Onlayn ictimai-siyasi qəzet
İllərlə özümüzü o yalanla ovutmuşduq ki, bəs, dünyadakı xristian birliyi heç vaxt Qarabağ problemini Azərbaycanın xeyirinə həll etməyə imkan verməz. Əlbəttə, yüz illərin sınağından çıxmış xristian təəssübkeşliyini inkar etmək də olmazdı. Amma yaxın ətrafımızda baş verən ərazi münaqişələri göstərdi ki, xristian birliyi ilə bağlı deyilənlər o qədər də ciddi arqument deyil.
Xristian Gürcüstan neçə illərdir separatizmdən əziyyət çəkir, Abxaziya və Cənubi Osetiya 30 ilə yaxındır faktiki “müstəqilliyini” elan edib. Rusiya-Ukrayna müharibəsi isə ümumiyyətlə, iki xristian qardaşın torpaq savaşıdır. Azərbaycanın üç il ərzində ərazi bötüvlüyünü tam bərpa etməsinə indi bir çox xristian ölkələri həsəd aparır, anlamağa çalışırlar ki, bu uğur necə əldə edildi? O səbəbdən xüsusilə Gürcüstanda ən aktiv müzakirələr bu yöndə gedir. Necə edək ki, ölkənin inkişafını hərtərəfli əngəlləyən separatizmə son qoyulsun?
Separatimzə son qoymaq cəhdinin 2008-ci ilin avqustunda Gürcüstana baha başa gəldiyini unutmamışıq. 2008-ci ildəki 5 günlük müharibənin nəticələrinə görə Rusiya separatçı bölgələri müstəqil “dövlət”kimi tanıdı, bu gün də Gürcüstanın hər iki bölgəsi Moskvanın “effektiv nəzarəti” altındadır.
Gürcüstan prezidenti son çıxışlarında bəyan edir ki, Rusiya işğal olunmuş torpaqlardan geri çəkilməlidir. Hökumət isə ölkənin konstitusion birləşməsi(mümkündür ki, bəlkə də federasiya şəklində) halında Abxaziya və Cənubi Osetiyaya 10 milyard dollar sərmayə qoymağa hazır olduğunu bəyan edib. Baş nazir Qaribaşvili deyib ki, ölkənin yaralarını sağaltmaq istəyirlər: “Ölkəmizin birləşməsi halında biz Abxaziyaya ilk üç ildə təxminən 10 milyard dollar sərmayə qoya bilərik. Abxaziyanı ikinci Monakoya, Suxumini isə ikinci Monte Karloya çevirə bilərik" deyə, gürcü baş nazir söz verib.
Vladimir Putin nə qədər imperialist düşüncəli olsa da, onu da anlayır ki, keçmiş sovetlər birliyini bir bayraq altında birləşdirmək “ölünü diriltmək kimi” möcüzə olar. O səbəbdən, Gürcüstanın Rusiyanın nüfuz dairəsinə qayıtmayacağını anlamayacaq qədər ağlını itirməyib. Tiflis də gələcəyini Qərb modelinə uyğun görür. Avropa Birliyinin Gürcüstanı üzvlüyə namizəd kimi sıraya götürməsi hələ heç nə demək deyil. Gürcüstan indi səy göstərir ki, separatçı bölgələrlə bağlı “unudulmuş” problemi yenidən beynəlxalq gündəmə qaytarsın. Bu ərazi məsələsi də kollektiv Qərblə Rusiya arasında qaçılmaz olan gələcək danışıqlarda “böyük sövdələşmə” paketinə daxil edilsin.
Zatən Moskva indi Abxaziyanın “müstəqil dövlət” kimi fəaliyyətinə ciddi siyasi dəstək verə də bilmir, çünki bu, həm qonşu Şimali Qafqaz, həm də Rusiyanın tərkibindəki məsələn, Tatarıstan və Başqırdıstan kimi milli muxtariyyətlərə pis nümunə ola bilər. Abxaziyanın “müstəqilliyi” necə deyərlər, Rusiyanın özünün ərazi bütövlüyü üçün “saatlı bombadır”. Demək, Rusiya bu cür siyasəti davam etdirərsə, nə Abxaziya münaqişəsinin nəticələrdən qazancı olacaq, nə Qafqazda istədiyi mövqeyə. Rusiya Qarabağ münaqişəsi təcrübəsindən onu da öyrəndi ki, güc həmişə effektiv deyil, incə diplomatiya da güclü silahdır. Putinin “ Qarabağdan biz yox, Ermənistan çıxdı” fikrinin bir mənası da diplomatiyanın üstünlüyünə işarədir. Sürətlə dəyişən qlobal dünyaya nə qədər qəribə səsləndə də, indi ən yaxşı adaptasiya olunan Rusiyadır. Moskva Gürcüstanın ərazi məsələsinin həllini də müəyyən “imkanlar pəncərəsi”çərçivəsində görməlidir.
Məlumdur ki, Gürcüstan 2 muxtar respublikadan və 9 diyardan ibarətdir. Muxtar respublikalara Acarıstan və Abxaziya aiddir. Onların hər ikisi sovet dövründə yaradılmış və müasır Gürcüstan Konstitutsiyası tərəfindən tanınırlar. Separatçı Cənubi Osetiya isə administrativ olaraq Şida Kartli regionuna daxildir.
Rusiya Ukrayna müharibəsindən salamat çıxa bilsə, qarşıdakı aylarda Gürcüstanın ərazi bütövlüyünə əvvəlki qəsd planlarına da mütləq düzəliş etmək məcburiyyətdə qala, ən azı bunun yollarını axtara bilər. Separatçı bölgələrin parlament səviyyəsində “tanınması” hələ heç nə demək deyil, beynəlxalq hüquqi qüvvəsi olmayan kağız parçasıdır. Rusiya Gürcüstan və bu separatçı regionlarla həmsərhəddir, ona görə də bu ərazilərdə “müstəqil dövlət” kimi mövcudluğu Moskva onlara dəstəkdən imtina edənə qədərdir. Rusiya Ermənistandan dəstəyini çəkən kimi Qarabağda nələr baş verdiyini gördük...
Belə ehtimallar var ki, Moskva-Tiflis arasında hansısa pərdəarxası danışıqlar da var.Bəlkə Türkiyə də o danışıqlar masasındadır, ya da olacaq. Rusiyanın Türkiyədən keçən qaz xabı Ankaranın Moskvaya sözünü keçirmək üçün yetkilərini artıracaq. Türkiyə regionda daha çox problemləri həll edəcək,buna sözsüz ki, Gürcüstanın ərazi məsələləri də daxildir.
Rusiya Ukrayna ilə müharibəyə başlamasaydı, Gürcüstanın Moskva ilə ərazilərlə bağlı danışıqlar aparmasının bəlkə də mənası olmazdı. Bu işğalçı müharibə Rusiyanı əlbəttə ki, həm də çətin vəziyyətə salıb. Bundan çıxış yolu axtarmaq Abxaziya məsələsində də müəyyən irəliləyişə səbəb ola bilər. Əlbəttə, gürcü qaçqınların separatçı bölgələrə qayıtması ən ciddi problemdir. Söhbət 250 mindən çox qaçqından gedir...
Yada salaq ki, 1993-cü il iyulun 27-də Soçidə Rusiyanın vasitəçiliyi ilə Abxaziyada atəşkəs haqqında üçtərəfli sülh sazişi imzalanmışdı. Sənəd gürcü qoşunlarının çıxarılmasını və qeyri-qanuni abxaz birləşmələrinin ləğvini, beynəlxalq müşahidəçilərin və sülhməramlıların bölgəyə gətirilməsini, habelə münaqişənin tam miqyaslı nizamlanması üzrə BMT-nin himayəsi altında danışıqların aparılmasını nəzərdə tuturdu.
Lakin separatçılar və Kreml razılaşmanı pozaraq bütün Abxaziyanı ələ keçirdilər və gürcü əhalisinə qarşı amansız etnik təmizləmə apardılar...
Nazim SABİROĞLU,
Musavat.com
16 Noyabr 2024
12 Noyabr 2024
17 Avqust 2024
27 Iyul 2024
21 Iyul 2024
30 Iyun 2024
21 Iyun 2024
16 Iyun 2024
14 Iyun 2024
08 Iyun 2024
28 May 2024
22 May 2024
19 May 2024
12 May 2024
10 May 2024
08 May 2024
03 May 2024
30 Aprel 2024
27 Aprel 2024
21 Aprel 2024
12 Aprel 2024
06 Aprel 2024
05 Aprel 2024
31 Mart 2024
29 Mart 2024
27 Mart 2024
24 Mart 2024
23 Mart 2024
21 Mart 2024
ŞƏRHLƏRŞƏRH YAZ