İnsanlara hürriyət, millətlərə istiqlal!

AĞIR kədərə şərik olmaq böyüklüyü: Azərbaycan-İran münasibətlərində yeni mərhələ başlayır

Cənab Prezident başda olmaqla, Azərbaycan dövləti və xalqı müsəlman qonşumuz İran İslam Respublikasının kədərinə şərik olduğunu təkcə sözdə ifadə etmədi, həm də əməlləri ilə isbat elədi. Bu da dövlətimizin nə qədər sülhpərvər, barış tərəfdarı olmasından, təkcə regionda deyil, bütövlükdə bəşəriyyətdə əmin-amanlığın mövcudluğu naminə çalışmalarından irəli gələn müsbət keyfiyyətdir.

Diqqət edin, dünyanın supergücünə faktiki rəhbərlik edən şəxs İran prezidentinin ölüm xəbərini alanda çox da üzülmədiklərini, eyni zamanda ölkəsinin hətta BMT-də Prezident Rəisinin xatirəsinə bir dəqiqəlik sükut üçün ayağa qalxmayacağını söyləyir, sanki mənsub olduğu dövlətin və xalqın heç zaman fəlakətlərə tuş gəlməyəcəyinə əmin imiş kimi...Düzdür, arada ədavət var, düşmənçilik pik həddədir, amma bu, matəmə bürünən ölkəyə qarşı belə davranmağa heç bir halda əsas vermir. Mübarizə belə aparılmamalıdır. Azərbaycan dövlətinin də bir sıra hallarda cənub qonşusu ilə incikliyi olub. Amma görün bu incikliklər baş verən son hadisəyə münasibətdə özünü büruzə verdimi? Heç bir halda! Çünki biz hətta torpaqlarımızı işğal altında saxlayan ölkəyə və xalqa münasibətdə də kəmfürsət olmadıq. Hətta Ermənistanda zəlzələ baş verəndə ora xilasediciləri ilə yardıma tələsən 300 minlik soydaşı yurd-yuvasından qovulan bizlər olduq, baxmayaraq ki, təyyarəmiz də müəmmalı şəkildə qəzaya uğradıldı...Bu mənada İranda baş verən dəhşətli faciəyə Azərbaycan öz adına layiq şəkildə böyük ehtiramla münasibət sərgilədi.  

İran Prezidentini və digər rəsmi şəxsləri aparan helikopterin texniki səbəblərdən qəzaya uğraması, sərt eniş etməsi barədə məlumat yayıldıqdan sonra Prezident İlham Əliyev buna reaksiya verən ilk dövlət başçısı oldu. Bu fakt Azərbaycanın uzaq qohumdan nə qədər yaxşı yaxın qonşu olmasının daha bir nümunəsidir. Azərbaycan dövləti istənilən ölkənin - təbii ki, ona sayğı ilə yanaşan dövlətlərin - ağır günündə hər zaman özünü yardımını təklif edən ölkə olub, harayına birinci yetişməyə, dəstək verməyə çalışıb, bu mənada cənub qonşumuz istisna ola bilməzdi. Hətta “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycandakı “Akınçı” PUA-ları da İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı yeri tapmağa hazır imiş...

Dünyanın əldə etmək istədiyi döyüş vasitəsi – Azərbaycan aldı -  GlobalInfo.az

Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb. İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi ilə söhbət edən Prezident deyib ki, İran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisinin faciəli şəkildə həlak olması bizim hamımızı dərindən sarsıtdı. Onunla bərabər xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər şəxslər faciəli şəkildə həlak olublar. Allah onlara rəhmət eləsin. İran xalqının başı sağ olsun. Bu, böyük itkidir. “Bu itki təkcə İran xalqına, dövlətinə üz verməyib, bütün müsəlman aləminə üz verib”, Prezident əlavə edib. Azərbaycan liderinin İran Prezidenti ilə son görüşü barədə xatirələri isə olduqca təsirli idi. Bu görüşü “tarixi bir görüş” adlandıran cənab İlham Əliyev daha sonra hər iki ölkə üçün olduqca vacib əhəmiyyət kəsb edən bu fikirləri söyləyib: “Həm o, həm də mən bu görüşü məhz tarixi görüş adlandırmışdıq. Dövlət sərhədində böyük infrastruktur layihəsinin açılışında birgə iştirakımız İran-Azərbaycan əlaqələrinin nə qədər möhkəm olmasından xəbər verirdi, həm xalqlarımıza, həm bütün dünyaya çox açıq mesaj idi ki, biz dostuq, qardaşıq, biz bundan sonra da birlikdə olacağıq. Açılış mərasimindən sonra həm mərhum Prezident Rəisinin, həm də mənim rəsmi açıqlamalarımız çox ciddi siyasi məna daşıyırdı. Hər iki Prezident açıq bəyan etmişdi ki, bu bölgənin gələcək inkişafında bölgədə yerləşən ölkələr fəal iştirak etməlidirlər...Bildiyiniz kimi, faciədən əvvəl biz iki saatdan çox birlikdə idik. Bir saatdan çox davam edən ikitərəfli görüş əsnasında bir çox önəmli məsələlər müzakirə edilmişdir. İran-Azərbaycan əlaqələrinin inkişafının gələcək istiqamətləri bir daha təsdiqlənmişdir və hər iki tərəfin güclü siyasi iradəsi bir daha nümayiş etdirilmişdir. Bununla bərabər, biz konkret infrastruktur layihələri haqqında geniş fikir mübadiləsi aparmışdıq, önəmli qərarlar qəbul edilmişdir. O görüşdə iştirak edən şəxslər bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar. Əldə edilmiş bütün razılaşmalar, əminəm ki, icra ediləcək. Çünki bu, İran və Azərbaycan xalqlarının iradəsinə söykənir və biz mərhum Prezident Rəisi ilə söhbət əsnasında qəti iradəmizi bildirdik ki, bundan sonra böyük layihələrin sayı çox olacaq, həm ikitərəfli, həm çoxtərəfli formatda”.

Bəli, dövlət başçımızın “O görüşdə iştirak edən şəxslər bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar”, sözləri sıradan məsələ deyil, bu, həm də Azərbaycan-İran münasibətlərinin perspektivi üçün yol xəritəsi rolunu oynaya biləcək mesajdır. Təbii, əvvəllər olduğu kimi, bundan sonra da Bakı-Tehran münasibətlərinə zərbə vurmaq istəyən qüvvələr fürsət gəzəcəklər, gərək İranın yeni hakimiyyəti də belə fürsətcillərə meydan verməsin, onların arzu-istəyini “beşikdə”cə boğsun. Münasibətlərin normal məcrada davam etməsi həm iki dövlətin və xalqın maraqları baxımından faydalıdır, həm də regiona yan təsirlərin sızmasını əngəlləmək baxımından mühüm əhəmiyyət kəsb edir.     

Tehran Seyahati, 2024 - Tripadvisor

Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin 21 may tarixli iclasında İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər müşayiət edən şəxslərin helikopter qəzasında həlak olması ilə əlaqədar başsağlığı verdi, daha sonra sədrin təklifi ilə qəza nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Həmin gün Azərbaycan XİN rəhbər Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri vəzifəsini icra edə Əli Bağeri Kani arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı, iki ölkə liderləri arasında sərhəddə baş vermiş görüşün tarixi əhəmiyyət daşıdığı, strateji layihələrin işə salınmasının, nəqliyyat, iqtisadiyyat, energetika sahəsində planların reallaşması üçün birgə səylərin bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub. Bu, Prezident İlham Əliyevin söylədiyi fikirlərin ruhuna uyğun mövqedir və çox müsbət perspektivlər vəd edən siyasətdir. Əminliklə demək olar ki, İran və Azərbaycanı üz-üzə qoymaq, bölgə ilə bağlı məkrli məqsədlərini həyata keçirmək istəyənlər bu dəfə də uduzacaqlar və artıq uduzduqları göz önündədir. Təəssüf ki, belə qüvvələr bəzən İranın daxilində də peyda olur və faktiki olaraq həm İran dövlətinin, həm də xalqının maraqlarına zərbə vurur. İran əhalisinin yarıdan çoxunun türk olması faktorunu da unutmaq olmaz. Təbrizdəki paytaxt Tehrandan heç də geri qalmayan izdihamlı matəm yürüşləri, həlak olanlarla hüznlü vida mərasimi çox şeylər deyir.

Yazı çapa hazırlanarkən Baş nazir Əli Əsədovun İran İslam Respublikasına səfər edəcəyi barədə məlumat açıqlandı. Nazirlər Kabinetindən bildirilib ki, mayın 22-də Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edəcək. Nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və digər rəsmi şəxslər daxildir. Azərbaycan ən yüksək səviyyədə diplomatik mədəniyyətini nümayiş etdirir, həm də bunlar insani münasibət baxımından önəmli addımlardır.

Əslində, ikitərəfli münasibətlərdə böhranın aradan qalxması məhz mayın 19-unda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasiminin keçirilməsi ərəfəsində baş verdi və tədbirin gedişində tam rəsmiləşdirildi.

Azərbaycan Prezidenti açılış mərasimdə olduqca tarixi əhəmiyyət kəsb edən fikirlər söyləmişdi. Həmin fikirləri xatırlatmaqda fayda var.

İlham Əliyev və Prezident Seyid İbrahim Rəisi Azərbaycan-İran dövlət  sərhədində görüşüblər » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sitat: “Bu gün keçirilən mərasim dostluğumuzun növbəti təzahürüdür. Bu gün İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya görür. Bu dostluğun dərin kökləri, dərin tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən yüksək səviyyəyə qalxıb. Bugünkü mərasimin tarixi əhəmiyyəti, o cümlədən ondadır ki, ilk dəfə olaraq İran və Azərbaycan prezidentləri sərhəddə görüşürlər. Bu, bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir. Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün həm bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir, eyni zamanda, gələcək planlarımızda özünü göstərəcək”. Azərbaycan-İran münasibətlərinin bundan sonrakı düzənini göstərən mövqedir və həm də təfriqə salmaq istəyənlərə tutarlı cavabdır.

İran Azərbaycan ilə enerji sahəsində əməkdaşlığı davam etdirəcək - AZƏRTAC

Bəli, münasibətlər yüksələn xətlə davam edəcək, İranın 28 iyunda seçəcəyi yeni prezidenti də heç şübhəsiz ki, Araz çayı kənarındakı mərasimdə səslənən bəyanatların ruhuna uyğun siyasət sərgiləyəcək və Araz çayı üzərindən atılan daha bir dostluq körpüsünün möhkəm təməllər üzərində bərqərar olmasına səy göstəriləcək. Nəhəng layihələr icra olunacaq, bəyan edildiyi kimi, Ağbənd yolu regionları birləşdirən əsas nəqliyyat-tranzit yolu olacaq və oradan Türkiyəyə və İran vasitəsilə Fars körfəzinə yüklərin daşınması həyata keçiriləcək. Eyni zamanda qarşıdan gələn dövrdə dəmir yolunun da çəkilməsi nəzərdə tutulur. Üstəlik, Azərbaycanın İrandakı səfirliyi təqribən il yarımlıq fasilədən sonra – iyul ayında yeni ünvanda fəaliyyətini bərpa edəcək. Səfirliyimizə hücum edən şəxsin cəzalandırılması da artıq münasibətlərə yenidən baxılmasını zəruri edirdi və artıq yüksək səviyyədə ali iradə öz sözünü dedi. Heç şübhəsiz, Azərbaycan qarşıdan gələn dövrdə də İranla ikitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində siyasət yürüdəcək, bu, baş verən faciəvi hadisəyə münasibətdə də özünü bir daha göstərdi. İran və Azərbaycan əbədi qonşudur, bu, talenin bəxşişidir, iki müsəlman qonşunun bir-birinə sayğılı yanaşması isə Allaha da xoş gedər, bəndəyə də. Həm də biz unutqan xalq deyilik, Zəngilan işğal olunan zaman İranın azərbaycanlı məcburi köçkünləri qəbul etməsi növbəti Xocalı soyqırımının qarşısını aldı. Nə yaxşılıq, nə də pislik unudulmur. Biz daha çox yaxşılıqları yadda saxlayanlardanıq...Azərbaycan, onun qüdrətli Lideri bəzi özü böyük, amma məramı, məqsədi kiçiklərdən fərqli olaraq, böyük kədərə şərik olmaq nümunəsi göstərdi son baş verənlərə münasibətdə. Böyüklük ərazi ilə ölçülmür ki, gərək ürəyin geniş olsun!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

21 Noyabr 2024

19 Noyabr 2024

18 Noyabr 2024

17 Noyabr 2024

15 Noyabr 2024

13 Noyabr 2024

12 Noyabr 2024

09 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

04 Noyabr 2024

01 Noyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

21 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

13 Oktyabr 2024

10 Oktyabr 2024

06 Oktyabr 2024

04 Oktyabr 2024

02 Oktyabr 2024

27 Sentyabr 2024

26 Sentyabr 2024

24 Sentyabr 2024

22 Sentyabr 2024

20 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024