Onlayn ictimai-siyasi qəzet
Telejurnalist Mirşahin eks-prezident Elçibəyin dövründə mediaya basqılardan danışanda yadıma bir sıra ibrətamiz və məzəli şeylər düşdü. Birini də o dövrün jurnalistlərindən biri elektron poçtuma yazdı. Öncə həmkarımın yazdığı detalı qeyd edim, sonra öz yaddaşımdan istifadə edərəm.
Həmkarım yazır ki, rəhmətlik Elçibəyin dövründə AzTV-də işləyən mərhum Cavanşir Cahangirov bir gün prezident aparatına çəkilişə gəlib, iş kabinetlərini bir-bir gəzib yoxlayırmış ki, kim işə gəlib, kim gəlməyib, hansı kabinet boşdur, hansında işlə məşğuldurlar. Axırda kabinetlərdən birində o zaman dövlət müşaviri olan İxtiyar Şirinlə rastlaşıb. Daha sonra söhbət aparatın ən yüksək vəzifəli şəxslərindən birinə çatıb, o da diktaturaya meylli biri imiş, gəlib jurnalistdən binanı tərk etməsini xahiş edib.
Bir məzəli əhvalatı da Arif Əliyev danışırdı. Daxili işlər naziri İsgəndər Həmidov onun və qardaşının ünvanına xoşagəlməz nəsə yazan jurnalist Cahangir Hüseynovla (o vaxt “Şərq” adlı informasiya agentliyinin rəhbəriydi) üzbəsurət danışmaq üçün şəxsən nəşriyyata gələndə və jurnalistin suratına bir şillə çəkəndə agentlikdə operator işləyən qadın dəhlizə qaçıb qışqırıb ki, təcili milis çağırın. Hal şahidləri ona deyiblər ki, bacı, içəridə dava salan elə milislərin böyüyüdür.
Rəhmətlik İsgəndər bəydə elə şeylər vardı, ünvanına təhqiramiz söz yazanları, deyənləri şəxsən cəzalandırmaq fikrinə düşürdü. Xalqımız naziri çox sevdiyindən deyirdi ki, belə hərəkət nazirə yaraşmaz, bəy onlara nahaq yerə əl bulayır, gərək sejantının birinə desin, o da qrajdanski paltarda gedib adamı şillələləsin.
Bir iş də vardı ki, İsgəndər Həmidov kimisə şillələyəndə (3 belə epizod olub) prezident Elçibəy və spiker İsa Qəmbər nazirin əvəzindən döyülənlərdən üzr istəyirdilər.
Bəs o zamanlar Elçibəy hakimiyyətinin ən güclü və populyar nazirinə qarşı etiraz aksiyasını kim təşkil etmişdi, bilirsiniz? Elçibəyin sədrlik etdiyi AXC-nin orqanı olan “Azadlıq” qəzeti. Redaksiyanın yerləşdiyi Xəqani-33 ünvanında yekə bir brifinq-mitinq düzənlənmişdi, çıxış edənlər naziri asıb-kəsirdilər. Hətta bir ortayaşlı jurnalist çıxıb İsgəndər bəyi təkbətək davaya, duelə çağırdı. O toplantının videosu qalmış olar. Maraqlı idi.
Hə, bir də ANS-in bağlanması məsələsi olmuşdu. O hadisənin iki səbəbi ola bilərdi: 1. Surətin öz briqadasını geri çəkməsi üzündən Ağdərənin kəndləri ermənilərin əlinə keçmiş, Kəlbəcər işğal təhlükəsi altına düşmüş, ölkədə mediaya senzura tətbiq edilmişdi; 2. ANS həlak olmuş övladının cənazəsini birbaşa prezident aparatının qarşısına gətirən bir şəhid ailəsinin “Aç qapını, köpəyoğlu” deyə qapını təpikləməsindən reportaj vermişdi. Onun da videosu qalmış olar.
Sonrakı illərdə də məmur-jurnalist qovğaları tez-tez olurdu: döyülənlər, tutulanlar, prokurorluğa, MTN-ə aparılanlar, məhkəmələrə çəkilənlər. Bu dəyirmandan təxminən 100 jurnalist keçmişdi.
Bir ara dəb olmuşdu, jurnalistlərin başına armaturla vururdular. Yaxşı ki, bizimkilərin canı bərk çıxırdı, ölmürdülər. Bir müddət başısarıqlı gəzirdilər, yara bitişirdi, tikiş sökülürdü, iş bağlanırdı. Ancaq qonşu ölkələrdə jurnalistləri şillə ilə yox, güllə ilə vururdular və onlar ölürdülər. Ona görə də bizimkilər şükür edirdi.
Bəzi odioz oliqarxların sifarişi ilə bir neçə jurnalistin maşına basılıb şəhər kənarına aparılaraq linç edilməsi, bir-ikisinin isə adamqaçıranların əlindən sürüşüb çıxması halları da olmuşdu. Amma axırda o sifarişçilərin birinin başına eyni iş gəldi: parlamentdən çıxdığı yerdə başına torba salıb ağzıbirə apardılar.
Yəni biz bu günlərə rahat gəlməmişik, hirs-hikkəli məmurlarla dalaşa-dalaşa, qırışa-qırışa gəlmişik. Bəlkə də alnımızın vaxtsız qırışması həmin qırışma üzündəndir.
Axır vaxtlar isə tez-tez belə xəbərlər gəlir ki, filan-filan hökumət qurumları bir avtobus jurnalisti Qubaya, Şamaxıya, Qəbələyə, İsmayıllıya, Şəkiyə, Gəncəyə, Naxçıvana, Lənkərana media-tura aparır. Adam baxır, həm fərəhlənir, həm də kədərlənir. Ona görə kədərlənirsən ki, bu cür münasibəti görmək həmyaşıd həmkarlarımızın çoxuna qismət olmadı.
Eyni zamanda fərəhlənirsən ki, hər halda armaturdan media-tura qədər inkişaf yolu keçmişik.
P.S. Şəkildə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıoğlu Aynarın sifarişi ilə idmançı Firuz Termişi jurnalisti döyür.
22 Noyabr 2024
20 Noyabr 2024
18 Noyabr 2024
16 Noyabr 2024
14 Noyabr 2024
10 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
04 Noyabr 2024
02 Noyabr 2024
31 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
17 Oktyabr 2024
14 Oktyabr 2024
12 Oktyabr 2024
09 Oktyabr 2024
07 Oktyabr 2024
05 Oktyabr 2024
03 Oktyabr 2024
01 Oktyabr 2024
29 Sentyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
23 Sentyabr 2024
21 Sentyabr 2024
19 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ