Onlayn ictimai-siyasi qəzet
Ermənilərin “güclənib Qarabağı alacağıq” fikri indiki vaxtda utopik görünə bilər, ancaq bu, onların əsl, real niyyətidir və ideyadan heç vaxt vaz keçməyəcəklər.
Söhbət, əlbəttə ki, zülm-zillətlə dolanan sadə xalqdan, arxa-dayaqsız yetim-yesirdən getmir. Yuxarıdakı niyyət ermənilərin oxumuş-gəzmiş, üzdə olan qisminə aiddir. Onlar mütləq yeni nəsllərin beynini zəhərləyəcəklər.
Belələri neçə yüz illərdir “millətin gələcəyini, bütövlüyünü, dövlətçiliyini, firavanlığını düşünmək” adıyla, xalqı qızışdırıb qabağa verir, özlərindən güclülərlə savaşa qısqırdır, axırda acı bir şəkildə məğlubiyyətə uğrayandan sonra oturub “əzabkeşlik” dastanları bağlayırlar.
Azı 200 ildir belədir. Bu müddətdə ermənilər İran, Suriya, Türkiyə, Rusiya kimi dövlətlərin ərazilərinə köçə-köçə qədim Azərbaycan torpaqları olan İrəvan, Vedi, Göyçə, Dərələyəz, Dilicanda bənd alıblar.
Amma buna qane olurlarmı? Olmurlar. 29,7 kvadrat kilometrlik dövləti onlara başda Rusiya olmaqla xarici güclər qurub verib. Yoxsa öz qabiliyyətlərinə qalsa, özlərindən böyük xalqların içində partizanlıq edə-edə daha bədbəxt günlərə qalacaqdılar.
Ağıllı toplum əlində olana qane olar, iddiası gücündən artıq olmaz, özündən azı üç, otuz, yüz dəfə böyük qonşuları ilə sonu görünməyən intriqanın içinə girməz.
Bir vaxtlar biz də “güclənib Qarabağı işğaldan azad edəcəyik” deyrdik, amma ermənilərin eyni fikri ilə bizimkinin arasında iki böyük fərq var.
Birincisi odur ki, biz dövlət olaraq əzəl başdan ermənilərdən güclüydük, sadəcə, potensialımızı toparlamağımız lazım idi. I Qarabağ savaşını ona görə uduzmuşduq ki, müharibəyə hazırlıqsız yaxalanmışdıq, üstəlik, bizim qolumuzu tutanlar olmuşdu. Bir də ermənilərin himayədarları çox, bizimki isə yox idi. İran tam işğal olunmağımızı gözləyirdi, Türkiyənin o zamankı rəhbərləri isə xarici siyasətdə dilsiz, dişsiz siyasət yeridirdi, Vaşinqton nə deyirdisə, ona əməl edirdilər. Vaşinqton isə bizdən yana deyildi.
İkinci fərq odur ki, 1994-cü ildən ta 2020-ci ilə qədər biz əmin idik ki, bir gün ermənilərin başbilənləri öz mənfi səciyyəli maksimalistliklərinin və nankorluqlarının badına gedəcəklər. Ona görə Qarabağdan əl üzmürdük, bütün basqılara rəğmən onu güzəştə getmirdik, səbrlə əlverişli zamanın yetişəcəyini gözləyirdik.
Bizdən fərqli olaraq ermənilərin hərbi-siyasi elitası eyforiyaya qapılmışdı. Onlar özlərini Qafqazın ən qoçaq xalqı sayır, Qarabağı hansı dövlətlərin hesabına işğal etdiklərini unudur, 1988-ci ildən 1994-cü ilə qədər üzləşdikləri müqaviməti yaddan çıxarır, “tarixi qələbənin möhtəşəmliyi”ndən vəcdə gəlirdilər. Ermənilər dibinə sığındıqları qayanın kölgəsini öz kölgələri sayırdılar.
Gün gəldi, onların güvəndiyi dağları qar basdı və 6 il ərzində çətinliklə işğal etdikləri əraziləri 44+1 günün içində itirdilər.
İndi güclənməkdən, toparlanmaqdan, revanşdan danışırlar, məğlubiyyəti həzm edə bilmirlər.
Biz də məğlubiyyəti həzm edə bilmirdik, hesab edirdik ki, buna layiq deyilik, güclü ola-ola, sırf xəyanətkarların üzündən uduzmuşuq. Uzun illər biz o xainləri, hərbi sirləri birbaşa olmasa da, şimaldan dolandırmaqla düşmənə ötürənləri, döyüşçülərimizin götürdüyü yüksəklikləri tərk edib geri çəkilmələrini əmr edənləri ifşa edə bilmirdik. Amma bir gün o da oldu. Onlar ordunun başından kənarlaşdırıldı və uğur seriyamız başlandı.
Biz necə güclənəcəyimizi bilirdik, bəs qədər insan və təbii resurslarımız vardı. Dostlar, müttəfiqlər qazanmağımız da çətin olmadı.
Bəs ermənilər hansı potensiallarını toplayacaq? 35 il əvvəl, sovet dövründə 3 milyon 250 min civarında əhalisi olan Ermənistanda bu gün əhalinin sayı 3 milyondur. Bu 35 ildə ölkəmizin əhalisi 3 milyon artaraq 7 milyondan 10 milyona çatıb və o rəqəmi də aşıb. Ermənilstan əhalisi isə bu 35 ildə azalıb. Bu, bir fərq.
Ölkəmizin nefti, qazı, bərəkəyli torpağı, havası, suyu, qızılı, dənizi, maşallah, hər şeyi var. İnkişaf etmək, daha da güclənmək potensialımız ermənilərinkindən on qat artıqdır.
Belə olandan sonra biz oturub armud dərə-dərə gözləyəcəyik ki, ermənilər güclənsin və yenidən Qarabağı əlimizdən almaq istəsin?
Ağlasığmaz söhbətdir. Ermənilər güclənəcəksə, biz də güclənəcəyik, silahlanacaqlarsa, biz də silahlanacağıq, səfərbər olunacaqlarsa, biz də səfərbər olacağıq. Hər halda, bu potensialımız onlarınkından 3-4 dəfə artıqdır.
O xalq, nəhayət, keçmiş faciələrindən dərs çıxarmalı, özünə yığışmalıdır. Bax, belə edirlər ki, artmırlar, sonra da dünyaya səpələnirlər.
09 Oktyabr 2025
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ