İnsanlara hürriyət, millətlərə istiqlal!

Artistlərin “cin yığnağı” və bitməyən kampaniya

 

Üç azərbaycanlı jurnalist Rusiyanın daxili işlər naziri Kolokoltsevdən müsahibə götürürdük. Vladimir Aleksandroviçin yanında Ramzan Kadırovun cavanlığına oxşayan bir saqqalı gənc də oturmuşdu, tez-tez əyilib onun qulağına nəsə deyirdi. “Mətbuat katibidir, hər halda”, - düşünürdüm.

Həmkarlarımın sualına cavab olaraq cənab nazir “Qərb mediasında Rusiyada hərbi-polis rejiminin qurulduğuna dair iddialar absurddur, şər-böhtandır” deyəndə bədahətən dilləndim ki, qospodin ministr, bu kimi fikirlər Rusiyada həyata keçirilən tutquların fonunda o qədər də haqsız sayılmaz.

Dərhal nazirin və yanındakı “bala Ramzan”ın sifətinin ifadəsi dəyişdi. Nazir sakitcə ayağa qalxdı, bu, artıq müsahibənin bitməsinə işarə idi. “Ramzan” da arxamızda dayananlara işarə etdi, biz geriyə dönhadöndə qandal şaqqıltısı gəldi və... mən yuxudan ayıldım. Nə, Kolokoltsev, nə müsahibə, bura ora deyil...

Oyanmışam və fikirləşirəm ki, keşkə, 3 saniyə gec ayılaydım, Kolokoltsevə “bax, elə buna görə Rusiyadakı hərbi-polis rejimindən danışırlar” deyəydim. Eyni zamanda düşünürəm ki, ilin-günün bu vaxtında bu nə yuxuydu? Bunu necə yozmaq olar?

Ancaq dərhal yadıma düşür ki, dünən gecə yatmazdan öncə Rusiyada ziyafətdə yarıçılpaq əylənən sənətçilərin başına gətirilən oyunlara dair çoxlu xəbər, şərh oxumuş, videomateriallara baxmış, bu həsb-hala heyrətlənmiş və düşünmüşdüm ki, indi bu kampaniyanın adı nədir, ruslar niyə hövlləniblər, nə etmək istəyirlər.

Al, sana bu da o kampaniyanın adı: “Hərbi-polis rejiminin pəstəhaları”.

Gerçəkdən də mat qalmalı işdir. 10 gün öncə rus estradasının öndə gedən isimləri “veçerinka”ya toplaşıblar, yarıçılpaq halda yeyib-içib, əyləniblər, budur 10 gündür Rusiya mediası dağılır, artistləri şişə taxırlar. Deputatlar vurur, ziyalıların üstünə atır, onlar dürtmələyib patriotlara ötürürlər, patriotlar yazıqları çığnayır, leşlərini hərbçilərə verirlər. Hazırda əhlikef sənətçilər rusiyalı “mujik” və “baba”ların sərəncamındadır. Onlar da “bu ağır günlərdə vətənə xəyanət etmiş” artistlərin güllələnməsini tələb edirlər.

Beləcə, qonaqlıqda açıq-saçıq paltar geyinməyin “vətən xainliyi”nə bərabər olduğu bir vəziyyət var. O tərəfdə günahkar artistlər ağlaşır, video çəkir, yayırlar, gözlərinin yaşına baxan yoxdur. (Moskvanın xasiyyətidir, göz yaşına inanmır). Onların edam edilməsinin tərəfdarı olmayan humanistlər də var, deyirlər ki, konsertlərini, şou-proqramlarını ləğv edək, acından ölsünlər.
Qalmaqallı ziyafətə hər gün yeni-yeni adlar qoyulur: “Çılpaq gecə”, “vakxanaliya”, “pozğunluq ziyafəti”, “İvleyevanın təşkil etdiyi şabaş” və s.

Yuxarıdakı cümlədəki “şabaş” kəlməsi bizim bildiyimiz “şabaş”dan deyil. Ötən əsrin 90-cı illərinin ortalarında bizdə dəb idi, toylarda pulları çəngələyib ortada oynayanların başına atardılar və buna şabaş deyərdilər. Əlbəttə, bu, Telman İsmayılovun, Ziya Məmmədovun, Abbas Abbasovun, Cahangir Əsgərovun qatıldığı bir toyda 100-lük dollar əskinaslarının xəzəl kimi havaya sovrulmasından fərqlənirdi. O dövrlər köhnə pulun vaxtyıdı, oynayanların başı üzərinə səpələnən ən dəyərli əskinasın real alıcılıq qabiliyyəti bir yumurta almaq iqtidarındaydı. Yəni hesab edin ki, indi toyda oynayanların başına 5, 10, 20 qəpikləri əndərirlər. Bu, nə dəb idi, kim haradan gətirmişdi, bilinmədi. Amma adı şabaş idi.

Rusların dediyi “şabaş” isə “cin yığıncağı” mənasındadır. Əslində elə bizim “şabaş” da o sözdən alınmışa oxşayır. Bir dəstə adamın toyda atılıb-düşərkən bir neçə adamın növbə ilə onların başına pul səpələməsi də cin-şeytan işi idi.

Xüləs, indi Rusiyada kef eləyən artistləri cin-şeytan, əcinnə adlandırırlar. Orta əsrlər tarixini bilənlər bu gedişlə bu işin hara gedəcəyini bilirlər. 2-3 əsr öncə “şabaş” təşkil edən “əcinnə”ləri, yəni bütöv insan icmalarını tutub edam edir, ondan sonra sakitləşirmişlər.

Hazırda bu şəxsləri az qala Rusiyanın 2 ildən bəri Ukraynada həyata keçirdiyi “xüsusi hərbi əməliyyat”ın uğurla başa çatmamasında günahlandırırlar.

Çox məntiqsiz kampaniyadır. Guya Ksyuşa ilə Nastya, eləcə də Lolita əyinlərinə uzun paltar geyinsələr, nə olacaqdı, dönüb əxlaq mücəssəməsi olacaqdılar? Bəs bu “şabaş” ictimailəşməsəydi, üstüörtülü qalsaydı, necə olacaqdı? Dekabrın ortalarından ta bu günə qədər Rusiyada yüz minlərlə ziyafət təşkil edilib, şampan şərabları su yerinə axıb, heroin kokainə qarışıb, on minlərlə cütlük səhər yuxudan bir yataqda qalxanda tanış olub. Bu, əxlaqsızlıq deyil, amma Kirkorovun (onun da təpəsinə kül) transparan əlbisə geyməsi əxlaqsızlıqdır?

Bu, kütləvi psixozun, bir də hərbi-polis rejiminin “daxili düşmən” axtarışının nəticəsidir. Söz yox, rusiyalı artistlərin etdiyi təqdir olunası bir şey deyil, amma bu təqib-təzyiq kampaniyası nə qədər davam edəcək? Başqa dərd-sər yoxdurmu?

Allah bizi o gündən saxlasın ki, 10 gün boyunca artistlərin geyimini, yemək-içməyini müzakirə etməyək.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

20 Noyabr 2024

18 Noyabr 2024

16 Noyabr 2024

14 Noyabr 2024

10 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

04 Noyabr 2024

02 Noyabr 2024

31 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

17 Oktyabr 2024

14 Oktyabr 2024

12 Oktyabr 2024

09 Oktyabr 2024

07 Oktyabr 2024

05 Oktyabr 2024

03 Oktyabr 2024

01 Oktyabr 2024

29 Sentyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

23 Sentyabr 2024

21 Sentyabr 2024

19 Sentyabr 2024