İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzada “Volski Komitəsi”

İsrail Azərbaycana dost ölkə olsa da, onun dinc əhaliyə qarşı törətdiklərinə, eləcə də Yaxın Şərqdəki aqressiv siyasətinə şərik deyil, ola da bilməz

İki il əvvəl oktyabrın 7-dən HƏMAS-ın hücumu zamanı İsrail başına gətirilən o müsibətin ardından dövlətin imicini “qanla təmizləməkdən” usanmır. İsrail hökuməti ilk gündən birmənalı bəyan edirdi ki, Qəzzada və bölgədə HƏMAS-ın hərbi gücünə(40 min silahlısı olduğu deyilirdi) son qoymayınca, dinc dayanmayacaq, sülh olmayacaq. Cəmi 41 km uzunluğunda və 10 km enində, amma iki milyondan çox əhalisi olan Qəzza bu 24 ayda əsl cəhənnəm yaşamaqdadır- minlərlə insan həlak olub(onların sırasında uşaqlar da var), ömürlük şikəst qalıb, milyonlar isə qaçqın düşüb.

HƏMAS terror hücumunun bədəlini ağır ödədi - ən önəmli liderlərini itirdi, bir vaxtlar Yaxın Şərqdə söz sahibi olan təşkilat indi təkcə siyasi çəkisini deyil, hərbi gücünü də itirib. İsrail “Hizbullah”ı da zərərsizləşdirib, hətta daha İran da bölgədə İsrail üçün xüsusi təhlükə deyil.

Hər tərəfdən ərəb dünyası ilə əhatələnmiş (şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya, cənub-qərbdən Misir və Qəzza zolağı) yəhudi dövlətinin özünü qorumaq, dünyadan “dənə-dənə” topladığı əhalisinin təhlükəsizliyini təmin etmək görəvini dünya ilk aylarda qəbul etdi. HƏMAS-ın aşkar vəhşi terror hücumundan dərhal sonra o vaxtkı ABŞ prezidenti Co Bayden başda olmaqla Britaniya və Avropa İttifaqı liderləri İsrailə dəstək səfərləri etdilər. İndi həmin ABŞ, həmin Avropa bu dayanmayan qan-qadadan çıxılmaz duruma düşüblər.

Qəzzada 60 mindən çox günahsız insan öldürülüb, 2 il əvvəl 2 milyon əhalinin yaşadığı bölgədə indi daldalanmağa bir salamat ev qalmayıb, ən azı 800 min nəfər Qəzzanı tərk edib, qalanlar isə aclıqla üz-üzədir. 77 ilə yaxındır ki, bu problem yalnız Yaxın Şərqin deyil, dünyanın yarasına çevrilib, amma hələ də problem həllini tapmayıb. Baxmayaraq ki, Birləşmiş Millətlər Təşkilatının hələ 1948-cı ildən başlayaraq burada iki dövlətin yaradılması barədə qətnamələri olub.

Fələstin məsələsində Azərbaycanın mövqeyi bəllidir. Rəsmi Bakı, paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin dövlətinin yaradılmasına gətirib çıxaracaq “iki dövlət” prinsipini, münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir. Fələstini dövlət kimi tanıyan, İsraili bu qətliama görə şiddətlə qınayan ölkələrin sayı da son günlər artır. Netanyahu hökuməti isə dünyanı qarşına almış kimi intiqam hissindən vaz keçmir, əslində isə həqiqət daha acıdı: durdura bilmirlər Netanyahunu…

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri haqda həbs qərarı çıxarıb, o isə son olaraq BMT tribunasından yenə dünyaya meydan oxudu, əlindəki xəritədə üç dövlətin üstündən xətt çəkdi. Sentyabr ayında həmin BMT-nin İsrailə Fələstin torpaqlarından 12 ay ərzində çıxması üçün verdiyi müddət başa çatdı. Bu sənədin də BMT-nin arxivində Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılması haqda qətnamələr kimi bir küncə atılacağına şübhə yox idi. Çünki dünya beynəlxalq hüquqlar, konvensiyalar üzərindən idarəetmədən sürətlə uzaqlaşmaqdadır. İsrail buna ən pis nümunədir.

Trampın 20 maddəlik sülh təklifləri də prinsip etibarilə İsrailin strateji maraqlarına xidmət edən sənəddir. Sənəd humanitar, hərbi, siyasi və iqtisadi məsələləri əhatə edir. Atəşkəs, girovların qaytarılması, Qəzzanın yenidən qurulmasına eləcə də humanitar yardıma BMT, Qızıl Xaçın daxil edilməsi, silahlılar üçün amnistiya, Rəfah keçidinin açılması da sülh planın tərkib hissəsidir.

Qəzza zolağının idarə olunmasının “Sülh Şurası” adlı qurumun nəzarətinə verilməsi, HƏMAS-ın idarəçilikdə iştirakına tam qadağa qoyulması isə planın ən əsas və həssas hissəsidir. Faktiki İsrailə yenə güzəşt edilir. Belə ki, İsrail ordusuna “terror təhlükəsi aradan qaldırılana qədər” bölgədə qalmaq şansı tanınır. Qəzzada müvəqqəti idarəetmə planı isə vaxtilə Dağlıq Qarabağda tətbiq edilən xüsusi idarəçiliyi yada salır. Dağlıq Qarabağda xüsusi idarəçilik 1989-cu ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı əsasında tətbiq olunub. Bu idarəçiliyə əsasən, Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtariyyət statusu saxlanılmaqla bölgədə hakimiyyət Sov.İKP Mərkəzi Komitəsinin nümayəndəsi Arkadi Volskinin başçılıq etdiyi xüsusi komitəyə verilmişdi. Nəticəsi bəllidir...

Tramp “Sülh Şurası”na indidən “mız” qoymayaq. ABŞ prezidenti idarəetmə şurasına Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerdən başqa digər ölkələrin rəhbərlərini, o cümlədən tanınmış liderləri daxil edəcəklərini deyib. Məncə, belə bir şura ilə bölgənin dinc gələcəyi üçün heç bir ciddi iş görmək mümkün olmayacaq. Məsələn, Nikol Paşinyan da o şurada olarsa, təəccüblənməyin...

Hərdən deyirlər ki, niyə bu mövzuda İsraili çox tənqid edirəm, axı Azərbaycana dost ölkədir, amma Fələstin muxtariyyəti ermənilərə tərəf olub və sair. Yanaşma zənnimcə, doğru deyil. İsrail Azərbaycana dost ölkə olsa da, onun dinc əhaliyə qarşı törətdiklərinə, eləcə də bizim yaxın qonşu olan İrana, qaz satdığımız Suriyaya aqressiv siyasətinə şərik deyil, ola da bilməz. İsrail Ermənistanla müharibədə haqlı olan tərəfi dəstəkləyib, buna görə heç kimi minnət qoya bilməz. Eləcə də qardaş Türkiyədə bəzi təxribatçı dairələrin Bakını Tel-Əvivə görə “suçlamaq cəhdləri” əbəsdir. Silah alqı-satqısına qarışmayaq, amma bəllidir ki, heç bir dövlət başqa bir dövlətə silahı pay vermir.

Azərbaycan xalqı yəhudilərə yüz illərdir ki, dost münasibət bəsləyir, bunu da bütün dünya bilir. İsrail xalqı bu 24 ayda dəfələrlə Netanyahu hökumətindən Qəzzada müharibəni dayandırmaq tələbi ilə etiraz aksiyaları keçirib. Yəni Netanyahu hökuməti İsraili təmsil etsə də, xalqın əksəriyyəti bu qırğınları qınayır. Azərbaycan xalqının da əksəriyyəti Yaxın Şərqdə baş verənləri narahatlıqla izləyir, dinc müsəlman əhaliyə qarşı amansız siyasətin durdurulmasını istəyir.

Görək, Trampın sülh planı alınacaqmı?

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR