Onlayn ictimai-siyasi qəzet
Şəxsən tanımıram, eləmirəm, amma mən Asudə müəllimənin tərəfindəyəm.
Söhbət Naxçıvanda bayraq muzeyinin işdən çıxarılan əməkdaşından gedir. Yayılan videoya azı yeddi dəfə çevirib-çevirib baxdım, o xanımın hansı qəbahətə yol verdiyini bir türlü anışdıra bilmədim. Videodan açıqca görünür ki, Asudə konfliktən çəkinir, hiddətlənmiş qonaqdan üz çevirib aralaşır, amma sonra sinirlənir, geri qayıdır, hiss olunur ki, qadın onu hövsələdən çıxarmağı bacarıb.
Əksinə, Elif deyilən turist xanım isə özünü səsvermə günü seçki məntəqələrində köynəyini dartışdırıb cıran, müşahidəçi bəyi şərləyərək (“mənə əl atdı” deyə) məntəqədən qovduran MnSK üzvü kimi aparır.
Amma ortada bir yarımçıq verilən dialoq var, görünür, şeytan məhz o təfərrüatda gizlənib.
Asudə deyir ki, o, məndən şikayət etdiyini deyəndə “qəribədir e, booy” deyə reaksiya verib, Elif bunu başqa cür başa düşüb, təhqir hesab edib.
İndi əfvinizə sığınaraq o söhbəti bir az açmaq istəyirəm. Ola bilər, turist qadın muzey işçisinin ona dediyi sözü “qə...bədir e” hesab edib. İki hərf fərq var – “ri” hecasının yerinə “h” səsi. Elif də dilimizi yaxşı anlamır, səhv anlaması mümkündür. Biz Anadolu lisanını serialların hesabına artıq ana dilimiz kimi bildiyimizə baxmayın, onlar bizim telekanallara baxmırlar deyə danışığımızı yaxşı anlamırlar. Anlayırlar e, biz özbəklərin dilini anladığımız kimi anlayırlar. Yəni bir dilin iki ləhcəsinin qarşılıqlı çulğaşması prosesi yaxşı getməyib, birtərəfli gedib, ona görə də biz onların dediyi hər kəlmənin mənasını bilirik, onlar isə bizim işlətdiyimiz kəlmələrin üçdə birini başa düşələr, düşməyələr.
Bu baxımdan Elif-Asudə qovğasını sırf dilbilməzlik, anlaşılmazlıq kimi şərh etmək olar.
Elə muzey işçisi öz tərəf-müqabilinə elə deyir, deyir ki, düz başa düşmədiniz, dilmizi öyrənin, sonra gəlin.
O zalım qızı isə Seda Sayan və qardaşının duetindəki kimi tutdurub ki, “bir daha söylə, bir daha söylə”. Hərçənd Asudə ona diplomatik cavab verir, deyir, yox, sən mən dediyimi təkrarla, görüm, nə eşitmisən.
Düzü, mən bizimkinin izahatına inanıram. Çünki heç bir muzey işçisi, özü də qadın, muzeyin qonağına durduq yerdə “qə..bədir e” deməz, amma “qəribədir” deyər.
Əslində o sözü bayaqdan niyə nöqtələrlə yazıram, bilmirəm. Tərifli sovet ədəbiyyatında, hətta filmlərimizdə, məsələn, Anarın “Təhminə”sində o kəlmə sərbəstcə işlənir. Düzdür, biədəb kəlmədir, amma onun sinonumlərini hər gün yüz dəfə işlədirik, heç kəsdən də üzr istəmirik. Belə çıxır ki, o sözün sinonimlərini işlətmək olar, özünü yox. Gey, pederast, homoseksual kəlmələrini də sərbəstcə işlədirik, amma o sözün ana dilimizdəki qarşılığı tabu altındadır, yazıya gəlməz, efirdə səslənməz. Səslənişə qalsa... Nəysə.
Xüləs, mətləbdən uzaqlaşmayaq. Bu yazını ona görə yazıram ki, o qovğanın son nəticələrində yekə bir haqsızlıq görürəm. Asudə xanımı işdən çıxarmaqla ona haqsızlıq edilib.
Əgər bu cür davam etsək, ölkəmizə gələn hər kaprizli turist heç nə üstündə muzey işçilərini bu cür şərləsələr, tezliklə orada işləməyə kimsə qalmayacaq.
Ümumiyyətlə, bu lakeylik sindromundan qurtulmaq lazımdır. Nəyə görəsə bizə elə gəlir ki, ölkəmizə gələn turistlər burada 5 manat xərcləyirlər deyə həmişə haqlıdırlar və biz hamımız onların qabağında bir əlini ədəbli şəkildə bel nahiyəsində tutan, digər əlində məcməyi daşıyan döşlüklü qarsonlar kimi durmalıyıq. Elə şey yoxdur.
Mən özüm də turistlərlə yaxşı davranılmasının, onlara addımbaşı kələk gəlinməməsinin tərəfdarıyam, amma, türkün sözü, qarson müamiləsinə qarşıyam. Hansı turistin haradan gəlməsinin də fərqi yoxdur, həmvətənimizi aşağılayırsa, bu, hamımıza sataşmaq, hamımızı aşağılamaq deməkdir. Qələt eləsinlər, hədlərini bilsinlər. Sabah biz Luvr muzeyində, lap elə Topqapı muzeyində bələdçi ilə söz-sözə gəlsək, onları işdən qovdura bilərikmi? Əsla. Özümüzü borclu çıxarar, hətta sekyuritiyə əmr verərlər, bizi muzeydən danaboyun edib atar bayıra. Yəni özlərininkinin tərəfini verməzlər. Biz isə...
Ona görə də təcili şəkildə Asudə xanımın öz vəzifəsinə bərpa olunması vacibdir.
P.S. Dəli şeytanın replikası: “Müəllif, o Elif xatun elə bir hərəkət edib ki, ona bədahatən o söz deyilə bilərdi. Yenə özün bilərsən”. Ta nə bilim.
22 Noyabr 2024
20 Noyabr 2024
18 Noyabr 2024
16 Noyabr 2024
14 Noyabr 2024
10 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
04 Noyabr 2024
02 Noyabr 2024
31 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
17 Oktyabr 2024
14 Oktyabr 2024
12 Oktyabr 2024
09 Oktyabr 2024
07 Oktyabr 2024
05 Oktyabr 2024
03 Oktyabr 2024
01 Oktyabr 2024
29 Sentyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
23 Sentyabr 2024
21 Sentyabr 2024
19 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ