Onlayn ictimai-siyasi qəzet
Qarabağın işğalda olduğu illərdə vaxtaşırı müraciət etdiyimiz bir mövzu var idi: Fələstin və Qarabağ məsələlərini müqayisə edirdik. O zaman çox narahat idik, Qarabağdakı qan-qada, işğal da Fələstin, Qəzza fəlakəti kimi on illərlə davam edər, bitib-tükənməz. Amma şükürlər olsun, Qarabağ məsələsi bitdi, bitirdik! Fələstin problemi isə 8-ci onilliyə doğru yenə də itkilərlə davam edir, təkcə ötən ilin 7 oktyabrından bəri Qəzza sektorunda həlak olanların sayı 40 mini ötüb, yaralı sayı isə 100 minə çatmaqdadır, hələ savaşın miqyasının genişlənəcəyi təhlükəsi də ortadan qalxmayıb.
Azərbaycan torpaqlarını özü azad etdi, özünün qətiyyəti, hərbi qüdrəti ilə. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin bu prosesdə oynadığı rolu hamımız yaxşı bilirik. Fələstinlə bağlı da BMT TŞ-nin saysız-hesabsız qətnamələri var. Hətta 242 saylı qətnamədə işğal olunmuş ərazilərin azad edilməsi tələbi də əksini tamışdı. Amma hanı? BMT-nin özü belə, Qəzza zolağında yarandığı tarix boyunca ən böyük itkisini verib. Dünyanın aparıcı təşkilatı bu qanı, qırğını durdurmağa qadir deyil, təəssüf ki...
İşğaldan, terrordan əziyyətlər çəkmiş, soyqırıma məruz qalmış Azərbaycan bütün dünyada, həmçinin Qəzza zolağında dərhal sülhün bərqərar olunmasın istəyir, buna çalışır. Dövlətimizin mövqeyi aydındır, şəffafdır, ədalətlidir. Prezident İlham Əliyev hələ illər öncə Fələstin probleminin həll formulunu təklif edib, bu münaqişənin iki dövlət prinsipi ilə həll olunmasını ən ədalətli variant olaraq irəli sürüb. Azərbaycan daim Fələstin probleminin beynəlxalq hüquq çərçivəsində və ədalətli həllinə tərəfdar olub, indiyədək İslam Əməkdaşlıq Təşkilatında bununla bağlı qəbul edilən bütün qətnamələrə səs verib. Həmçinin Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının toplantılarındakı çıxışlarında, eyni zamanda Misirə səfəri zamanı bu mövzu ilə bağlı açıqlamalarında, bəyanatlarında beynəlxalq hüquqa istinadən mövqeyini bir daha ifadə edib.
Baxmayaraq ki, Azərbaycanla İsrail arasında tarixi əsaslara dayanan əlaqələr mövcuddur, elə Qarabağın erməni işğalından azad olunması prosesində bir sıra ölkələrlə yanaşı, İsraildən alınan müasir silahlar döyüşlərdə öz sözünü dedi. Baxmayaraq ki, ABŞ kimi ölkələr hətta qardaş Türkiyəyə Azərbaycana “Bayrakdar”lar göndərməmək üçün təzyiqlər göstərməyə çalışırdı, hətta onu sanksiyalarla hədələyirdi.
Bu mənada İsrailə də çeşidli çağırışların gizli və ya açıq şəkildə edildiyinə şübhəmiz yoxdur, amma Təl-Əviv Bakı ilə əməkdaşlığa sadiq qaldı, 21-ci əsr silahlarını əsirgəmədi, təbii ki, böyük paralar qarşılığında. Azərbaycan üçün ən önəmlisi Ermənistanın işğalına, beynəlxalq hüququ tanımayan alçaq siyasətinə son qoymaq idi və buna nail oldu. Bu mərhələdə yanımızda olanlara, haqqımızı tanıyanlara sayğılı davranacağıq, heç şübhəsiz. Amma İsraillə normal münasibətlərimizə rəğmən, Qəzza bölgəsində dinc sakinlərin, qadınların, uşaqların qurban getməsini qəbul etmirik, müharibənin dayandırılmasını, HƏMAS-la danışıqlara başlanmasını, əsir və girovların qarşılıqlı şəkildə azad edilməsini ən doğru çıxış yolu sayırıq. Paralel şəkildə Azərbaycan Fələstinə də humanitar yardımını əsirgəmir, bu barədə çoxsaylı faktlar var, amma dövlətimiz insani dəstəyi qabartmağı, hər dəfə üzə vurmağı xoşlamır. Təkcə Fələstindəki çətin durumda olan insanlarla bağlı deyil ki...Bir qərinəlik müstəqillik yaşı olan dövlətimiz bu illər ərzində çətinə düşən o qədər ölkələrə, xalqlara əl tutub ki...Baxmayaraq ki, bəzilərinin yaddaşı çox gödək olub, çörəkləri dizi üstündə olub, amma eybi yox, “yaxşılıq et, balığı at dəryaya, balıq bilməsə də, Xaliq bilər”, misalı...
Yeri gəlmişkən, Azərbaycanla Fələstin bir-birinin müstəqilliyini 1992-ci ildə tanıyıb və diplomatik əlaqələr qurub, Bakıda 2010-cu ildən fəaliyyətdə olan Fələstin səfirliyinin xərclərini də Azərbaycan özü qarşılayır, bu faktın özü də çox şey deyir. Digər tərəfdən, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan paytaxtı Şərqi Qüds olmaqla, müstəqil Fələstin dövlətinin yaradılmasına gətirib çıxaracaq “iki dövlət” prinsipini daim dəstəkləyib.
BMT Təhlükəsizlik Şurasının, ABŞ-nin də dəstəklədiyi həll planıdır. Bundan o tərəfə nə etməlidir Azərbaycan? Digər tərəfdən, Azərbaycan müstəqillik qazandığı 1991-ci ildən Fələstinə imkanı daxilində birbaşa və dolayı yardımlar göstərib. 2013-cü il iyunun 11-də Bakıda Qüds şəhərinə dəstək məqsədilə donor konfransı, həmçinin Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransı keçirilib. Azərbaycanın özündə 1 milyona yaxın qaçqın və köçkünün olmasına baxmayaraq, Bakı 2013-cü ildən bəri Fələstin dövlətinə və BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Kömək və Sosial İnkişaf Agentliyinə (UNRWA) 7 milyon dollardan çox maliyyə yardımı göstərib. Lakin bütün bunların müqabilində Azərbaycan istər ərazilərinin 30 illik işğalı zamanı, istərsə də 44 günlük müharibə zamanı bir çox ərəb dövlətlərindən dəstək görməyib, əksinə, İƏT-in Azərbaycana dəstək qətnaməsinin qəbuluna mane olmaq istəyən, Ermənistanla Azərbaycan arasında “balanslı siyasət” qurmaq istəyən ərəb ölkələri olub. Fələstinin özündə ASALA ilə əlaqələr, Yasir Ərəfatın “ermənilər mübariz xalqdır, biz onlardan həmişə nümunə götürmüşük, həmçinin “biz və ermənilər bir xalqıq” kimi açıqlamaları...İndi bunun qarşılığında nə edək, Fələstin uşaqlarının ölümünə biganə qalaq? Xeyir, biz yamanlığa yamanlıqla cavab verən xalq və dövlət olmamışıq, olmarıq da, bizimçün ali dəyərlər var! Amma eyni zamanda müttəfiqlərimizi də unutmuruq, onları məqam düşən kimi güdaza vermərik. Sadəcə ortadakı qanı dayandırmaqdan ötrü dinc yola, hər tərəflə əlaqələr qurmaqla, danışmaqla nəticə əldə etməyə çalışırıq.
Fakt budur ki, Azərbaycan imkanı daxilində daim Fələstin xalqına dəstək olduğu halda, bu gün Qəzzada fələstinlilərin özləri arasında birlik mövcud deyil, 26 fraksiya bir-birinə qarşı mübarizə aparır, HAMAS-la vətəndaş müharibəsi yaşanıb, Fələstin müxtəlif fraksiyalar arasında bölünüb, Mahmud Abbasın özünün belə İsraillə savaş aparan HƏMAS-la ulduzu barışmır. Bu fraksiyaların hər biri kənardan idarə olunur və ayrı-ayrı dövlətlərin ziddiyyətli maraqlarına xidmət edir. Azərbaycanı yersiz günahlandırmağa çalışanlar bəkə əvvəlcə bu reallıqlara diqqət eləsinlər. Elə bu günlərdə sosial şəbəkələrdə Fələstin liderinin Ermənistanla qardaşlıqdan bəhs edən çıxışı yayımlandı, ətrafdakıların alqış sədaları altında. Barı bu faktları görəndən sonra sussunlar, Azərbaycan adını dil gətirməyə utansınlar bəziləri!
Eyni siyasət Rusiya-Ukrayna müharibəsinə münasibətdə də sərgilənir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir, bir qarış torpağına belə şübhə eləmir. Amma eyni zamanda Rusiya ilə normal qonşuluq münasibətlərini də əsas götürür, müttəfiqlik münasibətlərinə sadiq qalır. Azərbaycanın Ukraynaya humanitar yardım göndərməsi Rusiyanı qane etmir, bəzən qıcıqlandırır, bilirik, görürük. Amma müstəqil dövlətik, belə hallarda deyirik ki, bu, bizim siyasətimizdir, kimsəyə bizim siyasətimizə müdaxilə etməyə imkan vermərik! Bu savaşın da durdurulmasını istəyənlərin önündə biz gəlirik, amma tərəflərdən birinin tərəfində digərinə qarşı döyüşmək niyyətimiz yoxdur, ola da bilməz! Eynilə Fələstindəki, Qəzzadakı kimi! 44 günlük müharibə zamanı Fransa başda olmaqla bir sıra ermənipərəst dövlətlər Azərbaycanın qarşısına sipər çəkmək istəyəndə, erməni faşizmini dəstəkləyəndə Azərbaycan İsraildən hərbi-siyasi dəstək gördü və silahlar aldı, düşmənin başına od ələdi, biz bunu necə unuda bilərik? İndi Fransa kimi ölkələrin diqtəsi ilə Ukraynadakı bəzi çevrələr Azərbaycanın Ukraynaya etdiyi yardımları unudaraq, ölkəmizə qarşı çamur atmağa çalışırlar. Abır-həya çox yaxşı xüsusiyyətdir, gərək dövlətlərdə də olsun!
Beləcə, həm Ukraynada, həm də Qəzzada böyük oyun gedir, itkilərin ümumi sayı yüz minlərlədir, şəhərlər, talelər darmadağındır. Amma dünyanın heç bir güc mərkəzi hərəkətə keçib, savaşları dayandırmaq istəmir, əksinə, silah bazarları “çiçəklənir”, günahsız körpələrin torpağa gömülməsi fonunda, Azərbaycan nə etsin bu durumda? Azərbaycan istənilən məsələdə öz milli maraqları və təhlükəsizliyini əsas götürür. Azərbaycan heç zaman bir dövlətə görə digər dövlətlə düşmənçilik siyasəti aparmayacaq, bunu hər kəs bilməli və anlamalıdır! Azərbaycan dövlətinin qarşısında belə bir tələb qoymaq isə siyasi savadsızlıq, geosiyasi reallıqları anlamamaq, dövlətçilik prinsiplərini başa düşməməkdir! Azərbaycan təkcə regionda deyil, bütün dünyada sülhün hökmran olmasını istəyir, bunu dövlətimizin mövcudluğu tarixində yürütdüyü siyasət, dövlət başçımızın mövqe və məramı da aydın şəkildə ortaya qoyur. Bilməyənlər, yaddaşı zəif olanlar lütfən, tarixə qısa ekskurs etsinlər! Azərbaycan heç kimin qarşısında gözükölgəli, yaxud borclu deyil, əksinə, bizə borcu olanların böyük bir siyahısı var, cənablar, yaxud alsaadat almuhtaramun, panove! Çörəyimizin-yanacağımızın qədir-qiyməti yoxdur da demək olar. Faşistlərə qarşı müharibədə sovetlərin benzinlə təmin etdik, başımıza Bakı qırğınını açdılar. İndi də Ukraynaya pulsuz yanacaq paylayan SOCAR-ı sanksiya ilə hədələyirlər...
22 Noyabr 2024
21 Noyabr 2024
19 Noyabr 2024
18 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
09 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
04 Noyabr 2024
01 Noyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
21 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
13 Oktyabr 2024
10 Oktyabr 2024
06 Oktyabr 2024
04 Oktyabr 2024
02 Oktyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024
24 Sentyabr 2024
22 Sentyabr 2024
20 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ