İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropalı mehmanların məmnun olması üçün...

 

Şərqlə Qərbin arasındakı onlarca fərqdən biri də qonaqpərvərlikdə qənaət və israf məsələsinə yanaşmadadır.

Kəsədən desək, zəngin Qərb qonaq qarşılayıb yola salmaq məsələsində qənaət tərəfdarıdır, israfa qarşıdır. Ona nisbətən kasıb sayılan Şərq isə səxavətlidir, qonaqdan ötrü olanını xərcləyəndir.

Bunu özüm üçün bu yaxınlarda Səmərqənddə bir daha yəqin etdim. Təxminən 10 il öncə Kiyevdə isə Qərbin qonaqpərvərliyinin səxavət ölçüsünü görmüşdüm.

Demək, o zaman Avropanın nüfuzlu beynəlxalq təşkilatlarından birinin maliyyələşdirdiyi media konfransında iştirak edirdik. Üç gün davam edən debatlardan sonra elan etdilər ki, bu gün şəhərin ən böyük restoranında qala gecəsi olacaq. Yığışıb getdik. Restorana girəndə ağ köynəkli, qara smokinqli, kəpənək qalstuklu ofisiant oğlanları (40-50 nəfər) divar boyunca düzülmüş görüb dedik, bəli, zırıltı qonaqlıq olacaq. Amma gəlib öz masamıza oturanda sanki elə şey olmayacaqmış kimi təəssürat yarandı. Masaların üstü boş idi. Hər kəsin qarşısında bir şərab qədəhi, bir də su stəkanı vardı. Biz öyrənmişik axı, toya girəndə masada barmaq basmağa, telefon qoymağa yer olmasın. Elə şey yox idi.

Bir azdan hərəyə bir nəlbəkidə “Paytaxt” salatı gətirdilər, qədəhlərə şərab süzüb getdilər. Bizimkilər şax oturub, heç kəs salata əl uzatmır. Dedim, əziz həmvətənlər, bunu yemək lazımdır, deyəsən, burda balıq ləvəngisi, soyutması, kababı, antrekot, lülə, basdırma, plov olmayacaq. Yeyən yedi, yeməyən gözlədi. Çox keçmədi, smokinqli qaqaşlar durna qatarı kimi gəldilər, salatları yığışdırdılar, hərənin önünə kiçik bir nimçədə Kiyev kotleti və püre qoyub getdilər. Bu dəfə başqa bir həmkarım xəbərdarlıq elədi: “Yeyin, dalı olmaya bilər”. Amma o, bir balaca yanıldı. Ofisiantlar üçüncü gəlişlərində hərəyə bir dilim tort gətirdilər. Qonaqlıq bitdi.

Başqa ölkələrdən gələnləri deyə bilmərəm, bizimkilər şokdaydı. O, nə qala gecəsidir ki, onun yemək-içməyi fəhlə yeməkxanasındakı qədər deyil...

Ötən həftə Səmərqənddə isə bizi 5-6 dəfə elə ziyafətlərə apardılar ki, paytaxtımızda o menyunu təklif edən restoranların bir toy stulunun qiyməti 250 manatdan aşağı deyil. Masanın üzərində daha nələr yoxdur. Süfrə arxasına keçəndən sonra masaya daha heç nə gəlməsə belə, ən qarınqulu 10 adam təamların yarısını yeyə bilməz. Ofisiantlar isə bu ucdan gətirir. Bu samsa (ətli piroq – 3-ü bir öynədir), bu balıq kababı, qızartması, o bizim pitiyə bənzər ətli-sulu, noxudlu yemək. Sonra qoyun budunun pörtləməsi gəlir, daha sonra təndirdə bişirilmiş kabablar, ardınca üstü qaralı (xurma, şabalıd, kişmiş, ərik və qovrulmuş ətli) özbək plovu təqdim olunur.

Təklif olunan yeməklərin hamısından bir loxma yemək üçün adam gərək Koroğlu boyda və iştahda olsun.

Arada yanımda oturmuş özbək qardaşa dedim, əkə, bu qədər yeməyə nə ehtiyac, hər insanın bir lavaş dönəri yeyəcək qədər mədəsi var. O da mənə dedi ki, qardaş, mehmanlar məmnun getməlidir.

Qonşu masalardakı avropalı mehmanlara baxıram ki, hamısı “dut” deyənəcən yeyib-doyub. Yalnız müftə kökün qənimi olan erkək dovşana oxşayan bəziləri hər yeni gələn təama əl uzadır, dadına baxır, ləzzətdən başlarını bulayır, amma yeyə bilmirlər. Hara yesinlər? Təkcə qovrulmuş fıstığa yer qalıb, onu da ağ şəraba yavanlıq edirlər.

Söz yox, Teymurilər sülaləsinin hökmdarlarının özlərinə rəva gördükləri (bəlkə də görmədikləri) süfrədən daha zəngin, daha bolyeməkli ziyafətlərdən çıxan qonaqların çoxu bu iltifatdan məmnun gedəcəklər. Amma vallahi, 10 adamlıq masaya 50 adama yetəcək qədər delikates təamın verilməsi israfçılıqdır. Zatən, yeyilmir, qalır masada. Sonra o yeməkləri hara aparırlar, kimlərə paylayırlar, yaxud zibil qutularına tökürlər, bilinmir.

Yəni bu məsələdə özbək qardaşlarla eyniyik. Namxuda, bizdə də aydan-aya toyda verilən yeməklərin çeşidi və qiyməti artır. Ola bilər, 3-4 saat boyunca eyzən dolu məcməyi daşıyan ofisiantların da gündəlik muzdu 1-2 manat artıb, onu bilmirəm.

Avropa bu işi çözüb, hesabı verən özləridirsə, israf etmirlər. Amma onların məmnun olması üçün bizim, eləcə də o biri şərqli qardaşlarımızın bu qədər səxavətli olmasının yeri yoxdur.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

20 Noyabr 2024

18 Noyabr 2024

16 Noyabr 2024

14 Noyabr 2024

10 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

04 Noyabr 2024

02 Noyabr 2024

31 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

17 Oktyabr 2024

14 Oktyabr 2024

12 Oktyabr 2024

09 Oktyabr 2024

07 Oktyabr 2024

05 Oktyabr 2024

03 Oktyabr 2024

01 Oktyabr 2024

29 Sentyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

23 Sentyabr 2024

21 Sentyabr 2024

19 Sentyabr 2024