmək istəyirdik, həmçinin bu sazişin əldə olunmasına çalışırdıq. Ancaq bu, ABŞ-nin deyil, tərəflərin işidir”.
Fakt budur ki, Ağ Ev sahibi ilə Departament sözçüsünün sözü üst-üstə düşmür.
Azərbaycanın güzəşti budur ki, ona bu qədər pisliklər etmiş, dinc insanların, uşaqların qətliamına bais olmuş Ermənistanın rəhbərliyini COP29 iqlim sammitinə dəvət edib. Həmçinin Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29-la bağlı bütün dünyada silahları yerə qoymağa çağırış edib.
Azərbaycan dövlət başçısının mövqeyi budur ki, təkcə bölgəmizdə deyil, bütün dünyada sülh olmalıdır. Belə olduğu təqdirdə bizi Ermənistanın imzalamağa çalışdığı yarımçıq sülhə vadar etmək cəhdi anlaşılmazdır və təbii ki, qəbul olunmayacaq.
Cənab Bayden bir suala cavab versə, sevinərdik: Ermənistan Konstitusiyasında ABŞ-nin ərazisinə iddia əksini tapsaydı, COP29-adək qalan 20 gündə Paşinyanla sülh imzalayardımı? Niyə bir məktub da İrəvana göndərmir ki, yığışdırın qonşulara qarşı ərazi iddialarını əsas qanununuzdan, özünüzə gəlin! Ermənistan ABŞ-nin NATO-dakı müttəfiqi Türkiyənin 6 vilayətinə konstitusiya ilə iddia ortaya qoyub 30 ildən artıqdır, Amerikadan bircə dəfə etiraz gəlibmi? Yox.
Yəqin ki, cənab Prezident İlham Əliyev Baydenin məktubuna lazımi cavabı verəcək. Necə ki, Maykl Karpenterlə görüşdə xatırladıb: sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarı məhz Azərbaycan olub. Sitat: “Azərbaycan regional sülh gündəliyini dəstəkləyir. Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneədir. Azərbaycan prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcək”.
Sülhə əngəl yaradan Ermənistan və onu havalandıran havadarlarıdır, nəzərə alsınlar!
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ